Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-941/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə cavabdeh Rusiya Federasiyasının hüquqi şəxsi Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3792/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun xeyrinə 44.100 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.07.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsini, habelə, iddia ərizəsinin çatdırılmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə ki, materiallara əlavə edilmiş tərəflər arasındakı 02.10.2019-cu il tarixli BN/108 saylı müqavilənin 11-ci bəndinə əsasən tərəflər həmin müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, tərəflər Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət edə bilərlər. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, müqavilə bağlanan zaman təqdim edilmiş məlumatlara əsasən cavabdehin ünvanı Rusiya Federasiyası Moskva şəhəri Verbnaya küçəsi ev 6 tikili 1 otaq 412/1-dir. İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməsi məqsədilə pretenziya məktubu, habelə kommersiya iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehin ünvanına göndərilmişdir. Lakin cavabdeh göndərilmiş sənədləri qəbul etməkdən müvafiq yolla yayınmaqdadır. Nəzərə alınsa ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumdur və səhmlərinin 100 faizi dövlətə məxsusdur, cavabdehin məktubu qəbul etməməsi Cəmiyyətin maraqlarına toxunur və büdcəyə pulun ödənilməsindən cavabdeh yayınır. Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, tərəflər arasındakı bağlanmış 02.10.2019-cu il tarixli BN/108 nömrəli müqavilənin 11-ci bəndinə əsasən, tərəflər həmin müqavilədən irəli gələn və ya yaranan mübahisələri ilk növbədə danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, tərəflər Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət edə bilərlər. MPM-in: 150.0.7-ci maddəsinə görə, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutlar təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır; 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin cavabdeh tərəfindən qəbul edilməsindən imtinanın sübutu kimi iddiaçı “Express” Courier Service xüsusi poçt daşıma xidmətinin 000800 nömrəli qəbzinə istinad edir, lakin həmin qəbzdə Rusiya Federasiyasının hər hansı poçt təşkilatının qeydi, möhürü, vəzifəli şəxsin imzası yoxdur. Pretenziyanın çatdırılması barədə 000760 nömrəli qəbzdə isə hətta imtina barədə də qeyd mövcud deyil. Göründüyü kimi, MPM-in tələblərinə riayət edilmədiyi üçün iddia ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qaytarılmışdır. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3792/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-941/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-941/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver