Məhkəmə qərarları › İş №2-2(103)-941/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-941/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-941/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, müqaviləyə xitam verilməsi və s.” tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə qalıq borcun tutulması, subsidiya məbləği, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçıASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması, müqaviləyə xitam verilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-404/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq cavabdehin sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən 1 ədəd “Jeep/Wrangler Universal” markalı, 2020-ci il buraxılışı, 1C4HJXDN1MW536635 ban nömrəli əmlakın öz mülkiyyətinə əldə edilməsini və muzdla cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, cavabdeh lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə lizinq obyektinin dəyərinin 85000 manat, ilkin ödənişin 17000 manat, lizinq məbləğinin 68000 manat, mükafat məbləğinin 18064,42 manat, lizinq müddətinin 36 ay olması razılaşdırılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 2390,68 manat məbləğində lizinq ödənişinin edilməsi şərtləşdirilmişdir.

3. 29.07.2022-ci il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti olan 1 ədəd “Jeep/Wrangler Universal” markalı nəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“lizinq verən”) ilə Cavabdeh (“lizinq alan”) arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır.

5. Həmin müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (buraxılış illəri 2022-ci il olan, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, Sİ-A-4, Sİ-A-5, SİA-6, Sİ-A-7, Sİ-A-8, Sİ-A-9, Sİ-A- 10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ-A-23, Sİ-A-24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27 olan 22 ədəd meyvənin təmizlənməsi (qabıq soyma) maşını) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə lizinq obyektinin ümumi qiymətinin 319 990 manat, tətbiq olunan subsidiya məbləğinin 117 232 manat, avans məbləğinin 63998 manat, lizinq obyektinin qalıq dəyərinin 138 760 manat, mükafat məbləğinin 24660,69 manat (AKİA tərəfindən iddiaçıya ödənilməli), lizinq müddətinin 60 ay olması razılaşdırılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək aylıq 2312,67 (sonuncu ay 2312,47) manat məbləğində lizinq ödənişinin edilməsi şərtləşdirilmişdir.

6. TTA-KTA-KTT-22/006-İ-6 nömrəli təhvil-təslim aktına əsasən lizinq obyekti olan kənd təsərrüfatı texnikalarını və aqreqatları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli QXM 477 nömrəli və xx.xx.2025-ci il tarixli QXM 478 nömrəli qiymətləndirmə hesabatlarından görünür ki, buraxılış ili 2020-ci il olan, “Jeep” markalı “Wrangler Universal” model, ban nömrəsi 1C4HJXDN1MW536635 olan nəqliyyat vasitəsinin 51000 manat, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, Sİ-A-4, Sİ-A-5, Sİ-A-6, Sİ-A-7, Sİ-A-8, Sİ-A-9, Sİ- A-10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ-A-23, Sİ-A- 24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27 meyvənin təmizlənməsi (qabıq soyma) maşının 1 ədədinin qiyməti amortizasiya tətbiq edilməklə 8724 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 26588,17 manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 138 760 manat əsas borc, 92955,20 manat komissiya məbləği, 117 232 manat subsidiya məbləği üzrə borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 375 535,37 manat məbləğində pulun və ödənilmiş 665,60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 ədəd “Jeep/Wrangler Universal” markalı nəqliyyat vasitəsi və 22 ədəd “Baramgaebi BR-A 300S” markalı meyvələrin təmizlənməsi maşınının saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən 1 ədəd “Jeep/Wrangler Universal” markalı nəqliyyat vasitəsi, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi” müqaviləsinə əsasən 22 ədəd “Baramgaebi BR-A 300S” markalı meyvələrin təmizlənməsi maşını cavabdehə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 012- NV/22 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 85 000 manat təşkil etmişdir. Müqavilənin 1-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 17 000 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 319 990 manat təşkil etmişdir. Həmin məbləğin 117 232 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 63 998 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. Lizinq müqavilələrinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 26 588,17 manat borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 138 760 manat əsas borc, 92955,20 manat komissiya məbləği üzrə borc, 117 232 manat subsidiya məbləği üzrə borc yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli PLM-24/0191 və PLM-24/0192 nömrəli pretenziya məktubları ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh iddiaçı qarşısında xx.xx.2022-ci il tarixli 012- NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 26 588,17 manat gecikdirilmiş borc öhdəliyi, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 138 760 manat gecikdirilmiş əsas borc, 92955,20 manat komissiya məbləği üzrə borc, 117 232 manat subsidiya məbləği üzrə borc olmaqla, ümumilikdə 348 947,20 manat öhdəliyi var.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X2, X3, Nümayəndə iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdilər ki, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı müqavilə üzrə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyanın veilməsindən imtina edilmişdir. İddiaçının imtina barədə cavabdehə məlumat vermək öhdəliyi olmasa da, şifahi qaydada və pretenziya məktubu ilə subsidiya məbləği tələb edilərkən bu barədə cavabdeh məlumatlandırılmışdır.

11. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri göstərdilər ki, subsidiya ilə bağlı müraciətə cavab alınana qədər texnikanın dəyəri iddiaçı tərəfindən ödənilir, ilkin ödəniş çıxılmaqla iddiaçı subsidiya həcmində kredit götürür. Bu səbəbdən də subsidiya ilə bağlı müraciətə cavab gələnədək komissiya haqqı hesablanır. Komissiya məbləğinin hüquqi əsası Mülki Məcəllənin 748-11.1.2-ci maddəsidir. İddiaçının bu müqavilə üzrə mükafat məbləğini, yəni 24660 manatı Aqrar Kredit və İnkişaf Agentliyi hissə-hissə ödəyir.

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı müqavilə üzrə hesablanan komissiya məbləğinin hüquqi əsası mövcud deyildir. Bununla yanaşı, lizinq müqaviləsinin bağlanmasına səbəb dövlət tərəfindən güzəştlərin edilməsi olmuşdur. Lakin iddiaçı subsidiyanın ayrılmasından imtina edilməsi barədə cavabdehə hər hansı məlumat verməmişdir. Əgər cavabdeh subsidiyanın ayrılmasından imtina edildiyi barədə məlumatlı olsa idi, adıçəkilən müqaviləni bağlamazdı.

13. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-404/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqavilələrinə xitam verilmiş hesab edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2020-ci il olan, “Jeep” markalı “Wrangler Universal” model, ban nömrəsi 1C4HJXDN1MW536635, dəyəri 51000 manat olan 1 ədəd nəqliyyat vasitəsi, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış illəri 2022-ci il olan, “Baramgaebi BR – (A) 300 S” markalı, şassi nömrələri Sİ-A-2, Sİ-A-3, SİA-4, Sİ-A-5, Sİ-A-6, Sİ-A-7, Sİ-A-8, Sİ-A-9, Sİ- A-10, Sİ-A-11, Sİ-A-12, Sİ-A-13, Sİ-A-14, Sİ-A-15, Sİ-A-16, Sİ-A-17, Sİ-A-22, Sİ-A-23, Sİ-A- 24, Sİ-A-25, Sİ-A-26, Sİ-A-27, 1 ədədinin dəyəri 8724 manat olan 22 ədəd meyvənin təmizlənməsi (qabıq soyma) maşını Cavabdehndən alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə, 242 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza xərci olaraq 50 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 50 manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət olunmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Əvvəla, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə komissiya məbləğinə münasibətdə göstərilməlidir ki, adıçəkilən müqavilənin 2.5.3-cü bəndinə göstərilən 2-ci qeydə əsasən, İddiaçı ASC-nin maliyyə resursları istifadə olunan andan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən vəsaitin ayrılmasına qədər aylıq 1,5% komissiya istifadə olunan maliyyə resurslarına görə hesablanacaqdır. 14.2. Məhkəmə qeyd edir ki, lizinq ödənişlərinin tərkibinə daxil olan xərclərin təhlilindən qanunvericinin lizinq ödənişlərinin müəyyən edilməsinə real xərc mövqeyindən çıxış etdiyi görünür. Başqa sözlə, o ödənişlər lizinq ödənişləri hesab edilə bilər ki, həmin ödəniş bu və ya digər əsasa malik olsun. 14.3. Bu mənada məhkəmə tərəfindən komissiya məbləğinin əsası ilə bağlı iddiaçıya təkliflər edilmiş, iddiaçı tərəfindən komissiya məbləğinin əsası kimi Mülki Məcəllənin 748-11.1.2-ci maddəsinə istinad edilmiş, lakin həmin xərcin hər hansı əsaslandırılması, bununla bağlı sübutlar təqdim edilməmişdir. 14.4. Digər tərəfdən, müqavilənin qeyd edilən şərtini nəzərdən keçirdikdə komissiya məbləğinin hesablanmasının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən vəsaitin ayrılmasına qədər olan dövrü əhatə etdiyi görünür. Başqa sözlə, qeyd edilən şərt Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya məbləğinin ödənilməsi müsbət (pozitiv) qəbul edilərək razılaşdırılmışdır. Lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya məbləğinin verilmədiyi işin mübahisəsiz halıdır. Bu isə müqavilə şərtinin “hipotezasının” həmin şərtin hazırkı işə tətbiqini istisna etdiyi qənaətinə səbəb olur. 14.5. Göstərilənlərə əsasən məhkəmə xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi 92955,2 manat məbləğində komissiya məbləği hissəsində iddianın rədd edilməsi qənaətinə gəlir. 14.6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-404/2025 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/754 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 55490,12 manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 4097,55 manat ödəniş edilmişdir. 14.7. İddiaçı xx.xx.2025-ci il tarixli 9/754 nömrəli ekspert rəyinə cavabdeh tərəfindən təyinatı göstərilmiş ödənişlərin iddiaçının sistemi tərəfindən digər müqavilələr üzrə borca silindiyi, bu səbəbdən qrafik üzrə xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 0 manat, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 40548,28 manat ödənişin edildiyi əsası ilə etiraz etsə də, Mülki Məcəllənin pul öhdəliklərinin ödənilməsi növbəliyindən bəhs edən 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir. 14.8. Bu isə iddiaçının etirazının əsassızlığını göstərir. 14.9. İddiaçının təqdim etdiyi hesabdan çıxarış, ödəniş sənədi, maliyyə arayışı və iddiaçının nümayəndəsinin izahatı əsasında işin müəyyən halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 17000 manat və xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsi 63998 manat ilkin ödəniş məbləğləri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. 14.10. xx.xx.2022-ci il tarixli 012-NV/22 saylı daxili maliyyə lizinqi müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixə 24 ay üçün ödənilməli lizinq ödənişi 57376,32 manat (aylıq lizinq ödənişi 2390,68 manat * 24 ay) təşkil etmişdir. Həmin tarixədək cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişinin məbləği isə ekspert rəyinə əsasən 55490,12 manatdır. Belə olan halda ödənilməyən lizinq ödənişinin 1886,2 (57376,32-55490,12) manat olduğu müəyyən olunur. 14.11. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2022ci il tarixdən iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixə 23 ay üçün ödənilməli lizinq ödənişi 53191,41 manat (aylıq lizinq ödənişi 2312,67 manat * 23 ay) təşkil etmişdir. Həmin tarixədək cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişinin məbləği isə ekspert rəyinə əsasən 4097,55 manatdır. Belə olan halda ödənilməyən lizinq ödənişinin 49093,86 (53191,41 - 4097,55) manat olduğu müəyyən olunur. 14.12. Məhkəmə qeyd edir ki, cavabdehin yekun qalıq borcu müəyyən edilərkən ödənilmiş avans məbləği, lizinq obyektinin qalıq dəyəri nəzərə alınmaqla yekun hesablaşma aparılmalıdır. 14.13. Cavabdeh lizinq obyekti üzrə müvafiq olaraq 17000 manat və 63998 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə almamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. 14.14. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqısatqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. 14.15. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. 14.16. Digər tərəfdən, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli KTA- KTT22/8970 nömrəli daxili lizinq müqaviləsində də razılaşdırılmışdır ki, Lizinq verən Lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər (14.2). Lizinq alan Lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq obyektini Lizinq verənə təhvil vermirsə və/və ya hər hansı bir səbəbdən lizinq obyektini bölünməz obyekt kimi müqavilənin ləğvi məbləğinin ödənilməsi üçün kifayət edən qiymətə ağlabatan müddət ərzində satmaq mümkün deyilsə, Lizinq verən Lizinq alandan müqavilənin ləğvi məbləğinin ödənilməsini tələb edə bilər (14.3). 14.17. Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən və lizinq obyekti qaytarıldıqdan sonra lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləğinin müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilməsi müqavilə şərtlərində də birbaşa əks olunmuşdur. 14.18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli QXM 477 nömrəli və xx.xx.2025-ci il tarixli QXM 478 nömrəli qiymətləndirmə hesabatlarından görünür ki, xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli lizinq müqaviləsinin obyekti olan “Jeep” markalı “Wrangler Universal” model nəqliyyat vasitəsinin amortizasiya tətbiq edilməklə qalıq dəyəri 51000 manat, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli lizinq müqaviləsinin obyekti olan “Baramgaebi BR – (A) 300 S” markalı meyvənin təmizlənməsi (qabıq soyma) maşının 1 ədədinin amortizasiya tətbiq edilməklə qalıq dəyəri 8724 manat olmaqla 22 ədədin qalıq dəyəri müvafiq olaraq 191928 manat təşkil edir. 14.19. xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinin ilkin dəyərinin 85000 manat olduğunu, həmin məbləğin 17000 manat hissəsinin cavabdeh tərəfindən ilkin ödəniş olaraq ödənildiyini, əmlakın qalıq dəyərinin 51000 manat təşkil etdiyini və lizinqə verilmiş obyektin yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ödənilməyən 1886,2 manat lizinq ödənişindən avans məbləği olan 17000 manat çıxılmalıdır. Belə olan halda, müəyyən olunur ki, ödənilməyən lizinq ödənişi avans məbləği ilə tam əhatə olunur və qeyd olunan müqavilə üzrə cavabdehin borcu qalmamışdır. Qeyd olunan lizinq müqaviləsi üzrə lizinq obyektinin müqavilə bağlanarkən qiyməti 319 990 manat olmuş, həmin məbləğin 63998 manat hissəsi cavabdeh tərəfindən ilkin ödəniş olaraq ödənilmişdir. Belə olan halda lizinq obyektinin əldə edilməsi üçün qalıq 255992 (319 990-63998) manatın iddiaçı tərəfindən maliyyələşdirildiyi, həmin məbləğin tərkibinə qrafik üzrə ödənilməli 138760 manat və subsidiya kimi ayrılmalı 117232 manat məbləğində pul vəsaitinin daxil olduğu görünür. Həmçinin ödəniş qrafiki üzrə ödənilməli məbləğ əsas və mükafat məbləği fərqləndirilmədən vahid aylıq ödəniş kimi qeyd olunmuşdur. Beləliklə, aydın olur ki, ödəniş qrafiki üzrə razılaşdırılan məbləğ ilkin ödəniş və subsidiya ilə əhatə olunmayan lizinq obyektinin qalıq dəyərini təşkil etmişdir. 14.20. Bununla yanaşı işin müəyyən olunan halına əsasən bu müqavilə üzrə iddiaçının tələb etdiyi 26 iyul 2024-cü il tarixə qrafik üzrə ödənilməli lizinq ödənişlərinin cəmi 53191,41 manat, həmin məbləğdən ödənilməyən hissə isə 49093,86 manat təşkil edir. Eyni zamanda hazırda xx.xx.2022-ci il tarixli lizinq müqaviləsinin obyekti olan əmlakın qalıq dəyərinin 191928 manat olduğu müəyyən edilmişdir. 14.21. Məhkəmə qeyd edir ki, iddiaçının tələbləri müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, avans məbləğinin nəzərə alınması ilə bağlı yanaşma yalnız lizinq alanın deyil, lizinq verənin də mənafelərinin nəzərə alınmasını tələb edir. 14.22. Odur ki məhkəmə belə qərara gəlir ki, iddiaçının lizinq obyektinin alınmasını maliyyələşdirdiyi hissə 255992 manat və lizinq obyektinin qalıq dəyəri 191928 manat olduğundan ödənilməyən lizinq ödənişi 49093,86 manat tam olaraq cavabdehdən tutulmalıdır. 14.23. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının “subsidiya məbləği” kimi istinad etdiyi vəsaitin bir hissəsi amortizasiya olunmuş formada lizinq obyektinin qalıq dəyərinə daxildir. Odur ki iddiaçının maliyyələşdirdiyi vəsait, qaytarılan əmlakın qalıq dəyəri, ödənilmiş lizinq ödənişi və xx.xx.2024-cü il tarixə qalıq lizinq ödənişi nəzərə alınmaqla “subsidiya məbləği” kimi 10872,59 manat (iddiaçının maliyyələşdirdiyi hissə 255992 manat – lizinq obyektinin qalıq dəyəri 191928 manat – xx.xx.2024-cü il tarixə qalıq lizinq ödənişi 49093,86 manat – ödənilmiş lizinq ödənişi 4097,55 manat) pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 14.24. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia lizinq müqaviləsi üzrə pulun tutulması hissəsində qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi həmin müqavilə üzrə qalan hissədə və xx.xx.2022-ci il tarixli 012-NV/22 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması hissəsində rədd edilməlidir. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 665,6 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. 14.25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 665,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 9/754 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.14-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə (618 463,37 manat) uyğun ödənilməli dövlət rüsumu 908 manat təşkil edir. 14.27. Göstərilənlərə əsasən və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 202 manat məbləğində pul tutularaq İddiaçı ASCyə, 242 manat məbləğində pul tutularaq dövlət büdcəsinə, ekspertiza xərci olaraq 50 manat İddiaçı ASC-dən, 50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

15. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.3, 421.2, 748-1.8, 748-1.12, 748-1.12.4, 748-2.5, 748-10.1, 748-11.1, 748-11.2, 748- 11.2, 750-ci maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı,Mülki Prpsessual Məcəllənin 107, 11.1.2, 113.1, 115.0, 115.0.4, 119.1-ci maddələri və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.14-cü maddəsinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-404/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin 59-cu bəndindən görünür ki, qeyd olunan lizinq müqaviləsi üzrə lizinq obyektinin müqavilə bağlanarkən qiyməti 319 990 manat olmuş, həmin məbləğin 63998 manat hissəsi cavabdeh tərəfindən ilkin ödəniş olaraq ödənilmişdir. Belə olan halda lizinq obyektinin əldə edilməsi üçün qalıq 255992 (319 990-63998) manatın iddiaçı tərəfindən maliyyələşdirildiyi, həmin məbləğin tərkibinə qrafik üzrə ödənilməli 138760 manat və subsidiya kimi ayrılmalı 117232 manat məbləğində pul vəsaitinin daxil olduğu görünür. Həmçinin ödəniş qrafiki üzrə ödənilməli məbləğ əsas və mükafat məbləği fərqləndirilmədən vahid aylıq ödəniş kimi qeyd olunmuşdur. Beləliklə, aydın olur ki, ödəniş qrafiki üzrə razılaşdırılan məbləğ ilkin ödəniş və subsidiya ilə əhatə olunmayan lizinq obyektinin qalıq dəyərini təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, subsidiya kimi ayrılmalı 117232 manat məbləğində pul vəsaitinin ayrılmasından imtina olunmuşdur. Buna dair iddiaçı rəsmi sənəd təqdim edilə bilməsədə nəzəri çəhətdən qəbul etsək ki, belə bir imtina olunmuşdur, amma iddiaçı tərəf bu imtina barədə cavabdehi rəsmi olaraq məlumatlandırmamışdır. Belə bir müqavilə münasibətlərinə girməkdə cavabdehin yeganə məqsədi subsidiya vasitəsi ilə əmlak əldə etmək olmuşdur. Belə bir imtinanın mövcud olduğunu cavabdeh vaxtında bilsəydi o bu müqavilənin icrasından imtina edə bilər və ya ümumiyyətlə belə bir müqavilə bağlamazdı. Məhkəmə tərəfindən bu məbləğin lizing məbləğinə daixl edilməsi qanunsuz və əsasız olduğundan hesab edirik ki, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pul Cavabdehndən tutulması hissəsində qətnamə ləğv edilməlidir. İşin materiallarından da göründüyü kimi məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmədə işin halları tam araşdırılmayıb.

Apellyasiya şikayətinə qarşı etiraz

18. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmiş, etirazda şikayətin dəlillərinin əsassız olduğu bildirilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Apellyasiya baxışı

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

25. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

26. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri; lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı; lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.

27. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748- 1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

28. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadı

34. Bənd 44. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər.

35. Bənd 45. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir.

36. Bənd 48. Beləliklə, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz. Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının predmetini qətnamənin qismən – lizinqi müqaviləsi üzrə 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pul Cavabdehndən tutulması hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni iddia tələbinin təmin olunan həmin hissəsində mübahisələndirmişdir. İddiaçı qətnamədən şikayət vermədiyindən, iddianın qismən təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

42. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

43. Birinci instansiya məhkəməsi lizinq müqaviləsinin ikili təbiətinə əsaslanaraq, iddiaçının yalnız lizinq müqaviləsi üzrə lizinq ödənişləri tələb etmək hüququnun olması qənaətinə gəlmişdir.

44. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

45. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin tam yerinə yetirilməməsi işin mübahisəsiz halını təşkil edir. Cavabdeh borcun mövcudluğunu mübahisələndirməmiş, apellyasiya şikayətində, iddiaçının subsidiya məbləğinin ayrılmasından imtina edilməsi barədə cavabdehi rəsmi olaraq məlumatlandırmadığını, imtanın mövcud olduğu barədə məlumatı olsaydı ümumiyyətlə belə bir müqavilə bağlamayacağına istinad edərək məhkəmə tərəfindən bu məbləğin lizing məbləğinə daxil edilməsinin qanunsuz və əsassız olduğunu irəli sürmüşdür.

46. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edir.

47. Kollegiya qeyd edir ki, lizinq müqaviləsi əvəzli müqavilədi. Tərəf lizinq predmetini təhvil alır, istifadə edir və qarşılığında ödəniş etmək öhdəliyi daşıyır. Subsidiyanın ayrılması tərəflərin öz aralarında müəyyənləşdirdiyi ödəniş mexanizmidir, lakin lizinq alanın öhdəliyinin ləğvi üçün əsas deyil. Müqavilədə subsidiya ayrılmasının lizinq verən tərəfindən təmin olunmasına dair öhdəlik nəzərdə tutulmamışdırsa, subsidayanın ayrılmamasının hüquq riski lizinq alanın üzərinə düşür.

48. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/8970 nömrəli lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, subsidiya məbləğinin verilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olarsa, həmin imtina olunan subsidiya məbləği Lizinq alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir.

49. Belə olan halda birinci instansiya məhkəməsi 49093,86 manat əsas borc, 10872,59 manat “subsidiya məbləği” olmaqla ümumilikdə 59966,45 manat məbləğində pul Cavabdehndən tutmaqda haqlı olmuşdur.

50. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

51. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridi

52. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-404/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar