Məhkəmə qərarları › İş №2-2(103)-942/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-942/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-942/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(113)-3198/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (satıcı) Cavabdeh (alıcı) arasında xx.xx.2023cü il tarixli, 05/2023 nömrəli müqavilə bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə və (və ya) qiymət razılaşma protokollarında göstərilən qiymət və göstəricilərə müvafiq beton qarışığını alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və dəyərini ödəyir.

3. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti və digər göstəriciləri bu müqavilənin tərkib hissəsi olan X2 və E-qaimədə qeyd edilir.

4. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı təhvil-təslim sənədlərini və ya elektron qaiməni ona təqdim edildiyi tarixdən etibarən 15 bank günü müddətində satıcıya ödəyir.

5. xx.xx.2023-cü il tarixli, 05/2023 saylı saylı alqı-satqı müqaviləsinə 1 saylı və 2 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə tərəflər materialların adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.

6. Müqavilə və Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə» üzrə Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə ƏDV daxil olmaqla 14.162,36 manat pulun və nəğd şəkildə ödənilməli olan 28.075 manat ödənişin, ümumilikdə 42.237,36 manat ödənişin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə» imzalamışdır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə»-nin 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə əsasən Satıcı müqavilənin tərkib hissəsi olan Əlavələrdə və qiymət razılaşma protokollarında göstərilən qiymət və göstəricilərə müvafiq beton qarışığını (sonradan “Mallar” adlanacaq) sifariş vərəqəsi əsasında Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Müqavilə əsasında Malların dəyərini ödəyərək onları qəbul etməyi öz öhdəsinə götürür. Həmçinin «Müqavilə»-nin 5.2-ci bəndinə əsasən, Hazırkı Müqavilənin mövcudluğu və ya izahı ilə bağlı və ya onunla əlaqədar bütün mübahisə, anlaşılmazlıq və/ və ya fikir ayrılıqları (bundan sonra “Mübahisə” adlanacaq) əvvəlcə Tərəflər öz aralarında dinc danışıqlar vasitəsilə həll etməyə çalışırlar. Tərəflər Mübahisə ilə bağlı razılıq əldə etmədikdə, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və məhkəmənin qərarı Tərəflər üçün qəti və məcburidir. Bildiririk ki, xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə»-nin 1.1-ci bəndinə əsasən, İddiaçı QSC “satıcı” tərəf olaraq öz üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC “alıcı” tərəf olaraq üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə ƏDV daxil olmaqla 14162 (on dörd min yüz altmış iki) manat, 36 (otuz altı) qəpik qalıq ödənişini bugünədək icra etməmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralıqlarında İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə nağd ödənişlərin edilməsi şərti ilə müvafiq xidmətlər göstərilmiş, göstərilmiş xidmətlər ürə Cavabdeh MMC-nin əlavə olaraq 28075 AZN borcu yaranmışdır.

9. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(113)-3198/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli 05/2023 saylı müqaviləyə əsasən 14.162 (on dörd min yüz altmış iki) manat 36 (otuz altı) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə EBDO seriyalı, 889598 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 10.738 manat, EBDP seriyalı, 117130 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 3.424,36 manat məbləğində olan elektron qaimə göndərilmişdir. 18. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 14.162,36 manat təşkil edir. Qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf qeyd edilmiş dəyərdə malların verilməsini qəbul etmiş, ancaq qarşı tərəfin də, ona yükdaşıma müqaviləsindən irəli gələn borcunun olduğunu bildirmiş və borcların əvəzləşdirilməli olduğunu bildirmişdir. Məhkəmə iddia tələbinin “nəğd şəkildə ödənilməli olan 28075 manat ödənişin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd edilən məbləği cavabdehə müvafiq xidmətlərin göstərilməsi müqabilində tələb etsə də, xidmətlərin göstərilməsi halını sübut edə bilməmiş, sadəcə birtərəfli qaydada tərtib olunmuş borcun yaranma cədvəlini təqdim etməklə kifayətlənmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinin (Qanun və məhkəmə qarşısında bərabərlik) tələblərinə riayət etməmişdir. Həmin normaya əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Lakin məhkəmə cavabdehi dinləmədən, onun dəlillərini nəzərdən keçirmədən iddiaçı tərəfə üstünlük vermişdir. Halbuki cavabdeh məhkəmə iclasında İddiaçı QSC-nin özünə 19236,36 manat borcu olduğunu və bu borcun əvəzləşdirilməli olduğunu göstərmiş, lakin məhkəmə bu xüsusatı araşdırmaqdan imtina etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz:

15. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə qarşı etiraz vermişdir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Lakin Cavabdeh əvəzləşdirilməsi ilə bağlı iddiasının hər hansı hüquqi əsası yoxdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı:

17. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

18. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

21. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

22. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

23. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

24. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

25. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(113)-3198/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə və (və ya) qiymət razılaşma protokollarında göstərilən qiymət və göstəricilərə müvafiq beton qarışığını alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və dəyərini ödəyir.

31. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə ümumi dəyəri 14.162,36 manat olan malları təqdim etməsi faktı iş materiallarına əlavə edilmiş elektron qaimələr ilə öz təsdiqini tapır. Belə ki, EBDO seriyalı, 889598 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə dəyəri 10.738 manat, EBDP seriyalı, 117130 nömrəli, xx.xx.2023cü il tarixli elektron qaimə ilə dəyəri 3.424,36 manat məbləğində olan mallar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə göndərilmişdir.

33. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq, tərəflər arasında mal mübadiləsi elektron qaimələr üzrə həyata keçirildiyindən, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edib, malları elektron qaimələrlə cavabdehə təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini icra etməmişdir.

34. Cavabdeh MMC apellyasiya şikayətində İddiaçı QSC-nin ona 19236,36 manat borcu olduğunu və bu borcun əvəzləşdirilməli olduğunu qeyd etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, hazırki mübahisə üzrə Cavabdeh MMC-nin borcu İddiaçı QSC ilə arasında bağlanan xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli müqavilə əsasında yaranmışdır. Tərəflər arasında borcların əvəzləşdirilməsi barədə razılığın olması iş materialları ilə müəyyən olunmur.

35. Belə olan halda, məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olan iddiaçı tərəfindən alıcı olan cavabdehə 14.162,36 manat mal verilməsi faktının işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığını, cavabdehin isə həmin malların müqabilində ödəniş etmədiyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi üzrə 14.162,36 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2- 2(113)-3198/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(113)-3198/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar