Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-943/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 06 yanvar 2025-ci il tarixdə AKP/ALC/xx/xx/2025 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır
2. Həmin müqavilənin 2.2-ci bəndinə görə, müqaviləyə əlavədə göstərilən mallar təhvil verilərkən onların keyfiyyəti alıcı tərəfindən yoxlanılır və hər hansı qüsur aşkar edilmədikdə, alıcı təhvil aktı ilə malları qəbul edir; 2.3-cü bəndinə əsasən, satıcının təqdim etdiyi mallar alıcının göstərişlərinə və müqavilənin, ona əlavənin şərtlərinə uyğun keyfiyyətdə gəlmədikdə, habelə müqavilənin Əlavəsində qeyd edilən razılaşdırılmış malların birəbir eynisi göndərilmədikdə alıcı bu barədə satıcıya məlumat verir və qüsurların aradan qaldırılması üçün 30 gündən az olmayan müddət müəyyən edir. Satıcı göstərilən müddətdə malda olan qüsuru aradan qaldırmalıdır.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, malların ümumi dəyərinə müvafiq ödəniş tərəflər arasında bağlanmış bu müqaviləyə əsasən Satıcının bu müqavilə və onun əlavəsindəki şərtlərə uyğun malları alıcıya təhvil verdiyi tarixdən etibarən 3 (üç) ay ərzində hissə-hissə ödənilməlidir.
4. Müqavilənin 5.3-cü bəndinə görə, alıcı razılaşdırılmış müddətdə ödənişləri yerinə yetirmədikdə, hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0.1%-i miqdarında cərimə ödəməlidir
5. 06 yanvar 2025-ci il tarixli 01 saylı “Qiymətlərin Razılaşdırılması protokolu” ilə tərəflər 88 500 manat məbləğində bir ədəd 700 KVA generatorun qiyməti barədə razılığa gəlmişlər.
6. Müqavilə və qiymətlərin razılaşdırılması protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. Hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktı ilə satıcı (İddiaçı) 88 500 manat məbləğində 700 KVA Generatoru müqavilə şərtlərinə uyğun şəkildə lazımi keyfiyyətdə və miqdarda aktın imzalandığı tarixdə alıcıya (Cavabdeh) təhvil vermişdir.
8. Satıcı tərəfindən alıcıya 06 yanvar 2025-ci il tarixində MT2501 seriyalı 10127045 nömrəli, dəyəri 88 500 manat olan elektron qaimə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. “AK Piping Materials MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, AKP/ALC/xx/xx/2025 saylı xx.xx.2025-ci il tarixli alqı satqı müqaviləsi üzrə ödənilməli olan 88 500 manatın, dəbbə pulu olaraq 8850 manatın və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumi dəyəri 75 000 manat, ƏDV ilə birlikdə 88 500 manat olan mallar ilə təchiz edilmiş, iddiaçı tərəfindən razılaşma üzrə öhdəliklər tam və layiqincə icra olunmuş, lakin cavabdeh iddiaçının təqdim etdiyi elektron-qaimə əsasında borc məbləğini ödəməmişdir. 06 yanvar 2025-ci il tarixli təhvil-təslim aktına əsasən mal alıcıya təhvil verilmiş və Seriya: MT2501 Nömrə: 10127045, xx.xx.2025-ci il tarixli elektron-qaimə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, malların ümumi dəyərinə müvafiq ödəniş tərəflər arasında bağlanmış müqaviləyə əsasən satıcının bu müqavilə və onun əlavəsindəki şərtlərə uyğun malları alıcıya təhvil verdiyi tarixdən etibarən 3 (üç) ay ərzində hissə-hissə ödənilməlidir. Lakin malların təhvil verildiyi və elektronqaimənin göndərildiyi tarixdən 3 ay keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.
11. Birinci instansiya məhkəməsinin 16 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, 06 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 88 500 (səksən səkkiz min beş yüz) manat, cərimə borcu üzrə 4000 (dörd min) manat olmaqla, ümumilikdə 92 500 (doxsan iki min beş yüz) manat məbləğində pul vəsaitinin, həmçinin 367,50 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq “AK Piping Materials" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən alınmış mallara dair ödənilməmiş borc məbləği qalmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq malları təqdim etmiş (təhvil-təslim aktı və elektron qaiməyə əsasən), bununla belə cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
13. Dəbbə pulu ilə bağlı məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən iddiaçı cərimə məbləğini tələb edə bilər və əsas borca münasibətdə 4000 manat cərimə borcunun tutulması ağlabatan və ədalətlidir.
14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 5.3-cü, 425-ci, 462.1-ci, 467-ci, 567-ci, 600.4-cü maddələrinə istinad etmişdir.
15. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, işə baxılması zamanı onun iştirakı təmin edilməmiş, həmçinin məhkəmə işin faktiki hallarını aydınlaşdırmamış, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının təqdim etdiyi generatorun qüsurlu olması səbəbilə borcun ödənilmədiyini nəzərə almamaqla əsassız nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
16. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə yazılı etiraz təqdim edilmiş, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazda həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh prosesin gedişatı barədə xəbərdar olmuşdur. Cavabdeh təhvil-təslim aktını imzalamaqla malların qüsursuz olmasını qəbul etmiş və təhvil almışdır.
Apellyasiya baxışı, izahat
17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
18. İşin halları, cavabdehin (apellyatorun) nümayəndəsinin üzrlü halla bağlı gələ bilmədiyinə dair hər hansı sübut təqdim etmədiyi, eləcə də onun şikayətinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
29. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
30. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
31. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
32. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
40. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
41. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
43. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
44. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
45. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
46. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
47. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
a) İddia olunan prosessual pozuntu ilə bağlı
51. Cavabdehin apellyasiya şikayətinin bir dəlili məhkəmə prosesləri barədə məlumatlandırılmamış olması ilə bağlıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.
52. Belə ki, mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur (§ 34). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 21 yanvar 2016-cı il tarixli Qərarı).
53. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
54. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 40).
55. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə cavabdehi məlumatlandırmış, müvafiq bildirişlər onun elektron kabinetinə yerləşdirilmişdir.
56. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.
b) Mübahisənin mahiyyəti ilə bağlı
57. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
58. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
59. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
60. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların alıcıya (cavabdehə) təhvil verildiyi işin mübahisələndirilməyən halıdır.
61. Belə ki, iş materiallarında olan təhvil-təslim aktı və elektron qaimələr iddiaçının cavabdehə malları təhvil verdiyini təsdiq edir və cavabdeh də həmin sənədləri mübahisələndirməmişdir.
62. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 19). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
63. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi akt və mübahisələndirmədiyi elektron-qaimənin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
64. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
65. Həmçinin kollegiya, iddiaçının təqdim etdiyi qüsurlu mala görə borcunun olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlili əsassız hesab edir.
66. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh malın qüsurlu olduğunu irəli sürsə də, konkret olaraq hansı qüsurun olması, qüsur nəticəsində dəymiş zərərlə bağlı hər hansı dəlil təqdim etməmişdir.
67. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 35,36).
68. Digər tərəfdən nəzərə alınmalıdır ki, satıcı alqı-satqı müqaviləsi üzrə qüsurlu mallar verdiyi halda, mülki qanunvericilik alıcıya bununla bağlı bir sıra hüquqlar vermişdir. Belə ki, cavabdeh bu halda iddiaçıdan qüsurun aradan qaldırılmasını və ya əşyanın əvəz edilməsini tələb edə bilərdi (§ 30, 31) – hansı ki, tərəflər bunu xüsusi olaraq müqavilə də nəzərdə tutmuşlar (§ 2).
69. Müqavilədə xüsusi olaraq göstərilmişdir ki, cavabdeh mallar təhvil verilərkən onların keyfiyyəti alıcı tərəfindən yoxlanılır və hər hansı qüsur aşkar edilmədikdə, cavabdeh (alıcı) təhvil aktı ilə malları qəbul edir. Əgər mallar razılaşdırılmış keyfiyyətə uyğun gəlməsə idi, cavadeh (alıcı) bu barədə iddiaçıya (satıcıya) məlumat verir və qüsurların aradan qaldırılması üçün 30 gündən az olmayan müddət müəyyən edir
70. Başqa sözlə, cavabdeh qüsuru aşkar etdikdən sonra iddiaçıya məlumat verərək qüsurların aradan qaldırılmasını tələb edə bilərdi.
71. Buna görə də cavabdehin məhz iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə də ziddir.
72. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:
73. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
74. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.
75. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3385/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən "xxxx" MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səməd Cəfərov
Tural Qocayev