Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-944/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı malların kompensasiya ödənilmədən məhv edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3092/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ******* nömrəli beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* nömrəli beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* nömrəli beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq 100.000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, 24.05.2021-ci il tarixdə tərtib edilmiş və cavabdehə ünvanlanmış pretenziya məktubu "xxxx" MMC-nin hüququ ünvanına “Famko” sürətli poçt daşınma xidməti vasitəsilə 24.05.2021-ci il tarixdə göndərilmişdir. Bunu sübut edən ƏİV 187621 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin skansurəti iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilərkən elektron formada sənədlərə əlavə olunmuşdur. Tərtib edilmiş iddia ərizəsi də həmin qaydada eyni daşınma xidməti vasitəsilə 07.06.2021-ci il tarixdə göndərilmişdir. Bunu sübut edən ƏİV 207724 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin skansurəti iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilərkən elektron formada sənədlərə əlavə olunmuşdur. Məhkəmənin qeyd etdiyi digər əsas üzrə bildirir ki, İddiaçı “X1” şirkətinin rəsmi nümayəndəsidir. Belə ki, “X1” şirkəti XXC2020W8RS24X saylı leqalizasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixində X2 Nazirliyi tərəfındən leqallaşdırılmış və **********8 saylı attestasiya nömrəsi ilə 12 oktyabr 2020-ci il tarixdə BƏƏ-nin Seuldakı Səfirliyində təsdiq edilmiş etibarnaməni X3 East FZE (MPME) şirkətinə vermişdir. Öz növbəsində, X3 East FZE (MPME) şirkəti həmin etibarnamə üzrə ona həvalə edilmiş səlahiyyətləri 31 dekabr 2020-ci il tarixdə BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən **********0 saylı leqalizasiya nömrəsi ilə leqallaşdırılmış və 7E-3926 saylı attestasiya nömrəsi ilə 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dubay şəhərindəki Baş Konsulluğunda təsdiq edilmiş yeni etibarnamə ilə İddiaçı vermişdir. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in 149.2.2-ci maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən müəyyən olunur ki, MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilməyərək, iddia ərizəsində iddiaçı qismində “X1” şirkəti deyil, İddiaçı qeyd edilmişdir. Bundan əlavə, MPM-in 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin iddiaçı tərəfindən iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut işə əlavə edilməmişdir. Onun belə bir sübut kimi istinad etdiyi kuryer xidmətləri üçün mədaxil qəbzlərində isə bu barədə heç bir qeyd yoxdur. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3092/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-944/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-944/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver