Məhkəmə qərarları › İş №2-2(103)-946/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-946/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-946/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X1” MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2818/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 21.01.2021-ci il tarixli 01/01-2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən satılmış 168.720 ədəd damazlıq yumurtaya görə yaranmış 84.360 manat borcun, müqavilə üzrə yaranmış öhdəliyin vaxtında yerinə yerinə yetirilməməsinə görə satılmış yumurtanın məbləğinin 50% miqdarında 42.180 manat dəymiş zərərin, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin VÖEN: ********** Manat hesabı: İBAN:AZ92PAHA40070AZNHC********** Adı: "xxxx" ASC VÖEN:********** Kod:505141 Müxbir hesab: AZ82NABZ******************** S.W.İ.F.T.Bik: PAHAAZ22 nömrəli hesabına 84.360 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi təmin edilmiş, cavabdehin hesabında olan 84.360 manat məbləğinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verib, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə iddianın təmini tədbirinə dair ərizəni yalnız o əsasa görə təmin etmişdir ki, iddiaçı təşkilata cavabdeh təşkilatın 84.360 manat məbləğdə əsas borcu vardır və ona görə də həmin məbləğdə cavabdehin bank hesabına həbs qoyulmalıdır. Lakin məhkəmənin bu əsaslandırması ilə razı deyil. Hazırkı vaxtadək onlar cavabdeh təşkilat olaraq iddiaçı təşkilata olan borclarından məhkəmədən kənar olaraq 150.000 manata yaxın pul ödəmişlər. Hazırda da cavabdeh təşkilat olaraq onlar kəsir qalmış borcu iddiaçı təşkilata ödəməkdən imtina etmirlər. Sadəcə ölkədə son illər yaranmış koronavirus (COVİD-19) pandemiyasına görə təşkilatın maddi durumu yaxşı olmamış və bütün sahələrdə olduğu kimi bu pandemiyanın ölkədə quşçuluq sahəsinə də mənfi təsirləri olmuşdur. Hesab edir ki, atdıqları bu müsbət addımlar məhkəmə tərəfindən iddiaçının iddianın təmini tədbirinə dair ərizəsinə baxılarkən qiymət verilməli idi. Hazırki halda məhkəmənin cavabdeh təşkilatın bank hesabına həbs qoyması maddi durumu ağır olan təşkilatın daha da maddi vəziyyətini çətinləşdirir, bu da öz növbəsində iddiaçı təşkilatın qarşısında borcun daha çevik olaraq ödənilməsinin qarşısını alır. Belə ki, onların da cavabdeh təşkilat olaraq digər şirkət və müəssisələrdən, o cümlədən ayrı-ayrı şəxslərdən borc olaraq alacaqları vardır. Hazırda həmin borcların ödənilməsi istiqamətində müvafiq hüquqi addımlar atılır. Lakin təşkilatın bank hesabının üzərinə məhkəmə qərardadı ilə həbsin qoyulması digər şəxslərdən hesablarına pul köçürmələrinin həyata keçirilməsinə, müxtəlif bank əməliyyatlarının aparılmasına və bununla da iddiaçı təşkilata məhkəmədən kənar olaraq kəsir qalmış borcun daha tez olaraq ödənilməsinə maneələr yaradır. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin tədbiri bilavasitə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə yönəlmişdir, tədbirlə qorunan maraq iddianın hədlərini aşmır və onunla üst-üstə düşür. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2818/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar