Məhkəmə qərarları › İş №2-2(103)-946/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-946/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-946/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı “cavabdeh LPO Cavabdeh ASC-yə qarşı pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, e-2 2(113)-5794/2024 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 661565 saylı Ödəniş Tapşırığına əsasən köçürülmüş 56000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, e-2-2(113)-5794/2024 saylı qərardadı ilə İddiaçı “LPO Cavabdeh ASC-yə qarşı pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsi tələbi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı MMC-yə qaytarılması və İddiaçı MMC-yə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququ izah olunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Mərkəzi Bank ödəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilməmişdən 2 gün əvvəl xx.xx.2023-cü il tarixdə 661565 saylı ödəniş tapşırığına əsasən 56.000 manat Cavabdeh ASC-də olan öz cari hesabından internet bankinq vasitəsi ilə digər hüquqi şəxslərin bank hesablarına pul köçürülməsini həyata keçirmişdir. Göstərilən 661565 saylı ödəniş tapşırığına əsasən 56.000 manat qanunsuz və əsassız olaraq köçürülməmişdir. Bundan bir müddət sonra Bakı Apellyasiya Məhkəməsinin bankın məcburi ləğv olunmasına dair xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə cavabdeh Fondu ləğvedici təyin etmişdir. Göründüyü kimi Məhkəmə göstərilən qanunlara əməl etməmiş və qərardadda hazırkı iddia ərizəsinə aid olmayan istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsalanaraq qeyd etmişdir ki, iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah edilməlidir. Məhkəmənin qərardadı hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. MMC-nin cari hesabından ödənişlərin bir hissəsi icra edilsə də, digər hissəsi icra edilmədiyinə görə Bank məsuliyyət daşıdığından və onun səlahiyyətlərinə ləğvedicilər cavabdehlik daşıdığı üçün iddia ərizəsində qeyd edilən tələbi sonuncu icra etməlidir. İş materiallarından görünür ki, MMCnin vəsaiti depozit hesabında deyil, onun cari hesabında olmuşdur və belə olan halda iddiaçı öz vəsaitini qanunda nəzərdə tutulmuş qaydada istədiyi şəxsin hesablarına köçürə bilər. Qeyd edilən hallara dair mübahisə yarandıqda işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxmalıdır. Məhkəmə, MMC-nin cari hesabında olan vəsaiti, depozit hesabında olduğu kimi qiymətləndirməkdə haqlı olmamış və həmin vəsaitə dair lazımi sənədləri cavabdehdən tələb edərək aydınlaşdırmadan əsassız nəticəyə gəlmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, e-2-2(113)-5794/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından görünür ki, Cavabdeh ASC Ləğv Prosesindədir. Hazırda iddiaçı 661565 saylı Ödəniş Tapşırığına əsasən köçürülmüş 56000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələblə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanununun 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. X1 Məhkəməsi Plenumunun gəldiyi qənaətə əsasən “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınması və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Göründüyü kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə geri qaytarılmalı, iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququ izah olunmalı olmasına dair nəticəsi ilə razılaşır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanununun 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı bütün tələblər yalnız həmin Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İş materiallarından isə müəyyən edilir ki, "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanmış və hazırki tələb cavabdeh barəsində müvafiq olaraq iflas proseduruna başlanıldıqdan sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu vəziyyətdə isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə geri qaytarılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, e-22(113)-5794/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar