Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-947/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-281/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. AD 251361 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə, “Changan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı LS5A2AGE0JD003283 Ban nömrəli nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir.
2. 3171 nömrəli etibarnaməyə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı LS5A2AGE0JD003283 Ban nömrəli minik avtomobil X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək idarə etməyə etibar edilmişdir.
3. xx.xx.2021-ci il tarixli qüsur aktına görə, İddiaçı MMC-nin Servis Mərkəzində texniki baxış keçirilmiş “Changan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4.420,50 manat məbləğdə müəyyən edilmişdir.
4. MC********** nömrəli Sığorta şəhadətnaməsinə əsasən, İddiaçı MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə sığortalanmış, 1.461,60 manat məbləğdə sığorta haqqı ödənişi və 450 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur.
5. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, “Changan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğdə cərimə olunmuşdur.
6. "xxxx" ASC tərəfindən tərtib edilmiş arayışda xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat verən şəxs X4, zərərçəkən üçüncü şəxs X3, zərər vurulmuş predmet Mercedes Benz C250 markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu qeyd edilmişdir. Eləcə də, "xxxx" ASC tərəfindən 4.500 manat məbləğdə sığorta ödənişi ödənilmişdir.
7. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubuna görə, İddiaçı MMC "xxxx" ASC-də sığortalanmış və kasko sığorta şəhadətnaməsi almış avtomobilə dəymiş zərərin İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir.
8. "xxxx" ASC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli AS21/945 məktubdan görünür ki, "xxxx" ASC İddiaçı MMC-yə tələb edilən sığorta ödənişlərinin verilməsindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat sığortaçıya xx.xx.2021-ci il tarixdə, yəni 3 gün sonra məlumat verildiyinə görə imtina etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, zərər dəymiş “Changan Alsvin V7” markalı **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla, sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə "xxxx" ASC-nin əməkdaşlarına təqdim edilməmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/829 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Changan Alsvin V7” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.125 manat müəyyən olunur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
10. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4.450,7 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla, 1.200 manat dəbbə pulu, 60 manat məbləğdə mediasiya xərci və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 3.675 manat sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğinin, 150 manat cərimənin, 60 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 manat olmaqla, cəmi 3.902 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 888.1, 898.2, 922.1, 922.2, 923.1, 923.3, 923.4, 925.1, 925.2, 925.3, 925.4, 925.4, 925.5, 925.5-1, 925.5.2, 925.5.3, 926.1, 926.2, 926.3, 927.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
14. Şikayətin dəlillərinə görə, hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və ya hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda hadisə barədə cavabdehə dərhal deyil, hadisədən 3 gün sonra məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsində qeyd olunur ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Nəzərə çatdırır ki, Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazının dəlillərinə əsasən, xx.xx.2021ci il tarixdə baş vermiş, sığorta hadisəsi zamanı sığorta hadisəsi barədə icbari sığorta şirkətinə məlumat verilmiş və hadisə yerinə "xxxx" ASC-nin nümayəndəsi gəlmişdir. Məlumatın vaxtında verilməsi barədə "xxxx" ASC tərəfındən ödənişin verilməsi barədə arayışda da açıq-aydın yazılıb. Həmin arayışda hadisə barədə məlumat verən X1 olduğu qeyd edilib. Qərardan da göründüyü kimi, hadisə xx.xx.2021 ci il baş verib, qərar isə Sumqayıt şəhər X7 tərəfindən 27 .01.2021-ci il tarixdə yazılıb. "xxxx" ASC bütün bu sübutlara baxmayaraq kasko sığorta şəhadətnaməsi almış nəqliyyat vasitəsinə vurulmuş ziyanı ödəməkdən əsassız olaraq imtina etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir; Maddə 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir; Maddə 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir; Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır; Maddə 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda; Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz; Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, tərəflər arasında iddiaçının mülkiyyətində olan avtomobilə dair kasko sığorta müqaviləsi bağlanmış, cavabdehdən kasko (tam) sığorta şəhadətnaməsi alınmışdır. Sığorta şəhadətnaməsinə əsasən avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üzrə sığortalanmışdır. İddiaçı qeyd edilən avtomobili etibarnamə əsasında sürücüyə idarə etməyi etibar etmiş, sürücü həmin avtomobillə xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, sığorta hadisəsi baş vermiş, nəticədə nəqliyyat vasitəsinə ziyan dəymişdir. Sumqayıt şəhər DYPŞ əməkdaşları hadisə yerinə gəlmiş, araşdırma aparmış və iddiaçıya məxsus olan avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılmışdır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarla sürücü E.Əliyev inzibati xətanı törətməkdə təqsirli bilinmiş və cərimə olunmuşdur. Cavabdeh avtomobilə sığorta ödənişi etməkdən imtina etmiş və imtinanın səbəbi kimi isə xx.xx.2021-ci il tarixdə hadisə baş verdikdən sonra hadisə barədə ona dərhal deyil, hadisədən 3 gün sonra məlumat verildiyini bildirmişdir. Əlavə olaraq, zərər dəymiş avtomobil hadisədən sonra hadisə yerindən aparılmaqla sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə cavabdehin əməkdaşlarına təqdim edilməmişdir.
23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, cavabdeh sığorta hadisəsi barədə ən qısa müddətdə məlumatlı olmuşdur. Hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanının (X7 İdarəsi) sığortaçını həmin gün hadisə barədə məlumatlandırmaq öhdəliyini daşıması sonuncunun həmin sığorta hadisəsi barədə məlumatlandırılmış olduğunu deməyə əsas verir. Hadisə baş verən gün - xx.xx.2021-ci il tarixdə “Changan Alsvin V7" markalı avtomobilin sürücüsü digər sığorta şirkətinə məlumat vermişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021ci il tarixdə (cavabdeh xx.xx.2021-ci il tarixdə məlumat verildiyini bildirmişdir) "xxxx" ASCyə məlumat verməsinin səbəbinə münasibətdə qeyd etmişdir ki, yol nəqliyyat hadisəsinin kimin təqsirindən baş verməsi həmin an məlum olmadığından zəruri araşdırmanı aparan DYP əməkdaşlarının bu barədə qərarı gözlənilmiş və xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında Qərardan sonra "xxxx" ASC-yə dərhal məlumat verilmişdir. İstinad olunan maddi hüquq normalarına əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq, bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı sığortaçıya xəbər verməlidir. Həmçinin, üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və ya müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi - sığorta hadisəsi barədə sığortaçının məlumatlandırması kimi qəbul edilir. Hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan DYP əməkdaşlarının sığortaçını həmin gün hadisə barədə məlumatlandırmaq öhdəlyinin mövcud olması sığortaçının hadisə barədə məlumatlı olduğunu deməyə əsas verir.
24. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, İddiaçı MMC-yə məxsus olan **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılmışdır. Cavabdehin nümayəndəsi həmin halı mübahisələndirməmiş, məhkəmə kollegiyasının iclasında da avtomobil cərimə meydançasına aparıldıqdan sonra hadisə yeri ilə müqayisədə avtomobildə hər hansı dəyişikliklərin aşkar edildiyini irəli sürməmişdir.
25. Bütün bu qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığorta müqaviləsinə əsasən sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borc məbləğini iddiaçıya ödəməlidir.
26. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-281/2022 nömrəli iş üzrə 12 may 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova