Məhkəmə qərarları › İş №2-2(103)-947/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-947/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-947/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-466/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 07 may 2019-cu il tarixli 01/058/19 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh tərəfindən seçilmiş avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 13.1-ci maddəsinə əsasən lizinq alan müəyyən edilmiş müddətlərdə lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Lizinq alan isə həmin dəbbə pulunu lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür.

2. 08 may 2019-cu il tarixli lizinq obyektinin təhvil-təslim aktından görnür ki, İddiaçı daxili maliyyə lizinqi müqaviləsi ilə nəzərdə tutulmuş lizinq obyektlərini Cavabdeh təhvil vermişdir.

3. Lizinq ödənişləri qrafikindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya lizinq obyektinin dəyəri olaraq 4000 manat, lizinqverənin mükafatı olaraq 870,28 manat, cəmi 4870,28 manat pul ödənilməli idi. xx.xx.2022-ci il tarixli “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışında qeyd edilir ki, Cavabdeh tərəfindən cəmi 2629,30 manat ödəniş edilmiş, 2240,98 manat məbləğində əsas borcu qalmış, ödənişin gecikdirilməsinə görə 7566,87 manat məbləğində dəbbə pulu hesablanmışdır.

4. 13 sentyabr 2022-ci il tarixli AZ0010243 nömrəli ödəniş tapşırığından görünür ki, “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı 13 saylı mediasiya təşkilatının hesabına 70 manat məbləğində mediasiya xərcini köçürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01/058/19 saylı, 07 may 2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 2240,98 manat, dəbbə pulu üzrə 224,02 manat, cəmi 2465 manat məbləğində borcun, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 may 2019-cu il tarixdə 01/058/19 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 4000 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışı olan divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə borc qalığı 2240,98 manat, dəbbə pulu üzrə 7566,87 manat olmaqla, cəmi 9807,85 manat məbləğində borcu yaranmışdır. Maliyyə cədvəlində əks olunan dəbbə pulu avtomatik olaraq kompüter proqramı tərəfindən hesablandığından hazırki iddia ilə ərizəsində yalnız ağlabatan məbləğdə, 224,02 manat tələb edilir. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq müqaviləsinin müddəti bitib.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-466/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilərək Cavabdeh 2240,98 manat əsas borc və 109,02 manat cərimə cəmi 2350 manat və 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iddia ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış bağlanmış, müqaviləyə əsasən lizinq obyektləri 08 may 2019-cu il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin cavabdeh lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini tam həcmdə iddiaçıya ödəməmişdir.

9. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd etmişdir ki, tənasübsüz sürətdə yüksək hesablanmış cərimə azaldılaraq 109,02 manat hissədə təmin edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-466/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tam rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən lizinq təşkilatına ödənilmiş pulun hamısının əsas borca deyil, cəriməyə çıxılması qanuni hesab oluna bilməz. Əsas borca nisbətdə cəriməyə çıxılan məbləğ aşağı həddə olmaq əvəzinə, İddiaçı MMC ödənilən pulun böyük hissəsini cərimələrə hesablamışdır. İşə baxan 1-ci instansiya məhkəməsi tərəfindən bu qanunsuz halla bağlı heç bir araşdırma aparılmamış, 2019-cu ildə bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmamış və hesablanan borcun maliyyə baxımından əsaslı olub-olmaması araşdırılmamışdır. Bu hal üzrə obyektiv nəticəyə gəlmək üçün xüsusi bilik tələb olunan məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Qeyd edilən hal qətnamənin ləğv olunması və iddianın rədd olunması üçün əsasdır. Eyni zamanda prosessual pozuntuya yol verilərək cavabdehlərin iştirakı təmin edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsi- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 465.2-ci maddə- əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 747.1-ci maddəsi-lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-466/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 07 may 2019-cu il tarixli 01/058/19 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, müqaviləyə əsasən lizinq obyektləri 08 may 2019-cu il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin cavabdeh lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini tam həcmdə iddiaçıya ödəməmişdir.

17. Cavabdeh apellyasiya şikayətində lizinq borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etsə də, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı ödəniş sənədi təqdim edilməmişdir. Məhkəmə iş materiallarında hesablanması xüsusi bilik tələb edən hər hansı sənəd mövcud olmadığından qanuni əsaslar olmadığı üçün iş üzrə ekspertiza təyin edilməsini zəruri hesab etməmişdir. Belə ki, MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

18. Cavabdehin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə araşdırma apararaq müəyyən etmişdir ki, cavabdehin ünvanına məhkəmə bildirişi və elektron məhkəmə informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlıq göndərilsə də, cavabdeh iclaslarda iştirak etməmişdir. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən də elektron kabinetinə məhkəmə bildirişi yerləşdirildiyi, SMS xəbərdarlıq göndərildiyi halda təyin olunmuş məhkəmə iclasında hər hansı üzürlü səbəb olmadan iştirak etməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulduğu müəyyən edilmir.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 466/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-466/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar