Məhkəmə qərarları › İş №2-2(103)-948/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-948/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-948/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3276/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 6.650 manat məbləğdə əsas borcun, 1.779 manat məbləğdə cərimə-dəbbə pulunun, 1.800 manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğdə hesablanmaqla 202 manat və 30 manat məbləğdə dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə də təqdim edərək, işə baxılıb qurtarana qədər Azərbaycan Respublikasında olan bank və digər kredit təşkilatlarındakı cavabdehə məxsus hesablarda olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə iddiaçının iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsində iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasını çətinləşdirə biləcək hər hansı bir konkret halın göstərilməməsini, cavabdehin bank hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulmasının isə məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərinin tələblərinə cavab vermədiyini əsas gətirərək ərizəni rədd etmişdir. Məhkəmənin belə əsaslar gətirərək ərizəni rədd etməsi nəinki qanunsuz və əsassız, hətta tamamilə absurd və məntiqsizdir. İlk növbədə, iddia təmin tədbiri iddianın əsaslılığı prezumpsiyasına dayanır. Yəni, məhkəmənin iddianı mümkünlüyünü yoxlayaraq icraata qəbul etməsi iddianın əsaslılığı üçün müəyyənedici faktordur. İş üzrə materiallarda da təsdiqini tapdığı kimi, cavabdeh şəxs tərəfindən edilən şifahi və yazılı müraciətlərinə rəğmən aylardır iddiaçının maliyyə dövriyyəsinə qərəzli şəkildə mənfi təsir göstərərək öhdəliyindən yayınması, borcunu ödəməməsi iddia təmin tədbirinin zəruriliyini kifayət qədər təsdiq etsə də, hansı səbəbdən məhkəmə üçün bu hal zəruri hesab edilmir anlaşılan deyildir. Cavabdehin bank hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulmasının məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərinin tələblərinə cavab verməməsi iddiası isə tamamilə absurddur. Aydındır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Belə olan halda isə iddianı təmin etmək barədə qəbul edilən qərardad işin ədalətli həllini şübhə altına almış və məhkəmə aktlarının aydınlığı və hüquq müəyyənliyi prinsiplərini pozmuş sayıla bilməz. Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək cavabdehə və başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddianı təmin tədbiri barədə ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurəti faktiki cəhətdən əsaslandırılmamışdır. Ərizədən, eləcə də şikayətdən aydın olmur ki, cavabdehin bank hesabı üzərinə həbs qoyulmazsa, qətnamənin icrası gələcəkdə hansı qaydada çətinləşə və ya qeyri-mümkün ola bilər. Nəzərə alınsa ki, cavabdeh sahibkarlıq subyektidir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da cavabdehin belə bir iqtisadi imkana malik olmadığını irəli sürmür. Halbuki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhz belə bir zərurətlə bağlı əminlik olmalıdır ki, bank hesablarının üzərinə həbs qoyulmasının indiki mərhələdə cavabdeh üçün əsassız ağır yükə çevrilmədən mütənasibliyə cavab verdiyi sual doğurmasın. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3276/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar