Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-95/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3130/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23707,4 ABŞ dolları məbləğində əsas borcun və 2370,74 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 26078,14 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli e-2-2(113)-3130/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 4743,08 ABŞ dolları (dörd min yeddi yüz qırx üç dollar səkkiz sent) ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 14.04.2021-ci il tarixdə rəsmi qaydada pretenziya göndərilmiş, cavabdeh 20.04.2021-ci il tarixdə pretenziyaya münasibət bildirmişdir. Belə ki, qeyd olunan məktubda borc məbləği inkar edilməmiş və xidmət göstərilən gəmilərin satıldığı qeyd olunmuş, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 2021-ci ilin sonuna kimi qüvvədə olması bildirilmişdir. 14.04.2021-ci il tarixdə iddiaçı tərəfindən müəyyənləşdirilmiş qaydada iddia irəli sürülmüş və bununla da, iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, icraçı İddiaçı QSC ilə sifarişçi “Monolit-D Limited” firması (Cavabdeh MMC-nin hüquqi sələfi) arasında 19 mart 2013-cü il tarixli İNM- 2/10 saylı xarici sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmiləri və dəniz obyektləri ilə dəniz radio rabitəsindən ötrü xarici radiostansiyaların hesabları üzrə iş aparılması üçün xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı İNMARSAT sistemi daxil olmaqla, xarici sahil radiostansiyalar vasitəsilə sifarişçinin BABA DAG; MONOLİT PETROLİUM və Elektron ünvan obyektlərdən keçən xarici radiostansiyalarla dəniz radio rabitəsi hesablarının təşkilini həyata keçirməyi, sifarişçi isə təqdim edilmiş hesablarda nəzərdə tutulan məbləği hesablar alınandan sonra 10 gün ərzində icraçının hesablaşma hesabına köçürməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, onun tərəfindən 01.10.2016-cı il tarixli **********3 saylı invoysa əsasən 4645,57 ABŞ dolları dəyərində, 14.03.2018-ci il tarixli **********8 saylı invoysa əsasən isə 14319,05 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş və həmin məbləğləri, o cümlədən 2370,74 ABŞ dolları dəbbə pulunu iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında xidmət müqaviləsi bağlanıb, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Hazırki işin materiallarından da görünür ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan xidmətlər həyata keçirilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri həyata keçirməmişdir. Çünki bununla bağlı hər hansı sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin kollegiya hesab edir ki, apellyasiya baxışının həddində iddia təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə sifarişçinin xidmət haqqının ödənilməsi öhdəliyinin icrası müddəti müəyyən edilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə görə sifarişçi tərəfindən hesab üzrə xidmət haqqı ödənişi həmin hesab alınandan sonra 10 gün ərzində həyata keçirilməlidir. Belə olan halda isə mübahisələndirilən hər bir invoys (hesab) üzrə iddia müddətinin axımı Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən öhdəliyinin icrası müddətinin bitdiyi tarixdən, yəni həmin invoysun (hesabın) təqdim edildiyi tarixdən 10 günlük müddət keçdikdən sonra başlamışdır. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli invoysların (hesabların) tərtib edildiyi vaxtda cavabdehə təqdim edildiyini bildirmiş, cavabdeh isə hesabların ona dərhal təqdim edildiyini mübahisələndirməmişdir. Hazırkı iddia ərizəsi isə 10.06.2021-ci il tarixdə, yəni mübahisələndirilən 01.10.2016cı il tarixli invoysun tərtib edildiyi (təqdim edildiyi) vaxtdan 4 il 7 ay və 14.03.2018-ci il tarixli invoysun tərtib edildiyi (təqdim edildiyi) vaxtdan 3 il 3 ay keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçı tərəfindən həmin maddədə göstərilən 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə mübahisələndirilən hissədə iddia rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də iddia əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Lakin hazırki işdə cavabdehdən dəbbə pulunun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı cavabdehdən müqavilə öhdəliyinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulunun tutulması barədə şərt nəzərdə tutulmamışdır. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi borclunun pretenziya məktubuna qarşı susması və ümumiyyətlə hərəkətsizlik etməsi borcun etiraf olunması hallarına aid deyildir. Tərəflər arasında bağlanmış müqavilənin 2021-ci ilin sonuna qədər qüvvədə olması isə iddia müddətinin ötürülməməsi anlamına gəlmir. Çünki yuxarıda qeyd olunduğu kimi həmin müqavilədə sifarişçinin xidmət haqqının ödənilməsi öhdəliyinin icrası müddəti müəyyən edilmişdir (2.1-ci bənd). Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3130/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.09.2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-95/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-95/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver