Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-951/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4697/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs dövlət büdcəsinə olan 12172,3 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4697/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maraqlı şəxsin fərdi sahibkar olub olmadığını araşdırmadan, vergi öhdəliyinin nə vaxt hansı əsaslarla yarandığını əsaslandırmadan qərar qəbul etmişdir. Maraqlı şəxs ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. VÖEN açılması üçün vergi orqanına müraciət etməmişdir. Maraqlı şəxs vergi orqanına hər hansı bir bəyannamə təqdim etməmiş, vergi orqanına elektron alış aktı göndərməmişdir. Vergi Məcəlləsinin tələblərinə əsasən vergi hesablanması bəyannamə, alış aktı təqdim edildiyi halda vergi hesablana bilər. Və yaxud vergi orqanının yoxlamaları zamanı vergi öhdəliyinin yaranması barədə müvafiq qərar olduqda vergi orqanı tərəfindən bildiriş göndərilə bilər. Vergi orqanı tərəfindən maraqlı şəxsə hər hansı bir bildiriş göndərilməmişdir və onun elektron poçtu ümumiyyətlə boşdur. Maraqlı şəxsin vergi öhdəliyinin olduğunu təsdiq edən vergi orqanının hər hansı bir inzibati aktı olmadan məhkəmə maraqlı şəxsin hüquqlarını məhdudlaşdıra bilməzdi. Məhkəmə ilə əlaqə saxlayaraq prosesin təxirə salınmasını xahiş etsə də, təxirə salmamışdır. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 65.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.https://www.e-qanun.az/framework/46948 Ərizəçi tərəfindən məhkəməyə təqdim edilən vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli **********006800 nömrəli bildiriş və xx.xx.2022-ci il tarixli **********534500 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq Maraqlı şəxs tərəfindən 11 avqust 2022-ci il tarixdə alınmışdır. Bununla belə iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ilə Maraqlı şəxs arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə 23 avqust 2022-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilədən 12 gün əvvəl tərtib edilmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2021-ci il tarixli **********006800 nömrəli bildiriş və xx.xx.2022-ci il tarixli **********534500 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlığın müqavilədən qarşılıqlı məlumat mübadiləsinə dair müqavilədən əvvəl maraqlı şəxsə çatdırılması qeyri-mümkündür. Odur ki, həmin məsələyə aydınlıq gətirilməsi və xx.xx.2021-ci il tarixli **********006800 nömrəli bildirişin və xx.xx.2022-ci il tarixli **********534500 nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlığın Maraqlı şəxs rəsmi qaydada çatdırılması barədə məlumatın və bunu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün ərizəçiyə bildiriş-sorğu göndərilmiş, lakin sonuncu nə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nə də sorğuya cavab verməmişdir. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, ərizəçi tərəfindən Vergi Məcəlləsinin 65.1-ci maddəsində müəyyən edilən qaydaya əməl edilməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 387.2.8 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4697/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və ərizə baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-951/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-951/2022
29.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver