Məhkəmə qərarları › İş №2-2(103)-951/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-951/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-951/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-151/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilə bağlanmışdır.

2. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqindəki imza Cavabdeh2 tərəfindən icra edilmişdir.

3. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqin aşağı hissəsində Cavabdeh2 qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir.

4. Gömrük bəyannamələrindən görünür ki, xx.xx.2021-ci il tarixində dəyəri 51.233,70 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 50.499 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 48.546 ABŞ dolları və xx.xx.2021-ci il tarixində dəyəri 52.731 ABŞ dolları olan mallar (soğan çuvalları) iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.

5. Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan (səh 57.) görünür ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti tərəfindən göndərilmiş mallar idxalatçı Cavabdeh2 tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunda rəsmiləşdirilmiş və həmin yüklərin buraxılışı müvafiq olaraq xx.xx.2021, 03.11,2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində həyata keçirilmişdir.

6. Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan (səh 211.) görünür ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti tərəfindən Cavabdeh2 ünvanına göndərilmiş mallar notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 7E-4231 nömrəli etibarnamə əsasında X4 tərəfindən təhvil alınmışdır.

7. Ziraat Bankdan olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları, 04.04.22-ci il tarixdə 15.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50.499 ABŞ dolları məbləğində pul ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 117.510,70 ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 90 manat məbləğində dövlət rüsumunun tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02 nömrəli Müqaviləyə əsasən “Satıcı” sonradan əmtəə adlandırılan kənd təsərrüfatında istifadə olunan soğan çuvalı satır və “Alıcı” isə həmin məhsulu alır. Həmin Müqaviləninin 3- cü bəndinə əsasən əmtəə təyinat rayonuna – CPT Yevlax şəhərinə Azərbaycan Respublikası, yük avtomobilləri vasitəsi ilə “İncoterms-2010” şərtlərinə uyğun olmaqla göndərilir. Həmin Müqavilənin 6-cı bəndinə əsasən Əmtəənin göndərilən hər bir partıyası təyinat məntəqəsinə göndərildikdən sonra “Alıcı” əmtəənin dəyərinin 100%-ni ödəyir. Həmin Müqavilənin 8-ci bəndinin sonuncu abzasına əsasın Müqavilədn irəli gələn və ona aid olan, yaxud onun pozulması, xitam olunması və ya etibarsızlığı ilə bağlı istənilən mübahisə, fikir ayrılığı və ya tələb danışıqlar yolu ilə həll edilir. Danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda Bakı şəhər 1 saylı İnzibati-İqisadi (indiki halda Bakı Kommersiya Məhkəməsi) Məhkəməsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməlidir, qərar “Alıcı” və “Satıcı” üçün məcburidir və qəti qüvvəyə malikdir. Qeyd edirik ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti xx.xx.2021-ci il tarixində 51 233, 70 ABŞ dolları, xx.xx.2021-ci il tarixində 50 499 ABŞ dolları, xx.xx.2021ci il tarixində 48 546 ABŞ dolları və xx.xx.2021-ci il tarixində 52731 ABŞ dolları olmaqla, ümümi dəyəri 203 009, 70 ABŞ dolları təşkil edən kənd təsərrüfatında istifadə olunan soğan çuvalını cavabdehə göndərmiş və həmin göndərilmiş mal cavabdeh tərəfindən qəbul edilmişdir (müvafiq gömrük bəyannaməsi təqdim olunur). Buna baxmayaraq cavabdeh tərəfindən qəbul etdiyi mala görə iddiaçıya yalnız 86 390 ABŞ dolları məbləğində ödəniş etmiş və 117 510,70 ABŞ dolları hissəsinin ödənilməsini təmin etməmişdir. 117.510,70 ABŞ dolları məbləğində borcun ödənilməsi üçün cavabdehə dəfələrə edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, onun tərəfindən borcun ödənilməsi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-151/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli 02 saylı müqaviləyə əsasən 117.510 (yüz on yeddi min beş yüz on) ABŞ dolları 70 (yetmiş) sent məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan (səh 211.) görünür ki, Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkəti tərəfindən Cavabdeh2 ünvanına göndərilmiş mallar notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 7E-4231 nömrəli etibarnamə əsasında X4 tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 203.009,70 ABŞ dolları təşkil edən mallar göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ziraat Bankdan olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları, 04.04.22-ci il tarixdə 15.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50.499 ABŞ dolları məbləğində pul ödənilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya cəmi 85.499 (20.000+15.000+50499) ABŞ dolları məbləğində pul ödənilsə də, 117.510,7 (203.009,70- 85.499) ABŞ dolları borcu qalmışdır. Ona görə də, Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf də, xarici hüquqi şəxs olduğundan və müqavilə ABŞ dolları ilə bağlandığından, 117.510 (yüz on yeddi min beş yüz on) ABŞ dolları 70 (yetmiş) sent məbləğində pul Cavabdeh2 tutularaq Pidok Plastik Sanayi və Ticarət Anonim Şirkətinə ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 567, 600.4-cü maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-151/2025 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək mübahisələndirilən məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər qeyd olunan hazırki müqavilə həqiqətən xx.xx.2021-ci il tarixdə tərtib olunmuşdusa, həmin müqavilədə Bakı şəhər 1 saylı İnzibati-İqtisadi Məhkəmə yox, Bakı Kommersiya Məhkəməsi yazılardı. Bu da həmin müqavilənin şübhə doğurduğunu bir daha təsdiq edir. İlk növbədə Məhkəmə qətnaməsini yalnız iddiaçı tərəfindən əvvəlcə məhkəməyə təqdim etmiş olduğu imzasız, daha sonra isə hansısa yolla tərtib edilmiş xx.xx.2021-ci il tarixli 02 saylı müqaviləyə, həmin müqavilənin sonunda olan imza ilə bağlı AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə istinad olunmuş, amma nədənsə məhkəmə qeyd olunan rəylə razı olmadığımız üçün vermiş olduğumuz vəsatət əsasında təyin edilmiş Sənədlərin məhkəmə-texniki ekspertizası və Məhkəmə Xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı qərardadın Məhkəmə Ekspertizası Mərkəzinə 3 mart 2025-ci il tarixdə daxil olmuş e-2-2(113)-151/2025 nömrəli iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə 26 may 2025-ci il tarixli ekspert məlumatına istinad etməmiş və həmin imtinanın əvvəlki xətşünaslıq ekspertizasının rəyini birbaşa şübhə altına almasını görməzdən gəlmişdir. Halbuki bununla bağlı məhkəmədə bu məsələ hakimin diqqətinə çatdırılmışdır. Çox təəssüf ki, məhkəmə qeyd olunan əvvəlki rəyin mötəbərliyi kifayət qədər şübhə yaratdığı halda (Əvvəllki ekspert rəyi yalnız 4-5 səhifədən ibarət eksperimental imza və yazı nümunələrinə istinad edib xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqin aşağı hissəsində Cavabdeh2 qrafasında olan imzanın Cavabdeh2 tərəfindən icra edildiyini göstərsə də, təkrar ekspertizanı aparan ekspert tərəfindən bu sənənlərin obyektiv rəy verilməsi üçün yetərsiz olması ilə bağlı vəsatətlər verildiyi halda həmin vəsatət təmin edilmədiyi üçün ekspert bununla bağlı rəy verməkdən imtina etməsinə baxmayaraq) həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Halbuki iş üzrə ilkin iddia verilərkən ümumiyyətlə qeyd olunan müqavilə imzasız şəkildə məhkəməyə təqdim edildiyini bilə-bilə məhkəmənin bu cür qərəzli yanaşması, işi tam araşdırmaması anlaşılan deyil. Bundan əlavə iş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, xx.xx.2021-ci il tarixində dəyəri 51.233,70 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 50.499 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 48.546 ABŞ dolları və xx.xx.2021-ci il tarixində dəyəri 52.731 ABŞ dolları olan mallar (soğan çuvalları) iddiaçı tərəfindən cavabdehin adına göndərilsə də, həmin malların hamısını gömrükdən Cavabdeh2 tərəfindən yox, X4 tərəfindən təhvil alınmışdır. (Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Pidok Plastik Sanayi vəTicarət Anonim Şirkəti tərəfindən Cavabdeh2 ünvanına göndərilmiş mallar notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 7E-4231 nömrəli etibarnamə əsasında X4 tərəfindən təhvil alınmışdır.) Məhkəməyə X2 məhz bu soğan çuvalları ilə bağlı Cavabdeh2 qarşı əvvəlcə Daxili işlər orqanlarına etdiyi müraciətlər, daha sonra Ağdam Rayon Məhkəməsində Cavabdeh2 qarşı qaldırdığı iddia, qeyd olunan iddia ilə bağlı Ağdam Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayət əsasında Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarxili, 2(104)-1097/2023 saylı qətnamə və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-724/2024 nömrəli qərarları təqdim edilməsinə, həmin sübutların iş materiallatrına əlavə edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi nəinki həmin sübutlara öz qətnaməsində qiymət vermiş, heç qeyd olunan sübutların adlarını belə öz qətnaməsində göstərməmiş, həmin sübutları görməzdən gəlmişdir. Bununla da Birinci instansiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 82.3, 82.4, 103.1 və 217.1-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarından da görünür ki, idxal olunmuş soğan kisələrini Sənan Qurbanov yox, məhz X5 gömrükdən çıxarmışdır. Məhkəmə işin faktiki hallarını, işdəki sübutları düzgün qiymətləndirməmiş, bəzi sübutları isə öz qətnaməsində göstərməmiş və həmin sübutlara ümumiyyətlə münasibət bildirməmiş, nəticədə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

16. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. İddiaçıya isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

20. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

28. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

29. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin tərəflər arasında müqavilə münasibətlərinin olmaması, malların Cəfərov Əliyə göndərilməsi ilə bağlı dəlilini əsassız hesab edir.

38. Bununla bağlı qeyd etmək lazımdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı).

39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

40. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Məhz bu baxımdan mülki qanunvericilik müqavilənin bağlanmasını oferta göndərmiş şəxsin həmin təklifə görə onun akseptini alması ilə şərtləndirmişdir (§ 19).

41. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqindəki imza Cavabdeh2 tərəfindən icra edilmişdir.

42. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən sənədlərin texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilənin 4-cü vərəqin aşağı hissəsində Cavabdeh2 qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsi ilə icra edilmişdir.

43. İş materiallarındakı sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni alqı-satqı müqavilsinin şərtləri çərçivəsində həll etməkdə haqlı olmuşdur.

44. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

45. Apellyasiya şikayətində ümumi ifadələrlə irəli sürülən, imzanın cavabdehə aid olmaması barədə arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin əsaslı olduğuna dəlalət edəcək heç bir sübut təqdim etməmişdir.

46. Həmçinin iş materiallarına əlavə edilmiş Ziraat Bankdan olan hesabdan çıxarışdan görünür ki, cavabdeh hesabından iddiaçıya xx.xx.2021-ci il tarixli, 02 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 20.000 ABŞ dolları, 04.04.22-ci il tarixdə 15.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50.499 ABŞ dolları məbləğində pul ödənilmişdir.

47. Cavabdehin iddiaçı ilə müqavilə bağlamadığını bildirməsinə baxmayaraq, hesabdan çıxarışdan görünür ki,cavabdeh həmin müqavilə üzrə nəzərdə tutulan ödənişlərin bir qismini həyata keçirmişdir.

48. Belə olan halda cavabdehin bu davranışı onun müqavilə üzrə öhdəliklərinin bir qismini faktiki icra etməsi kimi qiymətləndirilməli və bu, müqavilənin mövcudluğunu və cavabdehin onu qəbul etdiyini təsdiq edən hal hesab edilməlidir.

49. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, xx.xx.2021-ci il tarixində dəyəri 51.233,70 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 50.499 ABŞ dolları, xx.xx.2021-ci il tarixində dəyəri 48.546 ABŞ dolları və xx.xx.2021-ci il tarixində dəyəri 52.731 ABŞ dolları olan mallar (soğan çuvalları) iddiaçı tərəfindən cavabdehə göndərilmiş, Gəncə Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarıbna əsasən isə Cavabdeh2 ünvanına göndərilmiş mallar xx.xx.2021, 03.11,2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərində notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 7E-4231 nömrəli etibarnamə əsasında X4 tərəfindən təhvil alınmışdır. Cavabdeh X3 verilmiş etibarnaməni də mübahisələndirməmişdir.

50. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 203.009,70 ABŞ dolları təşkil edən mallar göndərilmişdir.

51. Yuxarıda qeyd edilən bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 85.499 (20.000+15.000+50499) ABŞ dolları məbləğində pul ödənilsə də, 117.510,7 (203.009,70- 85.499) ABŞ dolları borcu qalmışdır.

52. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 117.510,7 ABŞ dolları borcu tutmaqda haqlı olmuşdur.

53. Kollegiya onu da qeyd edir ki, X4 ilə Cavabdeh2 arasındakı kommersiya mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarının hazırki işə aidiyyəti yoxdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə aktlarında iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətini istisna edən hər hansı bir hal müəyyən edilməmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri isə Mülki Prosessual Məcəllənin 119.1-ci madəsinə əsasən apellyatorun özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-151/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar