Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-956/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, 3 Saylı X1 İdarəsinin yuxarı təşkilatı “Lifttəmir" İstehsalat Birliyi, tabeçiliyi Bakı şəhəri İcra Hakimiyyətidir və idarənin əsas fəaliyyət növü binalarda liftlərin quraşdırılmasından ibarətdir.
2. Hüquqi şəxs haqqında məlumatdan həmçinin görünür ki, 3 Saylı X1 İdarəsinə xx.xx.2005-ci il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir.
3. 3 Saylı X1 İdarəsinin xx.xx.1994-cü il tarixli nizamnaməsinin 1-ci bəndindən görünür ki, 3 Saylı X1 İdarəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində, “Lifttəmir” İstahsalat Birliyinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən yaradılmışdır. Qeyd edilmiş nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan görünür ki, 3 Saylı X1 İdarəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatdır. 3 Saylı X1 İdarəsi isə “Lifttəmir” İstahsalat Birliyinin strukturuna aid olan qurumlardan biridir.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 691556,31 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 747512,37 manat, İşsizlikdən sığorta fonduna olan 2161,55 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan 3 saylı X1 İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 747512,37 manat, İşsizlikdən sığorta fonduna 2161,55 manat, dövlət büdcəsinə 691556,31 manat məbləğində (o cümlədən, vergilər üzrə 480756,65 manat, faizlər üzrə 207534,67 manat, maliyyə sanksiyası üzrə 3264,99 manat) olmaqla, ümumilikdə 1.441.230,23 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********186900, xx.xx.2023cü il tarixli **********196300, xx.xx.2023-cü il tarixli **********721200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ərizə rədd edilmişdir.
8. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının ərizə ilə müraciət edə biləcəyi şəxslərin dairəsi qanunvericilikdə fiziki şəxslər və hüquqi şəxsin icra orqanının rəhbəri olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə isə ərizəçi hüquqi şəxsin idarəsinin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə onu da qeyd etmişdir ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir.
10. Məhkəmə son olaraq qeyd etmişdir ki, 3 saylı X1 İdarəsi müstəqil hüquqi şəxs deyildir. Ona görə də, qeyd edilmiş İdarənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar yoxdur. Belə ki, qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulmuşdur. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni təmin etməməklə 3 saylı X1 İdarəsinin məcburi dövlət sosial sığorta haqqını və dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmış və qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. İş üzrə vergi ödəyicisi olan 3 saylı X1 İdarəsinin ona aid şəxsi hesab vərəqəsindəki Dövlət Sosial Müdafiə Fonduna 747512,37 manat, dövlət büdcəsinə 691556,31 manat məbləğində borcu onun icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması 3 saylı X1 İdarəsinin Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi qarşısında olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. 3 saylı X1 İdarəsi idaretmə, sosial mədəni və ya qeyri-kommersiya xarakterli funksiyalar həyata keçirmir, eyni zamanda əsasnamə üzrə deyil, nizamnamə üzrə fəaliyyət göstərir. Birinci instansiya məhkəməsi tərəfindən 3 saylı X1 İdarəsinin vergi orqanında mövcud olan uçot-reyestr sənədlərinə əsasən aktiv olması, eləcədə sözügedən hüquqi şəxsin vergi ödəyicisi kimi mövcud olması ilə bağlı bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, iş materiallarında mövcud olan “Hüquqi şəxs haqqında məlumat” onu deməyə əsas verir ki, Maraqlı şəxs hal-hazırda 3 saylı X1 İdarəsinin rəhbəridir. Həmçinin hüquqi şəxsin 1994-cü ildə mövcud olması və həmin vaxt yaradılan hüquqi şəxslərin “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanuna əsasən yaradıldığını nəzərə alsaq, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsini tətbiq etməməli idi. Məhkəmə 3 saylı X1 İdarəsinə Mülki Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulmuş idarə kimi deyil, hüquqi şəxs kimi baxmalı idi. Çünki 3 saylı X1 İdarəsinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən İxtisaslaşdırılmış İstehsalat İdarəsi balansa, idarənin adı həkk olunmuş dairəvi möhürə, respublika bank müəssisələrində hesablaşma hesabına malik olan şəxsdir. İdarə onun fəaliyyətini tənzimləyən nizamnamə əsasında hərəkət edir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4-cü maddə-bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 13.2.39.3-cü maddə- bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri. ...” 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 33.1-ci maddə-vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir 33.2-ci maddə-bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər. 77.3-cü maddə-vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. .. 78.1-ci maddə-vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...” Azərbaycan Respublikasının Miqrasiya Məcəllə 9.3-cü maddə-vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: ... 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. MM-nin 53-cü maddəsinə əsasən filiallar hüquqi şəxsin funksiyalarını həyata keçirən bölmələridirlər və filialların rəhbərləri hüquqi şəxsin özü tərəfindən təyin edilir
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki ki, 3 saylı X1 İdarəsinin hüquqi şəxs olmadığından və qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulduğundan 3 saylı X1 İdarəsinin dövlət büdcəsinə olan borclarına görə rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin Editorial Board of Pravoye Delo və Ştekel Ukraynaya qarşı iş üzrə xx.xx.2011-ci il tarixli qərarında milli məhkəmələr tərəfindən qanuna genişləndirici təfsir edilməklə cavabdeh barəsində qanunda nəzərdə tutulmayan tədbirin görülməsi ifadə azadlığı hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilmişdi.
20. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər vergi hesablarına malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona VÖEN-in verilməsi idarənin müstəqil hüquqi şəxs hesab edilməsi üçün nəticəyə gəlməyə əsas vermir.
21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4146/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.