Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-957/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı İskəndər oğlunun cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-533/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin maliyyə sənədlərinin, o cümlədən gömrük bəyannamələri, kassa mədaxil və məxaric orderləri, əmək haqqı cədvəlləri, bank əməliyyatları, maddi məsuliyyət müqavilələri, anbarın mədaxil və məxaricləri ilə əlaqədar təhvil-təslim aktları, alış və satış müqavilələrinin, vergi bəyannamələrinin təsdiq olunmuş surətlərinin iddiaçıya verilməsi və hər iki şirkətdə audit aparılmasına şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi 30.05.2021-ci il tarixdə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə Cavabdeh3ə çatdırılmış (iş vərəqi - 71), sonuncu tərəfindən tərtib olunmuş apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 23.07.2021-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddət ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, müəyyən olunmuş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini qaytarmalı olduğu halda, qanunun sözügedən tələbinə zidd olaraq şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-533/2021 nömrəli iş üzrə 20 may 2021ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vahid Sadıqov Akif İsgəndərov
Məhkəmə qərarları › İş №2-2(103)-957/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-957/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver