Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-958/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən ödənilməmiş 80000 manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin cavabdeh X4 alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 MMC ilə İddiaçı arasında 05 fevral 2019cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420,00 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342,00 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 844700,00 manat təşkil edirdi və bu məbləğ 10 (on) aya bölünməklə iddiaçıya aylıq 8447,00 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı Tapşırıq müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir və iddiaçıya aylıq vergi və digər xərclərdən azad olaraq ilk il üçün 6000 manat ödənilməli idisə 3000 manat ödənilmişdir. İddiaçı hər dəfə öz iradını bildirsədə ödəniləcəyi bildirilmiş lakin indiyədək bu məbləğlər ödənilməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin 11.3-cü maddəsinə əsasən, tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. İşlə əlaqədar xx.xx.2023-cü il tarixli iddia ərizəsiylə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdik. Komitə 07 avqust 2023-cü il tarixli qərar qəbul etmiş və iddianı baxılmamış saxlamışdır. Komitə qərarını belə əsaslandırır ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Komitə məsələyə münasibət bildirərək qeyd edir ki, Müqavilədə 31 may 2021-ci il tarixi öhdəliyin icra müddətidir hesab olunmalıdır. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarının 15.2.3-cü bəndinə əsasən mübahisə predmetinin bağlı olduğu işin baş verməsindən 2 ildən artıq vaxt keçmişsə Komitə iddianı baxılmamış saxlayır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış Müqavilənin 11.3-cü maddəsinə əsasən, “Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. Tərəflər adı çəkilən qurumun qərarı ilə qane olmadığı təqdirdə X3 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının 9 noyabr 1999cu il tarixli 734-İQ nömrəli Qanunu ilə qoşulduğu 1958-ci il 10 iyun tarixli “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Konvensiyanın 2.3-cü maddəsinə əsasən, məhkəmənin baxdığı məsələ ilə bağlı tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması barədə müqavilə bağlanmışsa, məhkəmə işdə iştirak edən tərəflərdən hər hansı birinin tələbi ilə tərəfləri münsiflər məhkəməsinə (arbitraja) göndərməlidir. “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən “arbitraj sazişinin predmeti olan məsələyə aid qarşısında iddia qaldırılmış məhkəmə hər hansı bir tərəfin mübahisənin mahiyyəti üzrə ilkin ərizəsinin təqdim edildiyi vaxtdan gec olmayaraq, bu barədə tərəflərin xahişi olarsa, arbitraj sazişi etibarsız deyilsə, qüvvəsini itirməmişdirsə və yaxud icrası mümkün olmayan hallar yoxdursa, tərəfləri arbitraja göndərməlidir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq və AR MPM-nin 259.0.5-ci maddəsini rəhbər tutaraq, tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə münsiflər məhkəməsində baxılması nəzərdə tutulduğu üçün iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə və 13 sentyabr 2023-cü il tarixində elektron qaydada məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə cavab məktubuna uyğun izahat verərək bildirdi ki, ilk növbədə AFFA-nın statusuna baxılmalıdır. AFFA futbolun inkişafında məsul olan hüquqi şəxsdir. AFFA-nın nizamnaməsində heç bir halda tərəflər arasında yarana biləcək maliyyə mübahisəsinin qarşısını alan bəndin əlavə edilməsi əsassızdır. Azərbaycan Respublikasında ölkədaxili arbitraj da mövcud deyildir. AFFA-nın daxili orqanları tərəfindən də həmin müraciətə baxılıb hüquqi nəticəyə gəlinməsi də absurddur. İddiaçı tərəfindən AFFA-nın hüquq orqanlarına müraciət edilmişdir. X3 Arbitraj məhkəməsi ümumiyyətlə mövcud deyildir. Tərəflər müqaviləni bağlayarkən bu şərti hüquq olaraq göstəriblər. Faktiki olaraq vətəndaşa ödənilməyən əmək haqqı vardır. Bu müqavilə faktiki olaraq xidməti müqavilədir. İdman məhkəməsi çox xərcli məhkəmədir, eyni zamanda tərəflər arasında ümumiyyətlə arbitraj sazişi yoxdur. AFFA-nın nizamnaməsi heç bir şəkildə vətəndaşın hüququnu məhdudlaşdıra bilməz. Cavabdehin etirazında tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə istinad edildiyini bildirmişdir. Belə ki, müqavilənin 11.3-cü maddəsinə əsasən “Tərəflər mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. X3 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər”. Bu maddənin məzmunundan da görünür ki, tərəflər gələcəkdə yarana biləcək bir mübahisənin ilk növbədə öz aralarında həllinə üstünlük verməlidirlər. Buna uyğun olaraq da tərəflərindən ilk növbədə cavabdehə rəsmi qaydada Pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubuna rəsmi cavab verilmədiyinə görə müqavilənin 11.3-cü maddəsinin imperativ norma olaraq qeyd edilən “yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır” 2-ci cümləsinə istinad edilmişdir. Bu maddənin tələbinə uyğun olaraq da AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edilmiş və OSTK-nin 07 avqust 2023-cü il tarixli qərarı verilmişdir. Müqavilənin 11.3-cü maddəsində X3 Arbitraj Məhkəməsinə müraciət dispozitiv norma olaraq öz əksini tapmış və tərəflərin hüququ olaraq göstərilmişdir, çünki müqavilədə birbaşa olaraq “müraciət edə bilərlər” ifadəsindən istifadə edilmişdir. Əks halda müqavilədə “müraciət etməlidirlər” ifadəsindən istifadə edilməli idi. Digər bir məsələ isə ondan ibarətdir ki, ümumiyyətlə X3 Arbitraj Məhkəməsi deyə bir arbitraj qurumu da mövcud deyildir. Belə ki, idman mübahisələri üzrə arbitraj orqanı olaraq fəaliyyət göstərən məhkəmənin ingilis dilində adı The Court of X6 olan, azərbaycan dilində olan İdman Arbitraj Məhkəməsi olan bir arbitraj qurumu var. Yəni, həmin arbitraj məhkəməsinin adında müqavilədə qeyd edilən Lozanna Beynəlxalq sözləri yoxdur. Həmin maddəyə əsasən məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər. Bu maddədə ilk növbədə işdə iştirak edən şəxslərin yazılı razılığı tələb olunur və indiki halda iddiaçı tərəfindən belə bır yazılı razılıq yoxdur. Həmçinin bu norma da dispozitiv xarakter daşıyır və buna görə də bu maddəyə istinad edilməsi düzgün deyildir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4507/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4507/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tapşırıq müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya xidmət haqqı olaraq ödənilməmiş 80000 AZN məbləğin, iddiaçı tərəfindən ödənilmiş 400 AZN (dörd yüz manat) mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini baxılmamış saxlamışdır. Bunu isə məhkəmə onunla əsaslandırmışdır ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Beləliklə, məhkəmə işin İdman Arbitraj Məhkəməsində baxılması qənaətinə gələrək işi baxılmamış saxlamışdır. Aşağıdakılara əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsassızdır. Buna görə də həmin qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər Tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü əsasən,“Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır”. Tərəflər adı çəkilən qurumun qərarı ilə qane olmadığı təqdirdə X3 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər”. Bu maddənin məzmunundan da görünür ki, tərəflər yarana biləcək bir mübahisənin ilk növbədə öz aralarında həllinə üstünlük verməlidirlər. Buna uyğun olaraq da tərəflərindən ilk növbədə cavabdehə rəsmi qaydada Pretenziya məktubu göndərilmişdir. Pretenziya Məktubuna rəsmi cavab verilmədiyinə görə müqavilənin 11.3-cü maddəsinə əsasən imperativ norma olaraq qeyd edilən yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır bəndinə istinad edilmişdir. Bu maddənin tələbinə uyğun olaraq da AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edilmiş və OSTK-nin 07 avqust 2023-cü il tarixli qərarı verilmişdir. Müqavilənin 11.3-cü maddəsində X3 Arbitraj Məhkəməsinə müraciət dispozitiv norma olaraq öz əksini tapmış və tərəflərin hüququ olaraq göstərilmişdir çünki müqavilədə birbaşa olaraq müraciət edə bilərlər ifadəsindən istifadə edilmişdir. Əks halda müqavilədə müraciət etməlidirlər ifadəsindən istifadə edilməli idi. Digər bir məsələ isə ondan ibarətdir ki, ümumiyyətlə X3 Arbitraj Məhkəməsi deyə bir arbitraj qurumuda mövcud deyildir. Beləki, idman mübahisələri üzrə arbitraj orqanı olaraq fəaliyyət göstərən məhkəmə ingiliscə adı “The Court of X6” olan azərbaycan dilinə tərcümədə isə İdman Arbitraj Məhkəməsi olan bir arbitraj qurumu var. Yəni həmin arbitraj məhkəməsinin adında müqavilədə qeyd edilən Lozanna Beynəlxalq sözləri yoxdur. AFFA-nın Nizamnaməsində qeyd olunur ki, futbol klubu və oyunçular arasında olan maliyyə mübahisələrinə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılır. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından şikayət vermək istədikdə isə AFFA-nın daxili prosedurları və hüquqi müdafiə vasitələrindən tam istifadə olunduqdan sonra X2 15 gün müddətində şikayət verilə bilər. X1 qərarlarından şikayətlərə isə 21 gün müddətində Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsində (CAS) baxılır. Biz də AFFA-nın Nizamnaməsində qeyd olunduğu kimi, ilk növbədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə iddia ərizəsiylə müraciət etdik. OSTK belə bir nəticəyə gələrək qərar çıxardı ki, OSTK-nin Prosedur Qaydalarının 15.2.3-cü bəndinə əsasən mübahisə predmetinin bağlı olduğu işin baş verməsindən 2 ildən artıq vaxt keçmişsə, Komitə iddianı baxılmamış saxlayır. Buna əsasən də Komitə iddia predmeti ilə bağlı müddətin ötürüldüyünü hesab edərək iddianı baxılmamış saxlamışdır. Bu səbəbdən də X2 tərəfimizdən müraciət edilməmişdir. Eləcədə hal-hazırkı iş üzrə İdman Arbitraj Məhkəməsinə müraciət edilməsidə mümkün deyildir. Yuxarıda qeyd etdiklərimizdən də görünür ki, İdman Arbitraj Məhkəməsinə müraciət edilməsi proseduru AFFA-nın Nizamnaməsi əsasında tərəflərə bu məcburiyyəti qoymuşdur. Bu tamamilə qanunsuzdur və eyni zamanda idmançıların konstitutsion hüququ olan məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu nəzərə alaraq hələ üç il müddəti ötürmədiyimiz üçün Kommersiya məhkəməsinə iddia ərizəsiylə müraciət etdik. Çünki OSTK Prosedur Qaydalarına görə müddət ötürülmüşdür, ona görə də iddianı baxılmamış saxladı, iddiaçının hüquqlarının yeganə hüquq-müdafiə mexanizmi isə Azərbaycan Respublikası Qanunvericiliyinə görə müddət hələ ötürülmədiyi üçün yerli məhkəmələrdir. Lakin Məhkəmə də iddianı baxılmamış saxlayaraq işə arbitrajda baxılmalı olduğunu vurğulamışdır. AFFA öz Nizamnaməsində işə ancaq AFFA-nın müəyyən etdiyi prosedurda baxılmasını öhdəlik kimi tərəflərin üzərinə qoyaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. AFFA ölkəmizdə futbolun inkişafında məsul olan hüquqi şəxsdir. AFFA-nın Nizamnaməsində heç bir halda iddiaçının hüquqlarını məhdudlaşdıracaq bəndin olması əsassızdır. Digər tərəfdən də AFFA-nın Nizamnaməsinin 71-ci maddəsinə əsasən, bu Nizamnamə Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. Gələcəkdə bu Nizamnamə qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edəcəksə bu zaman qanunvericiliyin müddəaları əsas götürüləcək. Ona görə də bu məsələyə məhkəmədə baxılmalıdır, əks təqdirdə iddiaçının hüquqları pozulmuş şəkildə qalacaqdır. Məhkəmə nəzərə almamışdır ki, hazır ki iş üzrə artıq İdman Arbitraj Məhkəməsinə müraciət edilməsi mümkün deyildir. Yəni iddiaçının pozulmuş hüquqlarının yeganə müdafiə vasitəsi olaraq yerli məhkəmələr qalır. Bakı Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, tapşırıq müqaviləsininin 11.3-cü bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. Tərəflər adı çəkilən qurumun qərarı ilə qane olmadığı təqdirdə X3 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh MMC işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər aralarında bağlanmış müqavilədə mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edilmiş və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz vermişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Bununla yanaşı, iddiaçının X3 Arbitraj Məhkəməsinin mövcud olmaması ilə bağlı dəlili də əsassızdır, belə ki, İdman Arbitraj Məhkəməsi mərkəzi İsveçrənin Lozanna şəhəri olmaqla həmin şəhərdə yerləşir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-958/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-958/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver