Məhkəmə qərarları › İş №2-2(103)-958/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-958/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-958/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: lizinq müqaviləsi, müqaviləyə xitam verilməsi, pul tələbi, lizinq obyektinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə avadanlığın geri qaytarılması, müqaviləyə xitam verilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2847/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”ndən görünür ki, Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2022-ci il buraxılışlı LOVOL TD1304 markalı traktordur. Həmin müqavilənin: 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 85663,60 manat təşkil edir. 1.5-ci bəndinə əsasən lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 31212 manat təşkil edir. 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 nömrəli Əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir. 11.2-ci bəndinə görə hər lizinq ödənişi əsas borcun qalığının ödənilməsi üçün nəzərdə tutulan hissədən, lizinq verənin mükafatından, həmçinin lizinq müqaviləsində göstərilən digər ödənişlərdən ibarətdir. Mükafat məbləği hesablanarkən bir ay – 30 gün, bir il-360 gün kimi nəzərə alınır. 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1% -i miqdarında cərimə hesablamaq hüququna malikdir. 14.1-ci bəndinə əsasən bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.3. Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 15.1. Maliyyə Lizinqinin müddəti bitdikdən sonra 30 təqvim günü ərzində müqavilə üzrə, habelə hesablanmış penya və cəimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan lizinq obyektini öz mülkiyyətinə keçirməlidir. 15.2-ci maddəsinə görə müqavilənin 15.1-ci bəndində müəyyən edilmiş şərtləri yrinə yetirilmədikdə, lizinq verən lizinq obyektinin mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı lizinq alana yazılı xəbərdarlıq göndərir. Lizinq alan rəsmi xəbərdarlığı aldıqdan sonra da 30 gün ərzində 15.1-ci bənddə nəzərdə tutulmuş hərəkətləri həyata keçirmədikdə, lizinq obyektini lizinq verənə qaytarmalı, yaxud həmin lizinq obyekti barədə lizinq verənlə icarə müqaviləsi bağlamalıdır. Lizinq verən, lizinq obyektinin qaytarılmasının hər gecikdirildiyi gün üçün lizinqin bütün müddəti üzrə lizinq ödənişinin orta məbləğinin 1 (bir) faizi miqdarında penya tələb edə bilər. Lizinq verən lizinqin bütün müddəti üzrə lizinq ödənişinin orta məbləği miqdarında dəbbə pulu hesablaya bilər, Lizinq alan isə Lizinq verən tərəfindən müvafiq hesabın göndərildiyi gündən 10 (on) təqvim günündən gec olmayaraq bunu ödəməyi öhdəsinə götürür.

2. xx.xx.2022-ci il tarixli KTA-KTT22/295 nömrəli X3 müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinq obyektini 2022-ci il buraxılışlı LOVOL TD1304 markalı traktor təşkil edir.

3. xx.xx.2022-ci il tarixli KTA-KTT22/295 nömrəli X3 müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 61 ay müddətində 1-ci ay 103,66 manat, daha sonra 2-ci aydan başlayaraq hər ay 621,98 manat (sonuncu ay 518,4 manat) olmaqla cəmi 37318,88 manat məbləğində lizinq ödənişləri edilməli idi.

4. 05.12.2022-ci il tarixli təhvil-təslim aktına əsasən LOVOL TD1304 markalı traktor Cavabdeh təhvil verilmişdir.

5. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən arayışın verildiyi tarixə Cavabdeh xx.xx.2022-ci il tarixli KTA-KTT22/295 nömrəli lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 6212,17 manat, cərimə borcu 980,45 manat, cəmi borcu 7192,62 manat təşkil edir.

6. İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində cəmi 6330,27 manat borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə xx.xx.2022-ci il tarixli, KTA-KTT22/295 nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, borcun və əlavə xərclərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 6212,17 manat gecikdirilmiş əsas borc, 980,45 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 7192,62 manat borc məbləğinin və 92 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd “Lovol TD1304” markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən “X3 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Lovol TD1304” markalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 85663,60 manat təşkil etmişdir. Həmin məbləğin 31212 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 17132,72 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025-ci il tarixinə 6212,17 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixinə qədər 980,45 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, iddiaçı cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixli, PLX-24/0306 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 6212,17 manat gecikdirilmiş əsas borc, 980,45 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 7192,62 manat öhdəliyi vardır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3, 748-1.11-ci maddələrinə istinad olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2847/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli KTA-KTT22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 6212,17 manat gecikdirilmiş əsas borc, 310 cərimə borcu, ümumilikdə 6522 manat 17 qəpik borc və ödənilmiş dövlət rüsumunun 85 manat 83 qəpiyinin əvəzi cavabdеh Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsi ləğv edilərək xitam verilmiş hesab edilməsi və 1 ədəd “Lovol TD1304” markalı traktor saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, iddiaçı X3 müqaviləsi üzrə lizinq predmeti olan LOVOL TD1304 markalı traktoru cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmiş və bununla da cavabdehin iddiaçıya 6212,17 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhviltəslim aktı) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir.

12. İddiaçı ASC-nin lizinq obyekti olan avadanlığın saz və işlək vəziyyətdə geri qaytarılmasına dair tələbi əsaslı hesab edərkən məhkəmə Mülki Məcəllənin 748-1.12.4-cü maddəsini əsas götürmüşdür.

13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin məzmunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 310 manat müəyyən olunmalıdır.

14. Bundan başqa iddiaçı tərəf xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/295 nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, borcun və əlavə xərclərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna görə də məhkəmə, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının qarşı tərəfə öz iradə ifadəsini bildirməsini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/295 nömrəli Daxili Lizinq müqaviləsi ləğv edilərək xitam verilmiş hesab edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, iddiaçı tərəfindən müqavilə, qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 92 manat dövlət rüsumunun 85,83 manatının əvəzi cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 421.2, 421.3, 462.1, 467, 747.1, 748-1.8, 748-1.9, 748-1.12.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqaviləyə görə lizinqə verilmiş texnika saz vəziyyətdə olmalıdır və cavabdeh həmin texnikadan istifadə etmək imkanına malik olmalıdır. Texnikaya qarantiya verilmişdir və qarantiya müddətində texnikanın motoru tamamilə sıradan çıxmışdır. Bununla bağlı müvafiq aktlar da tərtib olunmuşdur. Eyni zamanda cavabdehin təqsirinin olmaması da müəyyənləşdirilmişdir. Bundan sonra isə qarantiya əsasında lizinq şirkəti tərəfindən yeni motor əldə olunaraq maşına quraşdırılmışdır. Bu müddət ərzində isə cavabdeh texnikadan istifadə edə bilməmişdir. Bu səbəbdən də ödənişləri həyata keçirə bilməyib. Həmin ödənişləri ödəməkdən imtina etmir. Lakin, lizinq müqaviləsinə xitam verilməsinə və texnikanın cavabdehdən alınmasına razı deyil. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi əsassızdır və məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuş, göstərilmişdir ki, cavabdeh müqavilə üzrə ödənişləri vaxtında etməmiş, xx.xx.2025 tarixə 7219,62 manat (əsas + cərimə) borc yaranmışdır. Bu hal iş materialları ilə təsdiq olunmuşdur. MM 385.1 və 421.2 öhdəliklərin icrasını tələb etməyə imkan verir. Lizinq predmeti zəmanət çərçivəsində təmir olunmuş, motor yenilənmişdir. Bu hal cavabdehin ödəniş öhdəliyini aradan qaldırmır. MM 747.1 və 748-1.8 lizinq alanın öhdəliklərinin davam etdiyini təsdiq edir. MM 748-1.12.4-ə əsasən lizinq alan ardıcıl iki dəfədən artıq ödəniş etmədikdə, lizinq verən predmeti geri tələb edə və müqaviləni ləğv edə bilər. Cavabdeh ödənişləri uzun müddət etmədiyindən məhkəmənin qərarı tam qanunidir. Cavabdeh iclasa çağırılmış, lakin gəlməmişdir. Məhkəmə MPM 185.5-ə uyğun olaraq işə onun iştirakı olmadan baxmışdır. Buna görə də prosessual pozuntu iddiası əsassızdır. Birinci instansiya 980,45 manat cəriməni 310 manata endirmişdir (MM 467). Bu, cavabdehin xeyrinə olmuş, əlavə şikayət üçün əsas ola bilməz. Apellyasiya şikayətində cavabdeh bildirir ki, “Həmin ödənişləri ödəməkdən imtina etmirəm. Lakin, lizinq müqaviləsinə xitam verilməsinə və texnikanın məndən alınmasına razı deyiləm.”. Bununla da qətnamənin qanuni və ədalətli olması birmənalı şəkildə sübut edilir. Lizinq müqaviləsinin mahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən lizinq alan icarə ödənişlərini müqavilədə nəzərdə tutulmuş qaydada həyata keçirməyə borcludur. Lizinq müqaviləsinin şərtləri üzrə risklərin əksəriyyəti məhz lizinq alanın üzərinə düşür. Cavabdeh texnikada yaranmış qüsurlar barədə yalnız ümumi bəyanlar vermiş, lakin məhkəməyə qüsurların faktiki olaraq istifadəni mümkünsüz etdiyini təsdiqləyən rəsmi ekspertiza rəyləri təqdim etməmişdir. Əksinə, lizinq müqaviləsi üzrə təqdim olunmuş sənədlərdən görünür ki, avadanlıq istismar üçün yararlı vəziyyətdə olmuşdur. Cavabdeh özü də apellyasiya şikayətində qeyd edir ki, ödənişləri yerinə yetirməmişdir. Qarantiyaya istinad etməklə ödənişdən yayınması Mülki Məcəllənin 422 və 724-cü maddələrinin tələblərinə ziddir. Borc öhdəliyinin icrası qüsurlara görə dayandırıla bilməz, bu yalnız ayrıca tələbin mövzusu ola bilərdi. Birinci instansiya məhkəməsi işin halları və təqdim edilmiş sübutları hərtərəfli araşdıraraq, müqavilə öhdəliklərinin pozulduğunu müəyyən etmişdir. Qətnamə həm maddi, həm də prosessual hüquq normalarına tam uyğun qəbul olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

20. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. -748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. -748-11.1-ci maddəsinə görə lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; -748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -748-11.1.4. lizinq verənin mükafatının məbləği; -748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; -750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

22. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

23. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli KTA-KTT22/295 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 20 ay müddətinə 1 ədəd lizinq obyekti 2022-ci il buraxılışlı LOVOL TD1304 markalı traktor lizinqə verilmişdir. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı bildiriş göndərməklə lizinq müqavilələrinə vaxtından əvvəl xitam verilməsi barədə iradəsini cavabdehə çatdırmışdır. Hazırda iddiaçı lizinq müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə əsas borcun, dəbbə pulunun tutulması və lizinq obyektlərinin geri qaytarılmasını xahiş edir. Cavabdeh lizinq müddəti ərzində lizinq predmeti olan traktorun motorunun sıradan çıxdığını, sonradan həmin motorun iddiaçı tərəfindən dəyişdirildiyini, bu səbəbdən vaxtında ödəniş edə bilmədiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

27. Kollegiya ilk növbədə iddianın lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçının lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ və lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İddiaçı həmin hüquqdan istifadə edərək xx.xx.2024-cü il tarixdə müqaviləyə xitam verilməsi barədə bildiriş göndərməklə müqaviləyə Mülki Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən vaxtından əvvəl xitam vermişdir. Odur ki, lizinq müqaviləsinin ləğv edilmiş hesab edilməsi və lizinq obyektlərinin geri qaytarılması hissəsində iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Eyni zamanda lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə gəldikdə qeyd edilməlidir ki, lizinq müqaviləsinin ləğv edildiyi tarixə cavabdehin 6212,17 manat məbləğində lizinq ödənişləri üzrə gecikdirilmiş borcu mövcud olduğundan, eləcə də müqavilədə sözügedən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan iddiaçının Mülki Məcəllənin 747.1-ci və 462-ci maddələrinə əsas lizinq müqaviləsi üzrə gecikdirilmiş əsas borcun və dəbbə pulunun maddəsinə əsasən həmin borcun cavabdehdən tutulmasını tələb etmək hüququ vardır.

29. Lakin o da qeyd edilməlidir ki, Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbləri müəyyən edilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır.

30. Hazırkı halda lizinq alan Cavabdeh lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan mənzilin əldə edilməsinə görə 17.132,72 manat məbləğində avans (ilkin ödəniş) ödəmiş, lakin lizinq müqaviləsi ləğv edildiyindən dəyərinin bir hissəsini ödədiyi lizinq obyektini əldə etmək hüququnu itirmişdir. Lizinq verən isə lizinq müqaviləsinin ləğv edilməsi nəticəsində lizinq obyektinə (85663,60 manat dəyərində) mülkiyyət hüququnu özündə saxlamışdır. Halbuki həmin lizinq obyektinin dəyərinin 17132,72 manat hissəsi lizinq alanın ilkin ödənişi hesabına ödənilmişdir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə vaxtından əvvəl ləğv edildiyi halda lizinq verənin lizinq alana qarşı tələbləri müəyyənləşdirilərkən avans ödənişi lizinq verənin qənaət etdiyi xərc qismində nəzərə alınmalıdır. Əks yanaşma Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə zidd olmaqla yanaşı lizinq verənin lizinq müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan daha artıq məbləğdə əmlak əldə etməklə əsassız varlanmasına səbəb olacaqdır.

32. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə iddiaçının iddia ərizəsində göstərdiyi gecikdirilmiş əsas borc məbləği (6212,17 manat) və həmin məbləğə mütənasib hesab edilə biləcək dəbbə pulu məbləği (310 manat) lizinq alanın müqavilə bağlanarkən ödədiyi və müqavilənin ləğv edilməsi nəticəsində lizinq verənin qənaət etdiyi 17.132,72 manat avans ödənişi ilə tam əhatə edildiyindən İddiaçı ASC-nin əsas borc və dəbbə pulunun tutulması tələbinin təmin edilməsi üçün əsas yoxdur.

33. Qarantiya müddətində traktorun motorunda nasazlıq yaranması, nəticədə müəyyən müddət ərzində traktordan istifadə edə bilməməsi, bu səbəbdən ödəniş edə bilməməsi, sonradan traktorun iddiaçı tərəfindən təmir edilməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə həmin dəlilləri formal mülahizə kimi qiymətləndirir.

34. Odur ki, əsas borcun və dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti 46 manat məbləğində müəyyən edilməlidir.

36. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməli, dövlət rüsumunun qalan hissəsi cavabdehə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2847/2025 saylı qətnaməsi qismən - əsas borcun və dəbbə pulunun tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. Dövlət rüsumunun əvəzi olaraq cavabdehdən tutularaq iddiaçıya ödəniləcək pul vəsaiti 46 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi cavabdehin özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İddiaçı ASC tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar