Məhkəmə qərarları › İş №2-2(103)-960/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-960/2022

12.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-960/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4548/2022 saylı qətnaməsindən (X2) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin icra orqanının rəhbəri – direktoru Maraqlı şəxsdur. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə çap olunan şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 2022,09 manat təşkil edir. 2.Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Vergi borcu barədə xx.xx.2022-ci il tarixə olan məlumatından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan borcu 500 manat təşkil edir. 3.Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş edilmişdir. 4.Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Vergi borcu barədə xx.xx.2022-ci il tarixə olan məlumatından görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə olan borcu 0 manat təşkil edir. 5."xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 200,37 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 1898,67 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 200,21 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi - AA2101041) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1898,67 manat məbləğində (o cümlədən vergilər üzrə 1131,73 manat, faizlər üzrə 766,94 manat) , "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 200,21 manat məbləğində (o cümlədən faizlər üzrə 200,21 manat) olmaqla, ümumilikdə, 2098,88 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********837200, xx.xx.2021-ci il tarixli **********344900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. 8.Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, e-2-2(113)-4548/2022 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. 9.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin "xxxx" MMC-yə hesabladığı dövlət büdcəsinə olan borcu tam ödənilmiş, "xxxx" MMC vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 200,37 manat məbləğində borcu yaranmışdır. 10.Məhkəmə hesab etmişdir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuna uyğun olmaqla qanuni məqsəd güdsə də, demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və borcun aid olduğu şəxsin borc məbləği barədə lazımınca xəbərdar edilməsi kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əksi yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. 11.Maraqlı şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizə və bildirişdən görünür ki, büdcə təsnifat kodu səhv daxil edildiyi üçün "xxxx" MMC tərəfindən sosial ödəniş kimi ödənilmiş 200,40 manat pulun vergilər üzrə borcla əvəzləşdirilməsi vergi orqanından xahiş olunmuş, ərizə vergi orqanı tərəfindən qeydiyyata alınmışdır.

12. Bundan başqa maraqlı şəxsın məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş edilmiş, ödəniş "xxxx" MMC hesabına edilmişdir. 13.Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

15. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ərizəçi borclu hüquqi şəxslərdən "xxxx" MMC-nin dövlət büdcəsinə olan 1898,67 manat borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkədən xahiş etmiş, hüquqi şəxs isə dövlət büdcəsinə olan 2022,09 borcunu tam ödəmişdir, yəni "xxxx" MMC-yə münasibətdə ərizənin əsası kimi qeyd olunan məbləğdən artıq ödəniş edilmişdir. Digər hüquqi şəxs "xxxx" MMC-nin borcunun ödənilməsi üçün təşəbbüs göstərilmişdir. Bu hal borclu hüquqi şəxslərin dövlət büdcəsinə olan borcların ödənilməsindən yayınmaq niyyətlərinin olmadığını göstərdiyindən ərizə təmin edilməməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri 16.Həmin qətnamədən ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. 17.Ərizəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edərkən, ”MANSİM CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) borcu üzrə edilən ödənişləri nəzərə alaraq Baş İdarənin həmin şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsini rədd etmişdir. Qeyd olunmalıdır ki, ”KMK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsini nəzərdən keçirdikdə vergilər üzrə vərəqədə 200,38 manat faiz məbləği hələ də qalmaqda davam edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta üzrə yaranmış borcun ödənilməsinin qaydası müəyyən edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən bu normanı nəzərə almamışdır. Vergi məbləği, ona hesablanmış faiz kimi sübut xarakterli məlumatların əks olunduğu hazırkı mülki işin materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin X1 Sistemində qeydiyyatdan keçmiş qeyd olunan ”KMK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

19. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergilər Məcəlləsi: 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Konstitusiyası: - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə- vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsi- bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

20. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi 21.Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, e-2-2(113)-4548/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya şikayətindən görünür ki, Maraqlı şəxs qanuni təmsilçisi olduğu ”KMK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə 200,38 manat faiz borcu qaldığından ərizənin təmin edilməməsi barədə məhkəmənin mövqeyi düzgün olmamışdır. 23.”KMK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə əlavə edilmiş şəxsi vərəqəsindən görünür ki, hüquqi şəxsin xx.xx.2022-ci il tarixə vergilər üzrə 200,37 manat qalıq borcu olsa da, sosial ödənişlər üzrə 200,37 manat artıq ödənişi var. 24.İş materiallarının 46-cı vərəqinə əlavə edilmiş ərizədən görünür ki, ”KMK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti vergilər üzrə 200,38 manat borcu ödəyərkən büdcə təsnifat kodunu düzgün göstərmədiyindən həmin ödəniş sosial üzrə bölüşdürülməmiş ödənişə aid edilmiş, vergi ödəyicisi vergi orqanına həmin vəsaitin əvəzləşdirilməsi üçün müraciət etmişdir.

25. Vergi orqanı apellyasiya şikayətində vergi ödəyicisinin bu müraciətinin hansı səbəbdən təmin edilməməsinin səbəbini qeyd etməmişdir.

26. İşin bu hallarını nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hazırkı halda maraqlı şəxsin qanuni təmsilçisi olduğu ”KMK GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə cəmi 200,38 manat faiz borcuna görə ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməz. Belə ki, işdən görünür ki, vergi ödəyicisi həmin borcu ödəməyə təşəbbüs göstərmiş,, lakin büdcə təsnifat kodunun yanlış qeyd edilməsinə görə ödədiyi məbləğ sosial ödənişlərə aid edilmişdir. Belə olan halda maraqlı şəxsin sərbəst hərəkət azadlığı hüququna müdaxilə edilməsi demokratik cəmiyyətdə zərurət və mütənasiblik meyarlarına cavab vermir.

27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, e-2- 2(113)-4548/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, e-2-2(113)-4548/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar