Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-961/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xidmət müqaviləsi, pul tələbi, sübutetmə vəzifəsi) hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh1 QSC -nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2756/2025 nömrəli qətnaməsindən Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1 QSC (icraçı) ilə Cavabdeh2 MMC (sifarişçi) arasında xx.xx.2020ci il tarixli dəniz nəqliyyatı xidmətləri haqqında müqavilə bağlanmışdır.
2. Qeyd edilmiş müqavilənin 1-ci bəndindən görünür ki, Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz quyularının qazılması üçün icraçı müqavilənin ayrılmaz hissəsi olan 1 saylı qoşmasında göstərilən tipdə olan gəmilərlə sifarişçiyə dəniz nəqliyyatı xidmətlərini göstərməyi, sifarişçi isə bu xidmətlərin dəyərini hazırkı müqavilənin şərtlərinə əsasən icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
3. “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərə 2020-ci ilin yanvar-iyun (6 ay) aylarında X1 ilə bağlı xidmətlər göstərilməsi ilə bağlı hesab fakturalardan görünür ki, “X1 Mərkəzi” tərəfindən cəmi 24.986,5 manat dəyərində xidmətlər göstərilmişdir.
4. İddiaçı nizamnaməsinin 3.1.11-ci bəndinə əsasən “Dəniz limanları haqqında” qanuna uyğun olaraq X1 ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.
5. Qeyd edilmiş nizamnamənin 3.1.22-ci bəndinə X1 ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərmək və bununla əlaqədar müəyyən olunmuş tariflərə əsasən yığımları toplamaq İddiaçı vəzifəsidir.
6. “Sumqayıt” və “Neftqaz-64” adlı gəmiləri mübahisələndirilən dövrdə Cavabdeh1 QSC-nin mülkiyyətində olmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. . İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 QSC-yə məxsus "xxxx" və “Sumqayıt” gəmilərinə faktiki olaraq Cavabdeh2 MMC tərəfindən müvəqqəti istismar edildiyi dövr üzrə X1 ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən göstərilən xidmətlərin yanvar-iyun 2020-ci il dövrü üzrə ödənilməyən ümumilikdə ƏDV daxil olmaqla 24.986,50 manat məbləğində pulun, 165,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “X8”, X5 tabeliyində “X1 Mərkəzi” və “Nəqliyyat və Texniki Təminat İdarəsi” müəssisələrinin birləşməsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İddiaçı X14 (bundan sonra – “İddiaçı”) yaradılmışdır və İddiaçı birləşən müəssisələrin hüquqi varisidir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 1 avqust 2014-cü il tarixli 5 saylı qərarına əsasən müəyyən edilən tariflərə əsasən haqqı ödənilməklə Cavabdeh1 QSC-nin (bundan sonra – “Cavabdeh 1”) mülkiyyətində olan gəmilərlə yanaşı "xxxx" və “Sumqayıt” gəmilərinə X1 ilə bağlı xidmətlər göstərir və xidmətlərin vaxtaşırı dəyəri müvafiq təsdiqedici sənədlərə uyğun olaraq ödənilir. Lakin xidmətlərin dəyərinin bir qismi, yəni 6 aylıq (yanvar–iyun 2020-ci il) müddət üçün ödənilməmişdir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 tabeliyində X1 Mərkəzinin mühasibatlıq sənədlərinə əsasən ümumilikdə 24,986.50 (iyirmi dörd min doqquz yüz səksən altı tam əlli) manat (ƏDV daxil) borc ödənilməmiş qalmışdır. Borcun ödənilmədiyi müddət ərzində Cavabdeh 1-ə məxsus "xxxx" və “Sumqayıt” gəmiləri faktiki olaraq Cavabdeh2 MMC (bundan sonra – “Cavabdeh 2”) tərəfindən müvəqqəti istismar edilmişdir. Bununla əlaqədar gəmilərin limanlara giriş-çıxışını təsdiq edən bəyannamələr mövcuddur və bu bəyannamələr əsasında görülmüş iş və xidmətlərə görə hesab-fakturalar və elektron qaimələr yazılmış və Cavabdeh 2-yə təqdim edilmişdir. Təəssüflər olsun ki, Cavabdeh 2 elektron qaimələri təsdiq etməmiş və şifahi olaraq bildirmişdir ki, göstərilmiş xidmətlərə görə ödəniş gəmilərin mülkiyyətçisi olan Cavabdeh 1 tərəfindən edilməlidir. Birgə cavabdehlərin əməkdaşlarının iştirakı ilə İddiaçının inzibati binasında görüş keçirilmiş və müzakirələr aparılmışdır. Cavabdehlər arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli, 0114-XG nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən, Cavabdeh2 MMC ona xidmət göstərmək məqsədilə gəmilərin AXDG QSC-yə malik olmayan limana girməsi və ya körpülərə yanalması ilə əlaqədar liman, körpü və digər tətbiq oluna biləcək yığımlar və digər ödənişlərin aparılmasını təmin edir və ya ödənişlərə görə AXDG QSC-ni məsuliyyətdən azad edir”. Cavabdeh 2-nin iddialarına görə, onlarla Cavabdeh 1 arasında bağlanmış müqaviləyə əsasən bu xidmətlərin haqqı qarşı tərəfə, Cavabdeh 1-ə ödənilmişdir, müvafiq olaraq İddiaçıya müvafiq ödəniş Cavabdeh 1 tərəfindən təmin edilməlidir. Həmçinin, qeyd etmək istərdik ki, “Neftqaz-64” və “Sumqayıt” gəmilərinin X1 ilə bağlı xidmətlərin haqqı 2020-ci il yanvar ayından əvvəl (oktyabr, noyabr və dekabr 2019-cu il) və 2020-ci il iyun ayından sonra (iyul, avqust və sentyabr 2020-ci il) Cavabdeh 1-ə təqdim edilmiş və onun tərəfindən ödənilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2756/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24.986 (iyirmi dörd min doqquz yüz səksən altı) manat 50 (əlli) qəpik məbləğində pulun Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat 83 (səksən üç) qəpik məbləğində pul Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh1 QSC öz mülkiyyətində olan “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərlə 2020-ci ilin yanvar-iyun (6 ay) aylarında Cavabdeh2 MMC-yə xidmət göstərmişdir.
12. İşin mübahisələndirilən halı, “X1 Mərkəzi” tərəfindən müvafiq xidmətin göstərilib-göstərilməməsi və yaxud göstərilmiş X1 ilə bağlı xidmətlərin dəyəri deyil, məhz göstərilmiş xidmətlərə görə nəzərdə tutulmuş haqqın kim tərəfindən ödənilməsi ilə bağlıdır.
13. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh1 QSC (icraçı) ilə Cavabdeh2 MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli dəniz nəqliyyatı xidmətləri haqqında müqavilənin mahiyyəti dəqiqləşdirilmiş və hər iki cavabdeh qeyd edilmiş “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərlə Cavabdeh2 MMC-nin əməkdaşlarının müvafiq buruqlara aparılması, lazım olan avadanlıqların və materialların (malların) daşınmasının həyata keçirildiyini, qeyd edilmiş gəmilərin bütün personalının (kapitan və digər ekipaj üzvlərinin) Cavabdeh1 QSC-yə aid olduğunu qeyd etmişlər.
14. Göründüyü kimi, “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilər mübahisəli dövr ərzində Cavabdeh1 QSC-nin mülkiyyətində olmaqla yanaşı, həmçinin də faktiki də, onun istifadəsində olmuşdur. Yəni, Cavabdeh2 MMC-yə müqavilə əsasında müvafiq xidmətlər göstərməklə İddiaçı (“X1 Mərkəzi”nin hüquqi varisi olaraq) göstərmiş olduğu X1 ilə bağlı xidmətlərdən yararlanmışdır.
15. Bundan başqa iş materiallarına əlavə edilmiş hesab-fakturalar və bank çıxarışlarından görünür ki, mübahisələndirilən dövrdən əvvəlki və sonrakı tarixlərdə göstərilmiş olan X1 ilə bağlı xidmətlərə görə haqlar Cavabdeh1 QSC tərəfindən ödənilmişdir.
16. Ona görə də, Məhkəmə hesab etmişdir ki, 2020-ci ilin yanvar-iyun (6 ay) ayları üzrə göstərilmiş olan X1 ilə bağlı xidmətlərə görə 24.986,5 manat məbləğində pul məhz Cavabdeh1 QSC-dən tutularaq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh2 MMC-yə münasibətdə isə, iddia ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir.
17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 390.1, 390.4, 442, 777.1, 783.2-ci maddələrini, “Dəniz Limanları haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1, 15.2, 15.3, 15.3-1, 15.3-1.1, 15.3-1.2, 15.3-1.2, 15.3-1.3, 15.3-1.4, 15.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2756/2025 nömrəli qətnaməsindən Cavabdeh1 QSC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 QSC – bundan sonra ASCO arasında bağlanılan xx.xx.2020-ci il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçiyə xidmət göstərmək məqsədi ilə gəmilərin icraçıya malik olmayan limana girməsi və ya körpülərə yan alması ilə əlaqədar Sifarişçi liman, körpü və digər tətbiq oluna biləcək yığımlar və digər ödənişlərin aparılmasını təmin edir və ya ödənişlərə görə icraçını məsuliyyədən azad edir. Müqavilə şərtlərinə uyğun olaraq, ”Sumqayıt” və “Neftqaz-64” gəmiləri 2020-ci ilin yanvar-iyun (6ay) ayları ərzində Sifarişçi Cavabdeh2 MMC-yə xidmət göstərmiş və nəticə etibarilə 2020-ci ilin yanvar-iyun (6 ay) ayları üzrə göstərilmiş olan X1 ilə bağlı xidmətlərə görə 24.986,5 manat məbləğində pul müqavilənin 3.3-cü bəndinə əsasən Cavabdeh2 MMC tərəfindən ödənilməli olduğu halda Məhkəmə yanlış qənaətə gəlmiş və iddia tələbində göstərilən məbləğin ASCO-dan tutulması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə qərar qəbul edərkən mübahisə predmeti təşkil edən “Sumqayıt” və "xxxx" gəmilərinin ASCO-nun istifadəsində olmasını, buna görə də məhz xidmətlərin göstərildiyi təşkilat qismində müvafiq xidmət haqlarının da ASCO tərəfindən ödənilməsini qeyd etmişdir. Bakı Kommesiya Məhkəməsi mülkiyyət və faktiki istifadə anlayışlarını düzgün təfsir etməməklə, tamamilə absurd bir qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.3–cü bəndindən müəyyən olunur ki, gəmilər Sifarişçiyə təhvil verildikdən sonra Sifarişçinin sərəncamında olan müddət xidmət müddəti kimi qəbul olunur. Bundan əlavə, həmin Müqavilənin 3.4–cü bəndi gəmilərin Sifarişçinin faktiki istifadəsində olmasını təsdiq edir, belə ki, bu bəndə əsasən Sifarişçi gəmilərdən öz əmlakı kimi vicdanla istifadəni və gəmilərin iş qabiliyyəti və texniki imkanları xaricində istismar edilməsinə yol verməməyi öhdəlik kimi qəbul etmişdir. Müqavilənin bu bəndlərinə əsasən gəmilərin Sifarişçinin faktiki istifadəsində olması sübut edilir və ASCO-nun müqavilə müddəti ərzində gəmilərdən faktiki istifadə etməsi faktı təkzib olunur, lakin məhkəmə qətnamənin əsaslandırma hissəsində də yanlışlığa yol vermiş və Müqavilənin bəndini düzgün təfsir etməməsi kobud pozuntuya səbəb olmuşdur. Nəticədə məhkəmə tərəfindən qanunsuz olaraq xidmət göstərilən təşkilat olaraq ASCO hesab edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlar hərtərəfli araşdırılmamış, 2020-ci ilin yanvar-iyun ayları dövründə X5 tabeliyində olan “X1 Mərkəzi” PHŞ tərəfindən göstərilən xidmətlər üzrə Cavabdeh2 MMC-yə təqdim edilən xx.xx.2020-ci il tarixli 4543 manat məbləğində 99 saylı hesab-faktura, xx.xx.2020-ci il tarixli 2596 manat məbləğində 143 saylı hesab-faktura, xx.xx.2020-ci il tarixli 5516.50 manat məbləğində 180 saylı hesabfaktura və xx.xx.2020-ci il tarixli 4218.50 manat məbləğində 214 saylı hesab fakturalara əsasən xidmət göstərilən təşkilatın Cavabdeh2 MMC olması faktı nəzərə alınmamışdır. Hesab-fakturalardan aydın olur ki, İddiaçı tərəfindən xidmətlərin Cavabdeh2 MMC üçün göstərildiyi və sonuncu ilə ASCO arasında bağlanmış müqaviləyə uyğun olaraq xidmət haqlarının Cavabdeh2 MMC tərəfindən ödənilməli olması təsdiq edilmiş, lakin Cavabdeh2 MMC tərəfindən öhdəliyin icra edilməməsi səbəbindən iddiaçı əsassız olaraq ödənişləri ASCO-dan tələb etmişdir. Lakin Məhkəmə tərəfindən qeyd olunan xüsusatlara düzgün qiymət verilməmiş, ASCO-ya hesab-faktura göndərilmədiyi halda iddiaya cavab verməli şəxs hesab etməklə pul məbləğinin onun tərəfindən ödənilməsi barədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Müvafiq qətnamədə qeyd olunan daha əvvəllər və sonra ASCO-nun mülkiyyətində olan digər gəmilərə iddiaçı tərəfindən göstərilən xidmətlər üzrə müvafiq xidmət haqlarının ASCO tərəfindən ödənilməsi ilə bağlı bildirmək istərdik ki, rüsumların ödənilməsi ASCO-nun Sifarişçilərlə bağladığı müqavilələrin şərtlərinə uyğun olaraq tənzimlənir. Beləki, Cavabdeh2 MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixdə 0114-XG saylı müqavilənin 3.3-cü bəndi rüsumların sifarişçi tərəfindən ödənilməli olduğunu sübut etsə də, Məhkəmə Müqavilənin bu bəndi ilə bağlı heç bir araşdırma aparmamış, yanlış qənaətə gəlmiş və nəticə etibarilə ASCO-nun hüquq və menafelərini kobud şəkildə pozan qətnamə qəbul etmişdir ki, apellyasiya instansiyası məhkəməsində qeyd olunan qətnamənin ləğvinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə tərəfindən işdə olan və iş üçün əhəmiyyətli olan sübutlar iddiaçı tərəfindən digər Cavabdeh2 MMC-yə təqdim edilmiş hesab fakturalara zəruri hüquqi qiymət verilməmiş, qeyd olunan sübutlar yanlış təfsir edilmişdir. Məkhəmə qətnamənin nəticə hissəsində dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat 83 (səksən üç) qəpik məbləğində pul Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “X11 Agentliyi” X10 ödənilməsini qət etsə də, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz iş materiallarına əlavə edilməmiş və ya iddiaçının dövlət rüsumunu ödəməkdən azad olması ilə bağlı əsaslandırma aparmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
20. Cavabdeh2 MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim eədərk apellyasiya şikayətinin dəlillərinin həqiqəti əks etdirmədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
22. Cavabdeh1 QSC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir.
23. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
28. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
“Dəniz Limanları haqqında” Azərbaycan Respublikasının qanunu
29. Maddə 15.1. Limanda gəmilərə və sərnişinlərə, yük əməliyyatlarının həyata keçirilməsi və yükün aşırılması ilə bağlı xidmətlər göstərilir.
30. Maddə 15.2. Limanda xidmətlərin göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
31. Maddə 15.3. Liman xidmətlərinə (liman qurğularının istismarı və yükaşırma daxil olmaqla) və X1 fəaliyyəti ilə bağlı xidmətlərə görə tariflər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
32. Maddə 15.3-1. Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan X1 fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir: - 15.3-1.1. gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi; - 15.3-1.2. dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, habelə məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi və bələdçinin fəaliyyətinin təşkili; - 15.3-1.3. gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi; - 15.3-1.4. gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə X1 baxımından daimi müşahidədə saxlanılması.
33. Maddə 15.4. Limanda göstərilən və qiymətləri dövlət tərəfindən tənzimlənməyən xidmətlərə görə qiymətlər müqavilə əsasında müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, Cavabdeh1 QSC qətnaməni tam mübahisələndirdiyindən apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
45. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
46. İddiaçı, “X1 Mərkəzi”nin hüquqi varisidir.
47. İddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, İddiaçı “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərə X1 ilə bağlı xidmətlər göstərmiş, lakin göstərilən xidmətlərin dəyəri ödənilməmişdir (§ 4, 5).
48. İşin müəyyən edilmiş hallarından görünür ki, “X1 Mərkəzi” tərəfindən müvafiq xidmətin göstərilib-göstərilməməsi və yaxud göstərilmiş X1 ilə bağlı xidmətlərin dəyəri cavabdehlər tərəfindən mübahisələndirilməmiş, məhz göstərilmiş xidmətlərə görə nəzərdə tutulmuş haqqın kim tərəfindən ödənilməsi işin mübahisələndirilən halıdır.
49. Cavabdeh1 QSC (icraçı) ilə Cavabdeh2 MMC (sifarişçi) arasında xx.xx.2020ci il tarixli dəniz nəqliyyatı xidmətləri haqqında müqaviləsinə əsasən Cavabdeh1 QSC öz mülkiyyətində olan “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilərlə 2020-ci ilin yanvar-iyun (6 ay) aylarında Cavabdeh2 MMC-yə xidmət göstərmişdir.
50. xx.xx.2020-ci il tarixli dəniz nəqliyyatı xidmətləri haqqında müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçiyə xidmət göstərmək məqsədi ilə gəmilərin icraçıya malik olmayan limana girməsi və ya körpülərə yan alması ilə əlaqədar Sifarişçi liman, körpü və digər tətbiq oluna biləcək yığımlar və digər ödənişlərin aparılmasını təmin edir və ya ödənişlərə görə icraçını məsuliyyədən azad edir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, müqavilənin yuxarıda qeyd edilən şərtində X1 ilə bağlı xidmətlərin dəyərinin məhz Cavabdeh2 MMC tərəfindən İddiaçınə ödənilməsi deyil, ödənişlərin təmin edilməsi nəzərdə tutulmuşdur.
52. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-431/2023 nömrəli qətnaməsilə müəyyən edilir ki, Cavabdeh1 QSCnin ərizəsi üzrə sonuncu ilə Cavabdeh2 MMC arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilmişdir.
53. Həmin qətnaməyə əsasən xx.xx.2021-ci il tarixli barişiq sazişinin şərtlərində Cavabdeh2 MMC-nin Cavabdeh1 QSC-yə olan borcunun tam ödənilməsi, Saziş bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik qaydada azad edilməsi nəzərdə tutulmuşdur.
54. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixli barişiq sazişinin şərtləri Cavabdeh2 MMC tərəfindən icra olunduğu üçün icraata xitam verilmişdir.
55. Belə olan halda kollegiya qeyd edir ki, Cavabdeh1 QSC digər Cavabdeh2 MMC tərəfindən X1 ilə bağlı xidmətlərin dəyərinin sonuncu tərəfindən təmin edilməməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.
56. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, “Sumqayıt” və “Neftqaz-64” adlı gəmilər mübahisəli dövr ərzində Cavabdeh1 QSC-nin mülkiyyətindədir və mübahisələndirilən dövrdən əvvəlki və sonrakı tarixlərdə göstərilmiş olan X1 ilə bağlı xidmətlərə görə haqlar Cavabdeh1 QSC tərəfindən ödənilmişdir.
57. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi X1 ilə bağlı xidmətlərin dəyərini Cavabdeh1 QSC-dən tutmaqda haqlı olmuşdur.
58. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2756/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.