Məhkəmə qərarları › İş №2-2(103)-964/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-964/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-964/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə "xxxx" MMC-nin cavabdeh X1 "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-833/2021 nömrəli iş üzrə 19 mart 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 30.01.2018-ci il tarixli 2018/01.140 nömrəli satınalma müqaviləsinə əsasən ümumilikdə 48.702,09 manat məbləğdə pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 46.382,94 manat məbləğdə borcun, 300 manat cərimənin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 manat olmaqla, cəmi 46.711,94 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması qət edilərək, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı 30 yanvar 2018-ci il tarixli müqavilənin tələblərini pozmuşdur. Müqavilənin 11-ci, “Mübahisələrin həll edilməsi” adlı bölməsində qeyd edilir ki, tərəflər arasında yarana biləcək bütün mübahisələr və fikir ayrılıqları qüvvədə olan qanunvericilik əsasında danışıqlar yolu ilə həll edilir (11.1), həmin bölmənin 11.2-ci bəndinə əsasən isə mübahisəli məsələləri danışıqlar prosesində tənzimləmək mümkün olmadıqda, mübahisələr qanunvericiliklə müəyyən edilmiş formada müvafiq məhkəmə tərəfindən həll edilir. İddiaçı onlara sadəcə pretenziya məktubu göndərmiş, bununla müqavilə üzrə öhdəliyi yerinə yetirdiyini düzgün hesab edərək, danışıqların aparılması ilə bağlı müqavilə öhdəlikləri üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, hər hansı danışıqların aparılmasının nəticəsinə dair protokolu iddia ərizəsinə əlavə etməməklə, mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməmişdir. Buna görə də cavabdeh işin faktiki hallarına toxunmadan iddia tələbinə etiraz barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş və ərizəni baxılmamış saxlaması barədə qərardad qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, satıcı qismində iddiaçı ilə alıcı qismində cavabdeh arasında bağlanmış 30.01.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı malı müqavilənin bir hissəsi olan Əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müqafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən alıcı malı Əlavələrdə razılaşdırılmış və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müqafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür. İddiaçı ƏDV daxil 8.939,89 manat dəyərdə malların təqdim edilməsinə dair EAAT 169602 saylı 16.04.2019-cu il tarixli, ƏDV daxil 37682,95 manat dəyərdə malların təqdim edilməsinə dair EBAM 531114 saylı 17.07.2020-ci il tarixli elektron qaimələr tərtib edərək, elektron sistem vasitəsilə cavabdehə göndərmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 09.12.2020-ci il tarixli 1300/20 saylı pretenziyaya cavab məktubunda qeyd olunur ki, şirkətə rəsmi qaydada 03.11.2020-ci ildə daxil olmuş pretenziya məktubuna cavab olaraq bildirik ki, 2018/01.140 saylı 30.01.2018ci il tarixli müqavilə əsasında X1 "xxxx" ASC alıcı tərəf qismində çıxış etmiş və satıcıya müqavilə ilə və onun əsasında tərtib olunmuş qaimə-fakturaya uyğun olaraq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Lakin şirkətin maliyyə çətinliyi olduğundan, habelə bank hesabı üzərinə dəfələrlə inkasso sərəncamı qoyulduğundan, bu ödənişi qarşı tərəfin bank hesabına köçürmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, bildirir ki, qeyd olunan ödəniş qısa müddət ərzində cari hesabına ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçının apellyasiya şikayətindən görünür ki, o, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda iddiaçıya borcu yarandığını və borcunun məbləğini mübahisə etmir. Onun şikayətinin yeganə dəlili mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edilməməsi barədə olmuşdur ki, həmin dəlil də iddiaçıya ünvanladığı pretenziyaya cavab məktubu ilə tam təkzib olunur. Bu kontekstdə, işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-833/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X1 "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar