Məhkəmə qərarları › İş №2-2(103)-964/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-964/2022

08.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-964/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4584/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxsin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqi şəxs haqqında məlumata əsasən, Təsərrüfat hesablı 7 saylı mağazanın rəhbəri maraqlı şəxsdir.

2. Şəxsi hesab vərəqəsinə görə, Təsərrüfat hesablı 7 saylı mağazanın xx.xx.2022ci il tarixə dövlət büdcəsinə cəmi 3.362,30 manat borcu vardır.

3. Ərizəçi, Təsərrüfat hesablı 7 saylı mağazaya İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********2 nömrəli bildiriş göndərərək, həmin tarixə dövlət büdcəsinə ümumilikdə 87,71 manat (o cümlədən, icbari tibbi sığorta haqları üzrə 76.56 manat, faizlər üzrə 11,15 manat, maliyyə sanksiyaları üzrə 0 manat) borcunun 5 gün müddətdə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. Ərizəçi, Təsərrüfat hesablı 7 saylı mağazaya Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildiriş göndərərək, həmin tarixə dövlət büdcəsinə ümumilikdə 4,733,48 manat (o cümlədən, Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə üzrə 3.877,17 manat, faizlər üzrə 856,31 manat, maliyyə sanksiyaları üzrə 0 manat) borcunun 5 gün müddətdə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

5. AR İN DVX Öhdəliklərin idarə edilməsi baş idarəsi maraqlı şəxsə xx.xx.2022-ci il tarixli **********946100 nömrəli xəbərdarlıq ünvanlayaraq, həmin tarixə vergilər üzrə 3.300,76 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 4.477,69 manat, işsizlikdən sığorta haqqı üzrə 109,27 manat, icbari tibbi sığorta haqqı üzrə 92,26 manat borcunun 5 gün müddətdə dövlət büdcəsinə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

6. Ərizəçi maraqlı şəxsə qarşı məhkəməyə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, maraqlı şəxsin (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ xx.xx.2022-ci il tarixə İcbari Tibbi Sığorta Fonduna 87,71 manatın, İşsizlikdən Sığorta Fonduna 107,74 manatın, Dövlət Sosial Müdafiə Fonduna 4.455,67 manatın, dövlət büdcəsinə 2.018,16 manat məbləğdə borcunun tam ödənilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.3, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan apellyasiya şikayətləri verərək, ləğv edilib, işin hallarının yenidən araşdırılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iclası barədə bildiriş ona məhkəmə iclası olduğu tarixdən sonra, yəni xx.xx.2022-ci il tarixində rəsmi qaydada çatdırılmışdır. Bu isə onun məhkəmədə iştirak hüquqlarının pozulmasına, özünü müdafiə hüququnun məhkəmə tərəfindən kobud şəkildə pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi müəyyən edir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmaldır. Hazırki işdə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması vergi borcunun ödənilməsinə yönəlmiş məcburiyyət vasitəsidir. Bunun üçün ilk növbədə vergi borcu Vergi Məcəlləsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı və yalnız bundan sonra vergi borcunun ödənilməsi barədə mübahisəyə baxılmalıdır. Qanunvericiliyin tələblərinə zidd olaraq hesablanan və ümumiyyətlə mövcudluğu sual altında olan vergi borcunun ödənilməməsinə görə maraqlı şəxsin konstitusion hüquqlarının məhdudlaşdırılması mütənasiblik prinsipini pozur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi və maraqlı şəxs (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; Maddə 24.0.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur; Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

15. MPM: Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. .... “Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

19. İlk olaraq, vergi ödəyicisinin rəhbəri olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün tələb olunan əsasın mövcudluğundan bəhs edə bilmək üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması müəyyən edilməlidir ki, bu şərtə iş üzrə əməl olunur.

20. Maraqlı şəxs, vergi borcu qanunvericiliyin tələblərinə zidd hesablandığı, borcun mövcudluğu sual altında olduğu üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə hüquq və azadlıqların məhdudlaşdırılmasının dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olması tələbinə uyğun olmadığını bildirir.

21. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, borcun olmadığı tərəflər arasında mübahisəsiz olarsa yaxud bu fakt cavabdeh tərəfindən təqdim olunan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini taparsa, bu barədə dəlillər iş üzrə qəbul və müzakirə edilə bilər. Əgər belə dəlillər yoxdursa və borc da mübahisəlidirsə, o halda borcun əsaslı olub-olmaması və ya düzgün hesablanıb-hesablanmaması indiki məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Bundan əlavə, vergi borcu ilə əlaqədar məhkəmə yaxud inzibati qaydada şikayətin verilməsi də hazırkı ərizəyə hüquqi maneə deyil. Belə ki, Vergi Məcəlləsinin 63-cü maddəsinə görə, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır.

22. Bu kontekstdə, əgər maraqlı şəxs hesablanmış borclarla razı deyilsə, yaxud ərizəçinin qərar və hərəkətlərindən narazıdırsa, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxsə rəsmi məlumat verilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi, ərizəçi, maraqlı şəxsə vergi borcunun ödənilməsi barədə bildiriş və xəbərdarlıq ünvanlamış, məhkəmə iclasının vaxtı barədə maraqlı şəxsin yaşadığı ünvan 1 ünvana məhkəmə bildirişi göndərilmişdir. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməməsini məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qeyd etsə də, apellyasiya şikayətində də hər hansı inandırıcı və ağlabatan dəlillərə istinad etməmiş, bu dəfə də, artıq onun imkanları daxilində olduğu halda, Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

24. Maraqlı şəxsə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi də pozulmamışdır. Belə ki, cavabdehin ölkədən getmək hüququnun müvəqqəti qaydada məhdudlaşdırılması qanunla müəyyən edilmiş əsaslara söykənir və məhdudlaşdırma dövlət tərəfindən gözlənilən nəticəyə mütənasibdir.

25. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4584/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar