Məhkəmə qərarları › İş №2-2(103)-965/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-965/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-965/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə cavabdehlər X4 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-355/2021 nömrəli iş üzrə 07 iyun 2021ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən 20.10.2014-cü il tarixli 743/161/2014 nömrəli “X5” müqaviləsi üzrə 43.578,90 manat məbləğdə əsas borc, 26.080,02 manat məbləğdə faiz borcu, 1.219 manat məbləğdə sığorta borcu, cəmi 70.877,92 manat məbləğdə borcun tutularaq ona ödənilməsi, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X.Sadıqovdan 20.10.2014-cü il tarixli 743/161/2014 nömrəli “X5” müqaviləsi üzrə 6.400,90 manat məbləğdə əsas borc, 2.476,06 manat məbləğdə faiz borcu və 1.219 manat məbləğdə sığorta borcu, cəmi 10.095,96 manat məbləğdə pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul məbləğinin 10 manat hissəsinin cavabdeh X.Sadıqovdan, qalan 40 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissədə qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ekspertiza üzrə verilmiş rəy ekspert qarşısında qoyulan bütün suallara cavabı tam əhatə etsə də, hakim nədənsə özü ekspert səlahiyyətlərini icra edərək, qeyri-dəqiq hesablama ilə yeni “rəy verərək” müəyyən məbləğ hesablamış, həmçinin, ekspert rəyi ilə borcun məbləği aşkar bəlli olsa da, mötəbərliyi əsaslı şübhə altında olan “öz əsasını” sübut olaraq qəbul etməklə, mülki işə qeyri-obyektiv münasibətini bir daha təsdiqləmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh iddiaçıya olan borcunu əsas borc və sığorta borcu hissəsində tam etiraf edərək, iddiaçı tərəfindən ona hesablanmış faizlərlə bağlı hissədə güzəşt edildiyi təqdirdə borcunu dərhal ödəməyə hazır olduğunu bildirsə də, işə baxmış hakim cavabdehin tələblə bağlı etirafını da qəbul etməmişdir ki, nəticədə qətnamədə cavabdehi məhkəmə iclasında iştirak etməyən şəxs kimi göstərmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddianın təmin olunmayan hissədə qismən ləğv edilərək, iddianın tam təmin olunması xahiş edilsə də, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (təmin olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, həmin hissəyə toxunulmamalıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilən hədlər nəzərə alınmaqla, hazırkı apellyasiya araşdırmasının predmetini cavabdeh X.Sadıqova münasibətdə iddianın təmin olunmayan hissəsi təşkil edir. Bu kontekstdə hüquqi qiymətləndirmə apardıqda müəyyən olunur ki, iddiaçı (lizinq verən) ilə cavabdeh X.Sadıqov (lizinq alan) arasında 20.10.2014-cü il tarixli 743/161/2014 nömrəli X5 müqaviləsi bağlanmış, iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək, lizinq obyektini cavabdehin istifadəsinə və sahibliyinə versə də, cavabdeh X.Sadıqov lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq ödəməməklə, lizinq müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Digər tərəfdən, işdən görünür ki, mübahisəli hüquq münasibətində lizinq alan cavabdeh tərəfindən lizinq ödənişləri vaxtında həyata keçirilmədiyindən, lizinq obyekti 30.05.2015-ci il tarixdə onun sahibliyindən götürülmüş və lizinq verənə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-10.1-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Sadalanan normaların məzmunu və mübahisəli lizinq müqaviləsinin şərtlərindən aydın olur ki, lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir. Bu baxımdan, maliyyə lizinqi müqaviləsində müəyyən edilmiş lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə görə haqq və lizinq verənin mükafatı ilə yanaşı, lizinq obyekti olan əmlakın dəyəri də daxil edilir. Hazırkı işdə lizinq obyekti lizinq alanın öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar 30.09.2015-ci il tarixdə lizinq verənə qaytarıldığından, lizinq alan lizinq obyektindən bütün lizinq müddəti ərzində istifadə edə bilməmiş (lizinq müddəti 36 ay olduğu halda yalnız 11 ay ərzində lizinq obyektindən istifadə etmişdir), eləcə də, lizinq obyekti lizinq verənin mülkiyyətində qalmışdır. İddiaçı isə öz iddiasında lizinq obyektinin tam dəyəri də daxil olmaqla bütün lizinq müddəti üçün hesablanmış lizinq ödənişlərinə görə borcun ödənilməsinə dair tələb irəli sürmüş və bu zaman lizinq əmlakının qalıq dəyərini, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərcləri nəzərə almamışdır. Başqa sözlə, iddianın tam təmin edilməsi iddiaçının lizinq müqaviləsi üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə artıq gəlir etməsinə, bununla da əsassız varlanmasına səbəb olacaqdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı yalnız lizinq alanın lizinq obyektindən faktiki istifadə etdiyi müddət üçün hesablanmış lizinq ödənişlərinin ödənilməsini tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş ekspert rəyində də müəyyən edilmişdir ki, cavabdehin etdiyi ödənişlərin 6.221,10 manatı əsas, 8.548,94 manatı faiz borcuna silindiyindən, 30.09.2015-ci il tarixədək olan müddət üçün hesablanmış lizinq ödənişləri üzrə X.Sadıqovun əsas borcu 6.400,9 manat, faiz borcu isə 2.476,06 manat təşkil edir. Bundan əlavə, ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh X.Sadıqovun lizinq ödənişlərinə daxil edilmiş lizinq obyektinin sığortalanmasına görə 1.219 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Bütün bunlar da o nəticəni çıxarmağa əsas verir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı cavabdeh X.Sadıqova münasibətdə qismən (6.400,9 manat məbləğdə əsas borc, 2.476,06 manat məbləğdə faiz borcu və 1.219 manat məbləğdə sığorta haqqı borcu olmaqla, cəmi 10.095,96 manat məbləğdə) təmin etmişdir. Bu mənada, məhkəmə kolegiyası şikayətin ilk dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli 9/1645 nömrəli ekspert rəyində lizinq predmeti əmlakın 30.09.2015-ci il tarixdə lizinq verənə qaytarılması nəzərə alınmamışdır. Halbuki, ekspertizanın təyin olunması barədə qərardadda da borcların həm də bu tarixədək hesablanması tələb olunmuşdu. Bundan əlavə, iddiaçı da apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin hansı hissədə (məbləğdə) səhv olduğunu dəqiqləşdirməmiş, ümumi sözlərlə məhkəmənin hesablamasının doğru olmadığını bildirmişdir ki, bu qaydada etiraz qanuni olmadığı kimi, hüquqilikdən də uzaqdır. Digər tərəfdən, məhkəmənin hesablaması əsas etibarilə ekspert rəyinə istinadən həyata keçirilmişdir, hesablamalar da sadə olduğu və təkrar ekspertiza tələb etmədiyi üçün, düzgün olaraq məhkəmə tərəfindən hesablanmışdır. Şikayətin ikinci dəlili də əsaslı deyil. Belə ki, məhkəmə iclasında cavabdehin borcunu əsas borc və sığorta borcu hissəsində tam etiraf etməsi iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsinin 24.05.2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh olan borcu bağlamaq istədiyini, texnika ona qaytarılarsa, əsas borcu ödəməyə hazır olduğunu bildirmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləlilklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində yoxlayan məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, qətnamə mübahisələndirilən hissədə maddi, bütövlükdə isə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilmişdir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qətnamə yoxlanılabn hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-355/2021 nömrəli iş üzrə 07 iyun 2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar