Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-965/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı müqavilə üzrə borcun və əldən çıxmış faydanın tutulmasına dair Açar sözlər: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1655/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları: 1.İş materiallarında olan 31 may 2017-ci il tarixli, 01045 saylı diler müqaviləsinə əsasən distribütor - İddiaçı QSC tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə - Cavabdeh özünə məxsus olan malları təklif edir. diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacağı, satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacağı, malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor tərəfindən təqdim ediləcəyi, malın dilerə çatdırılmasını distribütorun öz hesabına həyata keçirəcəyi, müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacağı və müqaviləyə əlavə olunacağı nəzərdə tutulmuşdur. 2.Müqavilənin 3.1-ci bəndində qeyd edilir ki, X1 imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və bir il müddətinə qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən hər hansı biri müqavilə müddətinin uzadılmasına etiraz etmirsə müqavilə bir il müddətinə uzadılmış hesab edilir. 3.İşin mübahisəsiz halıdır ki, müqavilədə nəzərdə tutulmuş qaydada müqavilənin əsas şərtləri barədə əlavələr tərtib edilməmiş, buna baxmayaraq cavabdehə müqavilə üzrə satış üçün mallar təqdim edilmişdir. 4.01 dekabr 2017-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh İddiaçı QSC-yə borcu 01 dekabr 2017-ci il tarixinə 8188 manat təşkil edir. 5.24 dekabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-yə borcu 24 dekabr 2021-ci il tarixinə 3211 manat təşkil edir. 6.Tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 01045 saylı diler müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu dəfə ödənişin 24 aprel 2018-ci il tarixində həyata keçirilməsi işin mübahisəsiz halıdır. 7.Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3211 manat məbləğində borcun, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğin, hüquqi xidmət üzrə vəkilə ödənilən 200 manat məbləğinin və gecikdirilən müddət üçün 147,17 manat olmaqla, cəmi 3618,17 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 31 may 2017-ci il tarixli, 01045 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə məxsus olan malları təklif edir. Bunun əsasında Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın qiyməti malın üzərində təqdim olunan qaimələrdə əksini tapacağı nəzərdə tutulmuşdur. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 dekabr 2017-ci il tarixdə tərəflər arasında imzalanmış qaimə aktının məzmunundan görünür ki, 01 dekabr 2017-ci il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 8188 təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. 2017-2018-ci illərdə əvvəlcədən satılmış məhsullar üzrə aparılan 253 manat dəyərində ucuzlaşdırmalar və şəxs tərəfindən malların manat məbləğində olan hissəsinin geri qaytarılması, həmçinin 24 aprel 2018-ci il tarixində 150 manat məbləğində edilən sonuncu ödənişindən sonra ümumi borc məbləği xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən 3211 manat təşkil etmişdir. Şəxsə ilk yazılı tələb xx.xx.2021-ci il tarixində göndərildiyindən, gecikmə üzrə borc məbləği 11 ay əsasında ((3211*5%)/12)*11 = 7 manat təşkil edir. 10.Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2-2(113)-1655/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia rədd edilmişdir. 11.Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 01045 nömrəli diler müqaviləsinin 3.1-ci bəndinə əsasən “X1 imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır.” Həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 31 may 2018-ci il tarixdə başa çatmış, öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 31 may 2018ci il tarixdə başlanmış, 31 may 2021-ci il tarixdə isə başa çatmışdır. Həmin müqavilə üzrə son ödəniş tarixi 24 aprel 2018-ci il tarixi müəyyən edilmişdir. 12.İddiaçı tərəfindən məhkəməyə 11 mart 2022-ci il tarixdə, yəni, iddia müddəti bitdikdən sonra müraciət olunduğundan, yəni iddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri 13.Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2-2(113)-1655/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 31 may 2017-ci il tarixli, 01045 nömrəli diler müqaviləsi 2017-ci ildə imzalanmış və 3.1-ci bəndində əsasən “X1 imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır.Müqavilə müddətin bitməsinə bir həftə qalmış tərəflərdən hər hansı biri müqavilənin müddətinin uzadılmasına etiraz etmirsə Müqavilə 1 il müddətlərinə uzaldılmış hesab olunur”. Bu da o deməkdir ki, müqavilə tərəflər bir-birini bir bir həftə öncədən yazılı surətdə müraciət edərək müqavilənin xitamına dair öz iradə ifadəsini bildirmədikləri müddətə qədər müqavilə avtomatik olaraq hər il 1 il müddətlərinə uzaldılmış hesab olunur. Buna əsasən də müqavilə tərəflərin onu xitam etmədiyindən hal-hazırdakı dövrdə belə qüvvədədir. Öhdəliyin icra müddəti müəyyənləşdirilmədiyindən və kreditorun həmin öhdəliyin icrasını tələb etmək hüququ kreditorun borcluya ilk yazılı tələbi göndərdiyi vaxtdan hesablanır. İlk yazılı tələb olaraq isə “İnteqral QSC”-nin xx.xx.2021-ci il tarixində Cavabdeh ilk yazılı pretenziyanın göndərilməsi və oktyabr 2021-ci il tarixindən mediasiya təklifinin göndərilməsi ilə kreditorun borcluya öhdəliyin icrasını tələb etmək hüququ başlandığından iddia müddətinin axımı da həmin vaxtdan hesablanır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmiş, məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1655/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 365.2-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 372.2-ci maddə- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.3-cü maddə- icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddə- müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddə- fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 427.2-ci maddə- əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
“Mediasiya haqqında” Qanun 35.1-ci maddə- mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunda nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur 35.2-ci maddə-mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 18.Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi 19.Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1655/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20.Məhkəmə qətnamənin əsaslandırıcı hissədi ilə tam razılaşmasa da iddia tələbi üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. 21.Hazırkı halda iddiaçının tələbi 31 may 2017-ci il tarixli, 01045 saylı müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti üç il təşkil edir. 22.Tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra müddəti nəzərdə tutulmadığından və icra tələbetmə məqamı ilə müəyyənləşdirilmədiyindən ağlabatan müddət ərzində borclu tərəfindən icra edilməli idi. Malların cavabdehə satış üçün hansı tarixdə təhvil verildiyi barədə işdə sübutlar olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında üzləşmə aktı tərtib edildiyi 01 dekabr 2017-ci il tarixdən cavabdeh malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi ağlabatan müddət ərzində icra etməli idi. 23.İddiaçının nümayəndəsi işə məhkəmə iclasında göstərmişdir ki, şifahi olaraq ödənişlərin həyata keçirilməsi 2019-cu ildə bir neçə dəfə cavabdehdən tələb olunmuşdur. 24.Sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirildiyindən iddia müddətinin axımı həmin tarixdə kəsilərək yenidən başlamış və üç illik müddək 2021-ci ilin aprel ayında bitmişdir.
25. İddiaçının apellyasiya şikayətində qeyd edilənlərə əsasən iddiaçı 2021-ci ilin oktyabr ayında, yəni iddia müddəti bitdikdən sonra hazırkı iddia tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. İddia müddəti buraxıldığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddiaçının tələbinin təmin edilməsi qanunla istisna olunur. 26.Tərəflər arasındakı müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra uzadıldığına və hal-hazıradək qüvvədə olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər işdəki sübutlarla təsdiq edilmədiyindən əsaslı hesab edilmir. 27.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1655/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2-2(113)-1655/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.