Məhkəmə qərarları › İş №2-2(103)-967/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-967/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-967/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2924/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır. Lizinq obyektini 1 ədəd 24-lü toxumsəpən gübrəsəpənlə təşkil etmişdir. Lizinq obyektinin qiyməti 10.629,84 manat olmuş, 2.970,23 manat güzəşt tətbiq edilmiş, 2.453,04 manat ilkin ödəniş edilmiş və 52,07 komissiya məbləği tutulmuşdur.

2. Lizinq məbləği 5.206,57 manat təşkil etmişdir və cavabdeh tərəfindən ilkin ödənişdən başqa cəmi 1.594 manat lizinq ödənişi edilmişdir.

3. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, lizinq obyekti Cavabdeh tərəfindən "xxxx" ASC-yə geri qaytarılmışdır. Qeyd edilmiş aktı Cavabdeh və "xxxx" ASC-nin adından isə X1 imza etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli №GL055 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd 24-lü toxumsəpən gübrəsəpənlə avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 3.612,57 gecikdirilmiş əsas borcu, 5.382,06 manat cərimə borcu və 109,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Global Leasinq ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli №GL055 saylı Lizinq müqaviləsinə əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 5.206,57 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 10.629,84 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən cavadeh tərəfindən 2.453,04 manat ilkin ödəniş və 52,07 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 3.612,57 gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 5.382,06 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə xx.xx.2024-cü il tarixində pretenziya məktubu rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 3.612,57 gecikdirilmiş əsas borcu, 5.382,06 manat cərimə borcu yaransada da, cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eyni, zamanda xx.xx.2024-cü il tarixə cavabdeh 1.594 manat ödəniş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2924/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi ləğv edilmiş hesab edilmiş, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.298 (bir min iki yüz doxsan səkkiz) manat, 60 (altmış) qəpik, cərimə borcu üzrə 60 (altmış manat) olmaqla, cəmi 1.358 (bir min üç yüz əlli səkkiz) manat, 60 (altmış qəpik) məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır. Lizinq obyektini 1 ədəd 24-lü toxumsəpən gübrəsəpənlə təşkil etmişdir. Lizinq obyektinin qiyməti 10.629,84 manat olmuş, 2.970,23 manat güzəşt tətbiq edilmiş, 2.453,04 manat ilkin ödəniş edilmiş və 52.,07 komissiya məbləği tutulmuşdur. Bundan başqa, lizinq məbləği 5.206,57 manat təşkil etmişdir və cavabdeh tərəfindən ilkin ödənişdən başqa cəmi 1.594 manat lizinq ödənişi edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, lizinq obyekti geri qaytarıldığından, tərəflər arasında bağlanmış lizinq müqaviləsi də, ləğv edilmiş hesab edilməlidir. İşə əlavə edilmiş lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, lizinq alanın icra etməli olduğu aylıq lizinq ödənişi 144,63 manat təşkil etmişdir və lizinq obyektinin geri qaytarıldığı tarixədək 20 ay üzrə (20x144,63=2.892,6) ödənişləri icra etməli idi. Ancaq lizinq alan cəmi 1.594 manat məbləğində lizinq ödənişləri etdiyindən, ödənilməmiş 1.298,6 (2.892,6-1.594) manat məbləğində borcu qalmışdır. Ona görə də, 1.298,6 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır. Hazırki işin hallarından görünür ki, cavabdehin 1.298,6 manat əsas borcuna münasibətdə 60 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, hazırkı iş üzrə məhkəməxəttşünaslıq ekspertizasının təyin edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə prosesi zamanı lizinq avadanlığını geri qaytardığını və bunu təhvil-təslim aktı ilə həyata keçirdiyini qeyd etsə də, həmin aktda olan imzanın cavabdeh tərəfindən imzalanması şübhəlidir. Qeyd etmək zəruridir ki, məhkəmənin lizinq predmetinin cavabdeh tərəfindən geri qaytarılmasına dair gəldiyi qənaət tam şəkildə aydınlaşdırılmamışdır. Belə ki, aktda çəkilən imzanın həqiqiliyi sual altındadır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

13. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12 və 748-1.12.4-cü maddələrə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə iddiaçı tərəfindən tam hissədə mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2924/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi, müqaviləyə 01 saylı Əlavə bağlanmışdır. Lizinq obyektini 1 ədəd 24-lü toxumsəpən gübrəsəpənlə təşkil etmişdir. Lizinq obyektinin qiyməti 10.629,84 manat olmuş, 2.970,23 manat güzəşt tətbiq edilmiş, 2.453,04 manat ilkin ödəniş edilmiş və 52.,07 komissiya məbləği tutulmuşdur. Bundan başqa, lizinq məbləği 5.206,57 manat təşkil etmişdir və cavabdeh tərəfindən ilkin ödənişdən başqa cəmi 1.594 manat lizinq ödənişi edilmişdir.

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək lizinq obyektinin geri qaytarılması barədə aktdakı imzanın cavabdehə məxsus olmasının şübhəli olduğunu və hazırkı iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsində bununla bağlı etiraz etməmiş və məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verməmişdir. Həmçinin, iddiaçı tərəf vəsatəti əsaslandırmamış və imzanın cavabdehə məxsus olmamasını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, aktdakı imzanın cavabdehə məxsus olub-olmaması heç nəyi dəyişdirmir və bu səbəbdən ekspertiza keçirilməsinə zərurət yoxdur.

19. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisənin həlli baxımından ilk müəyyən edilməli olan məqam, lizinq alan tərəfindən lizinq obyektinin geri qaytarılıb-qaytarılmamasıdır.

20. İş materiallarına iddiaçı "xxxx" ASC-nin özü tərəfindən elektron sistemə əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, lizinq obyekti Cavabdeh tərəfindən "xxxx" ASC-yə geri qaytarılmışdır.

21. Qeyd edilmiş aktı Cavabdeh və "xxxx" ASC-nin adından isə X1 imza etmişdir.

22. Məhkəmə bu xüsusda hesab edir ki, lizinq obyektinin geri qaytarılması aktını "xxxx" ASC-nin işçisi olmuş şəxs imza etdiyindən lizinq obyektinin xx.xx.2021-ci il tarixdə geri qaytarılması barədə cavabdehin dəlili inandırıcıdır. Həmçinin, əgər lizinq obyekti "xxxx" ASCyə geri qaytarılmamış olsa idi, qeyd edilmiş akt da, onlarda olmaz və elektron sistemə də, əlavə edilməzdi. Ona görə də, məhkəmə hesab etmişdir ki, lizinq obyektinin geri qaytarılması hissəsində iddia təmin edilə bilməz və lizinq obyektinin qaytarıldığı zamanadək lizinq ödənişləri hesablanmalı, edilmiş lizinq ödənişləri çıxılmalıdır.

23. Həmçinin məhkəmə hesab edir ki, artıq lizinq obyekti geri qaytarıldığından, tərəflər arasında bağlanmış lizinq müqaviləsi də, ləğv edilmiş hesab edilməlidir. İşə əlavə edilmiş lizinq müqaviləsinin ödəniş cədvəlindən görünür ki, lizinq alanın icra etməli olduğu aylıq lizinq ödənişi 144,63 manat təşkil etmişdir və lizinq obyektinin geri qaytarıldığı tarixədək 20 ay üzrə (20x144,63=2.892,6) ödənişləri icra etməli idi. Ancaq lizinq alan cəmi 1.594 manat məbləğində lizinq ödənişləri etdiyindən, ödənilməmiş 1.298,6 (2.892,6-1.594) manat məbləğində borcu qalmışdır. Ona görə də, 1.298,6 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia qismən əsaslıdır.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, cavabdehin 1.298,6 manat əsas borcuna münasibətdə 60 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2924/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar