Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-968/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina, apellyasiya icraatına xitam) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən 22 iyul 2025-ci il tarixində (birinci instansiya məhkəməsisinin qətnaməsi çıxarılan günə) əldə edilmiş məlumata görə, Maraqlı şəxs (VÖEN: **********) vergi borcu yoxdur.
2. Həmçinin, ərizəçi tərəfindən təqdim edilmiş, Maraqlı şəxs 22 iyul 2025-ci il tarixli şəxsi hesab vərəqəsində cəmi ödənilməli borc 0 manat qeyd olunmuşdur.
3. Ərizəçi tərəfindən təqdim edilmiş, Maraqlı şəxs 06 avqust 2025-ci il tarixli şəxsi hesab vərəqəsində cəmi ödənilməli borcunun 12 064,10 manat olduğu göstərilmişdir.
4. Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən 15 sentyabr 2025-ci il tarixində əldə edilmiş məlumatdan müəyyən olunur ki, Maraqlı şəxs (VÖEN: **********) vergi borcu 33 675,42 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 12 632,96 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə belə əsaslandırılmışdır ki, 08 iyul 2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 12 632,96 manat məbləğində (o cümlədən, vergilər üzrə 6591,05 manat, faizlər üzrə 5001,91 manat, maliyyə sanksiyası üzrə 1040 manat) olmaqla, ümumilikdə 12 632,96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 11 aprel 2025-ci il tarixdə **********182800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Birinci instansiya məhkəməsinin 22 iyul 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması qət edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxsin hal-hazırda heç bir borcu olmadığına görə ərizə rədd edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə, 71-ci maddəsinin İİ bəndinə, 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü, 16.1.1-ci, 23.1.15-3-cü, 24.0.2-1-ci, 77.3-cü, 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Reiner Bolqarıstana qarşı 23 may 2006-cı il tarixli və Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı 14 oktyabr 2021-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
10. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudıaşdırılmasının qanunla müəyyənləşdirilmiş təsir vasitəsi olduğunu nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
12. Ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə onun səlahiyyətli şəxsi elektron sistem vasitəsilə ərizə ünvanlayaraq Maraqlı şəxs tərəfindən müvafiq borcun ödənilmiş olması səbəbilə apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
14. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
15. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ərizəçiyə münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5611/2025 saylı iş üzrə 22 iyul 2025-ci il tarixli qətnaməsindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov