Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-969/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4883/2023 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Bakı Mənzil Kommunlayihə Layihə İnstitutunun (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 17812,2 manat, İcbari Tibbi Sığorta Fonduna 2958,52 manat, dövlət büdcəsinə 4727,89 manat, İşsizlikdən sığorta fonduna 645,62 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Bakı Mənzil Kommunlayihə Layihə İnstitutunun (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 17812,2 manat, İcbari Tibbi Sığorta Fonduna 2958,52 manat, dövlət büdcəsinə 4727,89 manat məbləğində (o cümlədən, vergilər üzrə 4179,7 manat, faizlər üzrə 548,19 manat), İşsizlikdən sığorta fonduna 645,62 manat məbləğində olmaqla borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********304400, xx.xx.2023-cü il tarixli **********232400, xx.xx.2023-cü il tarixli **********729600, xx.xx.2023-cü il tarixli **********682300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs ərizədə göstərilən borcların ondan əvvəlki direktorun dövründə yarandığını, həmin borcların onun fəaliyyət göstərdiyi dövrdə yaranmadığını, bu səbəbdən onun həmin borclara görə hər hansı məsuliyyət daşımadığını bildirib ərizənin rədd edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4883/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Mənzil Kommunlayihə Layihə İnstitutu hüquqi şəxs olmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Layihə İnstitunun nizamnaməsində onun rəhbərinin hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıması barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə tərəfindən heç bir obyektiv araşdırılma aparılmadan, qanunsuz surətdə hüquqi şəxsin öhdəlikləri üçün ona məhdudiyyət tətbiq edilmişdir. “Bakımənzilkommunlayihə” Layihə institutu təsərrüfat hesablı qurum olduğundan və hazırda hesabında vəsait olmadığından, institut işçilərinin əmək haqlarını və digər zəruri xərclərini qarşılamaq imkanına malik deyildir. Belə olan halda, habelə instituta hər hansı vəsait daxil olmadığından ərizəçinin ərizəsində qeyd etdiyi borcları qarşılamaq, ödəmək mümkün olmamışdır. Digər tərəfdən yaranmış borc məbləği maraqlı şəxsə bu vəzifə həvalə edilmiş dövrdən, yəni xx.xx.2023-cü il tarixdən əvvəlki dövrə təsadüf edən borc məbləğidir ki, bunun da ona hər hansı aidiyyəti yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında Maraqlı şəxs və maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.
18. Belə ki, ərizəçinin istinad etdiyi hallar iş materiallarında olan "xxxx" MMC (VÖEN: **********) şəxsi hesab vərəqəsi və vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişlərlə təsdiq olunur.
19. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə təmin edilməlidir.
20. Maraqlı şəxsin istinad etdiyi hallar isə əsaslı hesab edilə bilməz. Belə ki, borcun hüquqi şəxsin hansı rəhbərinin dövründə yaranmasının mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Çünki qanunvericilikdə vergi borcu yaranan vaxt hüquqi şəxsin icra orqanının rəhbəri olmuş şəxsin deyil, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nəzərdə tutmuş və hazırda da "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Həmçinin Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində birbaşa təsbit olunmuşdur ki, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün yeganə əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" MMCnin Dövlət Sosial Müdafiə Fonduna 17812,2 manat, İcbari Tibbi Sığorta Fonduna 2958,52 manat, dövlət büdcəsinə 4727,89 manat, İşsizlikdən sığorta fonduna 645,62 manat məbləğində borcu vardır.
21. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4883/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn