Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-97/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdeh "5+A Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-3405/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti cavabdeh “5 + A Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 13.05.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 48471,06 manat məbləğində əsas borc, 9962,3 manat cərimə və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdeh “5 + A Qrup” MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “5 + A Qrup” MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında 13.05.2020-ci il tarixində bağlanmış O000768268 saylı alqısatqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür.. Cavabdehlə 13.05.2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda, hər bir gecikdirilmiş günə 0,1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqısatqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 9962,3 (doqquz min doqquz yüz altmış iki manat otuz qəpik) manat təşkil edir. Cavabehə göndərilmiş elektron qaimə-faktura təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yüknəqliyyat qaimələrini imzalayıb möhürləmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, üzləşmə aktı, yüknəqliyyat qaiməsi və digər sənədlər iddianın əsaslılığını təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-2(113)-3405/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “5 + A Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətindən 13.05.2020-ci il tarixli, O000768268 saylı alqı-satqı müqaviləsi üzrə 48471,06 manat məbləğində əsas borc, 2500 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 26 manat olmaqla, cəmi 50997,06 manat məbləğində pulun iddiaçı “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 4 (dörd) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3405/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində “5 + AQrup” MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında olan alqı-satqı müqaviləsi heç də iddia ərizəsində yazıldığı və məhkəmə prossesində deyilənlər kimi deyildir. Alqı-satqı müqaviləsində göstərilən borc məbləği hal-hazırda olan borc məbləğindən qat-qat yüksək göstərilmişdir. Cərimə borclarından isə söz belə gedə bilməz. Alqı-satqı müqaviləsində göstərilən maddələrdə isə “5 + A Qrup” MMC-nin maraqlarına zidd bir çox məqamlar mövcuddur. Bu məqamlar isə Holcim (Azərbaycan) ASC və Holcim (Azərbaycan) ASC-nin nümayəndəsi tərəfindən məhkəmə prossesində dilə gətirilmir. Vəziyyətin bu həddə çatmasının əsas səbəbi isə Holcim (Azərbaycan) ASC-nin əsassız iddia ərizələri ilə məhkəməyə müraciət etməsidir. Məhkəmə prossesində iddiaçı tərəfin nümayəndəsinin müqavilənin 8.2-ci maddəsinə əsaslanıb fikir bildirməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə prossesi zamanı hakimin O000768268 saylı alqı-satqı müqaviləsinə əsaslanması və həmin müqavilədə olan bəndlərin nə dərəcədə “5 + AQrup” MMC-nin maraqlarına zidd olduğuna nəzər yetirməmişdir. Bildiyimiz kimi alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Amma ki, bu müqailədə “5 + AQrup” MMC-nin maraqlarına zidd hüquq və vəzifələrini pozan müddəalar mövcuddur. Bu isə Bakı Kommersiya Məhkəməsinin hazırki işə qərəzli mövqeyinin açıq-aşkar təzahürüdür. Nəzərinizə çatdırıram ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə əsassızdır. Bunun əsas səbəbi isə məhz müqavilə üzrə göstərilən məbləğlərin əsassız olaraq dəbbə pulu və cərimə faizləri ilə artıq göstərilməsindədir. Halbuki müqavilə üzrə tələblərə dair iddia ərizələrinə baxılarkən absurd məbləğlərdə cərimə faizi tələb edilərsə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır. Lakin birinci instansiya məhkəməsi kifayət qədər səthi formada apardığı araşdırma zamanı bu kimi xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxılması 22.12.2021-ci il tarixə təyin edilmiş, tərəflərin vəsatətinə əsasən 26.01.2022-ci il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsinin elektron kabinetinə məhkəmə iclasının vaxtı barədə bildirişlər yerləşdirilsə də, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli 2-2(113)-3405/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış O000768268 saylı, 13.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin 3-cü bəndində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və malın satış qiymətini vaxtında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, əlavədə göstərilən cədvəldə qeyd edilmiş malların qiymətləri tərəflər arasında müəyyən edilmiş və 13.05.2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək həmin qiymətlər üzrə alqı-satqının edilməsi razılaşdırılmışdır. 31.12.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, 31.12.2020-ci il tarixə cavabdeh “5 + A Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ümumi borcu 37766,13 manat təşkil edir. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin dəyərdə malların cavabdehə təqdim edilməsi ilə bağlı 22.05.2020-ci il tarixli, EBAK seriyalı, 277071 nömrəli, 26.05.2020-ci il tarixli, EBAK seriyalı, 310755 nömrəli, 26.05.2020-ci il tarixli, EBAK seriyalı, 315666 nömrəli, 28.05.2020-ci il tarixli, EBAK seriyalı, 399049 nömrəli, 28.05.2020-ci il tarixli, EBAK seriyalı, 418826 nömrəli, 29.05.2020-ci il tarixli, EBAK seriyalı, 476254 nömrəli, 31.05.2020-ci il tarixli, EBAK seriyalı, 540409 nömrəli elektron qaimələr iş materiallaına əlavə edilmişdir. 27.08.2021-ci il tarixli maliyyə arayışından və iddia ərizəsinə əlavədən görünür ki, cavabdehin alqı-satqı müqaviləsinə əsasən əsas borcu 48471,09 manat, cərimə borcu 9962,30 manat təşkil edir. 48471,09 manat əsas borcun 37766,13 manatı sement məhsulunun alqı-satqısına görə yaranmış, 10704,96 manatı isə təhvil verilmiş, qaytarılmamış 378 ədəd altlığı ƏDV ilə birgə dəyəridir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndində qeyd edilir ki, mal taxta altlıqlarla təchiz olunarsa alıcı aldığı hər bir taxta altlığı geri qaytarmaq, ks halda geri qaytarılmayan hər bir altığa görə “Qiymət” əlavəsində qeyd ediləm məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. 30.06.2020-ci il tarixli, EBBE seriyalı, 157647 nömrəli elektron qaimədən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC tərəfindən 378 ədəd altlığa görə 10704,96 (ƏDV daxil) manat hesablanaraq, ödənilməsi üçün “5 + A Qrup” MMC-yə göndərilmişdir. Həmin elektron qaiməyə cavabdehin etiraz etməsi barədə məhkəməyə hər hansı sübut daxil olmamışdır. Eyni zamanda işdəki Yük nəqliyyat qaimələrindən müəyyən olunur ki, iddiaçının dəyərinin ödənilməsini istədiyi altlıqlar cavabdehə təhvil verilmişdir. “Holcim (Azərbaycan)” ASC tərəfindən cavabdeh “5 + A Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 07.05.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 17.05.2021-ci il tarixədək ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 07.05.2021-ci il tarixli pretenziya məktubuna cavabdeh tərfindən iddiaçıya göndərilən, 14.05.2021-ci il tarixli, imzalanıb möhürlənmiş cavab məktubunda deyilir ki, iddiaçıya borclu olduqları 37766,1 manat borcu maliyyə çətinlikləri ilə əlaqədar ödəyə bilməmişlər. Məktubda borcu ödəmək üçün iki ay vaxt verilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 567, 598, 442, 448.1-ci maddələrinə istinad edərək “Holcim (Azərbaycan)” ASC ilə cavabdeh “5 + A Qrup” MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinun mövcud olduğunu müəyyən etməklə cavabdehun alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya borcu yarandığının təsdiq edildiyinə və iddianın əsas borc hissəsində əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Cərimə borcu hissəsində isə məhkəmə MPM-nin 467-ci maddəsini tətbiq edərək iddianı qismən 2500 manat məbləgində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Cavabdehin apellyasiya şikayətində qeyd edilir ki, məhkəmə alqı-satqı müqaviləsinin bir çox şərtlərinin alıcının maraqlarına zidd olmasına nəzər yetirməmişdir. Məhkəmə bu mülahizə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda və bu müqavilələrin məzmununu müəyyənləşdirməkdə azad olduqlarından və cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinin etibarsız hesab edilməsi və ya dəyişdirilməsi üçün hal-hazıradək iddia qaldırmadığından məhkəmə mübahisəni həll edərkən müqavilənin şərtlərini (hansısa şərtin cavabdehin maraqlarına zidd olduğu halda belə) əsas götürməyə borcludur. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi iş üzrə əsas borcun və cərimə borcunun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir. Belə ki, 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının sement məhsulun görə tələb etdiyi 37766,13 manat borcun məbləği 31.12.2020-ci il tarixli üzləşmə aktı ilə təsdiq edildiyini, o cümlədən pretenziyaya cavab məktubunda cavabdehin həmin borcu qəbul edərək qısa müddətdə ödəniləcəyini bildirdiyini, qeyd edilən tarixdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməsi barədə məhkəməyə sübutlar təqdim edilmədiyini, taxta altlıqlarla bağlı cavabdehə ƏDV daxil 10704,96 manat dəyərində 30.06.2020-ci il tarixli, EBBE seriyalı, 157647 nömrəli elektron qaimə göndərildiyini və həmin qaimənin mübahisələndirilmədiyini, o cümlədən iddiaçı tərəfindən tələb edilən cərimə məbləğinin məhkəmə tərəfindən azaldılaraq 2500 manat müəyyən edildiyi nəzərə alaraq hesab etmişdir ki, təqdim edilmiş sübutların araşdırılması üçün xüsusi bilik tələb olunmadığından iş üzrə ekspertiza təyin ediməsinə dair cavabdehin vəsatəti əsassız olmaqla məhkəmə icraatının yubadılması məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli 2- 2(113)-3405/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "5+A Qrup" MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14.09.2021-ci il tarixli e-2-2(113)-3405/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-97/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-97/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver