Məhkəmə qərarları › İş №2-2(103)-97/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-97/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-97/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Şəfa" X1rşı kommersiya işi Açar söz: icarə müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1007/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh MMC “icarəçi” İddiaçı MMC “icarəyəverən” olmaqla tərəflər arasında 06 yanvar 2014-cü il tarixli 01 nömrəli, 07 yanvar 2015-ci il tarixli 02 nömrəli, 05 yanvar 2016-cı il tarixli 03 nömrəli, 05 yanvar 2017-ci il tarixli 04 nömrəli, 05 yanvar 2018- ci il tarixli 03 nömrəli, 06 yanvar 2019-cu il tarixli 03 nömrəli, 07 yanvar 2020-ci il tarixli 03 nömrəli, 06 yanvar 2021-ci il tarixli 03 nömrəli, 05 yanvar 2022-ci il tarixli 09 nömrəli icarə müqavilələri imzalanmışdır. Həmin müqavilələrə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus bu müqavilənin ayrılmaz hissəsi olan, əlavələrində göstərilən nəqliyyat vasitələri və X4nı işçi heyəti ilə təmin etməklə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

2. 06 yanvar 2014-cü il tarixli 01 nömrəli müqaviləyə əlavəyə əsasən 163.697,78 manat, 07 yanvar 2015-ci il tarixli 02 nömrəli müqaviləyə əlavəyə əsasən 190.992,52 manat, 05 yanvar 2016-cı il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 171.202,66 manat, 05 yanvar 2017-ci il tarixli 04 nömrəli müqaviləyə əlavəyə əsasən 153.027,12 manat, 05 yanvar 2018-ci il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 192.705,80 manat, 06 yanvar 2019-cu il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 198.040,58 manat, 07 yanvar 2020-ci il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 211.696,72 manat, 06 yanvar 2021-ci il tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 170.164,26 manat, 05 yanvar 2022-ci il tarixli 09 nömrəli müqaviləyə əlavəyə əsasən 177.244,26 manat yekun ödəniləcək məbləğ tərəflər arasında razılaşdırılmış, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.

3. 05 yanvar 2018-ci il tarixli müqaviləyə əlavə 1-də, 06 yanvar 2019-cu il tarixli müqaviləyə əlavə 1-də, 07 yanvar 2020-ci il tarixli müqaviləyə əlavə 1-də, 06 yanvar 2021ci il tarixli müqaviləyə əlavə 1-də, 06 yanvar 2014-cü il tarixli müqaviləyə əlavə 1-də, 07 yanvar 2015-ci il tarixli müqaviləyə əlavə 1-də, 05 yanvar 2016-cı il tarixli müqaviləyə əlavə 1-də, 05 yanvar 2017-ci il tarixli müqaviləyə əlavə 1-də Cavabdeh MMC-nin istifadəsinə verilmiş texnikaların siyahısı razılaşdırılmış, müqaviləyə əlavə 1-lər “AqroKompleks Qəbələ” MMC və İddiaçı MMC-nin möhürləri ilə təsdiq edilmişdir.

4. Bakı “11” saylı Mediasiya Təşkilatının xx.xx.2022 tarixli arayışına əsasən 400 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 06 yanvar 2014-cü il tarixli X3 01 saylı icarə müqaviləsi, 07 yanvar 2015-ci il tarixli X3 02 saylı icarə müqaviləsi, 05 yanvar 2016-cı il tarixli X4 və nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 05 yanvar 2017-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 04 saylı icarə müqaviləsi, 05 yanvar 2018-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 06 yanvar 2019- cu il larixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 07 yanvar 2020-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 06 yanvar 2021-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi və 05 yanvar 2022-ci il tarixli X4 və nəqliyyat vasitələrinin 09 saylı icarəsi müqavilələrinə əsasən yaranmış 1.221.941 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 06 yanvar 2014-cü, 07 yanvar 2015-ci il tarixli, 05 yanvar 2016-cı il, 05 yanvar 2017-ci il, 05 yanvar 2018-ci il, 06 yanvar 2019-cu il il, 05 yanvar 2020-ci il və 05 yanvar 2021-ci il tarixli X3 icarəsi müqaviləsinə İddiaçı MMC tərəfindən ona məxsus kənd təsərrüfatı texnikaları Cavabdeh MMC-yə icarəyə verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən bu günədək texnikadan istifadəsinə görə icarə haqqı ödəməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə icarə haqqını könüllü ödəməkdən yayınmışlar. Bağlanmış 21 avqust 2019-cu il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC 31 dekabr 2022-ci il tarixədək texnikadan istifadəyə görə 1.034.697 (ƏDV: 123.743,16) manat məbləğində borclarının olmasını etiraf edərək yaxın vaxtlarda borclu qaldıqları pul məbləğini ödəyəcəklərini vəd etmişlər. Lakin bu müddət ərzində borclarını ödəməmişlər. Cavabdeh MMC-yə müqavilələr üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərilsə də, bu günədək bildirişə də hər hansı münasibət bildirilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla mediasiya şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasında iştirak etsə də sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022- ci il tarixli MŞB /11-01382 saylı arayışı ilə rəsmiləşdirilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1007/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdehndən 347.408,52 (üç yüz qırx yeddi min dörd yüz səkkiz manat, əlli iki qəpik) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilədə razılaşdırılmış nəqliyyat vasitələrinin icarəyə verilməsinə dair müqavilələr imzalanmışdır. Tərəflər arasında cavabdehin istifadəsinə verilən texnikalar üzrə görülmüş işlərin həcmi və görülümüş iş və xidmətlərin dəyəri müəyyən olunaraq hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

9. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsaslı olması məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış müqavilələrə uyğun olaraq yekun ödənilməli olan məbləğ hər iki tərəfin möhürü ilə təsdiq edilmiş müqaviləyə əlavərlə sübuta yetirilir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin nümayəndəsi və vəkilinin etirazları əsassızdır. Belə ki, cavabdehin tərəflər arasında imzalanmış müqavilə üzrə borcunun olması hər iki müəssisənin təsdiq etdiyi aktlarla sübuta yetirilir. Bu baxımdan iddiaçı tərəfindən sadalanan texnikaların təhvil-təslim edilməsi barədə aktların və s. sənədlərin məhkəməyə təqdim edilməməsi iddia tələbinin rədd edilmə əsası kimi qəbul edlə bilməz. Eyni zamanda cavabdeh imzalanmış müqavilələrin uydurma əqd olduğunu bildirmişdir. Mülki Məcəllədən aydın olur ki, uydurma əqdlərin bağlanmasında niyyət ona uyğun olmayan hüquqi nəticələr yaratmaq niyyəti güdür və görünüş üçün bağlanılır. Mülki Məcəllənin qeyd edilən normasından aydın olur ki, uydurma əqdi bağlayan tərəflər həmin əqddəki məqsədi güdməsələr belə, öz aralarında hər-hansısa digər bir məqsəd güdmüş olurlar. Cavabdehin nümayəndəsi və vəkili isə müqavilələrin uydurma əqd olduğunu bildirsə belə həmini halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır.

11. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilələr üzrə iddia müddəti hesablanarkən üç illik iddia müddəti nəzərə alınmalı, iddiaçı tərəfindən 24 yanvar 2023-cü il tarixində məhkəməyə müraciət edildiyindən tərəflər arasında imzalanmış 06 yanvar 2014-cü il tarixli X3 01 saylı icarə müqaviləsi, 07 yanvar 2015-ci il tarixli X3 02 saylı icarə müqaviləsi, 05 yanvar 2016-cı il tarixli X4 və nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 05 yanvar 2017-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 04 saylı icarə müqaviləsi, 05 yanvar 2018-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 06 yanvar 2019- cu il larixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi, 07 yanvar 2020-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi qeyd edilən müqavilələrə münasibətdə rədd edilməlidir. 12.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 07 yanvar 2020-ci il tarixli X4 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsinə iddia müddətinin şamil edilib edilməməsi məsələsi araşdırılarkən məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə tərəflər arasında mediasiya sessiyası ilə bağlı qeyd edilən halları sübuta yetirəcək sübutlar tələb edilsə də həmin sənədlərin iş materiallarına əlavə edildiyi bildirilmiş, lakin həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə tərəflər arasında keçirilmiş mediasiya sessiyasının yekunları barədə arayış təqdim edilmişdir ki, qeyd olunan arayışdan isə tərəflər arasında mediasiya sessiyasının hansı tarixdən etibarən başlaması məlum olmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia yalnız xx.xx.2021-ci il tarixli 03 saylı icarə müqaviləsi üzrə 170.164,26 manat pulun və xx.xx.2022-ci il tarixli 09 saylı müqavilə üzrə 177244,26 manat borcun tutulması hissəsində təmin edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1007/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ya uydurma əqdi yalan əqddən fərqləndirə bilmədiyi üçün maddi hüquq normalarını səhv tövsif etmiş, ya da mübahisəyə MM-nin 340.1-ci maddəsinin əvəzinə səhvən 340.2-ci maddəsini tətbiq etmişdir. Nəticədə, qanunsuz qətnamə qəbul edilmişdir. Uydurma əqdi yalan əqddən fərqləndirən əsas əlamət odur ki, o, yalnız görünüş üçün bağlanır və bağlanmasında ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmur. Yalan əqd isə yalnız görünüş üçün bağlanmır. Belə əqd tərəflərin faktiki razılaşdığı başqa əqdi pərdələmək niyyəti ilə bağlanır. Cavabdeh etriazlarında əqdlərin “yalan” olduğu üçün deyil, “uydurma” olduğu üçün əhəmiyyətsiz sayıldığı dəlilini irəli sürmüş, onların başqa bir əqdi pərdələmək niyyəti ilə bağlandığını bildirməmişdir. Ona görə də, məhkəmənin əsaslandığı müqavilələrin əslində hansısa başqa əqdi pərdələmək niyyəti ilə bağlandığının cavabdeh tərəfindən sübut edilməsinə heç bir gərək də yoxdur. Məhkəmənin belə mövqeyi tamamilə əsassızdır. Əgər məhkəmə müqavilələri əhəmiyyətsiz saymırdısa, bu maddi hüquq normalarının tələbinə əsasən, iddiaçının həmin müqavilələr üzrə götürdüyü öhdəliklərin faktiki icra vəziyyətini və dəyərini müəyyən etməli idi. Yalnız bundan sonra cavabdehin iddiaçıya borclu olubolmadığı müəyyən edilə bilərdi. Lakin məhkəmə bu maddi hüquq normalaını tətbiq etməmişdir. Halbuki, cavabdehin etiraz ərizəsində bu halı təsdiq edən kifayət qədər dəlillər göstərilmişdir. Əsas dəlil isə ondan ibarətdir ki, müqavilələrin məzmununda onların predmeti və qiymtləndirmə meyarları anlaşılmaz və qeyri-müəyyən yazılmışdır. İddiaçı tərəfindən öz öhdəliklərinin icrasını təsdiq edən hər hansı bir akt tərtib edilməmiş, cavabdehə qaimə hesab-faktura, pul tələbinin ödənilməsi barədə bildiriş, elektron hesabfaktura (invoys) təqdim edilməmişdir. Habelə, tərəflərin mühasibat uçotu hesabatlarnda bir-birinə debitor və ya kreditor borcu qeyd olunmamışdır. İddiaçı öz tələbini əsaslandırmaq üçün məhkəməyə müqavilə üzrə öz öhdəliklərini faktiki yerinə yetirdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Yəni iddiaçının bu halları sübut edə bilməməsi müqavilələrin əhəmiyyətsiz olduğunu təsdiq edir. Eləcə də iddiaçının öz öhdəliklərinin icrasını sübut edə bilməməsi onun tələbinin əsassız olduğunu təsdiq edir. İddiaçı ərizəsində öz öhdəliklərinin icra edildiyinin tərəflərin təsdiq etdiyi 21 avqust 2019-cu il tarixli üzləşmə aktı ilə sübut olunduğunu iddia edir. Guya ki, həmin aktda cavabdeh 31 dekabr 2022-ci il tarixədək texnikadan istifadəyə görə 1.034.697,00 (ƏDV: 123.743,16) manat məbləğində borclarının olmasını etiraf edərək yaxın vaxtlarda borc qaldıqlarını ödəyəcəyini vəd etmişdir. Lakin iddiaçı məhkəməyə həmin aktın əslini və ya surətini təqdim etməmişdir. Cavabdehin etirazının dəlillərindən biri də odur odur ki, tərəflər arasında nə 21 avqust 2019-cu il tarixli üzləşmə aktı tərtib olunmuş, nə də cavabdeh 31 dekabr 2022-ci il tarixədək texnikadan istifadəyə görə iddiaçıya hər hansıməbləğdə borclu olduğunu etiraf etmişdir. Digər tərəfdən, 21 avqust 2019-cu il tarixdə imzalanan üzləşmə aktı ilə ondan 3 il 4 ay sonrakı tarixə qədər, hələ bağlanmamış müqavilələr üzrə icarə haqqlarının və ya görüləcək işlərin dəyəini, onların ödənilən hissəsini və qalacaq borcların məbləğini necə müəyyən etmək olardı. Ona görə də belə akt ümumiyyələ ola bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfin nümayəndəsi və vəkilinin etirazları əsassızdır. Belə ki, cavabdehin tərəflər arasında imzalanmış müqavilə üzrə borcunun olması hər iki müəssisənin təsdiq etdiyi aktlarla sübuta yetirilir. Bu baxımdan iddiaçı tərəfindən sadalanan texnikaların təhvil-təslim edilməsi barədə aktların və s. sənədlərin məhkəməyə təqdim edilməməsi iddia tələbinin rədd edilmə əsası kimi qəbul edlə bilməz. Göründüyü kimi, məhkəmə iddiaçının öz tələbini əsaslandırmaq üçün heç bir sübut, həta istinad etdiyi sənədləri belə məhkəməyə təqdim edə bilmədiyini müəyyən etməsinə baxmayaraq, iddianın əsaslı olması qənaətinə gəlmişdir. Bununla da, mülki prosessin ədalət və çəkişmə prinsiplərini, sübutetmə qaydasını, qətnamənin qanuniliyi və əsaslılığı tələblərini müəyyən edən prosessual normalarını kobud şəkildə pozmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddə-tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddə- öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

700.1-ci maddə-icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 340.1-ci maddə- uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddə- iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddə- məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.3-cü maddə- icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1 maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunn 32.4.2 maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən, mediasiya prosesinə xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin məzmununda qeyd edilənlərə əsasən qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1007/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Tərəflər arasında bağlanmış müqavilələr icarə müqavilələri adlandırılsa da, müqavilənin şərtlərindən görünür ki, iddiaçı cavabdehə müqaviləyə əlavələrdə nəzərdə tutulmuş nəqliyyat vasitələrini və X4nı icarəyə verməklə yanaşı eyni zamanda cavabdehi işçi heyəti ilə təmin edərək xidmət göstərməyi üzərinə götürmüşdür.

21. İşdən görünür ki, iddia yalnız xx.xx.2021-ci il tarixli 03 saylı icarə müqaviləsi üzrə 170.164,26 manat və xx.xx.2022-ci il tarixli 09 saylı müqavilə üzrə 177244,26 manat borcun tutulması hissəsində təmin edilməlidir. Qalan müqavilələr üzrə borc tələbləri ilə bağlı iddia müddəti ötürüldüyündən cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq edilərək iddia rədd edilmişdir.

22. xx.xx.2022-ci il tarixli 09 saylı icarə müqavilənə “Əlavə 2” adlı sənəddə (əsli iş materialları 95-96-cı vərəqlər) 2022-ci ildə iddiaçı tərəfindən görülmüş iş və xidmətlərin dəyəri əmək haqqı xərcləri, təmir xərcləri nəzərə alınmaqla ƏDV daxil 177244,26 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli 03 saylı icarə müqaviləsinə “Əlavə 2” adlı sənəddə (əsli iş materialları 47-48-cı vərəqlər) 2022-ci ildə iddiaçı tərəfindən görülmüş iş və xidmətlərin dəyəri əmək haqqı xərcləri, təmir xərcləri nəzərə alınmaqla ƏDV daxil 170164,26 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən üzləşmə aktı kimi qiymətləndirilən həmin əlavələrin hansı tarixdə tərtib edildiyi qeyd edilməsə də, cavabdeh tərəf qeyd edilən əlavələri imzalamaqla qarşı tərəfə göstərilmiş xidmətə görə ödəniləcək borcu etiraf etmişdir.

23. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində müqavilələrin uydurma, görünüş üçün bağlanmış uydurma əqd olduğunu bildirsə də, həmin müqavilələrin hansı məqsədlə bağlandığını göstərməmişdir. Cavabdeh etirazında qeyd edir ki, müqavilələr Cavabdeh MMC-nin əvvəlki rəhbəri tərəfindən bağlandığından ehtimal olunur ki, əvvəlki rəhbərlə iddiaçı arasında qanunsuz razılaşma olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin görünüş üçün bağlanmış uydurma əqd olması cavabdehin ehtimallara əsaslanan mülahizələrindən başqa hər hansı sübutla təsdiq edilmədiyindən iddianın təmin edilmiş hissədə rədd edildiyi hissədə rədd edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1007/2023 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1007/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar