Məhkəmə qərarları › İş №2-2(103)-971/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-971/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-971/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1903/2022 nömrəli iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. xx.xx.2020-ci il tarixli 13/S-2020 nömrəli müqaviləyə əsasən satıcı anbarından mal və avadanlıqları alıcıya satmağı, alıcı isə həmin mal və avadanlıqların alınmasını öhdəsinə götürmüşdür. Alınan mal və avadanlıqların hər bir partiyası üçün tərəflərin müqaviləyə Əlavə tərtib edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin: - 2.2.2. Bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir; - 2.2.3 Əgər alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya satıcı malı göstərilən müddətdə təhvil verməzsə gecikdirilmiş hər gün üçün malların dəyərinin 0,1% həcmində cərimə ödəməlidir; - 4.1. Tərəflər onların əvvəlcədən görə və qarşısını ala bilmədikləri fövqəladə xarakterli hadisələr nəticəsində bu müqavilənin qüvvəyə minməsindən sonra yaranmış qarşısıalınmaz qüvvə (fors-major) halında bu müqavilə üzrə öhdəliklərinin tam icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edilirlər.

2. EBAZ 001501 nömrəli elektron qaiməyə əsasən 6.907,34 manat, EBBA 543309 nömrəli elektron qaiməyə əsasən 12.184,09 manat, EBBB 917499 nömrəli elektron qaiməyə əsasən 3.818,4 manat, EBBD 210456 nömrəli elektron qaiməyə əsasən 9.838,27 manat, EBBE nömrəli 787.629 nömrəli elektron qaiməyə əsasən 4.012,9 manat, ümumilikdə 36.761 manat məbləğdə mal cavabdehə verilmişdir.

3. xx.xx.2021-ci il tarixli 04 nömrəli hesab-fakturaya, qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 6.907,34 manat (1.053,66 ƏDV + 5.853,68) məbləğdə olması razılaşdırılmış, mallar cavabdehə təhvil verilmişdir.

4. xx.xx.2021-ci il tarixli 05 nömrəli hesab-fakturaya, qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 12.184,09 manat (1.858,59 ƏDV + 10.325,5) məbləğdə olması razılaşdırılmış, mallar cavabdehə təhvil verilmişdir.

5. xx.xx.2021-ci il tarixli 06 nömrəli hesab-fakturaya, qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 3.818,4 manat (582,47 ƏDV + 3.235,93) məbləğdə olması razılaşdırılmış, mallar cavabdehə təhvil verilmişdir.

6. xx.xx.2021-ci il tarixli 07 nömrəli hesab-fakturaya, qiymətlərin razılaşdırma protokoluna və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 9.838,27 manat (1.500,75 ƏDV + 8.337,52) məbləğdə olması razılaşdırılmış, mallar cavabdehə təhvil verilmişdir.

7. xx.xx.2021-ci il tarixli 08 nömrəli hesab-fakturaya, qiymətlərin razılaşdırma protokolu və təhvil-təslim aktına əsasən malların dəyərinin cəmi 4.012,9 manat (612,14 ƏDV + 3.400,76) məbləğdə olması razılaşdırılmış, mallar cavabdehə təhvil verilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

8. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 13/S-2020 nömrəli müqavilə üzrə 23.301 manat borcun, gecikdirilmiş 240 gün üçün əsas borcun 0,1%-ni təşkil edən 5.592,24 manat cərimə məbləğinin və mediasiya üçün ödənilmiş 200 manat məbləğinin, ümumilikdə 29.093,24 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli 13/S-2020 nömrəli müqavilə üzrə 23.301 manat əsas borc və 1.000 manat cərimə olmaqla, ümumilikdə 24.301 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ilk mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 168 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, “İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 36.761 manat (5.607,61 ƏDV + 31.153,39) dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh tərəfindən ƏDV təşkil edən 5.607,61 manat, həmçinin, əsas borcdan 4.000 manat hissəsi ödənilmişdir. Cavabdehin ödənilməmiş borc məbləği 27.153,39 manat təşkil etsə də, iddiaçının iddia ərizəsi üzrə tələbi cavabdehdən əsas borca görə 23.301 manat məbləğinin tutulması təşkil edir. ... Buna görə də məhkəmə hesab edir ki, iddianın 23.301 manat məbləğinin tutulması hissədə təmin olunması üçün əsaslar mövcuddur.”

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 463.1, 567, 600.1, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176, 176.4-cü maddələrinə, “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, cərimənin tətbiq edilməsi hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, müqavilənin 2.2.3-cü bəndinə əsasən, alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya satıcı malı göstərilən müddətdə təhvil verməzsə gecikdirilmiş hər gün üçün malların dəyərinin 0,1% həcmində cərimə ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən bəndində cərimənin tətbiq edilməsi alıcının almış olduğu mallara görə ödəniş etməməsi ilə şərtləndirilmişdir. Başqa sözlə, alıcı almış olduğu mallara görə hər hansı ödəniş etməsə idi, satıcı buna görə cərimə tətbiq edərək müqavilə üzrə qeyd edilmiş miqdarda cərimənin ödənilməsini tələb edə bilərdi. Məhkəmə tərəflər arasında bağlnamış müqavilənin 2.2.3-cü bəndini düzgün şərh etməmiş və bunun nəticəsində düzgün hüquqi nətiəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, cavabdeh almış olduğu malların dəyərinin bir hissəsini yəni 4.000 manat pulu iddiaçıya ödəmişdir. Müqavilə üzrə cərimənin tətbiq edilməsi mexanizmi o halda tətbiq edilə bilərdi ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş olsun. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında müqavilə bağlanan tarixdə (xx.xx.2020-ci il) ölkədə pandemiyanın və müəyyən qapanmaların mövcud olduğunu, buna görə də fors-majordan irəli gələn səbəbləri nəzərə almamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndindən də görünür ki, tərəflər onların əvvəlcədən görə və qarşısını ala bilmədikləri fövqəladə xarakterli hadisələr nəticəsində bu müqavilənin qüvvəyə minməsindən sonra yaranmış qarşısıalınmaz qüvvə (fors-major) halında bu müqavilə üzrə öhdəliklərinin tam icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə məsuliyyətdən azad edildirlər. Ölkədə bu gün də xüsusi karantin rejiminin qüvvədə olduğu nəzərə alınsa, məhkəmə cərimə məbləğinin tətbiq edilməsində sadaladıqları arqumentləri nəzərə almadan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; - 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər; - 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

18. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun tutulması hissədə mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar aşkar olunmur, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

22. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, mübahisəli borcun əsası və məbləği tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, hesab-fakturalar, qiymətlərin razılaşdırma protokolları, təhvil-təslim aktları, qüvvəyə minmiş elektron qaimələr və cavabdehin aldığı mallara görə etdiyi qismən ödənişlərlə təsdiqini tapır.

23. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

24. İlk olaraq, 23.301 manat məbləğdə əsas borca münasibətdə birinci instansiya məhkəməsi tərəfindən 1.000 manat məbləğdə cərimənin müəyyən edilməsi həm tərəflərin əmlak mənafeyi, həm də formalaşmış məhkəmə təcrübəsi baxımından qanuni və ədalətlidir.

25. Konkret dəlillərə gəldikdə, şikayətin “müqavilə üzrə cərimənin tətbiq edilməsi mexanizmi o halda tətbiq edilə bilərdi ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş olsun” məzmunda dəlili əsassızdır. Belə ki, iş materialları ilə cavabdeh tərəfindən borc məbləğinin tam yox, qismən ödənildiyi, 23.301 manat gecikdirilmiş məbləğin ödənilməmiş qaldığı sübuta yetir. Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə pulunun öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda ödənilən pul məbləği olduğu açıq qeyd olunmuşdur. Müqavilənin 2.2.3-cü bəndində isə şərtləşdirilmişdir ki, “... alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə ... gecikdirilmiş hər gün üçün malların dəyərinin 0,1% həcmində cərimə ödəməlidir.” Cavabdeh də öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirdiyi üçün Müqavilənin 2.2.3-cü bəndinə əsasən ona dəbbə pulunun hesablanması qanuni olmuşdur.

25. Apellyasiya şikayətinin məhkəmənin müqavilə bağlanan tarixdə ölkədə mövcud olan pandemiya və buna görə də fors-majordan irəli gələn səbəbləri nəzərə almaması barədə dəlili də əsaslı deyil. Belə ki, müqavilənin pandemiya dövründə - xx.xx.2020-ci il tarixdə bağlanması özlüyündə cavabdehin iddiaçı ilə könüllü müqavilə münasibətlərinə girərək, həmin dövrdə fəaliyyət göstərdiyini təsdiq edir. Belə olan halda ölkədəki qapanmalar cavabdehə münasibətdə fors-major halı kimi qiymətləndirilməməlidir. Digər tərəfdən, sözügedən qapanmaların tərəflərə münasibətdə fors-major hal kimi qiymətləndirildiyi fərz olunsa, bu zaman cavabdeh birbaşa müqəddəratı əsas öhdəlikdən asılı olan cərimə borcunu yox, əsas öhdəliyin icra edilməməsini fors-major hal ilə əlaqələndirə bilərdi.

26. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin yoxlanılan hissədə ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1903/2022 nömrəli iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar