Məhkəmə qərarları › İş №2-2(103)-971/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-971/2023

12.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-971/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4124/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 60060,49 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 60060,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 40338,73 manat, faizlər üzrə 19721,76 manat) olmaqla, ümumilikdə 60060,49 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********797200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4124/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

5. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maraqlı şəxsə məhkəmə bildirişi göndərilməmiş, maraqlı şəxsin həmin məhkəmə iclasından məlumatı olmamış, bu barədə ona hər hansı sms göndərilməmiş, məhkəmə iclası barədə həmin iclasa 5 iş günü qalmış xəbərdar edilməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilən ərizədə göstərilən ********** nömrəsi maraqlı şəxsə məxsus və ya ona aid əlaqə nömrəsi deyildir. Bundan əlavə, Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər ölkə xaricində olmuşdur. Həmçinin, Bakı İnzibati Məhkəməsində gedən maraqlı şəxsin ərizəçiyə qarşı e-2- 1(112)-7194/2023 nömrəli məhkəmə işi hazırki xüsusi icraat qaydasında baxılmış kommersiya mübahisəsinin baxılmasının mümkünsüz etdiyi halda, ərizəçi Bakı İnzibati Məhkəməsində hazırki iş üzrə əlaqədar inzibati mübahisənin olmasına məhəl qoyulmamış, bu barədə məhkəmədə inzibati mübahisənin olmasını məhkəmənin diqqətinə çatdırmamış və vergi orqanı tərəfindən verilən ərizə vergi ödəyicisinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məhrumiyyət yaratmaq və konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə qanunsuz olaraq hesablanmış vergi borcunun ödənilməsi istiqamətində atılmış addımdır. Hal-hazırda həmin inzibati işə görə xüsusi icraat qaydasında baxılan kommersiya mübahisəsi dayandırılmalı olduğu halda dayandırılmamış və həmin işlə bağlı vergi ödəyicisinin, yəni Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmaqla onun konstitusion hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə etdi.

9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

13. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

14. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda.

15. Həmin Məcəllənin 65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

16. Həmin Məcəllənin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.

17. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir.

18. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.

19. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

21. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

22. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

23. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

24. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.

25. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.

26. Həmin Məcəllənin 89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

27. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.

28. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

29. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.

32. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

33. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

34. Belə ki, şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 60060,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 40338,73 manat, faizlər üzrə 19721,76 manat) olmaqla, ümumilikdə 60060,49 manat borcu vardır.

35. Həmin vergi borcu vergi orqanının kameral vergi yoxlamasının nəticəsi olaraq hesbalanmışdır.

36. Hazırda Maraqlı şəxs həmin borcu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir və iş Bakı İnzibati Məhkəməsinin icraatındadır.

37. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

38. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.

39. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.

40. Bunun əksinə işin hallarından görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubla ərizəçiyə müraciət edərək bildirmişdir ki, ona kameral vergi yoxlaması nəticəsində 2020-ci üzrə guya xaricdə əldə etdiyi gəlirə görə əlavə vergi hesablanmışdır. Həmin hesablama ilə razı olmadığı üçün inzibati qaydada şikayət verdi və şikayəti təmin edilmədir. Daha sonra, həmin hesablamanın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və hazırda da onun məhkəmə işinə baxılır. Məhkəmədə baxıldığı müddət ərzində onun ölkədən getmə hüququ məhdudlaşdırılmışdır. Məsələ ilə bağlı qəbul edilməsi üçün müraciət etmiş və 28 sentyabr 2023-cü il tarixində o, DVX-nin müvafiq əməkdaşları tərəfindən qəbul edilmişdir. Həmin görüş zamanı o, öz təklifini səsləndirmişdir. Belə ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə təklif edir ki, ŞHV üzrə mövcud olan vergi borcu miqdarında pul qoysun və Vergi Xidməti də həmin pul vəsaiti məhkəmə işi tam başa çatanadək dondursun. Məhkəmə işi sona çatandan sonra isə əgər məhkəmə vergi orqanın xeyrinə olsa, həmin pulu dövlət büdcəsinə silinsin, əgər onun xeyrinə olsa isə həmin pulu oradan geri çıxarsız. Pulu dondurduqları halda isə onun ölkədən getmə hüququnun məhdudlaşdırmanı aradan qaldırsınlar. Başqa sözlə desək, Vergi Xidmətinin əlində dondurulmuş pul vəsaiti olacaq ki, zəmanət kimi, əgər o, məhkəmə işini uduzsa və yaxud həmişəlik ölkədən qaçıb getsə belə həmin pulu Vergi Xidməti dövlət büdcəsinə silə biləcək. Məqsəd isə onun ölkədən çıxışının aradan götürməsidir. Çünki onun övladları xaricdə təhsil alırlar və o, tez-tez xarici ölkələrə səfər edir. Həmçinin, DVX özü belə ona deyir ki, get xarici dövlətdən sənəd gətir ki, orda əldə etdiyi gəlirə görə vergi ödəmişdir, buradan da ölkədən çıxışını bağlayır. Bunu anlamaq olmur. Xahişi isə ondan ibarət olacaq ki, əgər razı olsalar həmin pulu məhkəmə işi başa çatmadan dövlət büdcəsinə silməsinlər.

41. Ərizəçi tərəfindən ünvanlanan cavab məktubunda həmin təklifə hər hansı münasibət bildirilməmiş, vergi borcunun ödənilməsi tələb olunmuş, yalnız borc ödənildikdən sonra ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırılmanın götürüləcəyi qeyd olunmuşdur.

42. Hazırki apellyasiya baxışı zamanı da maraqlı şəxs bildirdi ki, o, hesabındakı pul vəsaitinə həbs qoyulması barədə təkliflə çıxış etmişdir. Lakin buna müsbət cavab verilməmişdir. Həmçinin o, məhdudiyyət üzündən Almaniyada təhsil alan övladını gedib görə bilmir. Onun mülkiyyətində mənzilləri və nəqliyyat vasitələri var. Həmin əmlaklardan birinin üzərinə həbs qoyulmasını, əvəzində isə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini xahiş edir.

43. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Maraqlı şəxs xüsusi mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar mövcuddur: Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 19/13, mənzil 6 (3 otaq, ü/s 87.1 kv.m, y/s 63 kv.m); Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 66, mənzil 39 (3 otaq, ü/s 73.2 kv.m, y/s 43.5 kv.m); Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi, ev 9, mənzil 20 (3 otaq, ü/s 76.1 kv.m); Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 12 (4 otaq, ü/s 74.10 kv.m, y/s 52.30 kv.m) və həmin evin yerləşdiyi 0.03 ha torpaq sahəsi.

44. Həmçinin, "PAŞA Bank” ASC tərəfindən verilən 28 noyabr 2023-cü il tarixli arayışa əsasən Maraqlı şəxs "xxxx" ASC-də 01 fevral 2019-cu il tarixindən etibarən AZ83PAHA4İ010AZNFC********** saylı cari hesabı mövcuddur. Cari hesabın illik debit dövriyyəsi haqqında məlumatlar aşağıda qeyd edilmişdir: 2019 il - AZN 339,200.00 (üç yüz otuz doqquz min iki yüz Azərbaycan manatı); 2020 il - AZN 451,334.00 (dörd yüz əlli bir min üç yüz otuz dörd Azərbaycan manatı); 2021 il - AZN 31,871.47 (otuz bir min səkkiz yüz yetmiş bir Azərbaycan manatı və qırx yeddi qəpik); 2022 il - AZN 33,305.79 (otuz üç min iiç yüz beş Azərbaycan manatı və yetmiş doqquz qəpik); 2023 il (xx.xx.2023-xx.xx.2023-cü il tarixiııədək) - AZN 24,849.36 (iyirmi dörd min səkkiz yüz qırx doqquz Azərbaycan manatı və otuz altı qəpik).

45. Bundan əlavə, təqdim edilən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən Maraqlı şəxs mülkiyyətində aşağıdakı nəqliyyat vasitələri mövcuddur: 2019cu il buraxılışlı “MECEDES BENZ GLS 450” markalı 99UR099 dövlət qeydiyyat nişanlı minik avtomobili, 2011-ci il buraxılışlı “MİTSUBİSHİ OUTLANDER” markalı 90LT747 dövlət qeydiyyat nişanlı minik avtomobili.

46. Həmçinin, Maraqlı şəxs fərdi şəxsi hesabından çıxarışa əsasən onun gəlirləri (son 3 il üçün) - 2020-ci ildə 227070,09 manat, 2021-ci ildə 278453,51 manat, 2022-ci ildə 175944,73 manat təşkil etmişdir.

47. Bundan əlavə, Maraqlı şəxs məxsus xarici pasporta əsasən müəyyən olunur ki, o, tez-tez xarici ölkələrə səfərlər edir.

48. Həmin sübutlara dair kollegiya qeyd edir ki, maraqlı şəxs birinci instansiya məhkəməsində gedən icraat barədə lazımi qaydada məlumatlandırılmadığına görə onların apellyasiya icraatında təqdim edilməsi və məhkəmə tərəfindən qəbul edilməsi Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə uyğundur.

49. Göründüyü kimi Maraqlı şəxs mülkiyyətində kifayət qədər daşınar və daşınmaz əmlaklar, o cümlədən pul vəsaitləri vardır. Eyni zamanda o, ərizəçiyə şəxsi hesab vərəqəsi üzrə mövcud olan vergi borcu miqdarında pul qoymasını və Vergi Xidmətinin də həmin pul vəsaitini məhkəmə işi tam başa çatanadək dondurması, bunun əvəzində onun ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi təklifini vermiş, lakin müsbət nəticə əldə etməmişdir.

50. Kollegiya qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

51. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

52. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

53. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.

56. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir.

57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.

58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4124/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 60060,49 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar