Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-972/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi (direktoru) Sergio Purinin, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Qanuni nümayəndə və tərcüməçi Elvin Allahverdiyevin iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1102/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 1.100.000 avro və 208.953,23 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tarixli e-2-2(113)-1102/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi (direktoru) Sergio Purin apellyasiya şikayətini apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndələri Nümayəndə və Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, 02.10.2017 - 01.03.2018-ci il tarixlərdə İddiaçı MMC Azərbaycana idxal etdiyi və cəmi satış dəyəri 1.100.000 Avro olan İtaliya və Avropa istehsalı olan park salınması üçün müxtəlif mal-materialları Cavabdeh MMC-yə vermişdir. Həmin mal-materiallar iddiaçı tərəfindən Moldova Respublikasının “Gran Decor” şirkəti ilə bağlanmış 02.10.2017-ci il tarixli və İtaliyanın “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti ilə bağlanmış 01.03.2018-ci il tarixli alqı-satqı müqavilələr üzrə idxal olunmuşdur. Sözügedən malmaterialların cavabdehə təhvil verilməsi faktı Cavabdeh MMC ilə “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti arasında imzalanmış malların təhvil-təsliminə və işlərin görülməsinə dair 01-02 avqust 2018-ci il tarixli aktla təsdiq olunur. Lakin cavabdeh qeyd olunan mal-materiallara görə “Paghera Green Service Societa Agricola S.R.L.” şirkətinə ödənişi etmədiyindən iddiaçı həmin mallara görə ona çatası pulu ala bilməmişdir. Bu malmateriallar iddiaçının balansında qalır. İddiaçı həmin mallara görə gömrükdə idxal vergilərini ödəmişdir. Cavabdeh mal-materiallara görə ödənişi etmədiyi və bu malmateriallar iddiaçının balansında qalması səbəbindən vergi orqanları tərəfindən iddiaçıya 236.458,76 manat məbləğində gəlir vergisi hesablanmışdır. Bu vergi məbləği iddiaçının təsisçisinin hesabına ödənilmişdir. Hesablanmış vergilərin 27.324,97 manat məbləğini vəsait olmadığından ödəmək mümkün olmamış və iddiaçıya buna görə 340 manat məbləğində maliyyə sanksiyası və 3.634,22 manat məbləğində faiz hesablanmışdır. Bununla yanaşı iddiaçının təsisçisinin ölkədən çıxışının məhdudlaşdırılması məsələsi qaldırılır. Həmin mal-materiallara görə ödəniş edilməsinə dair cavabdehə edilmiş müraciətləri nəticəsiz qalmışdır. Həmçinin İddiaçı MMC iddia ərizəsində istinad olunan mal-materialları idxal etdiyi zaman gömrük rüsumları ilə yanaşı 208.953,23 manat məbləğində əlavə dəyər vergisini də ödəmişdir. İdxal əməliyyatları zamanı iddiaçının büdcə qarşısında 208.953,23 manat məbləğində artıq ödəməsi yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının mal-materiallarına görə ödənişin edilməməsi nəticəsində vergi orqanları tərəfindən iddiaçıya gəlir vergisi hesablanmış və sözügedən artıq ödəmə iddiaçının ƏDV depozit hesabından həmin vergilərin ödənilməsi məqsədilə silinmişdir. Cavabdeh iddiaçının mal-materiallarına görə ödənişi etsəydi, iddiaçının artıq vergi ödəməsi yerində qalardı və iddiaçı onu əvəzləşdirə və ya büdcədən geri ala bilərdi. Ödəniş edilməməsi səbəbindən iddiaçı qeyd edilmiş məbləğdən məhrum olmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı MMC və “X3 İsteyts Limited" MMC heç vaxt müqavilə və ümumiyyətlə mülki hüquq münasibətlərində olmamış və müvafiq olaraq iddiaçı cavabdehə dəyəri 1.100.000 avro olan İtaliya və Avropa istehsalı olan park salınması üçün nəzərdə tutulmuş müxtəlif mal-materiallar təhvil verməmişdir. Eləcə də, iddia ərizəsində qeyd olunanlar barədə tərəflərindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, qeyd edilmiş mal-materiallar "X3 İsteyts Limited" MMC-yə “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti tərəfindən təqdim edilmiş və həmin malların dəyəri "Paghera Green Service Societa Agricola S.R.L" şirkətinə ödənilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədən müəyyən olunur ki, iddiaçı “Paghera Green Service S.R.L” ilə müqavilə münasibətlərində olmuşdur. “X3 İsteyts Limited" MMC isə ona təqdim edilmiş malları “Paghera Green Service Societa Agricola S.R.L” şirkətindən almış və həmin malların dəyərini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələblərinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386-cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. İddiaçı da həmin halı etiraf edir. Eyni zamanda iş materiallarında olan İddiaçı MMC (alıcı) ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (satıcı) arasında bağlanılmış 01.03.2018-ci il tarixli 01/18- İTA saylı alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1-ci maddəsində təsvir edilmiş malları alıcıya sənədləşməsi ilə birlikdə satmağı və göndərməyi, habelə bu müqavilənin 8-ci maddəsinin şərtlərini yerinə yetirməyi, alıcı isə bu müqaviləyə uyğun olaraq göndərilən malları almağı və haqqını ödəməyı, o cümlədən satıcını bu müqavilənin 8-ci maddəsinə uyğun şərtlərinin icrası üçün şərtlərlə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC (alıcı) ilə “Grand Decor" şirkəti (satıcı) arasında bağlanılmış 02.10.2017-ci il tarixli 01/18-İTA saylı alqı-satqı müqaviləsi ilə müəyyən edilir ki, həmin müqaviləyə əsasən satıcı bu müqavilənin 1-ci maddəsində təsvir edilmiş malları alıcıya sənədləşməsi ilə birlikdə satmağı və göndərməyi, habelə bu müqavilənin 8-ci maddəsinin şərtlərini yerinə yetirməyi, alıcı isə bu müqaviləyə uyğun olaraq göndərilən malları almağı və haqqını ödəməyı, o cümlədən satıcını bu müqavilənin 8-ci maddəsinə uyğun şərtlərinin icrası üçün şərtlərlə təmin etməyi öhdəsinə götürmüşdür. Malların təhvil-təsliminə və işlərin görülməsinə dair 01-02 avqust 2018-ci il tarixli akta əsasən müəyyən edilir ki, “X3 İsteyts Limited" MMC (müştəri) və “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (icraçı) arasında imzalanmış razılaşmaya əsasən park salınması üçün müxtəlif mal-materiallar və xidmətlərin “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil-təslimi aparılmışdır. Həmin aktla aktın tərtib edildiyi tarixə icraçı və onun cəlb etdiyi üçüncü şəxslər tərəfindən təqdim edilmiş cəmi 2.429.422,06 Avro dəyərində, mallar, materiallar və işlər müştəri tərəfindən təhvil alınmışdır. Eyni zamanda aktda həmçinin göstərilmişdir ki, aktın imzalandığı tarixə icraçı (onun təsisçisi) tərəfindən icraçının bank hesabına 26.07.20147-ci il tarixdə 1.611.109,45 avro və 16.11.2017-ci il tarixdə 1.611.109,45 avro, cəmi 3.222.218,90 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. Göründüyü kimi iş materiallarında olan sənədlər əsasında yalnız İddiaçı MMC ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti, eyni zamanda İddiaçı MMC ilə “Grand Decor" şirkəti arasında, həmçinin “X3 İsteyts Limited" MMC ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti arasında müqavilə münasibətlərinin mövcud olduğu sübut olunur. İddiaçı MMC ilə “X3 İsteyts Limited" MMC arasında isə hər hansı müqavilə münasibətləri mövcud olmayıb və iddiaçı özü də “X3 İsteyts Limited" MMC ilə arasında hər hansı müqavilənin bağlanmadığını bildirir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə cavabdehdən ödəniş kimi və ya Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin pozulması nəticəsində zərər kimi pul vəsaiti tələb etməsi əsassızdır. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı halları müəyyən edilməlidir: iddiaçıya məxsus əmlak hüquqi əsas olmadan cavabdeh tərəfindən götürülmüş və ya onda qalmış, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin hazırki işdə qeyd olunan hallar mövcud deyildir. Belə ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 21.03.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “"xxxx" MMC cəmi satış dəyəri 1.100.000 Avro olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif mal-materialları idxal etmişdir. İdxalından sonra bu mal-materiallar "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə verilmiş və bundan sonra bildiyimiz qədər mal-materiallar "X3 İsteyts Limited" MMC-yə təhciz edilmişdir. Yuxarıda qeyd olunanları və "Paghera Green Service Societa Agricola S.R.L." tərəfindən mal-materialların dəyərinin bizə ödənilmədiyini nəzərə alaraq həmin mal-materialların rəhbərlik etdiyiniz şirkətə cəmi 450.000 Avro qiymətinə satılmasını təklif edirik”. Göründüyü kimi iddiaçı tərəfindən yazılmış məktubda göstərilmişdir ki, o, cəmi satış dəyəri 1.100.000 Avro olan İtaliya və Avropa istehsalı park salınması üçün müxtəlif malmaterialları idxal etmiş və "X3 İsteyts Limited" MMC-yə deyil, "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə verilmişdir. Beləliklə, iddiaçının özü tərəfindən yazılmış məktubla etiraf olunur ki, onun tərəfindən Azərbaycan Respublikasına idxal edilən və təqdim edilən gömrük bəyannamələrində (i/v 132-186) göstərilən mal-materiallar "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə təhvil verilmişdir. Eyni zamanda, həmin məktubun məzmunundan müəyyən olunur ki, mal-materialların dəyəri "Paghera Green Service Societa Agricola S.R.L." tərəfindən ödənilməli idi, lakin onun tərəfindən ödənilmədiyinə görə və iddiaçıda olan məlumata görə həmin malmateriallar cavabdehə verildiyinə görə onların dəyərinin ödənilməsi cavabdehdə təklif edilmişdir. “X3 İsteyts Limited" MMC (müştəri) ilə “Paghera Green Service Societa Agricola S.R.L" şirkəti (icraçı) arasında imzalanmış işlərin və malların təhvil-təslim aktının 17-ci səhifəsinin 3-cü abzasında da göstərilmişdir ki, icraçı tərəfindən müştərinin ərazisinə gətirilmiş bütün materiallar və maddi nemətlər icraçı ilə Azərbaycan şırkəti olan Green Yard arasında bağlanmış mülki müqavilələr əsasında Green Yardın adına import olunmuş (Azərbaycan Respublikasına gətirilmiş) və gömrük rəsmiləşdirilməsindən keçmiş və icraçının həmin maddi nemətlərə hüquqları olmuşdur. Göründüyü kimi cavabdeh həmin mal-materialları iddiaçıdan deyil, “Paghera Green Service Societa Agricola S.R.L" şirkətindən və onlar arasında olan müqavilə əsasında təhvil almışdır. Belə olan halda isə həmin mal-materialların cavabdehin sahibliyinə keçirilməsi üçün müqavilə əsası olmuş və bu da, əsassız varlanmanı istisna edir. Eyni zamanda, yalnız həmin mal-materialların iddiaçının adına idxal edilməsi faktı cavabdehin iddiaçının hesabına əsasız varlanması anlamına gəlmir. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçının özünün etirafına görə o, mal-materialları idxal etdikdən sonra onları "Paghera Green Service Societa Agricola S.R.L." şirkətinə təhvil vermişdir. Həmçinin kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1102/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Aida Hüseyn Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-972/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-972/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver