Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-974/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3573/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 13 iyul 2022-ci il tarixli PAC-016-22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlərlə cavabdehin tələbatına uyğun olaraq onu sifariş əsasında 10 tonluq horizontal yanacaq çənləri, yanacaq paylayıcı qurğular və oanlara aid mal-materiallarla təmin etməyi, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli razılaşma protokolu ilə malların adı, ölçü vahidi, sayı, qiyməti razılaşdırılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 iyul 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 33259,17 manat məbləğində pulun və ödənilmiş 190 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış PAC-016-22 saylı 13 iyul 2022-ci il tarixli müqaviləyə əsasən icraçı dörd ədəd 10 tonluq horizontal yanacaq çənləri, yanacaq paylayıcı qurğular və onlara aid malmateriallarla təmin etməklə 60 iş günü müddətində sifarişçiyə təhvil verməyi, sifarişçi isə müqavilə şərtlərinə uyğun olaraq alınan malların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq avadanlıqlar sifarişçının istəyi ilə hissəhissə quraşdırılmış, təhvil-təslim aktları tərtib edilmiş, elektron qaimələr yazılmış və ödəmələr icra olunmuşdur. Cavabdehin iddiaçıya olan borcunun 33259,17 manat olması analitik uçot kitabından çıxarışla da təsdiq olunur. Belə ki, birinci qaimə üzrə pul vəsaiti tam, ikinci qaimə üzrə qismən ödəmə aparılsa da, üçüncü qaimə üzrə heç bir ödəmə aparılmamışdır. Ona görə də cavabdehin ödənilməli olan ümumi borc məbləği 33259,17 manat təşkil edir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1-ci maddələrinə istinad olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3573/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2022-ci il tarixli müqavilə üzrə 33259,17 manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 manat pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 567, 597.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3573/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddianı etiraf etməsini və maddi hüquq normalarını sadalamaqla kifayətlənərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Qətnamədə dəfələrlə cavabdeh tərəfin guya iddianı tam etiraf etdiyi qeyd edilmişdir. Lakin bu, həqiqətə uyğun deyil və iş materiallarında belə bir etirafın olduğu sübut olunmur. Cavabdeh tərəf yalnız maddi vəziyyətin ağır olması səbəbi ilə müəyyən öhdəliklərin icrasında gecikmə olduğunu bildirmişdir. İş üzrə tərəflər arasında alqı-satqı müqaviləsi və ya nisyə alqı-satqı münasibətləri olmamış, borc öhdəliyi fərqli əsaslarla yaranmışdır. Bu səbəbdən qeyd olunan maddələrə istinad edilməsi hüquqi vəziyyətə uyğun deyil və tamamilə əsassızdır. Belə olan halda, Mülki Məcəllənin göstərilən müddəalarına istinad edilməsi hüquqi cəhətdən əsaslandırılmayıb, işin mahiyyəti və tərəflər arasında yaranmış münasibətlər nəzərə alınmadan, ümumi yanaşma ilə qətnamə qəbul olunmuşdur. Cavabdehin tam müdafiə hüququ təmin edilməyib. Əgər cavabdeh iddianı qəbul etməyibsə, lakin məhkəmə bunu fərqli formada qiymətləndiribsə, bu hal cavabdehin öz mövqeyini əsaslandırmaq, sübut təqdim etmək və hüquqlarını qorumaq imkanını əlindən almış olur. Bu da ədalətli məhkəmə araşdırması hüququnun pozulması sayılır. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Məhkəmə, cavabdeh tərəfin niyyətini, izahatını və prosesdəki mövqeyini dəqiq qiymətləndirmədən, təhrif olunmuş formada qeyd edib. Bu isə məhkəmənin obyektivlik və hərtərəflilik prinsiplərinə ziddir. İclasdan öncə səhhəti ilə bağlı məhkəməyə rəsmi şəkildə yazılı ərizə ilə müraciət edərək iclasda iştirak edə bilməyəcəyini və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Lakin bu hal nəzərə alınmamış, məhkəmə işə davam etmiş və qətnamə çıxarmışdır. Məhkəmə iclasının xx.xx.2025-ci il tarixli protokolunda izahatı təhrif edilmiş formada əks olunmuşdur. Belə ki, qətnamədə bir neçə dəfə iddianı qəbul etdiyi göstərilmişdir. Lakin o, məhkəmə iclasında yalnız təmsil etdiyi şirkətin maliyyə çətinlikləri olduğunu, lakin iddianı etiraf etmədiklərini və razı olmadıqlarını bildirmişdir. İclas videoyazı formatında keçirilmişdir və həmin videomaterial təhrifin olmadığını obyektiv şəkildə sübut edə bilər. O, izahatının bu şəkildə təhrif edildiyini yalnız qətnamə ilə tanış olduqdan – yəni xx.xx.2025-ci il tarixində öyrənmişdir və xx.xx.2025-ci ildə tarixdə protokola qeyd təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokoluna dair tərəfindən verilmiş qeydlər geri qaytarılmışdır. Əgər o, izahatının təhrif ediləcəyini əvvəlcədən bilsəydi, qeyd-şərtsiz şəkildə protokola dərhal yazılı irad vermiş olardı. Lakin təhrifin yalnız qətnamədə təkrar-təkrar vurğulandığını görməklə bu haldan xəbər tutmuş və bu müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Bu cür pozuntu məhkəmənin obyektiv və hərtərəfli araşdırma aparmaq öhdəliyinə ziddir.
Apellyasiya şikayətinə qarşı etiraz:
13. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar:
14. İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3573/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış narahatlıqla əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.
16. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3573/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2022-ci il tarixli PAC-016-22 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlərlə cavabdehin tələbatına uyğun olaraq onu sifariş əsasında 10 tonluq horizontal yanacaq çənləri, yanacaq paylayıcı qurğular və oanlara aid mal-materiallarla təmin etməyi, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli razılaşma protokolu ilə malların adı, ölçü vahidi, sayı, qiyməti razılaşdırılmışdır. İddiaçı tərəfindən ƏDV daxil olmaqla 66849,36 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCH 249322 seriya və nömrəli, ƏDV daxil olmaqla 51022,02 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDA 262824 seriya və nömrəli, ƏDV daxil olmaqla 27387 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDL 822219 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, xx.xx.2022-ci il tarixli EBCH 249322 seriya və nömrəli və xx.xx.2023-cü il tarixli EBDA 262824 seriya və nömrəli elektron qaimələr və 27387 manat dəyərində malın təhvil-təslim aktı cavabdehin möhürü ilə təsdiqlənmişdir.
25. İddiaçı birinci qaimə üzrə pul vəsaitinin tam, ikinci qaimə üzrə qismən ödənilməsini, lakin üçüncü qaimə üzrə heç bir ödəmə aparılmamasını qeyd edərək, cavabdehdən ödənilməli olan ümumi 33259,17 manat məbləğində pulun tutulmasını tələb edir.
26. Cavabdeh isə maddi vəziyyətin ağır olması səbəbi ilə müəyyən öhdəliklərin icrasında gecikmə olduğunu bildirir.
27. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayətində malların təhvil verilməsi mübahisələndirilməmişdir.
28. Hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.3-cü maddələri təşkil edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdehnə müqavilə üzrə razılaşdırılmış malları təqdim etməsi faktı iş materiallarına əlavə edilmiş elektron qaimələr və təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Lakin analitik uçot kitabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənişlər tam edilməmiş və 33259,17 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini tam icra etməmişdir.
30. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində maddi vəziyyətin ağır olması səbəbi ilə müəyyən öhdəliklərin icrasında gecikmə olduğunu qeyd etsə də, bu hal MMC-nin müqavilə üzrə öhdəliklərinin icrasından yayınmasına əsas vermir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlı 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
31. Digər tərəfdən, cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində məhkəmə iclasından öncə səhhəti ilə bağlı məhkəməyə rəsmi şəkildə yazılı ərizə ilə müraciət edərək iclasda iştirak edə bilməyəcəyini və işə baxılmasının təxirə salınmasını xahiş etsə də, bu halın nəzərə alınmamasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi qeyd olunan məzmunda ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etsə də, səhhətində olan problemlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi cavabdehin iddianı qəbul etdiyini nəzərə almaqla prosessual qənaət prinsipinə müvafiq olaraq baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
32. Apellyasiya şikayətində mübahisələndirilən digər məqam isə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokoluna dair tərəfindən verilmiş qeydlərin geri qaytarılmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3573/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokoluna dair xx.xx.2025-ci il tarixdə qeydlər vermiş, bununla qanunla müəyyən edilmiş 3 günlük prosessual müddəti ötürmüşdür. Bu səbəbdən, birinci instansiya məhkəməsi həmin qeydləri cavabdehə geri qaytarmaqda haqlı olmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3573/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3573/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.