Məhkəmə qərarları › İş №2-2(103)-975/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-975/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-975/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni nümayəndəsi X14, cavabdehin nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e 2-2(113)- 1762/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı MMC-nin və Cavabdeh MMC-nin möhürləri ilə təsdiq edilmiş, İddiaçı MMC-nin adından “X11”nun adından imzalanmış xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqaviləyə əsasən iddiaçı müqavilənin 2.2 və 2.3-cü bəndində sadalanan xidmətləri sifarişçiyə təhvil verməyi, sifarişçi görülmüş xidmətlərə görə ƏDV daxil 224/200 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci və 2.3-cü bəndlərinə əsasən icraçı aşağıda sadalanan xidmətləri sifarişçiyə təhvil verməyi üzərinə götürmüşdür: -Avropa Bankından 2 milyon ABŞ dolları məbləğində kreditin alınması üçün - Maliyyə məsələlər üzrə məsləhət xidmətləri - Hüquqi sənədləşmə üzrə məsləhət xidmətləri - Girov qiymətləndirilməsi üzrə məsləhət xidmətləri - Avropa Bankı tərəfindən maliyyə və texniki araşdırma işləri üzrə məsləhət xidmətləri - Avropa Bankı ilə faiz dərəcəsi, girov və digər əhəmiyyətli məsələlər üzrə məsləhət xidmətləri - Maliyyə, texniki, hüquq və layihəyə aid sorğu-sualların cavablandırılması -Avropa Bankından əvəzsiz maliyyə yardımının alınması üçün məsləhət dəstək xidmətləri. -Müqavilənin 4.2-ci bəndinə əsasən məbləğ tam həcmdə 30 noyabr 2022-ci il tarixədək ödənilməlidir.

2. Əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi əsasında İddiaçı MMC-də direktor müavini vəzifəsinə təyin edilmişdir.

3. AZ-İİ №292792 saylı xx.xx.2022-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. xx.xx.2022-ci il tarixli, 2 saylı təsisçi yığıncağının qərarı ilə X2 Cəmiyyətin direktoru vəzifəsinə təyin olunması və cəmiyyətin reyestrində və nizamnaməsində dəyişiklərin edilməsi qərara alınmışdır.

5. Əmək müqaviləsi bildirişindən görünür ki, X6 əmək müqaviləsi əsasında xx.xx.2023-cü il tarixində İddiaçı MMC-də Baş direktor vəzifəsinə təyin edilmişdir.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrdən çıxarışdan görünür ki, İddiaçı MMC-nin əvvəlki qanuni təmsilçisi X11 olmuş, xx.xx.2023-cü il tarixdən etibarən isə X3r.

7. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-yə müqavilənin 2.2-ci bəndi üzrə 70.800 ABŞ dolları və müqavilənin 2.3-cü bəndi üzrə isə 153.400 ABŞ dolları məbləğində xidmət göstərildiyi qeyd olunmuşdur. Qeyd edilən aktda iddiaçının adından aktın direktor X12 tərəfindən imzalandığı qeyd edilmişdir.

8. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Cavabdeh MMC arasında xx.xx.2022ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 2.000.000 ABŞ dolları məbləğində kredit ayrılması nəzərdə tutulmuşdur.

9. xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilə üzrə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 381.140 manat kimi qeyd olunmuşdur.

10. Avropa Yenidənqurma və İnkişaf Bankının xx.xx.2023-cü il tarixdə H and Agro MMC-yə ünvanladığı məktubunda bankla şirkət arasında 25 noyabr 2022-ci ildə imzalanmış Qrant Sazişi çərçivəsində şirkətə qrant məbləğini ödəməyi planlaşdırmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 yanvar 2022-ci il tarixli PK-19/22 saylı müqavilə üzrə 224.200 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 06 Yanvar 2022-ci il tarixli PK-19/22 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri çərçivəsində, icraçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə xidmətləri təhvil vermişdir, sifarişçi isə xidmətləri qəbul etmişdir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 30 Oktyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən sifarişçi Cavabdeh MMC göstərilmiş xidmətləri qəbul etmiş və həmin xidmətlərin dəyəri ƏDV daxil olmaqla 224.200 ABŞ dolları təşkil edir. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Bundan başqa, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, lakin hər hansı razılıq tərəflər arasında əldə edilməmişdir. Bununla da, Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/13/2023-00106 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Qeyd olunan mediasiya üçün nəzərdə tutulan xərc, yəni 400 manat məbləğində pul vəsaiti ödənilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1762/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia rədd edilmişdir.

14. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1762/2023 nömrəli işin 1ci cildinin 77-79-cu vərəqlərində xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqavilənin 3-cü vərəqəsində olan “10.Tərəflərin rekvizitləri” bölməsində İddiaçı MMC direktor Rzayev A.T.” qrafasındakı imza ilə i/v 80-də olan xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqaviləyə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında İddiaçı MMC direktor Rizayev A.T.” qrafasındakı imza-eyni şəxs tərəfindən icra olunmuşdur. İşin 1-ci cildinin 77-79-cu vərəqələrində xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqavilənin 3-cü vərəqəsində olan “10.Tərəflərin rekvizitləri” bölməsində İddiaçı MMC Direktor Rzayev A.T” qrafasındakı imza. i/v 80-da olan xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqaviləyə dair xx.xx.2022-ci il tarixli təhviltəslim aktında İddiaçı MMC direktor Rizayev A.T.” qrafasıdakı imza-X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Məhkəmə tərəflər arasında olan yazışmaları və onların məhkəmə çəkişməsi zamanı irəli sürdüyü dəlilləri qarşılıqlı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddianın əsası kimi istinad edilmiş 06 yanvar 2022-ci il tarixli PK-19/22 saylı müqavilə müqavilə əqdlarin etibarlılıq şərtlərinə cavab vermədiyindən və uydurma əqd olduğundan etibarsızdır.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMCnin Avropa Yenidənqurma və İnkişaf Bankından kreditin alınması üçün həmin MMC-nin qanuni təmsilçisi - X14 ilə X6 arasında 2021-ci ildən etibarən müəyyən danışıqlıqlar və e-mail yazışmalar aparılmışdır. Bu hal hər iki tərəfin nümayəndələri tərəfindən mübahisə edilməyən hal kimi qəbul edilmişdir. Lakin, cavabdeh bildirir ki, X1 fiziki şəxs olaraq tanıyıb və İddiaçı MMC ilə heç bir müqavilə bağlanmayıb, imzaladığı müqavilə isə formal olaraq imzalanıb və hüquqi nəticə doğurmadan sonradan məhv olunmalı idi.

17. Məhkəmə qeyd etmişdir ki, H.Ziya ilə R.Kənan arasında yazışmaların başlandığı 2021-ci ildə, hətta müqavilənin bağlanmasının iddia edilən xx.xx.2022-ci il tarixində X6 İddiaçı MMC-nin nə qanuni təmsilçisi olub, nə də həmin şirkətdə başqa vəzifədə işləməyib, həmin şirkət adından hər-hansı müqavilənin bağlanması, danışıqlıqların aparılmasına səlahiyyətli olmayıb. (Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2022-ci il tarixində İddiaçı MMCdə direktor müavini vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrdən çıxarışdan görünür ki, X6 İddiaçı MMCnin qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdən etibarən olmuşdur.)

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında mövcud olan heç bir sənəddə, çoxsaylı e-mail yazışmalarında İddiaçı MMC-nin həmin dövrdə direktoru olmuş şəxsin - Rizayev Aydının adı keçmir, nə də ki e-mail yazışmalarında iştirak etməyib. Yalnız müqaviləni imzalayan şəxs kimi direktor qismində X11 qeyd olunmuşdur.

19. Bundan əlavə məhkəmə bildirmişdir ki, iş materiallarında olan Elvin.NElektron ünvan 1 (cavabdehin bildirdiyinə görə H.X19 öz işçisi kimi təqdim etmiş) ünvanından xx.xx.2022-ci il tarixində, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində isə Elektron ünvan 2 ünvanından R.Kənanın elektron Elektron ünvan 3 ünvanına göndərilmiş e-maillərdan müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı qeyd olunan tarixlərdə imzalanmamış, word-formatında və ilkin lahiyyə kimi K.Rəsulova göndərilmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən X6 müqavilənin məhz xx.xx.2022-ci il tarixində həmin dövrdə iddiaçı şirkətin direktoru olmuş Rizayev Aydın tərəfindən imzalandığını, təhvil-təslim aktını isə A.Rizayevin əvəzinə özünün imzaladığını bildirsə də, müqavilənin məhz xx.xx.2022-ci il tarixində və məhz R.Aydın tərəfindən imzalanmasını sübuta yetirə bilməmişdir. Əksinə, yuxarıda qeyd olunan e-mail yazışmalarından da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli müqavilə ən azından nə xx.xx.2022, xx.xx.2022, nə də ki, xx.xx.2022-ci il tarixlərində nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. Müqavilənin ən azından iddiaçı şirkət tərəfindən imzalanmış variantının (nə e-mail vasitəsi ilə pdf-formatında, nə də kağız daşıyıcıda) cavabdehə təqdim edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə təsdiq olunmuşdur ki , xx.xx.2022-ci il tarixli, PK- 19/22 saylı müqavilənin İddiaçı MMC direktor Rizayev A.T.” qrafasındakı imza-X7 aid deyil. Yalnız ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçının nümayəndəsi Vəkil müqavilədə olan imzanın da Hüseynzadə Ziyaya aid olmasını etiraf etmiş, lakin imzanın kimə məxsus olmasından asılı olmayaraq şirkətin möhürün olmasına istinad edərək müqavilənin etibarlı olmasını iddia etmişdir. Lakin, müqavilədə İddiaçı MMC-nin möhürünün olması müqavilənin məhz xx.xx.2022-ci tarixində bağlanması anlamına gəlməməlidir.

21. İş materiallarında olan e-mail yazışmalardan görünür ki, X6 tərəfindən göndərilən bütün e-mail məktubların imza hissəsində iş üzrə iddiaçı olan İddiaçı MMC (VÖEN **********) deyil, "xxxx" MMC (VÖEN **********) qeyd olunur. xx.xx.2022-ci il tarixdə Z.Hüseynzadə tərəfindən hazırlanıb (ərizənin bütün bölmələri doldurulmuş vəziyyətdə, pdf-formatında) K.Rəsulova göndərilmiş Avropa Bankına təqdim edilməsi üçün “Layihə üçün müraciət ərizə”sində “Təkif etdiyiniz məsləhətçi kimi – yenə də iş üzrə iddiaçı olan İddiaçı MMC deyil, "xxxx" qeyd olunmuşdur. Qeyd olunan məqamlara xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında X6 belə açıqlama vermişdir ki, xx.xx.2022-ci il tarixli (hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən) müqaviləni Aydın Rizayev imzalamışdır. "xxxx" MMC-nin direktoru olduğu üçün xx.xx.2022-ci il tarixli müqaviləni özü imzalayıb. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında da bildirmişdir ki, Aydın Rizayev İddiaçı Şirkətinin inzibati direktoru olmuşdur. "xxxx" Şirkətinin tam təsis payları anasının adınadır, "xxxx" Şirkətinin isə - atasının adınadır. Hər iki şirkətin franşizasının sahibi özüdür. Daha sonra hüquqi rəsmiləşmə üçün onu "xxxx" Şirkətinə işə götürüblər. Mail yazmaq üçün hüquqi əsaslandırma lazım deyil. Hüquqi əsaslandırma müqavilə bağlamaq üçün lazımdır. Aydın Rizayevin isə kontrakt bağlamağa hüququ olmuşdur. "xxxx" MMC-də 2016-cı ildən işləyir. Lakin, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2016-cı ildən bugünə kimi qanuni təmsilçisi X8r.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1762/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə araşdırması zamanı məhkəmə hazırlıq iclaslarında Cavabdeh MMC-nin direktoru Kənan Rəsulov öz izahatında, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş email yazışmalarını qəbul etmiş, həmin yazışmaların AYİB-dan 2 milyon ABŞ dolları məbləğində kreditin alınması üçün aparıldığını, həmin kreditin alınmasında birbaşa X20 iştirak etdiyini, həmin kredit vəsaitini əldə etdiyini, həmçinin AYİB ilə qrant müqaviləsi bağlandığını, lakin həmin qrant vəsaitini əldə etmədiyini, görülmüş xidmətlərinin dəyəri X23 qeyri-rəsmi olaraq ödənildiyini qeyd etmişdir. Hətta məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sübutları bir-bir araşdırılması zamanı Kənan Rəsulova işlərin görülməsinə dair suallar verilmiş və Kənan Rəsulov qısa olaraq cavabında bütün təqdim edilmiş sənədləri təsdiq etdiyini və ayrıayrılıqda araşdırılmasına zərurət olmadığını bildirmişdir. Bundan başqa, X25 2021-ci ildən franşiza müqaviləsi əsasında İddiaçı MMC-ni təmsil edir və bununla əlaqədar şirkətin danışıqlarında birbaşa özü iştirak etmişdir. 2022-ci ilin aprel ayından şirkətin rəsmi olaraq direktor müavini vəzifəsində çalışmışdır. Bundan başqa X25 tərəfindən imzalanmış müqavilə və təhvil-təslim aktı şirkətin direktoru tərəfindən qəbul edilmiş və möhürü ilə təsdiq edilmişdir. Müqavilədə mövcud olan imza və möhür İddiaçı MMC tərəfindən heç vaxt mübahisələndirilməmişdir. Həmin müqavilədə imzanın direktora aid olub-olmaması müqavilənin etibarsız olması üçün əsas ola bilməz. X13 şirkətin fəaliyyətində və yazışmalarda iştirak etməməyi əsası ilə müqaviləni etibarsız və uydurma əqd kimi qələmə vermək ümumiyyətlə hər hansı məntiqə sığmır. Şirkətin direktorun müqavilənin icrasında və yazışmalarda birbaşa iştirak etmək öhdəliyi müqavilənin hər hansı bəndində öz əksini tapmır. Bundan başqa, məhkəmənin növbəti absurd yanaşması isə iddiaçıdan imzalanmış və möhürlənmiş müqavilənin qarşı tərəfə nə zaman təqdim edilməsini və nə zaman imzalanmasını sübuta yetirilməsini tələb edilməsi olmuşdur. Halbuki, bu hal cavabdeh tərəfindən irəli sürülmüşdür və sübut etmək yükü birbaşa iddiaçıda deyil, cavabdehin üzərində olmalı idi. Cavabdeh tərəfindən imzalanmamış və möhürlənmiş xx.xx.2022-ci il tarixli müqavilənin əsli tərəfimizdən məhkəməyə təqdim edilmiş, həmin müqavilədə cavabdehə məxsus olan imza və möhür cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əlavə olaraq, müqavilənin və ya hər hansı sənədin göstərildiyi tarixdə imzalanmaması və ya təqdim edilməməsi həmin sənədin etibarsız və uydurma əqd olunmasına əsas ola bilməz. Bundan başqa, məhkəməyə tərəfimizdən kifayət qədər sübutlar təqdim edilmiş və cavabdeh tərəfin etirazlarında olan ziddiyyətli məqamlar məhkəmənin diqqətinə çatdırılsa da qanunsuz qərar qəbul edilmişdir. Belə ki, təqdim edilmiş e-mail yazışmalarında dəfələrlə, yəni xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müqavilənin elektron forması cavabdehə göndərilmiş, lakin bir dəfə də olsun cavabdeh tərəfindən həmin e-mail yazışmasına cavab olaraq İddiaçı MMC ilə müqavilə bağlamadığını və ya hər hansı işgüzar əlaqədə olmadığına dair məktub göndərilməmişdir. Həmin e-mail yazışmaların göndərilməsinə səbəb iddiaçı tərəfindən artıq imzalanmış, cavabdehə təqdim edilmiş və cavabdeh tərəfindən imza və möhürlənmiş müqavilənin surətini geri göndərilməsi olmuşdur. Bundan başqa, cavabdeh tərəf öz izahatında guya İddiaçı MMCnin tanımadığını, ancaq X24 tanıdığını bildirmişdir. Lakin bütün e-mail yazışmalarında pkf.az domeni görmüş və həmçinin, Elvin Nağıyev adlı əməkdaşla yazışması belə olmuşdur. İddiaçı MMC-ni tanımaması və qeyd olunan şirkətlə hər hansı işgüzar münasibətdə olmaması dəlili tam əsassızdır. Bundan başqa, cavabdeh tərəf öz izahatında hər hansı qrant almadığını bildirmişdir. Lakin öz etiraz ərizəsində AYİB ilə qrant müqaviləsinin bağlandığını qeyd etmişdir. AYİB tərəfindən həmin qrantın verilməməsinin İddiaçı MMC-yə hər hansı aidiyyatı ola bilməz, belə ki, həmin münasibətlər "xxxx" MMC ilə AYİB ilə arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir. Bundan başqa, qarşı tərəf görülmüş xidmətin dəyərini iki dəfəyə qeyri-rəsmi olaraq ödədiyini qeyd etmişdir. Həmin məbləğ təhvil-təslim aktı ilə eyni olmuşdur. Lakin həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən bu məqama münasibət bildirilməmişdir. Halbuki, cavadbehin xidmətin dəyərinin ödənilməsinin deyilməsi artıq iddianın dolayı yolla qəbul etmiş olması anlamına gəlir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

25. Cavabdehin qanuni nümayəndəsi X14, cavabdehin nümayəndəsi və vəkili X15 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

26. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddə- əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddə-müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 331.1-ci maddə-yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 399.1-ci maddə-müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddə-tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 407.2-ci maddə-sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 80-ci maddə-məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

27. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sübutlar, ekspert rəyi, tərəflərin izahatları, elektron poçt vasitəsi ilə aparılmış yazışmalar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə deyil, 2022-ci ilin noyabr ayında imzalanmışdır. Qeyd edilən müqavilənin layihəsi xx.xx.2022-ci il tarixdə Elektron ünvan 2 elektron poçt ünvanından cavabdehin direktorunun elektron poçtuna (Elektron ünvan 3) göndərilmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən qeyd edilən müqavilənin ilk dəfə 2022-ci ilin may ayında cavabdehə göndərildiyini göstərsə də, məhkəmə tərəfindən tərəflərin iştirakı ilə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi X10 elektron poçtuna daxil olan elektron məktublara baxış keçirərək müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixdə Elvin.NElektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 3 –(Kənan Rəsulova) ünvanlanmış məktuba qoşma olaraq göndərilmiş müqavilənin tarixi və şərtləri fərqli olmuşdur. Qeyd edilən elektron poçt məktubları iş materiallarına əlavə edilmişdir. İddiaçının nümayəndəsi və vəkili qeyd edilən məhkəmə iclasında təsdiq etmişdir ki, müqavilənin imzalı nüsxəsi cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin dekabr ayında verilmiş, müqavilə imzalananadək onun şərtləri barədə razılaşmalar şifahi olmuşdur.

30. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilə və xx.xx.2022-ci il tarixli təhviltəslim aktı xx.xx.2022-ci il tarixdə vəfat etmiş İddiaçı MMC-nin əvvəlki direktoru X11 tərəfindən deyil, ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə direktor təyin edilmiş X6 tərəfindən imzalanmış, lakin müqavilədə X5 adı qeyd olunmuşdur. İddiaçının nümayəndəsi müqavilədə və aktda əvvəlki direktorun adının qalmasını texniki səhv kimi göstərmişdir. Halbuki xx.xx.2022-ci il tarixdə Z.Hüseynzadənin İddiaçı MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmamışdır.

31. Cavabdeh tərəf iddiaya etirazında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilə və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı görünüş üçün bağlanmışdır. Əslində cavabdehə Avropa Yenidənqurma və İnkişaf Bankından kredit almaq üçün məsləhət xidməti bu müqavilə bağlananadək X6 ilə şifahi razılaşma əsasında onun özü tərəfindən göstərilmiş və göstərilmiş xidmətin dəyəri olaraq 190.000 ABŞ dolları Z.Hüseynzadəyə ödənilmişdir. İddia ərizəsində istinad edilmiş və cavabdeh tərəfindən 2022-ci ilin noyabr ayında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında hüquqi şəxs olaraq İddiaçı MMC tərəfindən cavabdehə hər hansı xidmət göstərilməmişdir. X6 bu müqavilənin və təhvil-təslim aktının formal olaraq AYİB-dan tələb edildiyi üçün bağlandığını bildirdiyindən cavabdehin direktoru razılaşaraq imzalamışdır.

32. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında və işə apellyasiya qaydasında baxılarkən X6 tərəfindən məsləhət xidmətlərinin icrasına 2022ci ilin yanvar ayında başlanıldığını və il ərzində bu xidmətlərin göstərildiyini bildirmiş və bunu təsdiq etmək üçün məhkəməyə email yazışmaları təqdim etmişdir.

33. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı normaların tələblərinin nəzərə alınmasını zəruri hesab edir. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. MM-nin 324.1-ci maddəsinə əsasən əqd bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradır. Eyni zamanda MM-nin 399.1-ci maddəsində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddədə nəzərdə tutulur ki, müqavilənin şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq edilməsi yalnız müqavilədə nəzərdə tutulduğu halda mümkündür. Tərəflərin nümayəndələrinin izahatlarına və elektron poçtla göndərilmiş məktublara əsasən xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilənin sadə yazılı əqd olaraq 2022-ci ilin noyabr ayında imzalanması üçün cavabdehə təqdim edildiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin müqavilə şərtlərinin X6 tərəfindən 2022-ci ilin yanvar ayından cavabdehə göstərilmiş xidmətlərə tətbiq edilməsi və həmin xidmətlərə görə ödənişin xidmət göstərildikdən sonra bağlanmış yazılı müqaviləyə əsasında tələb edilməsi Mülki Məcəllənin tələblərinə ziddir.

34. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, 2022-ci ilin noyabr ayında cavabdeh xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqaviləni imzaladıqdan sonra İddiaçı tərəfindən Cavabdehnə hər hansı xidmət göstərilmədiyindən və işin hallarına əsasən AYİB-dan kredit vəsaiti artıq 2022-ci ilin noyabr ayında alındığı üçün həmin aydan sonra belə bir xidmətin göstərilməsinə hər hansı zərurət olmadığından xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Buna görə də, həmin əqd əsasında cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın məhkəmə tərəfindən rədd edilməsi qanuni və əsaslı olmuşdur. Tərəfləri təqdim etdiyi tərəflərin tələblərini müəyyən edən fakt və hallarla bağlı olmayan sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilmir və onlara hüquqi qiymət verilməsi zəruri hesab edilmir.

35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1762/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar