Məhkəmə qərarları › İş №2-2(103)-975/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-975/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-975/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2058/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli F589 saylı daxili maliyyə lizinqi müqaviləsi və əlavələrinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada həmin müqavilə üzrə 5067 manat əsas borc, 4135 manat faiz borcu, 762 manat cərimənin və ödənilmiş 119,64 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2058/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 589 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilmiş hesab olunması, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 2213 (iki min iki yüz on üç) manat 40 (qırx) qəpik əsas borc, 1321 (bir min üç yüz iyirmi bir) manat 11 (on bir) qəpik mükafat məbləği, 110 (bir yüz on) manat cərimə məbləği olmaqla ümumilikdə 3644 (üç min altı yüz qırx dörd) manat 51 (otuz üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 589 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. İddiaçının qəbul etdiyindən daha çox ödəniş edilmiş, ödənişlərin bir qismi iddiaçının əməkdaşlarının bank kartlarına, bir qismi isə əlbəəl edilmişdir. Ödəniş qəbzlərindən də göründüyü kimi xx.xx.2023-cü il tarixdə 1272,15 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, 730 manat, 800 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, olmaqla ümumilikdə 6502,15 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən sonuncu dəfə lizinq obyekti 2023-cü ilin avqustun sonu, sentyabrın əvvəli alınmışdır. Belə ki, iddiaçı “GPS” vasitəsilə lizinq obyektinin yerini müəyyən etmiş, ondan avtomobili məcburi qaydada almışdır. O, avtomobilin qaytarılması üçün 600 manat ödəniş edib iddiaçıya yaxınlaşmış, lakin sonuncu vəsaitin tam ödənilməsini tələb etmiş, 600 manatı qaytarmışdır. Savadsız olduğundan lizinq obyektinin xx.xx.2024-cü il tarixdə təhvil alınması ilə bağlı akta imza etmişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə icraatı gedişində onu ofisə çağırmış, aktın avtomobildə hər hansı əşyasının qalmamasının təsdiq edilməsi üçün tərtib edildiyini bildirmiş, bu səbəbdən də o, akta imza etmişdir. İddiaçının nümayəndəsi məhkəmədə özü də etiraf edərək bildirmişdir ki, avtomobil ondan təhvil alınarkən tərəflərindən bu barədə akt tərtib edilməmişdir. Akt yalnız məhkəmə icraatında olarkən Cavabdeh1 ofisə çağırılaraq, nəqliyyat vasitəsində hər hansı əşyanın qalmamasının təsdiq edilməsi üçün tərtib edilməsi bildirilmişdir. Bu barədə məhkəmə xx.xx.2024-cü il tarixli aktı mötəbər sübut kimi qiymətləndirməmişdir. Bundan başqa onu da qeyd edir ki, iddiaçı tərəfindən 04 sentyabr 2023-cü il tarixdə avtomobili Cavabdeh1 aldıqları vaxtdan məhkəməyə iddia ərizəsi verdiyləri vaxta qədər mükafat (faiz) və cərimə borcu hesablanmışdır. Halbuki, avtomobili Cavabdeh1 aldıqları vaxtadan o çalışsa da ki, borc məbləğini ödəsin, iddiaçı tərəfindən həmin pulu qəbul etməmişlər. Hesab edir ki, faiz borcunun hesablanması həddindən artıq şişirdilmişdir, bununla bağlı məhkəməyə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməmişdir, lakin məhkəmə faiz borcunu heç bir sübut olmadan ondan tutulmasını qət etmişdir. Faiz borcunun ləğv edilməsi və avtomobilin ona qaytarılaraq əsas borcun ödənilməsi ilə bağlı iddiaçıya olan təklif məhkəmə tərəfindən nəzərə alınmalı olan haldır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

8. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

9. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

13. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdehlər tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilməyən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh1 sifarişi ilə xx.xx.2022-ci il tarixli F589 nömrəli alqı-satqı müqaviləsi əsasında dəyəri 31500 manat olan, 2013-cü il buraxılışı, WBAFR7C56DC827096 şassi nömrəli “BMW 5351” minik markalı nəqliyyat vasitəsini X2 alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinqə vermiş, həmin müqaviləyə əsasən, Cavabdeh1 36 ay müddətinə 29 yanvar 2023-cü il tarixdən 29 dekabr 2025-ci il tarixədək 31 500 manat əsas ödəniş, 11807,97 manat mükafat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda lizinq müqaviləsi bitdikdən, lizinq alan tərəfindən müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququnun lizinq alana keçə biləcəyi şərtləşdirilmişdir. Sözügedən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, sonuncu Cavabdeh1 öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

18. İşin halları işdə olan müqavilə və digər sübutlarla təsdiq edilmişdir.

19. İddiaçı xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsinin əlavələri ilə birlikdə ləğv edilməsini, həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 5067 manat əsas borc və 4135 manat faiz məbləğinin, həmçinin 762 manat cərimənin tutulmasını tələb etmişdir.

20. Məhkəmə 2213 (iki min iki yüz on üç) manat 40 (qırx) qəpik əsas borc, 1321 (bir min üç yüz iyirmi bir) manat 11 (on bir) qəpik mükafat məbləği, 110 (bir yüz on) manat cərimə məbləği olmaqla ümumilikdə 3644 (üç min altı yüz qırx dörd) manat 51 (otuz üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini qət etmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli F589 nömrəli lizinq müqaviləsi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir (müqaviləyə əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olduğundan müqaviləyə əlavələrin ləğvinə ayrıca hüquqi qiymət verilməsinə isə lüzum yoxdur). İddiaçının isə həmin tarixədək lizinq ödənişlərini tələb etmək hüququ vardır.

22. İddiaçının təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1272 manat, xx.xx.2023-cü il tarixdə 2130 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat olmaqla ümumilikdə 6302 manat ödəniş edilmişdir.

23. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 1272,15 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, 730 manat, 800 manat, xx.xx.2023cü il tarixdə 2200 manat, olmaqla ümumilikdə 6502,15 manat ödəniş edilmişdir.

24. Maliyyə arayışından görünür ki, 1272 manat, 2130 manat, 700 manat, 2191,20 manat olmaqla ümumilikdə 6293,2 manat ödəniş edildiyi qeyd edilmiş, həmin ödənişlərdən 3244,31 manat əsas borca, 2836,73 manat faiz (mükafat) borcuna, 212,16 manat cərimə məbləğinə silinmişdir.

25. İddiaçı hesabdan çıxarış ilə təqdim edilən qəbzlər arasındakı fərqi nəqliyyat vasitəsinə yazılan cərimə və nəqliyyat vasitəsinin dayanacaqda saxlanılması üçün ödənilən haqla əlaqələndirsə də, qeyd edilən halları təsdiq edən sübutları, cavabdeh isə əlbəəl ödənişlər edildiyini bildirsə də, həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin, iddiaçının özünün təqdim etdiyi hesabdan çıxarışda xx.xx.2023-cü il tarixdə 2200 manat ödəniş əks olunsa da, maliyyə arayışında həmin məbləğ 2191,20 manat kimi qeyd olunmuşdur. Belə olan halda, məhkəmə edilən ödənişlərin ümumi məbləğinin 6502,15 manat (cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinə əsasən 1272,15+1500+730+800+2200) olduğu qənaətinə gəlmişdir. xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsinə 3 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, 04 sentyabr 2023-cü il tarixə ödənilməli əsas borc 5457,7(625,5+636,97+648,64+660,54+672,65+684,98+697,54+710,32+ 723,35 manat/30 gün x 5 gün)) manat, faiz (mükafat) borcu 4366,79 (577,5+566,03+554,35+542,46+530,35+518,02+505,46+492,68+479,65 manat/30 gün *5 gün )) manat təşkil edir.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əsas borca 3244,31 manat silinmənin aparıldığı nəzərə alındığında xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə əsas borc 2213,4 (5457,7-3244,31) manat, mükafat (faiz) məbləği üzrə 2836,73 manat silinmənin aparıldığı və 208,95 manat (məhkəmənin müəyyən etdiyi ödəniş məbləği 6502,15 manat – iddiaçının nəzərə aldığı ödəniş məbləği 6293,2 manat) ödənişin hesablanmadığı nəzərə alındığında xx.xx.2022-ci il tarixli F589 nömrəli daxili lizinq müqaviləsi üzrə mükafat borcu 1321,11 (4366,79-2836,73-208,95) manat müəyyən edilməlidir.

27. Göründüyü kimi məhkəmə iddia tələblərini qismən təmin edərkən gəldiyi qənaəti əsaslandırmışdır.

28. Cavabdehlər apellyasiya şikayətində məhkəmənin azaltdığı borc məbləğlərini mübahisələndirsələr də, istinad etdikləri halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişlər. Şikayətin dəlillərinə cavab olaraq qeyd edilməlidir ki, onlar lizinq müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiklərinə görə faiz və cəriməni ödəməlidirlər. Cavabdehlər ödənişi bank vasitəsi ilə edə bilərdilər.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2058/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar