Məhkəmə qərarları › İş №2-2(103)-977/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-977/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-977/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1213/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC (hazırkı adı "xxxx" ASC) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 19.939 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə vermiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin ərizə təmin edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1213/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2-2(113)-1213/2024 saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan texnoloji avadanlıqlar Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tam olaraq təhvil verilməmişdir. Belə ki, texnoloji avadanlıqlar Cavabdeh təhvil götürülərkən dəyəri 6804,0 manat olan helezon kılıfı və üst qapağı (20 metr), dəyəri 5481,0 manat olan helezon yarpağı (20 metr), dəyəri 1180,0 manat olan motor ayağı və qarşı qapaqlar (5 ədəd), dəyəri 1985,0 manat olan UCF 210 markalı baş yataqlar (10 ədəd) və dəyəri 4489,0 manat olan reduktor yem qıranla birlikdə (5,5 kvt-10 D/D, 5 ədəd) yerində aşkar edilmədiyi üçün hesab edirlər ki, cavabdeh tərəfindən Cəmiyyətə 19.939 manat məbləğində maddi ziyan vurulmuşdur. Mübahisə predmeti olan texnoloji avadanlıqlar Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tam olaraq təhvil verilməmişdir. Belə ki, texnoloji avadanlıqlar Cavabdeh təhvil götürülərkən dəyəri 6804,0 manat olan helezon kılıfı və üst qapağı (20 metr), dəyəri 5481,0 manat olan helezon yarpağı (20 metr), dəyəri 1180,0 manat olan motor ayağı və qarşı qapaqlar (5 ədəd), dəyəri 1985,0 manat olan UCF 210 markalı baş yataqlar (10 ədəd) və dəyəri 4489,0 manat olan reduktor yem qıranla birlikdə (5,5 kvt-10 D/D, 5 ədəd) yerində aşkar edilmədiyi üçün hesab edirik ki, cavabdeh tərəfindən Cəmiyyətə 19.939 (on doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasən, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 07 avqust tarixli e-2-2(113)- 1213/2024 nömrəli qərardadı ləğv edilməli və iş üzrə icraat təzələnməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehdən 17700 manat əsas borcun tutulması, 5062 manat cərimənin, 30 manat dövlət rüsumunun, cəmi 22792 manat məbləğində borcun tutulması, müqavilələrin ləğv olunması, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilini kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9380/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 17700 manat əsas, 500 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 18330 manat ASC-nin xeyrinə tutulması və İddiaçı ASCnin mülkiyyətində olan lizinq obyektini təşkil edən texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması qət edilmişdir. Sözügedən qətnamə əsasında Cavabdeh avadanlığın bir hissəsi geri alınmış və 29 oktyabr 2019-cu il tarixli akt əsasında Balaxanı qəsəbəsi ərazisində yerləşən Azərbaycan Təcrübə-sınaq və Təmir zavodunun anbarına təhvil verilmişdir. Hazırda təhvil alınan avadanlığın texniki təsnifatında yer alan, dəyəri 6804,0 manat olan helezon kılıfı və üst qapağı (20 metr), dəyəri 5481,0 manat olan helezon yarpağı (20 metr), dəyəri 1180,0 manat olan motor ayağı və qarşı qapaqlar (5 ədəd), dəyəri 1985,0 manat olan UCF 210 markalı baş yataqlar (10 ədəd) və dəyəri 4489,0 manat olan reduktor yem qıranla birlikdə (5,5 kvt-10 D/D, 5 ədəd) yerində aşkar edilmədiyindən, iddiaçı vurulmuş maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, lizinq obyektini təşkil edən texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı ASC-yə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə onların qaytarılmaması ilə bağlı mübahisə də icra icraatı qaydasında həll edilməlidir. Mülki Prosessual Məcəllənin əmlakın alınması ilə bağlı qətnamələrə dair müəyyən edilmiş tələblərdən də görünür ki, belə məsələlər icra mərhələsində həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 231.1-ci maddəsində isə təsbit edilmişdir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu baxımdan avadanlığın texniki təsnifatında yer alan hissələrin qaytarılmamasına görə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi barədə iddiaya iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1213/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar