Məhkəmə qərarları › İş №2-2(103)-978/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-978/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-978/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov İkram Sabir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 3689/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 01 sentyabr 2020-ci il tarixli 00020 nömrəli alqı-satqı müqaviləsinin (satıcı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, alıcı qismində cavabdeh) 1-ci hissəsindən görünür ki, satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir (1.1). Müqavilə üzrə ödəniş valyutası Azərbaycan manatıdır (4.1). Bu müqavilə üzrə təqdim edilən malların dəyəri e-qaimənin təqdim edildiyi tarixdən 30 gün müddətində nağdsız qaydada həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir.

2. Həmin müqaviləyə 09 fevral 2021-ci il tarixli əlavənin 1-ci hissəsinə əsasən, "xxxx" MMC adını dəyişərək İddiaçı MMC adı ilə əvəz etmişdir. xx.xx.2020-cu il tarixli alqısatqı müqaviləsi bundan sonra İddiaçı MMC ilə bağlanmış hesab edilmişdir. Əlavənin 2-ci hissəsində iddiaçının hesablaşma hesabı kimi AZ31RBTA******************** göstərilmişdir.

3. Elektron qaimə-fakturalardan (dəyəri ödənilməyən qaimələr qismində iddia ərizəsinə əlavə olunan) görünür ki, ƏDV daxil olmaqla xx.xx.2021-ci il tarixli EBBB 178074 seriya və nömrəli elektron qaimə 373,51 manat, EBBB 168193 seriya və nömrəli elektron qaimə 1048,07 manat, EBBB 175447 seriya və nömrəli elektron qaimə 1143,70 manat, xx.xx.2021-ci il tarixli EBBB 238657 seriya və nömrəli elektron qaimə 41 manat, EBBB 238264 seriya və nömrəli elektron qaimə 133,01 manat, EBBB 224722 seriya və nömrəli elektron qaimə 109,01 manat, EBBB 245369 seriya və nömrəli elektron qaimə 60 manat, EBBB 244231 seriya və nömrəli elektron qaimə 243,01 manat, EBBB 244755 seriya və nömrəli elektron qaimə 334,94 manat, EBBB 243321 seriya və nömrəli elektron qaimə 484,09 manat, EBBB 223719 seriya və nömrəli elektron qaimə 105 manat, EBBB 218260 seriya və nömrəli elektron qaimə 55 manat, EBBB 225669 seriya və nömrəli elektron qaimə 880,06 manat, xx.xx.2021-ci il tarixli EBBC 573110 seriya və nömrəli elektron qaimə 165,51 manat, xx.xx.2021-ci il tarixli EBBE 185342 seriya və nömrəli elektron qaimə 217,77 manat (bütün elektron qaimələr üzrə ümumilikdə ƏDV daxil olmaqla 5393,68 manat) dəyərindəki müxtəlif adda məhsulların iddiaçı tərəfindən cavabdehə təhvili üçün rəsmiləşdirilmişdir.

4. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, sonuncunun xx.xx.2022-ci il tarixə iddiaçıya olan borcu 10267,63 manat təşkil edir.

5. İddiaçının AZ31RBTA******************** nömrəli hesablaşma hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 01 sentyabr 2020-ci il tarixli 00020 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 4130,39 manat (ƏDV xaric) məbləğində pul ödənmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5393,78 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 00020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə görə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Eyni zamanda 30 noyabr 2022-ci il tarixdə tərəflər arasında müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar üzləşmə aktı rəsmiləşdirilmişdir. Üzləşmə aktı ilə cavabdehin xx.xx.2022-ci il tarixinə iddiaçıya olan borcu 5393,78 manat təşkil edir. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan və hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı xx.xx.2022ci il tarixdə cavabdeh tərəfə pretenziya məktubu ilə müraciət etmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuş, lakin ödəmə həyata keçirilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3689/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə xx.xx.2022-ci il tarixli üzləşmə aktına cavabdehin adından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulduğundan borcun təsdiqi üçün mötəbər sübut hesab etməmişdir.

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 sentyabr 2020-ci il tarixli 00020 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları cavabdehə satmağı, cavabdeh isə bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixə qarşılıqlı yoxlama əsasında borcların üzləşməsi aparılmış və hər iki hüquqi şəxsin möhürü ilə cavabdehin iddiaçıya olan borcu 10267,63 manat məbləğində təsdiqlənmişdir. Daha sonra həmin borcdan xx.xx.2022-ci il tarixdə 4130,39 manat (ƏDV xaric) iddiaçıya ödənilmişdir. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan (qarşılıqlı hesablaşma aktına əsasən) 5393,78 manat pulun ödənilməsini tələb edir.

11. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 4.2-ci bəndi ilə malların dəyərinin e-qaimənin təqdim edildiyi tarixdən 30 gün müddətində nağdsız qaydada ödənilməsinin razılaşdırıldığı nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

12. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3689/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2.4-cü maddəsinə əsasən malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyatı şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir. Nəticə etibarı ilə müqavilə şərtlərinə əsasən tərəflər arasında malların qəbulu təhvil-təslim aktı əsasında həyata keçirilir. İddiaçı tərəfindən məhkəməyə heç bir təhvil-təslim aktı təqdim edilməmişdir. Məhkəmə tərəfindən bu hala qiymət verilmədən yalnız cavabdehin təqdim etdiyi akta istinad edilməklə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Həmçinin, istinad edilən aktın elektron məhkəmə sisteminə əlavə edilmiş surəti keyfiyyətsiz və bulanıq görüntüyə malikdir. Azərbaycan Respublikası MPM-in 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Məhkəmənin qətnaməsində qeyd etdiyi digər – xx.xx.2022-ci il tarixli akt isə elektron məhkəmə sisteminə qətnamə çıxarıldığı xx.xx.2023-cü il tarixindən sonra – xx.xx.2023-cü il tarixdə yüklənilmişdir. Məhkəmə tərəfindən 218.3-cü maddəsinin tələbləri də pozulmuşdur. Həmin maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia ərizəsində mediasiya xərci ilə bağlı hər hansı tələb olmamasına baxmayaraq məhkəmə əsassız olaraq həmin hissədə qətnamə qəbul edərək, mediyasiya xərcinin cavabdehdən tutulmasını qət etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iclasın təxirə salınması barədə vəsatət versə də, vəsatətə iclasda üzürlü səbəbdən iştirak etmədiyini təsdiq edən sübut əlavə edilmədiyindən vəsatət təmin edilməmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə-əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə-əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.3-cü maddə-iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 01 sentyabr 2020-ci il tarixli 00020 nömrəli alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə mallar satılmış, malların təqdim edilməsi elektron qaimələrlə rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixə cavabdeh aldığı mallara görə iddiaçıya olan 10267,63 manat borcunu təsdiq etmiş, iddiaçı tərəfindən tələb edilən 5393,78 manat borcun ödənilməsi barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.

20. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən işə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyi halda məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya qarşı hər hansı etiraz bildirməmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlərlər məhkəmə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində mübahisələndirilən, cavabdehin adından üzərinə "xxxx" MMC-nin möhürü vurulmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktını mötəbər sübut kimi qəbul etməmiş, iş üzrə gəldiyi nəticəni əsaslandırarkən tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktına (əsli iş materiallarına kağız daşıyıcıda əlavə edilmiş) istinad etmişdir. Həmin akt isə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, o cümlədən aktda qeyd edilmiş məbləğin iddiaçıya tam ödənilməsi barədə cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən iddianın təmin edilməsi qanuni və əsaslıdır.

22. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən irəli gəldiyindən iddia təmin edildiyi halda cavabdehdən məhkəmə xərclərinin tutulmasına dair tələbin iddia ərizəsində qeyd edilməsi tələb olunmur. Buna görə də, məhkəmə kollegiyası cavabdehdən mediasiya prosesinə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qətnaməni qanuni və əsaslı hesab edir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3689/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar