Məhkəmə qərarları › İş №2-2(103)-979/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-979/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-979/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-186/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31.01.2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin Cavabdeh ASC-yə satdığı hər birinin qiyməti 0,144 qəpik olmaqla 72000 ədəd, toyuq yumurtasına görə ümumi qiyməti 10368 manat məbləğində pulun və ödənilmiş 30 məbləğində dövlət rüsumunun Cavabdeh ASC-dən alınıb "xxxx" MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ASC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh "xxxx"xxxx"xxxx" MMC-dən Cavabdeh ASC-dən 41990 manat məbləğində, məhsul ixrac olunan zaman çəkilmiş daıma xərci kimi 12150 ABŞ dolları məbləğində, cəmiyyət tərəfindən ödənilmiş ödəmə mənbəyindən vergi kimi 1358,60 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.06.2021-ci il tarixli e-2-2(113)-186/2021 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh ASC (alıcı) arasında 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC 1 nömrəli qiymət cədvəli ilə razılaşdırılmış ərzaq məhsulunun (toyuq yumurtası) satın alınması barədə Cavabdeh ASC-nin təklifini qəbul etməyi və onu ərzaqla təmin etməyi, Cavabdeh ASC isə ərzaq məhsulunu "xxxx" MMC-dən qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə satıcı tərəfindən alıcıya 41990 manat dəyərində yumurta verilmiş və alıcı tərəfindən ödəniş tam olaraq həyata keçirilmişdir. Həmçinin eyni tərəflər arasında 31 yanvar 2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə alıcının təklifini qəbul edir və onu ərzaq məhsulları ilə təmin etməyi, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 31 yanvar 2020-ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC 18 mart 2020-ci il tarixdə hər birinin qiyməti 0,144 qəpik olmaqla 72000 ədəd, ümumi dəyəri 10368 manat ərzaqlıq toyuq yumurtasını Cavabdeh ASC-yə təhvil vermiş və bu barədə ĞRĞ 193397 saylı malların təhvil qəbul aktı və hesab-faktura ilə EBAH 840745 saylı elektron qaimə tərtib edilmişdir. İddiaçı bildirir ki, həmin müqavilənin 3.2.2-ci bəndinə görə alıcı satıcıdan alınmış ərzaq məhsullarının dəyərini 30 iş günü ərzində satıcının müqavilədə göstərilən bank hesabına ödənilməsini təmin etməlidir. Qarşı tərəf nəinki müqavilənin şərtlərinə əməl etməmiş, hətta tərəflərindən və Azərbaycan Respublikası “X1” İB tərəfindən dəfələrlə şifahi və yazılı müraciətlər edilərək pulun ödənilməsi tələb edilsə də, üzərinə düşən öhdəliyə əməl etməmişdir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, tərəflər arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli KM/177 saylı müqavilənin 3.1.2-ci bəndinin tələblərinə əsasən satıcı bu müqavilə üzrə satılan malların keyfiyyətinə tam zəmanət verir və satdığı malların keyfiyyətini, mənşəyini göstərən və qanunvericiliklə nəzərdə tutulan digər sənədləri (sertifikatları) alıcıya təqdim edir. Həmin müqavilənin 3.1.4-cü bəndinin tələblərinə əsasən satıcı sifarişi vaxtında və keyfiyyətlə icra edir, malların göndərildiyi avtonəqliyyat vasitəsinin sanitar-gigiyenik tələblərə cavab verməsini təmin edir. "xxxx" MMC müqavilənin yuxarıda qeyd edilən bəndlərinin tələblərinə əməl etməmiş və alıcını zəruri sənədlərlə tam təmin etməmiş, sifarişi vaxtında və keyfiyyətlə icra etməmişdir. Bu səbəbdən, "xxxx" MMC müqavilə üzrə öhdəliklərini tam icra etmədiyi üçün Cavabdeh ASC öz öhdəsinə düşən öhdəliyin icrasını dayandırmışdır. Həmçinin tərəflər arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsi üzrə 41990 manat pul vəsaiti "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Satın alınmış məhsul ixrac məqsədilə ölkə sərhədindən kənara göndərildikdən sonra satınalan şirkət tərəfindən məhsulun qüsurlu olduğu müəyyən edilmiş və bu barədə Cavabdeh ASC-yə bildiriş göndərilmişdir. Belə ki, toyuq yumurtalarının üzərində yararlılıq müddəti kimi “29.07.2019- 29.10.2019” sözləri deyil, “29.07.2019-29.10.2029” sözləri qeyd edilmişdir. İxrac olunan məhsul istifadəyə yararsız olduğu üçün Cavabdeh ASC-yə 41990 manat məbləğində maddi zərər dəymişdir. Həmçinin, cəmiyyət tərəfindən məhsul ixrac olunan zaman daşıma xərci kimi 12150 ABŞ dolları məbləğində ödəniş edilmiş və ödəmə mənbəyindən 1358,6 manat məbləğində vergi ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq 31 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, satılmış mallar cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı həmin müqavilə üzrə satılmış mallara görə ödənilməyən 10368 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və ilk iddia tam əsaslıdır. İlk iddiaya dair cavabdehin etirazının dəlilləri isə əsassızdır. Belə ki, 31 yanvar 2020ci il tarixli KM/177 saylı alqı-satqı müqaviləsi üzrə hər birinin qiyməti 0,144 qəpik olmaqla 72000 ədəd, ümumi dəyəri 10368 manat ərzaqlıq toyuq yumurtasının Cavabdeh ASC-yə təhvil verməsi barədə ĞRĞ 193397 saylı malların təhvil qəbul aktı və hesab-faktura ilə EBAH 840745 saylı elektron qaimə tərtib edilmişdir. Cavabdeh isə həmin malların qəbul edilməsinə və qeyd olunan sənədlərə etirazını bildirməmişdir. Eyni zamanda kollegiya hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Belə ki, zərərin ödənilməsi tələblərinin əsaslı hesab edilməsi üçün ilk olaraq zərərin mövcud olması faktı müəyyən edilməlidir. Cavabdeh ona maddi zərər dəyməsini iddiaçıdan aldığı malların qüsurlu olması və nəticədə həmin malların göndərildiyi “X5” LLC şirkətinin maldan imtina etməsi ilə əsaslandırmışdır. Lakin “X5” LLC-nin maldan imtina etməsini, o cümlədən malları geri təhvil almasını və ya malların yararsız olması ilə bağlı məhv edilməsini təsdiq edən sübutları məhkəmə təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, Cavabdeh ASC cavabdeh “X5” MMC şirkətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli e-2-2(113)-894/2021 saylı qiyabi qətnaməsi ilə həmin iddia təmin edilmiş, “X5” MMC şirkətindən 68608,50 ABŞ dolları, 19142,19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 87750,69 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qiyabi qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin 16.08.2019-cu il tarixli BM-002 saylı müqavilə üzrə öhdəlikləri yerinə yetirərək cavabdehə 68608,5 ABŞ dolları məbləğində mal göndərmiş, lakin cavabdeh tərəfindən həmin malın dəyəri ödənilməmişdir. Göründüyü kimi cavabdehin iddiaçıdan aldığı mallar “X5” MMC şirkətinə satılmış və qanuni qüvvədə olan qətnamə ilə həmin alqı-satqı üzrə ödənilməli olan pulun cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bu hal isə cavabdehə zərərin dəyməsini istisna edir. Ona görə də, cavabdehin istinad etdiyi digər hallar, yəni iddiaçının satdığı malların qüsurlu olması barədə dəlillər araşdırılmadan qarşılıqlı iddia rədd edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-186/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar