Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-98/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “pul tələbi və cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəlikdən azad edilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “X4 Təsərrüfatı” MMC-nin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 131/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən iddiaçı “X4 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. “Sifarişçi” "xxxx" ASC ilə "xxxx" Distant Complex Limited Şirkəti arasında bağlanmış 16 avqust 2010-cu il tarixli 42/10 saylı Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqavilədən görünür ki, tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqaviləyə 1-3 nömrəli Əlavədə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə İcraçının "İnkoterms 2000" DDP şərti ilə 581000 avro (və ya 601509,30 manat) məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan Malların 55 (əlli beş) gün ərzində gələcəkdə bağlanacaq lizinq müqaviləsində göstərilən ünvanda quraşdırılmış və işlək vəziyyətdə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği “İnkoterms 2000” DDP şərtlərinə uyğun məbləği 581000 avro təşkil edir. Müqavilənin 20.1 və 20.2-ci bəndinə əsasən müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə icraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır, qarşısıalınmaz qüvvənin təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökümət qərarları və bu kimi digər hallar aid edilir.
2. “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqavilədən görünür ki, Lizinq verən dəyəri 635250,0 manat olan bu müqaviləyə 1-3 nömrəli əlavələrdə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə (bundan sonra- Avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (4 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılıb. Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Avadanlığın dəyərindən 61500 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafıkində (Əlavə JVs 4) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən Texnoloji avadanlığa mülkiyyət hüququ Lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur. Müqavilənin 2.1.2-ci bəndinə əsasən Lizinq alanın müraciəti əsasında Avadanlığın sığortalanmasını həyata keçirir. Müqavilənin 2.2.13-cü bəndinə əsasən Lizinq alan avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində Lizinq verənə məlumat verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən Lizinq alan Avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra Avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir. Müqavilənin 3.8-ci bəndinə əsasən Lizinq alan Avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilir.
3. “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli Heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə verilməsi barədə müqavilədən görünür ki, Lizinq verən dəyəri 172450 manat olan heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 (səkkiz) il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılmişdır. Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Avadanlığın dəyərindən 17800 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 1) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən Lizinq alanın müraciəti əsasında Avadanlığın sığortalanmasını həyata keçirir. Müqavilənin 2.2.13-cü bəndinə əsasən Lizinq alan avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində Lizinq verənə məlumat verir. Müqavilənn 3.3 və 3.4-cü bəndlərinə əsasən Lizinq alan Avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir. Lizinq alan Avadanlığın istifadəsi ilə bağlı meydana gəlmiş öhdəliklər nəticəsində yaranan bütün xərcləri ödəyir və Avadanlığın istifadəsi və saxlanılması prosesində, digər şəxslərin həyatına, sağlamlığına və əmlakına və ya ətraf mühitə dəymiş bütün zərərə görə tam məsuliyyət daşıyır. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilir.
4. 16 avqust 2010-cu il tarixli 42/10 nömrəli Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 1 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır.
5. 16 avqust 2010-cu il tarixli 42/10 nömrəli Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 2 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt açıq şəraitdə saxlanan iribuynuzlu malqara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemlə avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır.
6. 16 avqust 2010-cu il tarixli 42/10 nömrəli Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 3 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, yer qarışdırıb paylayan avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır.
7. 16 avqust 2010-cu il tarixli 42/10 saylı Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 4 saylı Əlavə üzrə tərtib edilmiş malların qiymət cədvəlindən görünür ki, paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları 1 ədədinin qiyməti 390000 avro məbləğində müəyyən edilmiş, açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql sistemi 1 ədədinin qiyməti 150000 avro məbləğində, yem qarışdırıb paylayanın 1 ədədinin qiyməti 41000 avro məbləğində müəyyən edilmişdir.
8. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqaviləyə 1 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır.
9. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqaviləyə 2 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt gövdəli tiplu açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql sistemi “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır.
10. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqaviləyə 3 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 ədəd “Straulmann” Verti-Mix 750 markalı yem qarışdırıb paylayan “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır.
11. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən lizinq predmetinə görə 2012-ci ildən 2021-ci il müddətinədək 573750 manat lizinq məbləği ödəməlidir.
12. 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən lizinq predmetinə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək 172450 manat lizinq məbləği ödəməlidir.
13. Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində 2016-cı ilin aprel ayında başlayan müharibə zamanı lizinq avadanlıqlarından biri olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları mərmi düşməsi nəticəsində məhv olmuş, bu səbəblə "xxxx" ASC tərəfindən həmin avadanlığın dəyəri “X4 Təsərrüfatı” MMC ilə bağlanmış müqavilədən çıxarılmış, bununla bağlı 26 dekabr 2016-cı il tarixdə “D-02-LA/12” nömrəli lizinq .müqaviləsinin 3 nömrəli əlavəsi imzalanmış və həmin əlavədə yeni ödəniş qrafiki nəzərdə tutulmuşdur. Nəticədə bu müqavilə üzrə lizinqə verilən avadanlıqlardan 1) müasir tipli peyin çıxarma və nəql etmə sistemi və 2) yem qarışdırıb paylayan qalmışdır.
14. İnventarizasiya komissiyasının üzvü A.İsmayıllı, Rayon bölməsinin nümayəndəsi mühəndis M.Sadıqov və Lizinq alan Nümayəndə tərəfindən imzalanmış "xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların xx.xx.2020-ci il tarixinə inventarizasiyası barədə məlumatdan görünür ki, texniki vəziyyəti nasaz olan 1 dəst heyvandarlıq avadanlığının qalıq dəyəri 170555 manat müəyyən edilmiş, texniki vəziyyəti nasaz olan 1 dəst heyvandarlıq kompleksi üçün avadanlığın qalıq dəyəri 151057 manat müəyyən edilmişdir. Qeyd hissəsində 2-ci Qarabağ müharibəsi zamanı atılan mərminin bir neçəsinin avadanlıqlara ziyan vuraraq yararsız hala salması qeyd olunmuşdur.
15. 16.08.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Lizinq alan” “X4 Təsərrüfatı” MMC xx.xx.2016-cı il tarixli D-02-LA/12 nömrəli müqavilə üzrə müqavilənin məbləği 182950 manat müəyyən edilmiş, “X4 Təsərrüfatı” MMC tərəfindən 12395 manat ödəniş edilmişdir. Lizinq alanın əsas borcu 170555 manat qeyd edilmişdir.
16. 16.08.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Lizinq alan” “X4 Təsərrüfatı” MMC xx.xx.2016-cı il tarixli 08-LA/12 nömrəli müqavilə üzrə müqavilənin məbləği 172450 manat müəyyən edilmiş, ilkin ödəniş 17800 manat, qrafiklər üzrə ödənişlər 3603 manat müəyyən edilmişdir. Lizinq alanın əsas borcu 54873 manat qeyd edilmişdir.
17. 55 saylı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 2745 manat ödəniş edilmişdir. 59 saylı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 3000 manat ödəniş edilmişdir. 05 saylı xx.xx.2019-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 753 manat ödəniş edilmişdir. 09 saylı xx.xx.2019-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 500 manat ödəniş edilmişdir. 16 saylı xx.xx.2019-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 500 manat ödəniş edilmişdir.
18. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında "xxxx" ASC tərəfindən “X4 Təsərrüfatı” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 06 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazisinə düşmən təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Bu baxımdan Dövlət Komissiyası tərəfindən təsərrüfatında baş vermiş maddi ziyanla bağlı qiymətləndirmə və digər müvafiq tədbirlər həyata keçirildikdən sonra müraciətdə qaldırılan məsələyə baxılacaqdır.
19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı 17 may 2018ci il tarixli qətnaməsi ilə “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə qarşı "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 08-LA/16 saylı xx.xx.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxarılması və “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə olan borcunun həmin məbləğdə silinməsi” tələbinə dair iddiası təmin edilmiş, “X4 Təsərrüfatı” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə olan borcun həmin məbləğdən silinməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir.
20. Cavabdeh "xxxx" ASC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018- ci il tarixli qətnaməsi ilə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
21. “X4 Təsərrüfatı” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-ci il tarixli 2-2(102)- 151/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-ci il tarixli 2-2(103)-520/19 saylı qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-ci il tarixli 2-2(102)-545/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-ci il tarixli 2-2(103)-520/19 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020 tarixli 2-2(82)-283/2018 nömrəli qərardadı ilə tələbkar "X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli 2-2(82)-283/2018 saylı qətnaməsinə aşağıda göstərildiyi kimi izah verilməsi qərara alınmışdır: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli 2- 2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin müəyyən edilməsi dedikdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2-2(82)-283/2018 saylı icra vərəqəsində göstərilən əmlakın dəyərinin 96174 manat məbləğində müəyyən edilməsi başa düşülsün.
25. Məhkəmə müvafiq nəticəyə gələrkən hesab etmişdir ki, tələbkara lizinqə verilmiş avadanlıqların (yem qarışdıran və yem doğrayan, peyin kürəyənin qolu, üvü gübrə hazırlayan və səpən, inək dırnağı təmizləyən fiksator-qəfəs) ümumi qiyməti 156 000 Avro təşkil etmiş, peyinqarışdıran avadanlığın dəyəri 87 000 Avro müəyyən edilmişdir və belə olan halda peyinqarışdıran (üzvü gübrə hazırlayan və səpən) avadanlığın dəyəri Azərbaycan manatı ilə 96 174 manatdır (156 000 Avro = 172 450 manat, 1 Avro = 1,105 manat (172 450 : 156 000), 87 000 Avro x 1,105 manat = 96 174 manat).
26. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021 tarixli 2-2(103)-612/2021 nömrəli qərardadı ilə "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020 tarixli 2-2(82)-283/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
27. 28 fevral 2023-cü il tarixli MŞB/16-00236 nömrəli mediasiya arayışından məlum olurki, “X4 Təsərrüfatı” MMC tərəfindən ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir.
28. “X4 Təsərrüfatı MMC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “X4 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC ilə arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən “X4 Təsərrüfatı” MMC-yə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırma aparılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur.
29. Həmin qərar AKİA tərəfindən icra edilmiş və 06 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “X4 Təsərrüfatı” MMC arasında GL- 02-LA/12-24 nömrəli "xxxx" ASC-dən (hazırda "xxxx" ASC) lizinqə götürülmüş kənd təsərrüfatı avadanlıqları barədə müqavilə bağlanmışdır.
30. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6046/2023 saylı qərarının icrası ilə əlaqədar müvafiq lizinq müqaviləsində qeyd olunan yempaylayan avadanlığın ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq olunmuş, 17.364,32 AZN müqavilənin ümumi dəyərindən silinmişdir. Bu güzəştin tətbiq edilməsi üçün yempaylayanın dəyərinin müəyyən edilməsində eynilə yuxarıda qeyd olunan metoddan istifadə edilmiş və "xxxx" ASC-nin öz təchizatçısı olan DİSTANT Complex Limited şirkəti ilə bağladığı 42/10 nömrəli 16 avqust 2010-cu il tarixli müqavilənin 4 nömrəli əlavəsinə və həmin avadanlığın orada avro ilə göstərilən qiymətinə istinad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
31. “X4 Təsərrüfatı” MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 57.957 manat məbləğin və 26 dekabr 2016-cı il tarixli “08-LA/16” nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 19.884 manat məbləğin müqavilə üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılması öhdəliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən bir neçə texnika və avadanlıq, o cümlədən, 1 komplekt açıq şəraitdə saxlanan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemi (peyin kürüyən) “X4 Təsərrüfatı” MMC-yə lizinqə verilmişdir. "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış müqavilədə peyin kürüyənin dəyəri ayrıca olaraq göstərilməsə də, həmin avadanlıqların, o cümlədən peyin kürüyənin "xxxx" ASC tərəfindən əldə olunması ilə bağlı "xxxx" ASC və Distant Complex Limited şirkəti arasında 16 avqust 2010-cu il tarixli, 42/10 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC peyin kürüyən avadanlığı 150.000 avroya əldə etmişdir. Qeyd olunan müqavilə üzrə "xxxx" ASC tərəfindən cəmi 581000 avroya əldə olunmuş avadanlıqlar “X4 Təsərrüfatı” MMC-yə 635250 manata lizinqə verilmişdir. Belə olan halda avadanlığın dəyəri Azərbaycan manatı ilə 163950 manat təşkil edir. Bundan sonra həmin peyin kürüyən avadanlığa əlavə olaraq komponentlər tələb olunduğundan “X4 Təsərrüfatı” MMC tərəfindən xx.xx.2016-cı il tarixli, 08/LA/16 nömrəli lizinq müqaviləsi ilə peyin kürüyən üçün əlavə olaraq qollar, yem qarışdıran və yem doğrayan, üzvü gübrə hazırlayan və səpən, inək dırnağı təmizləyən fiksator-qəfəs avadanlıqları "xxxx" ASC-dən lizinqə götürülmüşdür. Qeyd olunan peyin kürüyən üçün əlavə avadanlığın (qolların) dəyəri, eyni zamanda lizinqə götürülmüş digər avadanlıqların dəyəri "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış müqavilədə ayrı-ayrılıqda konkret olaraq göstərilməmişdir. Lakin peyin kürüyənin qolunun və bir sıra avadanlıqların "xxxx" ASC tərəfindən satın alınması ilə bağlı "xxxx" ASC və “Rimls” LTD şirkəti arasında bağlanmış 29 iyun 2012-ci il tarixli, 42/12 nömrəli müqavilədə peyin kürüyənin qolunun 36000 avroya alındığı müəyyən olunmuşdur. Qeyd olunan müqavilə üzrə "xxxx" ASC tərəfindən cəmi 156000 avroya əldə olunmuş avadanlıqlar “X4 Təsərrüfatı” MMC-yə 172450 manata lizinqə verilmişdir. Belə olan halda isə peyin kürüyənin qolunun dəyəri 39780 manat təşkil edəcəkdir. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr tarixli, 2-2(82)-283/2018 nömrəli qərardadında xx.xx.2016-cı il tarixli, 08/LA/16 nömrəli lizinq müqaviləsi üzrə əldə olunmuş peyinqarışdıran (üzvü gübrə hazırlayan və səpən) avadanlığın dəyərinin hesablanmasına iddiaçı tərəfindən yuxarıda göstərilən şəkildə izah vermişdir. “X4 Təsərrüfatı” MMC Ağdam rayonu, Əfətli kəndi ərazisində fəaliyyət göstərir. Həmin təsərrüfatın yerləşdiyi ərazi erməni silahlı qüvvələri ilə keçmiş təmas xəttinin 2-3 km yaxınlığında yerləşir. 2020-ci ilin 27 sentyabr tarixindən başlayan vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində heyvandarlıq kompleksində yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-dən lizinqə götürülmüş peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları sıradan çıxaraq yarasız vəziyyətə düşmüşdür. Bununla bağlı "xxxx" ASC-yə xx.xx.2020 tarixli, 13/20/Qİ nömrəli məktubla məlumat verilmiş və avadanlıqların sıradan çıxması ilə əlaqədar olaraq onun dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması xahiş edilmişdir. Döyüş əməliyyatları başa çatdırıldıqdan sonra 2020-ci ilin dekabr ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmiş və avadanlıqların mərmi düşməsi nəticəsində yararsız hala düşməsi ilə bağlı xx.xx.2020-ci il tarixli inventarizasiya aktı tərtib olunmuşdur. Lakin bu günə qədər avadanlıqlarıın dəyəri müqavilə məbləğindən çıxılmamışdır. Hazırda "xxxx" ASC tərəfindən lizinq müqavilələri üzrə portfellər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Qeyd olunan avadanlıqların dəyəri tam ödənilmədiyindən hazırda onlar Aqrar Kredit və İnkişaf Agentliyinin mülkiyyətindədir. Bu baxımdan avadanlıqların dəyərinin müqavilə məbləğindən çıxılması öhdəliyi AKİA-nın üzərinə düşür. Qeyd olunan avadanlıqlar iddiaçının iradəsindən asılı olmayan səbəblərdən məhv olmuşdur. Belə ki, müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Yuxarıda da qeyd edildiyi kimi avadanlıqların yarasız hala düşməsinə erməni silahlı qüvvələri tərəfindən iddiaçının təsərrüfatına atılan mərmi səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən sözü gedən avadanlıqların mərmi partlaması nəticəsində yarasız hala düşməsini nəzərə alaraq onların dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması öhdəliyi Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə qoyulmalıdır. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olduğu üçün hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədir və hesab edir ki, faktiki hallara əsasən cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli və xx.xx.2016-cı il tarixli, 08/LA/16 nömrəli lizinq müqavilələrinə əsasən heyvandarlıq kompleksində istifadə edilən avadanlıqların dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması həyata keçirilməlidir.
33. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, avadanlıqlar onların iradəsindən asılı olmayan səbəblərə, yəni forsmajor halına görə yararsız hala düşmüşdür. Eyni məsələ ilə bağlı 2016-cı ildə olan aprel döyüşlərinə görə onların bir avadanlığı da məhv olmuşdu və bununla bağlı onların xeyrinə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarı vardır. Nə qədər ki, o lizinq avadanlığının pulunu ödəməmişdir, lizinq avadanlığının mülkiyyətçisi lizinq verən şəxsdir. Əmlakın salamatlığına iddiaçı cavabdehdir, lakin onlar qarşısı alınmaz hadisə ilə bağlı baş verən risklərə görə məsuliyyət daşımırlar. Onlar lizinq ödənişlərini həyata keçirməklə yararsız vəziyyətə düşmüş əmlakın mülkiyyətçisinə çevrilmişdir, halbuki əmlak onların iradəsindən asılı olmayan səbəblərə görə məhv olmuşdur. Odur ki, nəticə etibarilə sonda heç nə əldə edə bilməyəcəyinə görə ödənişləri ödəmək kimi vəzifəsi də yoxdur. Avadanlığın sığortasının olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Ondan sığorta pulu da tutulmuşdur. Lakin avadanlığı götürərkən orada canlı heyvanlar da vardı, hansı ki, onlar sığorta olunmuşdur. Müharibə zamanı onlar tələf olduqda bu barədə Aqroliizinq MMC-yə də rəsmi şəkildə müraciət etmişdir. Onlara bildirilmişdir ki, "Paşa Sığorta” ASC-yə məlumat veriləcək. Daha sonra "Paşa Sığorta” ASC-dən məlumat verildi ki, sığorta hadisəsi müharibə hallarını əhatə etmir. Hətta sığortalanmış olsa belə baş verən hadisə müharibə şəraiti ilə əlaqədar olduğu üçün sığorta hadisəsi hesab olunmur. Odur ki, avadanlıq sığortalanmış olsa belə sığorta ödənişi bu hala aid olmuyacaqdı. Müqavilədə əmlak məhv olarsa, itirilərsə öhdəliklərdən azad olunma barədə müqavilənin 7.1 .-ci maddəsi nəzərdə tutulmuşdur. Lizinq avadanlığı götürüldüyü andan onun bütün məsuliyyəti lizinq götürənin üzərində olmuşdur. İddiaçının məsuliyyətinin yaranması üçün ondan asılı olan hər hansı bir hadisənin baş verməsi lazımdır. Düşmənlərin hansısa hərəkərinə görə iddiaçı məsuliyyət daşımamışdır. Həmin avadanlığın konkret olaraq hansı gün məhv olması onlara məlum deyildir. Çünki həmin ərazidə aktiv döyüş əməliyyatları həyata keçirilmişdir və heç kəs həmin ərazilərə gedib avadanlığa baxa bilməzdi. Avadanlığa baxış döyüş əməliyyatları dayandıqdan sonra reallaşmışdır. Artıq ora giriş təhlükəsiz olduğu üçün rahat şəkildə əraziyə daxil olmuşlar. O, da bununla bağlı "xxxx" ASC-yə məlumat vermiş, məktub ünvanlamışdır. Sonda o, çıxışında bildirmişdir ki, fəaliyyət göstərdikləri sahə kənd təsərrüfatı sahəsidir, xüsusilə az gəliri olan və çətin olan bir sahədir və bu avadanlıqların verilməsində dövlət tərəfindən 40% güzəşt olunaraq həmin avadanlıqlar hər ay ödənişlər edilməklə faizsiz olaraq onlara verilmişdir. Döyüş əməliyyatları nəticəsində məhv olmuş avadanlıqların dəyərinin silinməsi əvvəlki məhkəmə qərarlarının təcrübəsində də öz əksini tapşırmışdır. 2016-cı ildə belə bir hadisə baş vermiş, avadanlıqlar mərmi düşməsi nəticəsində yararsız hala düşmüşdür. Dövlət özü bu istiqamətdə addım ataraq öz təşəbbüsü ilə məhv olmuş avadanlıqların dəyərini silmiş, həmçinin onların satdıqları yaralı heyvanların pulunu da təsərrüfat fəaliyyətlərini bərpa etmək üçün onlara vermişdir. Dövlət tərəfindən avadanlıqlardan birinin yalnışlıqla dəyəri silinmədiyi üçün onlar məhkəməyə müraciət etmişlər və Ali Məhkəmədə onların xeyrinə qərar çıxarılmışdır. Avadanlıq nə qədər ki, salamat idi, onlar ödənişləri vaxtlı-vaxtında etmişlər. Hazırda belə bir avadanlıq yoxdur, mövcud olmayan və onların iradəsindən asılı olmayan səbəblərə görə məhv olmuş avadanlığa görə ödəniş etməməlidirlər.
34. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş, izahatında bildirmişdir ki, müqavilənin tələblərinə əsasən tam məsuliyyəti lizinq alan daşımışdır. Tərəf avadanlığı təhvil-təslim aktı ilə qəbul etdikdən sonra avadanlığın qorunması, məhv olunması, salamatlılığı, korlanması, quraşdırılması və digər məsələlərlə bağlı bütün məsuliyyətin hamısı lizinq alanın üzərinə düşür. Hadisədən sonra iddiaçı tərəfin heç bir rəsmi məktubu olmamış, bu barədə cavabdeh məlumatlı deyildir. Akt "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş ola bilər, çünki AKİA-nın əməkdaşları olmamışdır.
35. Məhkəmənin təyinatı əsasında aparılmış ekspertiza tədqiqatı üzrə Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “Ağdam rayonu, Əfətli kəndində yerləşən fermanın ərazisində saxlanılan peyinin tövlədən (axırlardan) çuxurlara və hissələrə sistematik bir şəkildə asan üsulla ötürülməsini təmin etmək üçün nəzərdə tutulmuş “X2” şirkətinə məxsus “Houle” markalı peyinkürüyən avadanlığa baxış zamanı - avadanlığın işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. “X2 Houle” əmtəə göstəriciləri iki ədəd peyin kürəyənin üzərində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna əsasən qeyd edilən zədələr odlu silahdan açılan atəş nəticəsində, hər hansı partladıcı qurğunun, atıcı silahın, artileriya mərmisinin, o cümlədən partlayış nəticəsində mərminin-qəlpələrin təsirindən yaranmağa xararakterikdir. Belə zədələr qərardadın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Tədqiqata təqdim edilmiş, “X2 Houle” əmtəə göstəriciləri olan 02 ədəd peyin kürəyənin üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan barıt izləri və partlayıcı maddənin izləri aşkar edilmədi, (üzərində zədələr aşkar edilməsinə baxmayaraq həmin zədələrin ətrafında partlayıcı maddənin izlərinin olmamasına səbəb kimi hadisənin baş verdiyi vaxtdan uzun müddət keçməsini və həmçinin açıq hava şəraitində saxlanılmasıdır). Əlavə olaraq ekspertizaya təqdim edilmiş "xxxx" MMC- nin xx.xx.2023-cü il tarixli 44 №-li mütəxəssis rəyinə əsasən avadanlığın işlək vəziyyətdə olmamasının səbəbi skreperinin mexaniki hissələrinin, motorunun və reduktorunun sıradan çıxmasının səbəb olması göstərilmişdir. Avadanlığın gövdəsinin üzərində qəlpənin təsirindən yaranmağa xarakterik izlərin aşkar edilməsini nəzərə alaraq, mütəxəssis rəyində göstərilmiş konstruktiv hissələrdə olan nasazlıqların müharibə zamanı avadanlığın yaxınlığına mərmi düşməsi nəticəsində yaranması istisna edilmir. Bununla belə, həmin məsələ məhkəmə tərəfindən əlavə araşdırılmalar aparılmaqla həll edilə bilər. Lizinq alanın ödəniş tarixçəsi, xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı Lizinq müqaviləsinin və müqaviləyə xx.xx.2016-cı il tarixli, D-02-LA/12 saylı dəyişiklik edilməsi barədə razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X4 Təsərrüfatı” MMC-nin xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödənilməli borcu 182950 manat, ödənilən borcu 12395 manat, qalıq borcu 170555 manat hesablanmaqla, ümumi borc 170 555 manat müəyyən olunur. 26 dekabr 2016-cı il tarixli 08-LA/16 saylı Lizinq müqaviləsi üzrə ödəniş qəbzləri, ödəniş tapşırıqları, Lizinq alanın ödəniş tarixçəsi, xx.xx.2016-cı il tarixli, 08-LA/16 saylı Lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla “X4 Təsərrüfatı” MMC-nin xx.xx.2022ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödənilməli borc 116194 manat, ödənilən borc 21403 manat, öhdəliyi dəyişən məbləğ 96174 manat, qalıq borc 1383 manat, ümumi qalıq borc 54873 manat müəyyən olunur”.
36. Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli əlavə ekspert rəyində isə aşağıdakılar göstərilmişdir: "xxxx" ASC ilə “Distant Complex Limited” şirkəti arasında bağlanmış xx.xx.2010-ci il tarixli, 42/10 saylı Beynəlxalq standartlara uyğun paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqavilə üzrə alınmış avadanlıqların dəyəri "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı sağım meydançası, peyin təmizləyən və yem paylayan avadanlıqlarının lizinqə verilməsi barədə müqavilədə və xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli, D-02- LA/12 saylı razılaşmada ümumi göstərildiyindən və həmin müqavilə üzrə ödənişlərin avadanlıqlar üzrə ayrı-ayrılıqda ödənilməməsinə görə “X4 Təsərrüfatı” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı lizinq müqaviləsi üzrə peyin çıxarma və nəql etmə sisteminin dəyərini və həmin avadanlıq üzrə borc qalığını müəyyən etmək mümkün olmamışdır.
37. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-131/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.
38. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən dəyəri 635250 manat olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə ödənişlər aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə verilməsi barədə müqaviləyə əsasən dəyəri 172450 manat olan heyvandarlıq kompleksi üçün əlavə avadanlıqlar ödənişlər edildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətinədək lizinqə verilmişdir. "xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların xx.xx.2020-ci il tarixinə inventarizasiyası akı ilə 2-ci Qarabağ müharibəsi zamanı atılan mərminin bir neçəsinin peyin kürüyən və peyin kürüyən qolu avadanlıqlarına ziyan vuraraq yararsız hala salması faktı təsdiq olunur. İddiaçı lizinqə verilmiş peyin kürüyən və peyin kürüyən qolu avadanlıqlarının dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması öhdəliyinin cavabdeh üzərinə qoyulmasını onunla əsaslandırmışdır ki, avadanlıqlar onun iradəsindən asılı olmayan səbəblərdən, 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı düşmən tərəfindən atılmış mərmi nəticəsində sıradan çıxaraq yarasız vəziyyətə düşmüş və sonda həmin avadanlıqlar onun mülkiyyətinə keçməyəcəyinə, onları istifadə edə bilmədiyinə görə həmin avadanlıqlar üçün ödənişləri ödəməkdən azad olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, qanunvericilik normalarını, müqavilənin şərtlərini nəzərə almaqla hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış hər iki lizinq müqaviləsinin 7.1-ci bəndində tərəflərin qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsi halında müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən azad edilməsini müqavilədə nəzərdə tutulmuş öhdəliklərin həyata keçirilmə müddətinin qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilməsi kimi şərtləşdirmişdir. İddiaçı müqavilənin həmin bəndinə istinad edərək Vətən müharibəsi zamanı düşmən mərmisinin atılması ilə lizinq avadanlığının yararsız hala düşməsini, qarşısı alınmaz qüvvənin təsiri nəticəsində öhdəlikdən azad olma kimi qiymətləndirmişdir. Halbuki müqavilənin həmin bəndi müqavilədən irəli gələn öhdəlikləri həyata keçirməməyə görə məsuliyyətdən azad edilmənin əsaslarını nəzərdə tutmuş, lizinq obyektinin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən məhv olmasını deyil. Yəni, məsələn, Vətən müharibəsi zamanı iddiaçı döyüş əməliyyatlarının getdyi ərazidə olsa idi və o, həmin ərazini tərk edərək müqavilədən irəli gələn öhdəliyini həyata keçirə bilməsə idi, yəni vaxtında lizinq ödənişini ödəyə bilməsə idi, o, həmin dövr üçün ödənişləri gecikdirməsinə baxmayaraq məsuliyyətdən azad edilərdi. Lakin bu onu tamamilə müqavilə üzrə öhdəliklərdən azad edən hal deyildir. Göründüyü kimi iddiaçı tərəfindən həmin lizinq avadanlıqları cavabdehdən təhvil alınaraq onun istifadəsində və sərəncamında olmuş, avadanlıqlara dəyən mərmi nəticəsində onların vaxtından əvvəl sıradan çıxması iddiaçının iradəsindən asılı olmayan səbəbdən irəli gəlsə belə, mülki qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 3.3-cü bəndinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşımışdır. Lizinq müqaviləsində qeyd edilmiş qarşısı alınmaz qüvvənin meydana gəlmə halı isə öhdəliklərin həyata keçirilmə müddəti ilə bağlı olmuş, hər hansı səbəbdən yarasız vəziyyətə düşdüyü halda avadanlığın dəyərinin lizinq müqaviləsinin dəyərindən çıxılması üçün əsas deyildir. Həmçinin mülki qanunvericilikdə və tərəflər arasında imzalanmış müqavilələrdə lizinq obyektlərini lizinq alana təhvil verildikdən sonra həmin avadanlıqların təsadüfən, tərəflərin iradəsindən asılı olmayan səbələrdən məhv olması, yararsız hala düşməsi zamanı lizinq verənin hər hansı məsuliyyəti nəzərdə tutulmamışdır. Bundan başqa tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrin 2.1.2-ci bəndinə əsasən lizinq verən lizinq alanın müraciəti ilə avadanlıqların sığortalanmasını həyata keçirir. İddiaçı vaxtında lizinq verənə müraciət edərək lizinq avadanlıqlarını sığortalada, bununla da avadanlıqların məhv olması və ya yarasız hala düşməsi zamanı əmələ gələcək ziyanın qarşısını ala bilərdi. İddiaçı tərəfindən bu barədə lizinq verənə müraciət olunmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
39. Gəldiyi nəticəni məhkəmə, AR MM-nin 21.1, 21.2, 385.1, 390, 398.2, 747.1, 747- 2, 747-5.1, 748-1.1, 749-7.1-ci maddələri ilə əsaslandırmışdır.
40. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, əvvəllər eyni mahiyyətdə olan mübahisə üzrə məhkəmələrin gəldiyi nəticəyə əhəmiyyət verilmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
41. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
42. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
44. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
45. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
48. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
49. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
50. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
51. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
52. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
53. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
54. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
55. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
56. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
57. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.
58. Maddə 747-2. Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
59. Maddə 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir.
60. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
61. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
62. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
63. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
68. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
69. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
74. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, hüququn tətbiq edilməsində səhv buraxmışdır.
75. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
76. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
77. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, 2020-ci ilin 27 sentyabr tarixindən başlayan vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində heyvandarlıq kompleksində "xxxx" ASC-dən lizinqə götürülmüş peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları sıradan çıxaraq yarasız vəziyyətə düşmüş, döyüş əməliyyatları başa çatdırıldıqdan sonra 2020-ci ilin dekabr ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmiş və avadanlıqların mərmi düşməsi nəticəsində yararsız hala düşməsi ilə bağlı xx.xx.2020-ci il tarixli inventarizasiya aktı tərtib olunmuşdur; buna görə də həmin avadanlıqlarıın üçün 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan məbləğlər lizinq müqavilələri üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılmalıdır.
78. Başqa sözlə, iddiaçı faktiki olaraq müvafiq müqavilələrin ləğvini tələb edir.
79. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).
80. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir.
81. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir”.
82. İşin müəyyən olunan hallarından görünür ki, lizinq predmeti olan sözügedən peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları həqiqətən də erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində yararsız hala düşmüşdür.
83. Belə olan halda kollegiyanın qənaətinə görə, lizinq alanın iradəsindən kənar, onun təqsiri olmadan məhv olmuş lizinq predmetlərinə görə lizinq ödənişlərinin edilməsinin heç bir qanuni və məntiqi əsas yoxdur.
84. Xüsusilə nəzərə alınmalıdır ki, lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsidir; hazırkı iş baxımından isə bu halların heç birinin baş verməsi artıq mümkün deyildir.
85. Yaranmış bu vəziyyət isə, müvafiq müqavilələr bağlandıqdan sonrakı dövrdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və iddiaçının müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması olaraq qiymətləndirilməlidir.
86. Tərəflər arasında bənzər mübahisə üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktlarında ifadə olunan hüquqi mövqeyi də əsas götürən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hal onun tələbinin qanuni əsası ilə uzlaşır, bu səbəblə də iddia tələbi təmin olunmalıdır.
87. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020 tarixli qərardadında əks olunan yanaşmanı əsas götürən kollegiyanın qənaətinə görə, lizinqə verilmiş müasir tipli peyin çıxarma və nəql etmə sistemi üçün xx.xx.2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsində xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün nəzərdə tutulmuş ödənişlərin ümumi məbləği aşağıdakı qaydada hesablana bilər: "xxxx" ASC-nin bu avadanlıqları satın aldığı “DİSTANT Complex Limited” şirkəti ilə bağladığı 42/10 nömrəli 16 avqust 2010-cu il tarixli müqavilənin 4 nömrəli əlavəsində peyin çıxarma və nəql etmə sisteminin qiyməti 150.000 avro, yem qarışdırıb paylayanın qiyməti isə 41.000 avro göstərilmişdir. Beləliklə də peyin çıxarma və nəql etmə sisteminin dəyərini (150.000 avro) müqavilədə nəzərdə tutulan avadanlıqların ümumi dəyərinə (191.000 avro) bölməklə peyin çıxarma və nəql etmə sisteminin dəyərinin müqavilədə nəzərdə tutulan avadanlıqların ümumi dəyərinin neçə faizini təşkil etdiyi müəyyən edilir (150.000 : 191.000 = 0,7853, yəni 78,53%). xx.xx.2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsində nəzərdə tutulmuş ödəniş qrafıkinə əsasən 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan ümumi ödənişlər 73.803 AZN təşkil edir (2020-ci ilin 3-cü rübündən başlayaraq). Göstərilənlərə əsasən 27 sentyabr 2020-ci il tarixindən sonra ödənilməli olan məbləğin peyin çıxarma və nəql etmə sisteminə aid olan hissəsi 57.957 manat (73.803 AZN x 78.53%) təşkil edir.
88. Lizinqə verilmiş peyin kürüyənin (skreper) qolu avadanlığı üçün 26 dekabr 2016cı il tarixli “08-LA/16” nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün nəzərdə tutulmuş ödənişlərin ümumi məbləği isə aşağıdakı qaydada hesablanmalıdır: "xxxx" ASC-nin bu avadanlıqları satın aldığı “Rimls” LTD şirkəti ilə bağladığı 42/12 nömrəli 29 iyun 2012-ci il tarixli müqavilənin 2 nömrəli əlavəsində həmin avadanlığın qiyməti 36.000 avro, müqavilədəki bütün avadanlıqların ümumi qiyməti isə 156.000 avro təşkil edir. Beləliklə də peyin kürüyənin (skreper) qolu avadanlığının dəyərini (36.000 avro) müqavilədə nəzərdə tutulan bütün avadanlıqların ümumi dəyərinə (156.000 avro) bölməklə peyin kürüyənin (skreper) qolu avadanlığının dəyərinin müqavilədə nəzərdə tutulan avadanlıqların ümumi dəyərinin neçə faizini təşkil etdiyi müəyyən edilir (36.000 : 156.000 = 0,2307, yəni 23,07%). xx.xx.2016-cı il tarixli 08/LA/16 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsində nəzərdə tutulmuş ödəniş qrafıkinə əsasən 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan ümumi ödənişlər 86.190 AZN təşkil edir (2020-ci ilin 3-cü rübündən başlayaraq). Göstərilənlərə əsasən 27 sentyabr 2020-ci il tarixindən sonra ödənilməli olan məbləğin peyin kürüyənin (skreper) qolu avadanlığına aid olan hissəsi 19.884 manat (86.190 AZN x 23.07%) təşkil edir.
89. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı “X4 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-131/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC ilə X4 Təsərrüfatı” MMC arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 57.957 (əlli yeddi min doqquz yüz əlli yeddi) manat məbləğin və 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 19.884 (on doqquz min səkkiz yüz səksən dörd) manat məbləğin müqavilə üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 253 (iki yüz əlli üç) manat məbləğində dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.