Məhkəmə qərarları › İş №2-2(103)-980/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-980/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-980/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-862/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən göstərilmiş servis xidmətləri üzrə 1.238.364,27 manat əsas borc, 178.982,43 manat ƏDV məbləği, təhvil verilmiş ehtiyat hissələri üzrə 88.492,32 manat əsas məbləğ, 15.928,62 manat ƏDV məbləği, icarə haqqı üzrə 79.218,47 manat əsas məbləğ, 14.259,33 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1.615.245,44 manat məbləğdə pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 186.120,43 manat məbləğdə pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 4 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “İşdən göründüyü kimi cavabdeh tərəfindən təsdiq olunmuş elektron qaimələrdə (EAAM 073300 nömrəli, EAAM 074214 nömrəli, EAAN 418235 nömrəli, EAAN 418647 nömrəli, EAAN 417143 nömrəli, EAAN 411131 nömrəli və EAAT 806985 nömrəli) olan məbləğ 186120,43 manat təşkil edir və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı sübut təqdim olunmadığından iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. ... ... İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələrdir. Həmin elektron qaimələrin istinad edildiyi sənədlərdə (aktlar) olan imzaların həqiqətən cavpbdehin səlahiyyətli şəxslərinə məxsus olmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, elektron qaimələr malların təhvil verilməsini, xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər malın təhvil verilməsini, xidmətlərin göstərilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, 3.2-ci və 4.4-cü bəndin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. ... Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh MMC tərəfindən təsdiqlənməmiş (982569,59 manat) və təsdiqləməkdən imtina olunmuş (446555,42 manat) qaimələr üzrə yaranmış borcun tutulması hissəsində təmin oluna bilməz.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddia rədd olunan hissədə ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamədən görünür ki, məhkəmə yalnız cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaimələri sübut qismində qəbul edir, lakin cavabdeh tərəfindən qəbul edilməkdən imtina edilmiş elektron qaimələrin mötəbərliyi şübhə altına alınır, onlara sübut kimi qiymət verilmir. Məhkəmənin bu cür yanaşması tamamilə əsassız və yanlışdır. Çünki, zatən cavabdeh ona göndərilən elektron qaimələri qəbul etmədiyindən və pulu ödəməkdən imtina etdiyindən həmin məsələ mübahisəyə çevrilmiş və işin araşdırılaraq düzgün həll edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Əgər cavabdeh həmin elektron qaimələri qəbul etsə və razılaşsa idi, bu məsələ tərəflər arasında həll olunar və mübahisə məhkəməyə gəlib çıxmazdı. Bu səbəbdən məhkəmə özü cavabdehin həmin elektron qaimələri qəbul edib-etməməsindən asılı olmamalı, özü müstəqil və bitərəf araşdırma aparmalı və yalnız öz araşdırması nəticəsində hüquqi mövqeyini formalaşdırmalı idi. Apellyasiya şikayətinə əlavənin dəlillərinə görə isə, iddia tələbinin predmetini tərəflər arasında yaranmış podrat və icarə hüquq münasibətlərindən irəli gələn borc təşkil edir. Belə ki, iddiaçı cavabdehə məxsus Volvo/Маск Truck, Volvo Construction, SDLG, CAT markalı tikinti texnikalarının (avadanlıqların) onun müvafiq sifarişləri əsasında ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya bilavasitə istehsalat sahələrində təmir edilməsi və avadanlıqlara yeni ehtiyat hissələrinin quraşdırılması işlərini yerinə yetirmiş və özünə məxsus Volvo markalı 5 ədəd özüboşaldan və 1 ədəd qreyder yük avtomobillərini cavabdehin icarəsinə vermişdir. Podrat münasibətləri 30.05.2018-ci il tarixdə bağlanmış tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə AZTX/60 nömrəli, icarə münasibətləri isə 01.03.2019-cu il tarixdə bağlanmış AZTX/402 nömrəli müqavilələrlə yazılı şəkildə rəsmiləşdirilmişdir. Lakin bu münasibətlər yazılı müqavilə ilə rəsmiləşdirilənədək də mövcud olmuşdur. İddiaçı bu hüquq münasibətlərindən doğan və hazırkı iddianın predmeti olan borcla bağlı cavabdehə 21 ədəd elektron qaimə təqdim etmişdir. Həmin elektron qaimələrdən: 1. cavabdeh özü təsdiq edib - cəmi 186.120,43 manat məbləğdə 7 EQ (165.512,55 manatlıq 6 EQ servis xidməti/ehtiyat hissəsi müqaviləsi, 20.607,88 manatlıq 1 EQ isə icarə müqaviləsi üzrə); 2. sistem təsdiq edib - cəmi 982.569,59 manat məbləğdə 12 EQ (886.434,72 manatlıq 11 EQ servis xidməti/ehtiyat hissəsi müqaviləsi, 96.134,87 manatlıq 1 EQ isə icarə müqaviləsi üzrə); 3. cavabdeh təsdiqdən imtina edib - cəmi 438.784,22 manat məbləğdə 3 EQ (hamısı servis xidməti müqaviləsi üzrə). Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehin təsdiqlədiyi EQ-lər üzrə borc tutulmuş, sistemin təsdiqlədiyi və cavabdehin təsdiqdən imtina etdiyi EQ-lər üzrə borc tələbləri isə rədd edilmişdir. Məhkəmə iddianın rədd olunan hissəsi ilə bağlı nəticəsini tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 3.2-ci və icarə müqaviləsinin 4.4-cü bəndlərinə əsasən onunla əsaslandırmışdır ki, elektron qaimələrin istinad etdiyi sənədlərin (aktlar və sair) bir hissəsi imzalanmamış, imzalanmış olanlarda isə onları imzalayan şəxslərə cavabdehin belə səlahiyyət verməsi işin halları ilə müəyyən edilməmişdir, ona görə də, həmin qaimələr malların təhvil verilməsini, xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı hesab edir ki, məhkəmənin bu nəticəsi tamamilə əsassızdır və işin hallarına uyğun deyil. Əvvəla, müqavilələrin 3.2-ci və 4.4-cü bəndlərinin məhkəmənin iş üzrə gəldiyi həmin nəticə ilə heç bir bağlılğı və əlaqəsi yoxdur. Hər iki bənddə müvafiq olaraq xidmət və icarə müqavilələri üzrə ödənişlərin edilmə qaydası və müddətləri təsbit olunmuşdur. Orada görülmüş işlərin, göstərilmiş xidmətlərin necə təhvil-təslim edilməli və bu barədə olan sənədləri imzalayan şəxslərə mütləq belə səlahiyyətin verilməli olmasına dair hər hansı müddəa yoxdur. İkincisi, servis xidməti/ehtiyat hissəsi müqaviləsi üzrə sistem tərəfindən təsdiq edlmiş cəmi 886.434,72 manatlıq 11 EQ-lərin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzlərinin hamısı cavabdehin işçiləri tərəfindən imzalanmaqla, həmin sənədlərdə qeyd edilən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin verilməsi təsdiq olunmuşdur Üçüncüsü, nəzərə alınmamışdır ki, servis xidməti/ehtiyat hissəsi müqaviləsi üzrə iddia tələbinin təmin olunduğu hissə, yəni cavabdehin özünün təsdiq etdiyi cəmi 165.512,55 manatlıq 6 EQ-lərin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzləri də cavabdehin sistem tərəfindən təsdiq edilmiş cəmi 886.434,72 manatlıq 11 EQ-lərin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzlərini imzalayan işçiləri tərəfindən imzalanmışdır. Belə olan halda, cavabdehin və məhkəmənin həmin şəxsləri sistemin təsdiqlədiyi EQ-lərə münasibətdə səlahiyyətsiz hesab etməsi absurddur və məntiqli deyil. Dördüncüsü, cavabdehin iddiaçıya məxsus Volvo markalı 5 ədəd özüboşaldan və 1 ədəd qreyder yük avtomobillərindən icarə qaydasında istifadə etməsi işin mübahisə edilməyən halıdır. Cavabdehin 2019-cu ilin mart ayının icarə haqqına dair 20.607,88 manatlıq EQ-ni özünün təsdiqləməsi, məhkəmənin isə iddianı bu məbləğdə təmin etməsi bir daha bunu təsdiq edir. İddiaçının cavabdehdən icarəyə görə tələb etdiyi və 13.03.2020-ci il tarixli EBAH 643474 nömrəli EQ-də göstərilən cəmi 96.134,87 manat borc məbləği 2019-cu ilin aprel (invoys 07.05.2019 № AZTY/002 - 29.592,90 manat), may (invoys 10.05.2019 № AZTY/004 - 30.638,77 manat) aylarına və 2018-ci ilin 07 sentyabrdan 12 noyabradək (invoys 07.06.2019 № AZTY/003 - 35.903,32 manat) olan müddət üçün icarə haqqıdır. Cavabdeh məhkəməyə icarə obyektindən qeyd edilən dövrlərdə istifadə etmədiyinə və onu iddiaçıya geri qaytardığına dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin iddia tələbini həmin hissədə rədd etməsi əsassızdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər qismən əsaslıdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd edilən hissədə qismən ləğv edilərək, iddianın qalan hissədə də təmin olunması xahiş edilsə də, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (iddia təmin olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, həmin hissəyə toxunulmamalıdır. Bu baxımdan, hazırkı apellyasiya araşdırmasının predmetini iddianın rədd edilən hissəsi təşkil edir. İşdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” 30.05.2018-ci il tarixli AZTX/60 nömrəli müqaviləyə əsasən icraçı (iddiaçı) Bakı şəhəri Şamaxı şosesi 15-ci km ünvanda yerləşən “X1 Volvo Construction, SDLG, Cat” avadanlıqların ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və həmçinin sifarişçinin (cavabdehin) sifarişinə əsasən istehsalat sahələrində sifarişçinin təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadalıqlara quraşdırılmış yeni ehtiyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 01.03.2019-cu il tarixli AZTX/402 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus markaları, modelləri, şassisi, dövlət nömrə nişanları və texniki göstəriciləri əlavələrdə göstərilən ağır texnikaları, yük avtomobillərini və başqa nəqliyyat vasitələrini 6 ay müddətinə cavabdehin icarəsinə vermişdir. Cavabdehin təqdim etdiyi 16.06.2021-ci il tarixli 024/21 nömrəli maliyyə arayışına əsasən iddiaçı ilə onun arasında olan yük avtomobilləri və texnikaların servis xidmətlərinin görülməsinə dair göndərilmiş elektron qaimə fakturaların bir qismi Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş, elektron sistem əsasında qoyulmuş qanunvericiliyə əsasən təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehin borcu kimi iddia edilən 1.615.245,44 manatın qaimələr üzrə açıqlaması aşağıdakı kimidir:

1. təsdiqlənmiş qaimələr üzrə cəmi 186.120,43 manat;

2. təsdiqlənməmiş (sistem tərəfindən avtomatik təsdiqlənən) qaimələr üzrə cəmi 982.569,59 manat;

3. cavabdehdə heç bir məlumatı olmayanın cəmi 446.555,42 manat.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən, əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur; 757-ci maddəsinə görə, əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər; 767.1-ci maddəsinə əsasən, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır; 769-cu maddəsinə görə, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, öz materialları ilə icra edilən podrat və icarə müqavilələrinə əsasən razılaşdırılmış muzdun və icarə haqqının ödənilməsi ilə bağlı götürdüyü öhdəliyi pozaraq, müqavilələrlə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya qalan borclarını ödəməlidir. Belə ki, tərəflər arasında bağlanmış AZTX/60 nömrəli xidmət və AZTX/402 nömrəli icarə müqavilələri üzrə əsl mübahisəli məqam cavabdehin iddiaçıya yaranmış borcunun məbləği ilə bağlıdır. Apellyasiya şikayətindən məlum olur ki, cavabdehin onda heç bir məlumatın olmadığı kimi təsnif etdiyi 446.555,42 manat məbləğdə borc barədə iddiaçının özü də hər hansı mötəbər sübuta malik deyil və odur ki, məhkəmə kollegiyası şikayətdə də heç bir dəlilə istinad olunmayan iddianın rədd olunan bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddianın cavabdehin təsdiqləmədiyi, lakin sistem tərəfindən təsdiqlənmiş qaimələr üzrə cəmi 982.569,59 manat məbləğdə borc tələbinə dair hissəsinə gəldikdə isə qeyd olunmalıdır ki, bununla bağlı iddiaçı sifarişlərə, malların realizəsinə və göstərilmiş xidmətlərə dair 9 cild həcmdə sənədlərlə yanaşı, 19 ədəd elektron qaimə təqdim etmişdir (iş vərəqi-4-22, 1-ci cild) və qeyd hissələrindən görünür ki, bu qaimələr hər iki müqaviləni əhatə edir. Həmin elektron qaimələr 5 gün müddətdə cavabdeh tərəfindən etiraz edilmədiyi üçün qüvvəyə minmişdir və yalnız iddiaçının razılığı ilə ləğv oluna bilər. Bu məqamda məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, AZTX/60 nömrəli xidmət müqaviləsi üzrə iddia tələbi təmin olunan hissə, yəni cavabdehin özünün təsdiq etdiyi cəmi 165.512,55 manat məbləğdə 6 ədəd elektron qaimənin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzləri, cavabdehin təsdiq etmədiyi, lakin sistem tərəfindən təsdiq edilmiş cəmi 886.434,72 manat məbləğdə 11 ədəd elektron qaimənin əsaslandığı sifarişnaryad və malların realizəsi qəbzləri ilə eyni qaydada tərtib edilmiş və imzalanmışdır. Belə olan halda, 165.512,55 manat məbləğdə 6 ədəd elektron qaimənin əsaslandığı qəbzlərlə eyni qaydada tərtib edilmiş və imzalanmış qəbzlərə əsaslanan cəmi 886.434,72 manat məbləğdə 11 ədəd elektron qaimənin sırf bu əsasdan qəbul edilməməsi ağlabatan sayıla bilməz. AZTX/402 nömrəli icarə müqaviləsi üzrə isə hər iki tərəfin səlahiyyətli imzası və möhürü təsdiq edilən görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktları əlavə müzakirə tələb etmir və həmin müqavilə üzrə cavabdehin 2019-cu ilin mart ayının icarə haqqına dair 20.607,88 manat məbləğdə EAAT 806985 nömrəli elektron qaiməni təsdiq etməsi bu qənaəti gücləndirir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası cavabdehin təsdiqləmədiyi, lakin sistem tərəfindən təsdiqlənmiş elektron qaimələr üzrə cəmi borc məbləğinin 982.569,59 manat olması ilə də razılaşmır. Belə ki, həmin 19 ədəd elektron qaimədən 7-si (EAAM 073300, EAAM 074214, EAAN 418235, EAAN 418647, EAAN 417143, EAAN 411131 və EAAT 806985 nömrəli elektron qaimələr) cavabdeh tərəfindən təsdiqlənmiş, qalan 12-dən 9-da (EEAT 951343, EAAJ 806381, EAAY 684702, EAAZ 760447, EBAA 202036, EBAA 714708, EBAB 000094, EBAC 173454 və EBAB 625479 nömrəli elektron qaimələrdə) isə başqa müqavilələrə istinad edilmiş, yəni qaimələrdə əsas kimi AZTX/60 nömrəli xidmət və AZTX/402 nömrəli icarə müqavilələri qeyd edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, həmin 9 elektron qaimənin cəmi məbləği olan 15.299,98 manat, sistem tərəfindən təsdiqlənmiş elektron qaimələr üzrə cəmi borc məbləği 982.569,59 manatdan çıxılmalı və iddia da yoxlanılan hissədə məhz həmin qalan 967.269,61 manat məbləğdə (EAAT 951466 - AZTX/60 - 570,49 manat, EBAH 643474 - AZTX/402 - 96.134,87 manat və EBAH 644145 - AZTX/60 - 870.564,25 manat) təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunan hissəsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir (MPM-in 385.1.4 və 390-cı maddələri). Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia yoxlanılan hissədə müzakirə edilən qaydada qismən təmin edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-862/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi yoxlanılan - iddia rədd olunan hissədə qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh MMC-dən 967.269,61 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar