Məhkəmə qərarları › İş №2-2(103)-980/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-980/2022

27.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-980/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi vergilər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi vergilər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4080/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxsin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqi şəxslər haqqında məlumatlara əsasən, "xxxx" MMC-nin, "X1” MMC-nin, "xxxx" MMC-nin icra orqanının rəhbəri maraqlı şəxsdir.

2. Şəxsi hesab vərəqələrinə görə, xx.xx.2022-ci il tarixə "xxxx" MMC-nin DSMF-yə olan borcu 2.683,14 manat, dövlət büdcəsinə olan borcu 1.258,56 manat, "xxxx" MMC-nin DSMF-yə olan borcu 2.527,83 manat, dövlət büdcəsinə olan borcu 100,15 manat, “X1” MMC-nin dövlət büdcəsinə olan borcu 206,15 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 595,84 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 887,87 manat, DSMF-yə olan borcu 12.901,57 manat təşkil edir.

3. Ərizəçi tərəfindən MMC-lərə Vergi borcunun ödənilməsinə dair, Muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair, İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair və İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq, borcun 5 gün müddətdə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

4. AR İN DVX Öhdəliklərin idarə edilməsi baş idarəsi maraqlı şəxsə xx.xx.2022-ci il tarixli **********7827100 nömrəli xəbərdarlıq ünvanlayaraq, həmin tarixə dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə "xxxx" MMC-nin 3.927,54 manat, "xxxx" MMC-nin 2.627,98 manat, “X1” MMC-nin 14.941,96 manat borcunun 5 gün müddətdə dövlət büdcəsinə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. Ərizəçi maraqlı şəxsə qarşı məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin (VÖEN **********) DSMF-yə olan 2.683,12 manat, dövlət büdcəsinə olan 696,82 manat (o cümlədən, vergilər üzrə 631,73 manat, faizlər üzrə 65,08 manat), "xxxx" MMC-nin (VÖEN **********) DSMF-yə olan 2.527,83 manat, dövlət büdcəsinə olan 100,15 manat (o cümlədən, vergilər üzrə 0,11 manat, faizlər üzrə 4 manat, maliyyə sanksiyası üzrə 100 manat), “X1” MMC-nin (VÖEN **********) dövlət büdcəsinə olan 126,14 manat (o cümlədən, vergilər üzrə 19,16 manat, faizlər üzrə 6,98 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən Sığorta Fonduna olan 595,81 manat, İcbari Tibbi Sığorta Fonduna olan 887,86 manat, DSMF-yə olan 12.901,58 manat olmaqla, ümumilikdə 20.519,31 manat borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1 maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə görə, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5525/2017 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə qeyd olunan məbləğin "xxxx" MMCdən tutulub DSMF Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinə ödənilməsi qərara alınmışdır. İş üzrə borcun tutulması barədə mövcud qərar olduğu halda ərizəçi tərəfindən mövcud qanunvericiliyin tələbləri pozularaq, təkrar məhkəməyə müraciət edilmişdir. Maraqlı şəxs isə bu halı nəzərə almadan hazırkı qətnamədən sonra "xxxx" MMC-nin 2.527,83 manat borcu üzrə ərizəçinin nəfinə ümumlikdə 2.628 manat ödəmişdir. "xxxx" MMC-nin və “X1” MMC-nin qətnamədə qeyd olunan borclarının yığılmasına səbəb ölkədə baş verən Covid-19 pandemiyasına görə mütəmadi qapanışların baş verməsi, sonradan isə 44 günlük müharibə nəticəsində mərkəzlərin fəaliyyət göstərməməsi olmuşdur. Borcların məbləği də realda olan miqdarla deyil, ən azı iki ya üç dəfə şişirdilməklə hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi (onun nümayəndəsi) və maraqlı şəxs məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; Maddə 24.0.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur; Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

14. MPM: Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. .... “Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İlk olaraq, vergi ödəyicisinin rəhbəri olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün tələb olunan əsasın mövcudluğundan bəhs edə bilmək üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması müəyyən edilməlidir ki, bu şərtə iş üzrə əməl olunur.

19. Maraqlı şəxs apellyasiya şikayətində qeyd edir ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5525/2017 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə eyni borc məbləği "xxxx" MMC-dən tutulmuşdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən dəlili ilə razılaşmır. Belə ki, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 27757 nömrəli icra icraatı üzrə xx.xx.2018-ci il tarixli qərarından məlum olur ki, həmin məhkəmə qətnaməsi ilə "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixə DSMF-yə olan borcları tutulmuşdur. Hazırkı iddia ilə tələb olunan borclar isə xx.xx.2022-ci il tarixə olan borclardır. Bundan əlavə, maraqlı şəxsin apellyasiya şikayətinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli ********* və ********* nömrəli mədaxil qəbzləri ilə də sübut olunur ki, o, məhz adıçəkilən icra icraatı üzrə ödəməli olduğu 1.851,87 manat əsas borc və 675,96 manat penyanı ödəmişdir.

21. Şikayətin "xxxx" MMC və “X1” MMC-nin qətnamədə qeyd olunan borclarının mərkəzlərin Covid-19 pandemiyasında fəaliyyət göstərməməsi səbəbindən yaranması ilə bağlı dəlili də əsaslı deyil. Belə ki, istinad olunan hal həmin borcların mövcudluğuna təsir etmir. Borcun olmadığı tərəflər arasında mübahisəsiz olarsa yaxud bu fakt maraqlı şəxs tərəfindən təqdim olunan mötəbər sübutlarla təsdiqini taparsa, bu barədə dəlillər Məhkəmə tərəfindən qəbul və müzakirə edilə bilər. Əgər belə dəlillər yoxdursa və borc da mübahisəlidirsə, o halda borcun əsaslı olub-olmaması və ya düzgün hesablanıbhesablanmaması hazırkı məhkəmə tədqiqatının hüdudlarından kənarda qalır. Belə ki, əgər maraqlı şəxs hesablanmış borclarla razı deyilsə, yaxud ərizəçinin həmin borclarla bağlı qərar və hərəkətlərindən narazıdırsa, pozulduğu güman olunan hüquqlarının bərpası məqsədilə inzibati məhkəmədə iddia qaldırmağa haqlıdır.

22. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4080/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar