Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-980/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, konsessiya müqaviləsi, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə “Alqı-satqı müqaviləsi” adlandırılan FM-1712/2020 nömrəli müqavilə bağlanmış, həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, bu müqaviləyə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və ya hesab-faktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürür.
2. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərinə görə, alıcıdan sifarişi qəbul etməyi və sifarişə uyğun olan vaxtda, sayda və keyfiyyətdə təhvil aktı, qaimə-faktura, hesab fakturası əsasında alıcının ünvan 1 ünvanına çatdırmaq satıcının vəzifəsidir.
3. Müqavilənin 2.4.4 və 2.4.5 bəndlərinə görə, malın yerləşdirilməsi üçün lazımi şəraiti təşkil etmək və malın lazımi şəraitdə saxlanılmasını, qorunmasını, xüsusilə temperatur rejiminə əməl olunmasını təmin etmək alıcının vəzifəsidir.
4. Müqavilənin 3.1-ci bəndinə əsasən, malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlər Siyahısı” ilə razılaşdırılır. Məhsulların alqı-satqısı satış günü qüvvədə olmuş qiymət üzrə aparılır. Məhsulun qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur; 3.9-cu bəndinə əsasən, alıcı öhdəlik olaraq qəbul edir ki, müqavilə imzalandığı tarixdən 3 (üç) ay müddətində (yanvar, fevral, mart) aylıq dövriyyə məbləği hər ay üçün minimum 8000 (səkkiz min) manat olmaqla fəaliyyət göstərəcək, 3 (üç) ay müddət bitdikdən sonra illik dövriyyə minimum 120 000 (yüz iyirmi min) manat təşkil edəcəkdir; 3.10-cu bəndinə əsasən, satıcı bu müqavilə üzrə ödəniş öhdəliyinin icrası məqsədilə alıcıdan 15 000 (on beş min) manat depozit ödənilməsini tələb edir. Müqavilə imzalandıqdan sonra ilkin olaraq alıcı 10 000 (on min) manat, daha sonra iki ay ərzində (yanvar-fevral 2021-ci il) 5000 (beş min) manat depozit ödənişinə dair öhdəliyini icra etməlidir. Bu müqavilə üzrə alıcının satıcı qarşısında hər ayın sonu və ya müqaviləyə xitam verilərkən borc öhdəliyi qalarsa, satıcı depozit hesabdan həmin borcun silinməsi hüququnu saxlayır. Satıcı həmçinin bu müqavilə ilə nəzərdə tutulmuş alıcının borcuna bərabər dəyərdə onun əmlakına girov hüququ əldə edə bilər. Tərəflər arasında borc öhdəlikləri qalmazsa, müqaviləyə xitam verilərkən satıcı alıcının depozit məbləğini qaytarmağa borcludur.
5. Müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, mal alıcıya təhvil veriləndə miqdarı, standartlara uyğunluğu, keyfiyyəti və çeşidi qəbul etdiyi zaman alıcı və ya nümayəndəsi tərəfindən yoxlanılır. Müəyyən olunan əksiklik dərhal “Qüsur aktı” tərtib olunaraq sənədləşdirilir. Daha sonra alıcı tərəfindən edilən iradlara görə satıcı məsuliyyət daşımır; 4.2-ci bəndinə əsasən malın təsadüfən məhv olması və zədələnməsi riski, mala dair mülkiyyət hüququ mal müqavilənin 2.2.2-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verildiyi andan alıcıya keçir; 7.1-ci bəndinə əsasən alıcı, satıcının əqli mülkiyyət hüquqlarından (sənayə nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar və s.) yalnız satıcıdan alınan məhsulların satılması və ya istifadə üçün bu maddədə göstərilən şərtlərə və satıcının göstərişlərinə uyğun olaraq ve satıcının yazılı razılığı ilə istifadə edilə bilər. Alıcıya verilmiş bu cür istifadə hüququ heç bir halda satıcının əqli mülkiyyət hüquqlarının ötürülməsini şərtləndirmir. Satıcının əqli mülkiyyət hüquqlarından istifadə üçün əvvəlcədən yazılı razılığı bu müqavilə çərçivəsində yalnız satıcının satış və reklam fəaliyyətləri üçün verilə bilər; 8.1-ci bəndinə əsasən, bu müqaviləni imzalamaqla tərəflər bu müqavilənin şərtləri daxilində bir-birilərinə açıqladıqlar gizli informasiyanın (kommersiya sirri daxil olmaqla, lakin bununla məhdudlaşmayan və müvafiq qanunvericiliyə əsasən müəyyən edilən, hansı ki, üçüncü tərəf üçün naməlum olduqda kommersiya dəyərinə malik olur və onların sərbəst əldə edilməsi qanuni əsaslarla məhdudlaşdırılmışdır, həmçinin tərəflər onlara münasibətdə məxfiliyi təmin etmək üçün tədbir görürlər) məxfiliyin qorunmasına və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun digər tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə açıqlanmamasına yazılı razılıq verirlər.
6. Müqavilə İddiaçı MMC-nin nümayəndəsinin və sahibkar Cavabdeh imzaları ilə təsdiq edilmişdir.
7. İddiaçı MMC-nin Daxili Təftiş şöbəsinin mütəxəssisi, firma mağazasının sahibi Cavabdeh (təhvil verən) və firma mağazasının yeni sahibkarı Elşən Rüstəmov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, müştərinin (Cavabdeh) həmin tarixə borcu 39 116,91 manat təşkil edir, mağazada ümumi mal qalığı 18 518,75 manatdır, 20 598,16 manat əksik vardır. Aktda müştərinin qeydi hissəsində “əskik gəlmədən şirkətdə olan 10 200 manat məbləğin çıxılmasına etirazım yoxdur” cümləsi və yekun ödəniləcək məbləğin 10 398,16 manat olması yazılmışdır.
8. Cavabdeh İddiaçı MMC-nə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda xahiş etmişdir ki, mövcud vəziyyət nəzərə alınaraq satıcı X2 tərəfindən mənimsənilmiş 7398 (yeddi min üç yüz doxsan səkkiz) manatın qanunvericiliyə əsasən alınmasına qədər ona möhlət verilsin.
9. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəbzdə göstərilmişdir ki, İV mikrorayon dairəsi adlı firma mağazasına Elşən Rüstəmov tərəfindən 10 200 manat (ödənişin təyinatı kimi borca görə ödəniş (depozit) göstərilmişdir)) məbləğində pul vəsaiti mədaxil edilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh adlı fiziki şəxsə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında MMC tərəfindən 50 251 manatlıq (ƏDV daxil) elektron qaimə təqdim edilib. Təqdim edilmiş elektron qaimələrə əsasən Cavabdeh tərəfindən MMC-nə xx.xx.2021-xx.xx.2022-ci il tarixi aralığında 16 572 manat ödəniş edilib, xx.xx.2022xx.xx.2022-ci il tarixləri aralığında 23 360 manat geri qaytarma edilib və yekunda xx.xx.2024-cü il tarixinə onun MMC-nə 10 398,16 manat borcu mövcuddur.
11. İddiaçı MMC-nin “satış üzrə müştərinin hərəkətləri hesabatı”na əsasən xx.xx.2023-cü il tarixə Cavabdeh yekun olaraq 19 970 manat borcu yaranmış, 10 200 manat depozit çıxıldıqdan sonra 9770 manat borcu qalmışdır.
12. xx.xx.2021-ci il tarixli EBAV seriyalı, 737769 nömrəli xx.xx.2021-ci il tarixli EBAV seriyalı, 847955, 847957, 847973, 847974, 847976, 847980, 847981, 847995, 847997 nömrəli, xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 329798, 329800, 329801, xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 409749 nömrəli xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 494584, 494585 nömrəli, xx.xx.2021-ci il tarixli EBAW seriyalı, 827156 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY seriyalı, 007681, 007687, 015072 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY seriyalı, 042272 nömrəli, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 163984 nömrəli elektron qaimələrlə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 50 183,24 manat (ƏDV daxil) təşkil edir.
13. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə pretenziya məktubu ünvanlanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında bağlanmış 1712/2020 nörməli xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 10 398,16 manat məbləğində pul vəsaitinin və 200 manat mediasiya haqqının tutulub MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1712/2020 saylı alqı-satqı müqaviləsi bağlanmış, tərəflərindən öhdəliyin icra edilməsinə, yəni müqavilə üzrə məhsulun cavabdehə verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam icra etməmiş, İddiaçı MMC-yə 10 398,16 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, cavabdehin iştirakı ilə aparılmış təftiş nəticəsində onun iddiaçıya 10 398,16 manat borcunun olması müəyyən edilmiş, o, bununla razılaşmış və aktı imzası ilə təsdiqləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, borcunu etiraf edir və ona möhlət verilməsini xahiş edir. xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə rəsmi xəbərdarlıq edilmiş və borc öhdəliyinin icrası tələb olunmuşdur. Beləliklə, işin faktiki və hüquqi əsasları ilə iddia tam sübuta yetirilir və görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və bunun nəticəsində İddiaçı MMC-yə 10 398,16 manat borcu yaranmışdır.
16. Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, aktı imzalayanda həmin aktı oxumamış və məzmunu barədə xəbəri olmamış, iddiaçıdan cəmi 39 000 manat dəyərindən artıq mal götürmüş, 7000 manat ödənilmiş, bəzi mallar isə qaytarılmışdır. Həmçinin əvvəlcədən 10 200 manatı depozitə qoymuşdur, həmin depozit də müqavilə üzrə qalan borcu qarşıladığına görə borcu yoxdur.
17. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10 319 manat borc, 200 manat mediasiya xərci olmaqla, cəmi 10 519 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədə buraxılan açıq hesab səhvləri düzəldilmiş, qətnamənin həm əsaslandırıcı, həm də nəticə hissəsində “10 319 (on min üç yüz on doqquz) manat” sözlərinin “10 251,24 manat (on min iki yüz əlli bir manat 24 qəpik)”, 10 519 (on min beş yüz on doqquz) manat” sözlərinin “10 451,24 manat (on min dörd yüz əlli bir manat 24 qəpik)” sözləri ilə əvəz olunması qərara alınmışdır.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ödənilməli olan məbləğ elektron-qaimə, təhvil-təslim aktı və digər sübutlarla təsdiqlənir. Bununla belə, cavabdeh tərəfindən ödənilməli olan məbləğ təhvil-təslim aktı əsasında deyil, elektron-qaimələr və iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışı ilə müəyyən edilməlidir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 50 183,24 manat (ƏDV daxil) məbləğli elektron qaimələr təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya 16 572 manat ödəniş olunmuş, 23 360 manat geri qaytarma edilmiş və yekunda xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya borcu 10 251,24 manat təşkil etmişdir.
20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385, 386, 442, 448, 567, 597-ci maddələrinə istinad etmişdir.
21. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, məhkəmənin yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verdiyi, iddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktının və möhlət verilmə barədə ərizənin onun tərəfindən imzalanmadığı ilə bağlı dəlillərini nəzərə almadığı, borcunu tam ödəmiş olduğu arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
22. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmuş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
Apellyasiya baxışı, izahatlar
23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (oğlu) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddianın rədd edilməli olduğunu, mağaza üçün yeri başqa şəxsdən icarəyə götürdüklərini, lakin İddiaçı MMC-nin firma mağazası adı ilə işlətdiklərini bildirmişdir.
24. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
28. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
29. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
30. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (800.1.1); bu malları öz adından və öz hesabına başqasına satmaq (800.1.2); bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3).
33. Maddə 800.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.
34. Maddə 803.1. Konsessionerin öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən təkrar satış qiymətlərini sərbəst təyin etmək hüququ vardır.
35. Maddə 805.1. Tapşıran birtipli müqaviləyə uyğun olaraq konsessionerin sifariş etdiyi malları ona göndərməyə borcludur.
36. Maddə 807.0.2. Əgər konsessioner müştərilər və (və ya) tapşıran qarşısında öhdəliklərini yerinə yetirmək üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun anbarında qalan malları satın almağa borcludur. Əgər mal satış üçün yararlı olan yaxşı vəziyyətdədirsə, satınalma qiyməti son satınalma zamanı konsessionerin tapşırana ödədiyi qiymətdən aşağı olmamalıdır. Konsessioner satınalmadan imtina edə bilər. Bu isə ona anbardakı qalığı ağlabatan müddətdə müştərilərə satmaq hüququ verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının “müqavilənin ləğv olunması” tələbinə münasibət bildirməməklə isə prosessual pozuntuya yol açmışdır.
46. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
47. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
48. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
49. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
50. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasını müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır (§ 28, 29).
52. Bu istiqamətdə hüquqi dəyərləndirmə aparan kollegiya hesab edir ki, tərəflər xx.xx.2020-ci il tarixli “4-cü mkr dairəsi FM-1712/2020” nömrəli müqaviləni alqısatqı müqaviləsi kimi rəsmiləşdirsələr də, mahiyyət etibarilə həmin müqavilə kommersiya konsessiya müqaviləsidir.
53. Belə ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşma olduğu halda, kommersiya konsessiyası müqaviləsi malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) ilə bağlı əlaqələri qaydaya salır. Konsessionerin əsas işi ticarət-kommersiya vasitəçilik fəaliyyətidir, yəni vaxtaşırı malları satın alıb, öz adından və hesabına başqasına satmaqdan ibarətdir.1
54. Məhkəmə kollegiyası müqavilənin təfsiri ilə bağlı müəyyənləşdirilmiş meyarları (§ 28, 29) nəzərə almaqla qeyd edir ki, müqavilə tərəflərinin statusu, onların müqavilə münasibətinə girərkən niyyətlərinin, əldə etmək istədikləri hüquqlar və vəzifələrlə əlaqədar gözləntilərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
55. Kommersiya konsessiya müqaviləsində tərəflər bir tərəfdən istehsalçı və ya tacir (tapşıran), digər tərəfdən isə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) olur (§ 32). Normanın məzmunundan da göründüyü kimi, müqavilə üzrə tərəfin konkret olaraq, məhz istehsalçı və ya tacir olması müəyyən edilməmiş, qanunverici daha genişləndirici yanaşma seçərək, ümumilikdə müqavilənin tərəfi olaraq tapşıranı göstərmişdir. Digər tərəfdən müqavilə üzrə tərəf qismində sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) çıxış edir. Müqavilənin kommersiya münasibətlərindən irəli gəldiyini və konsessionerin müstəqil fəaliyyətlə məşğul olmasını nəzərə alaraq kollegiya hesab edir ki, bu münasibətlərdə kommersiya fəaliyyəti ilə məşğul olan fərdi sahibkar da çıxış edə bilər.
56. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə istehsal, idxal və ya digər formada ticarət predmeti olan içkiləri satmağı, cavabdeh isə həmin içkiləri iddiaçının ticarət markası altında fəaliyyət göstərən mağazada satmağı, o cümlədən satış üzrə iddiaçı tərəfindən müəyyən edilən dövriyyəni təmin etməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə, iddiaçı müvafiq malları təqdim etmiş və cavabdeh tərəfindən həmin malların satışı üzrə müvafiq dövriyyənin təmin edilməsi ilə bağlı göstəriş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflərin statusu baxımından və konsessiya müqaviləsinin tələblərinə uyğun olaraq iddiaçı müqavilə üzrə tapşırandır. Digər tərəfdən bu, onlar arasında aslılıq münasibəti kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq müstəqil fəaliyyət göstərir, öz ticarət fəaliyyətini sərbəst təşkil edir və həmin malların satışını həyata keçirilməsi ilə bağlı qərar verir (§ 1, 23). Müqavilənin “tərəflərin rekvizitləri” hissəsində də cavabdehin həmin müqaviləni məhz “fiziki sahibkar” kimi imzalaması görünür (§ 6), odur ki, cavabdeh konsessiya müqaviləsi üzrə müstəqil fəaliyyət göstərən (konsessioner) şəxsdir.
57. Beləliklə, kollegiya yuxarıda şərh olunan əsaslara görə, subyekt tərkibi baxımından xx.xx.2020-ci il tarixli “4-cü mkr dairəsi FM-1712/2020” nömrəli müqaviləni konsessiya müqaviləsi hesab edir.
58. Eyni zamanda kollegiya qeyd edir ki, bu müqavilə məzmun baxımından konsessiya müqaviləsidir. Belə ki, qanunverici konsessiya müqaviləsi ilə bağlı üç əsas meyar müəyyən etmişdir (§ 32) və tərəflər arasında bağlanmış müqavilə üzrə hər üç meyar mövcuddur.
59. Tərəflər arasında bağlanmış müqaviləyə görə, iddiaçı cavabdehin sifariş verdiyi malları ona təqdim etməyi, cavabdeh isə həmin içkiləri iddiaçının adından istifadə edərək satmaq barədə qarşılıqlı öhdəlik götürmüşlər. Bu baxımdan müqavilənin predmetini məhz malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) təşkil edir.
60. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, cavabdeh satışları iddiaçının ticarət markası ilə adlandırılan firma mağazasında həyata keçirir, bu da öz növbəsində kommersiya konssessiya müqavilələrini ticarət vasitəçiliyi müqavilələrindən fərqləndirən ən önəmli kriteriyaya, yəni kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq meyarına uyğundur. Məhkəmə təcrübəsində bu meyarlar təklikdə deyil, digər meyarlarla qarşılıqlı şəkildə təhlil edilir.2
1 Ali Məhkəmə, İş № 2-2(102)-499/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_499+01.11.2023.pdf ) § 20 2 Həmin Qərar, § 25
61. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hallara (tərəflərin statusu, müqavilə, tərəflərin müqavilədən sonrakı davranışı) məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixli “4-cü mkr dairəsi FM-1712/2020” nömrəli müqavilə kommersiya konsessiya müqaviləsidir.
62. Kommersiya konsessiya müqaviləsinə uyğun olaraq, konsessioner müştərilər və (və ya) tapşıran qarşısında öhdəliklərini yerinə yetirmək üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun anbarında qalan malları satın almağa borcludur. Hazırkı müqavilənin şərtlərinə görə də alıcı malları saxlamalı və onların lazımi qaydada saxlanılmasını təşkil etməlidir.
63. İş materiallarında olan elektron qaimələrə görə iddiaçı tərəfindən cavabdehə 50 183,24 manat məbləğində mal göndərilmişdir.
64. Maliyyə arayışından və “müştərinin hərəkət hesabatı”ndan görünür ki, 23 360 manat məbləğində mallar geri qaytarılmış və cavabdehin yekun borcundan çıxılmış, eyni zamandan cavabdeh 16 572 manat məbləğində ödəniş etmişdir. Həmçinin müqavilənin şərtlərindən və tərəflər arasında bağlanmış təhvil-təslim aktından müəyyən olunur ki, həmin məbləğə, yəni 16 572 manata 10 200 manat məbləğində depozit də aiddir. Bu baxımdan, iddiaçı xx.xx.2020-ci il tarixdə FM- 1712/2020 nömrəli müqaviləyə uyğun olaraq 10 251 (50 183, 24 – (23 360 + 16 572)) manat tələb etməkdə haqlıdır.
65. Cavabdehin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, onun tərəfindən təqdim edilən sənədlər nəinki onun borcunun olmasını təkzib etmir, əksinə borcunun mövcudluğunu təsdiq edir. Cavabdehin təqdim etdiyi “müştərinin hərəkət hesabatı”ndan görünür ki, onun tərəfindən edilən ödənişdən, geri qaytarmalardan, eləcə də 10 200 manat məbləğində depozit çıxıldıqdan sonra yekun olaraq 9770 manat borcu qalmışdır.
66. İş üzrə sübutlara (elektron-qaimə fakturalar, təhvil-təslim aktı, cavabdehin borcun etirafı barədə ərizəsi) ümumilikdə qiymət verən kollegiya hesab edir ki, “müştərinin hərəkət hesabatı”nda cavabdehin borcunun 9770 manat olduğu göstərilsə də, müvafiq sübutlarla borcun məbləğinin 10 251 manat olduğu müəyyən edilir. Belə ki, cavabdeh iddiaçıya təqdim etdiyi ərizədə borcun olmasını təsdiq və yekun təhvil-təslim aktında da borcun ümumi məbləğinin 10 398 manat olmasını qəbul etmişdir.
67. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 25). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
68. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, həmin aktı onunla tanış olmadan imzalamasının hüquqi nəticələri ilə bağlı risk daşıyır. Digər tərəfdən həmin aktla yanaşı, cavabdeh borcunu ərizədə də təsdiq etmişdir. Belə olduğu təqdirdə isə cavabdehin özünün təsdiq etdiyi borcu sonradan təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
69. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
70. İddiaçının “müqavilənin ləğv olunması” tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu (§ 13) ünvanlandığına görə tərəflər arasında müqaviləyə artıq xitam verilmişdir – ləğv olunmuş müqavilənin məhkəmə qaydasında ləğvinə isə zərurət yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “... qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.”
71. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış konsessiya müqaviləsi üzrə cavabdeh iddiaçıya malları təhvil-təslim aktına uyğun olaraq təhvil verdikdən sonra, faktiki olaraq onların arasında müqavilə münasibətlərinə xitam verilmişdir.
72. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
73. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1405/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və pulun ödənilməsi” tələbi qismən təmin edilsin. Cavabdeh 10 251 (on min iki yüz əlli bir manat) manat borc, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 10 451 (on min dörd yüz əlli bir) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva