Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-981/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4487/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Ərizəyə əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MTK-nın icra orqanının rəhbəri Maraqlı şəxs olmuşdur..
2. xx.xx.2022-ci il tarixli 129 saylı əmrin surətindən görünür ki, "xxxx" MTK-nın sədri vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
3. xx.xx.2022-ci il tarixli "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının iclas protokolundan görünür ki, həmin iclasda səsə qoyularaq yekdilliklə qəbul olunmuş qərar əsasında "xxxx" MTK-nın yeni sədri X1.
4. İşdəki bildirişlərdən, şəxsi vərəqədən görünür ki, "xxxx" MTK-nın dövlət büdcəsinə 520.293,39 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 47.926,48 manat, İşsizlikdən Sığorta Fonduna olan 1157,12 manat, İcbari Tibbi Sığorta Fonduna 872,34 manat borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "Viktoriya313" Mənzil-tikinti Kooperativinin dövlət büdcəsinə olan 520.293,39 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 47.926,48 manat, İşsizlikdən Sığorta Fonduna olan 1157,12 manat, İcbari Tibbi Sığorta Fonduna 872,34 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MTK-nın (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 1157,12 manat, dövlət büdcəsinə 520.293,39 manat məbləğində (o cümlədən vergilər üzrə 376.697,98 manat, faizlər üzrə 143.495,41 manat, maliyyə sanksiyası üzrə 100 manat), İcbari Tibbi Sığorta Fonduna 872,34 manat, Dövlət Sosial Müdafiə Fonduna 47926,48 manat olmaqla, ümumilikdə, 570.249,33 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********221200, xx.xx.2021-ci il tarixli **********325500, xx.xx.2022-ci il tarixli **********797500, xx.xx.2022-ci il tarixli **********514800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4487/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.
8. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı "xxxx" MTK-nın sədri vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və həmin MTK-ya başqa şəxs sədr kimi təyin olunmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxsin reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə bundan xəbərdar olmaması maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.
10. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından "xxxx" MTK-nın dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbar Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri 11.Həmin qətnamədən ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. 12.Ərizəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxaran zaman hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" Mənzil-tikinti Kooperativinin (VÖEN:**********) rəhbəri Maraqlı şəxs olduğu halda nəyə görə iddianın təmin edilməməsi səbəbini qanunvericilik normaları ilə əsaslandırmamışdır. Belə ki, məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində yalnız vergi orqanının məhkəməyə müraciət etmək hüququ ilə bağlı olan normalara istinad etmiş, gəldiyi nəticənin əsaslılığını sübut edən qanunvericilik normalarına istinad etməmişdir. Buna görə də iddianın təmin edilməməsi tamamilə əsassızdır. Ərizəçi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.2-ci maddələrinə əsasən ərizənin təmin edilməli olduğunu bildirmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən kooperativin idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Mülki Məcəllənin 111.3.2-ci maddəsinə əsasən kooperativin icra orqanlarını yaratmaq və onun səlahiyyətlərinə xitam vermək kooperativin ümumi yığıncağının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Vergilər Məcəlləsi: 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Konstitusiyası: - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə- vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolun: 2-ci maddəsinin 2-ci hissəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 2-ci maddəsinin 3-cü hissəsi- bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
15. Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi 16.Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4487/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə qətnamə çıxaran zaman hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" Mənzil-tikinti Kooperativinin rəhbəri Maraqlı şəxs olmuş, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.
18. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, hal-hazırda İnternet Vergi İdarəsindəki Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumata əsasən "xxxx" Mənzil-tikinti Kooperativinin (VÖEN:**********) rəhbəri X3r.
19. Göründüyü kimi, Maraqlı şəxs "xxxx" MTK-nın qanuni təmsilçisi olmadığından "xxxx" MTK-nın dövlət büdcəsinə olan borclarına görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanuni əsas mövcud deyil.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-4487/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4487/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.