Məhkəmə qərarları › İş №2-2(103)-981/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-981/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-981/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti) hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1849/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 15 noyabr 2021-ci il tarixli EBBM seriyalı, 372825 nömrəli elektron qaimədə xx.xx.2021-ci il tarixində 18/2021 saylı alğı-satqı müqaviləsi əsasən, ümumilikdə 31860 manat dəyərində 15 ton “PVC” mal ödənilməsi üçün X4 tərəfindən Cavabdeh təqdim edilmişdir.

2. 16 noyabr 2021-ci il tarixli ƏDV Sub-Uçot Hesabından köçürmələrin siyahısından müəyyən olunur ki, EBBM 372825 elektron qaimə üzrə ƏDV depozit hesabına 332,10 manat vəsait mədaxil olunmuşdur.

3. X4 tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək 18/2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən EBBM seriyalı 372815 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə yaranmış 31860 manat borcun 3 gün müddətinə ödəməyi xahiş olunur. Əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

4. xx.xx.2024-cü il tarixli **********63 nömrəli mədaxil qəbzindən görünür ki, X4 200 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən əsas borc 27000 AZN, ƏDV 4860 AZN və gecikdirilmiş vaxt üçün 4779 AZN məbləğində pul olmaqla, ümumilikdə 36639 AZN pulun və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı X4 ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 18/2021 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əsasən satıcı PVC satmağı, “Alıcı” isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən dəyəri 31.860 AZN+18% ƏDV məbləğində olan malları təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli EBBM№ 372825 saylı elektron qaiməyə əsasən “İddiaçı” ümumi dəyəri 27000 manat olan 15000 ton PVC məhsulunu, cəmi 31860 manat dəyərində malı təhvil vermişdir. İddiaçının öhdəliklərini lazımı səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 27000 AZN, ƏDV 4860 AZN olmaqla, ümumilikdə 31860 AZN məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla bağlı xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin tələbini nəzərə alaraq cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya gecikdirilmiş günlər üçün 4779 AZN məbləğində pul ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin malların dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Mallar alınmasına baxmayaraq, cavabdeh dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən iddiaçının maliyyə arayışı ilə təsdiq olunur. Qaydalara görə elektron qaiməfakturada qeyd edilmiş malların təhvili həyata keçirilmiş hesab edilməlidir. Göstərilənlərə və işin hallarına əsasən xx.xx.2021-ci il tarixinli 18/2021 saylı alğı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli 03 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçı X1 xeyrinə ödənilməmiş 27000 manat məbləğində əsas, 4840 manat məbləğində ƏDV və gecikdirilmiş günlər üçün 4779 manat olmaqla cəmi 36639 manat məbləğində borcun, habelə 200 manat məbləğində dövlət rüsumu xərclərin ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində 18/2021 saylı alğı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən satıcı PVC satmağı, “Alıcı” isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən dəyəri 31.860 AZN+18% ƏDV məbləğində olan mallar təhvil verilmişdir. xx.xx.2025-ci il tarixində əlavə etdiyi vergi hesabından çıxarışdan göründüyü kimi Cavabdeh tərəfindən iddia tələbində göstərilən qaimə üzrə xx.xx.2021-ci il tarixində 332,10 manat ƏDV ödənişi həyata keçirilmişdir. Mallar alınmasına baxmayaraq, cavabdeh malların dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, cavabdeh öhdəliyi icra etmədiyindən illik beş faiz olaraq 4779 AZN ödəməyə borcludur. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsini əldə edə bilməmiş, qarşı tərəfdə həmin müqavilə var, lakin məhkəməyə təqdim etmir. Müqavilə bağlanan gün mallar təhvil verilmiş və mallar təhvil verilən anda da xx.xx.2021-ci il tarixli EBBM№ 372825 saylı elektron qaimə vurulmuşdur. Cavabdeh malları aldığı gün ödəniş etməli idi, tərəflər arasında nisyə alğı-satqı münasibətləri olmamış, müqavilə üzrə mallar verildikdən dərhal sonra ödəniş edilməli idi. E-qaimə vurulan gün ƏDV məbləğindən bir hissə, 332 manat ödəniş olunmuş, geridə qalan məbləği də cavabdeh həmin gün ödəməli idi. Daha sonra tərəflər arasında qeyri-rəsmi danışıqlar aparılmış və qarşı tərəfə ödənişlərin edilməsi ilə bağlı 1 aylıq möhlət verilmiş, lakin yenə də tərəf ödəniş etməkdən yayınmışdır. İddiaçı 2023-cü ilin iyun ayında həbs olunmuş, həmin dövrə kimi danışıqlar aparılmış və bununla bağlı “whatsapp” yazışmaları da var. Həmçinin 2024-cü ildə də məhkəməyə müraciət etmişlər. Həmin eyni məzmunlu tələb üzrə tərəflər arasında razılığın əldə edilməsi, həmçinin sənədlərin toplanması ilə əlaqədar iş baxılmamış saxlanılmışdır. Daha sonra sübutların toplanmasının qeyri-mümkün olduğunu gördükdə 2025-ci ilin yanvar ayında yenidən məhkəməyə müraciət etmişdir. Tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə bildirmişdir ki, 2024-cü ilin sentyabr-oktyabr ayında bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişlər və iddia müddətini ötürməmişlər. 2024-cü ilin sentyabr ayında ödəmə ilə bağlı tərəfə iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir. Malların təyinatından da görünür ki, tərəf aldığı həmin gün ödəniş etməli idi. Sonuncu ödəniş xx.xx.2021-ci il tarixində 332,10 manat ƏDV ödənişi olmuşdur. Tərəflər arasında yalnız qeyri-rəsmi formada danışıqlar aparılmışdır. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Cavabdehin nümayəndəsi, vəkil X7 iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının tələbi xx.xx.2021-ci il tarixli müqavilə ilə birbaşa bağlıdır. Yəni, şəxs həmin müqavilə üzrə Cavabdeh ona 31860 manat borcu olmasını bildirmişdir. Lakin həmin müqavilənin özü iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının iddia ərizəsi formal və səthidir. Lakin iddiaçı öz iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə iddianın qanunsuz və əsassız olmasını təsdiq edir. Həmçinin hazırkı iş üzrə iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi müqavilə xx.xx.2021-ci il tarixində bağlanmasını əsas götürsək, iddia müddətinin ötürülməsinin şahidi olarıq. Həmin 3 illik müddət qanunvericilikdə imperativ tələb kimi tanınmışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. X4 tərəfindən ona qarşı verilmiş “pul tələbinə tələbinə dair” iddia tələbinin tamamilə rədd olunması olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1849/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

11.1 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi barədə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 11.2 Belə ki, 15 noyabr 2021-ci il tarixli EBBM seriyalı, 372825 nömrəli elektron qaimədən və həmin qaimə üzrə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ƏDV ödənişindən aydın olur ki, iddiaçı cavabdehə 18/2021 saylı alğı-satqı müqaviləsinə əsasən ümumilikdə 31860 manat dəyərində 15 ton “PVC” malı vermiş, cavabdeh isə həmin mala görə ümumi məbləğdən 332,10 manat ƏDV ödənişi etmişdir. 11.3 Bu fakt işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. Çünki cavabdehin nümayəndəsi etirazında müqavilənin məhkəməyə təqdim edilmədiyini bildirsə də, malların cavabdehə verilmədiyini, tərəflər arasında alqı-satqı olmadığını mübahisələndirməmişdir. 11.4 Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə satdığı malın dəyərini tələb etmək hüququ olsa da, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqini xahiş etdiyinə görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. 11.5 Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. 11.6 İddiaçının müqavilə üzrə öhdəliyini tam icra etməyən cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Lakin iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığına və cavabdeh tərəf bu barədə müraicət etdiyinə görə iddia tələbinin təmin edilməsi mümkün deyildir. 11.7 Belə ki, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış malın dəyəri təhvil verildiyi, elektron qaimə göndərildiyi gün, xx.xx.2021-ci il tarixində ödənilməli idi, bunu iddiaçının nümayəndəsi də izahatında təsdiq etmişdir. Həmçinin həmin müqavilə üzrə cavabdeh tərəfindən sonuncu və yeganə ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlamış, daha sonra ƏDV ödənişi edildiyi xx.xx.2021-ci il tarixdə müddətin axımı kəsilərək yenidən başlanmış, iddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini xx.xx.2024-cü il tarixində buraxmışdır. 11.8 İddiaçı 2024-cü ildə də cavabdehə qarşı eyni tələblə iddia qaldırdıqlarına və iddia ərizəsinin baxılmamış saxlanıldığına istinad edərək iddia müddətini ötürmədiklərini bildirmişdir. Halbuki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 11.9 Bundan başqa iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən 3 il ərzində cavabdehin borcun etirafını göstərən hər hansı hərəkətlər etməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. 11.10 Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi qənaətinə gəlir. 11.11 Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir..

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 567, 598.1, 627.1, 630.1, 631.1, 634.1, 634.2, 637.1, 637.2-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001- ci il tarixli qərarına, İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir.

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh öhdəliyin bir hissəsini ödəməklə, faktiki olaraq alqı-satqı müqaviləsi üzrə borc öhdəliyini qəbul etdiyini nümayiş etdirmiş, bununla yanaşı, X3 qarşı 13 iyul 2023-cü il tarixindən etibarən başlanılmış cinayət işi ilə əlaqədar olaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, nəticə etibarilə, onun obyektiv səbəblərdən kommersiya xarakterli mübahisələr üzrə mülki iddia qaldırmaq imkanı olmamışdır, bu halları məhkəmə nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmayaraq qanunsuz nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

14. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı borcun olduğunu təsdiq edən sübut təqdim etməmişdir, hazırki iş üzrə iddia müddətini ötürmüşdür.

Apellyasiya baxışı, izahat

15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

17. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

20. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

24. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

25. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;

26. Maddə 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.

27. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlamış, daha sonra ƏDV ödənişi edildiyi xx.xx.2021-ci il tarixdə müddətin axımı kəsilərək yenidən başlanmışdır.

37. İddiaçı iddia müddətinin ötürülməsi səbəbi kimi, xx.xx.2023-cü il tarixində barəsində cinayət işinin başlanmasını və həbs qətimkan tədbirinin seçilməsini göstərmişdir.

38. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyatorun qeyd etdiyi hal iddia müddətinin axımının dayandırılması üçün əsas ola bilməz. İddia müddətinin axınının dayandırılması halları Mülki Məcəllənin 379.1-ci maddəsində qeyd edilmişdir. İddiaçının cinayət təqibi ilə əlaqədar həbsdə olması iddia müddətinin dayandırılmasına səbəb olan “fövqəladə və qarşısıalınmaz hadisə” kimi qiymətləndirilə bilməz. İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixindən başlamışdır. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilənədək təxminən 1 il 7 ay keçmişdir. Həmçinin Mülki Məcəlləyə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin (§ 50).

39. Kollegiya qeyd edir ki, iddiaçıya 19 ay müddətində iddia qaldırmaq üçün heç bir maneə mövcud olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsini nümayəndəsi vasitəsilə verə bilərdi. İddiaçının həbsdə olması etibarnamə əsasında nümayəndə (vəkil) cəlb etməsinə qanuni əngəl yaratmır.

40. Həmçinin işin faktiki hallarından görünür ki, Cahangir Qəmbərov tərəfindən iddia ərizəsi ilk dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddai ərizəsi geri qaytarıldıqdan sonra iddiaçıya nöqsanları aradan qaldırmaq və təkrar müraciət etmək üçün imkan verilmişdir. İddiaçının nöqsanları aradan qaldırmaqla təkrar müraciəti üçün 2 ay müddəti olmuşdur. Lakin iddiaçı 2 aylıq müddətdə qeyri-fəallıq göstərmişdir. İddiaçı ərizə geri qaytarıldıqdan sonra ağlabatan müddətdə, yəni qısa zamanda, iddia müddəti başa çatmazdan əvvəl nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməmiş, təxminən 4 ay sonra məhkəməyə müraciət etmişdir.

41. Kollegiya qeyd edir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

42. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1849/2025 nömrəli kommersiya işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar