Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-983/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi Açar söz: öhdəliklərin icrası, pul tələbi, lizinq müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-837/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X6 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə (müqavilənin predmeti) əsasən lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Lizinq obyektinin təsviri: marka, model: BMW 530 minik, tip: sedan, mühərrik: N-Z SİL, ban: WBANA73544B807325, buraxılış ili: 2004, mühərrikin həcmi: 3000 sm3, rəngi: qırımızı parıltısız qara. Həmin müqavilənin 1.1-ci bəndinə (lizinq müddəti) əsasən lizinq alanın bu müqavilə üzrə lizinq obyektinə sahiblik və istifadə hüququna malik olduğu müddət lizinq müddəti hesab edilir. Lizinq müddəti, lizinq obyektinin təhvil-təslim aktı lizinq verən və lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır. Lizinq müddəti 36 (otuz altı) ay təşkil edir. Həmin müqavilənin 4.1-ci bəndinə (lizinq obyektinin əldə edilməsi) əsasən lizinq obyekti alqı-satqı müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektinin satıcısından alınır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq obyektinin qiyməti: 18000 (on səkkiz min), Həmin müqavilənin 4.3-cü bəndinə əsasən avans məbləğ: 4000 (dörd min) manat, Həmin müqavilənin 4.4-cü bəndinə əsasən liziiq müqaviləsinin qiyməti: 14000 (on dörd min) manat, Həmin müqavilənin 4.5-ci bəndinə əsasən alqı-satqı müqaviləsi bu müqavilənin 10.1.1-ci maddəsində göstərilmiş təminat lizinq alan tərəfindən tam həcmdə təqdim edildikdən sonra bağlanır. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən lizinq alan alqı-satqı müqaviləsinin şərtlərinin satıcı tərəfindən lazımi qaydada icra edilməməsi barədə lizinq verənə dərhal məlumat verməlidir. Lizinq verən aşağıdakı hallarda lizinq əmlakına görə məsuliyyət daşımır. Həmin müqavilənin 5.1-ci bəndinə (lizinq obyektinin təhvil-təslimi) əsasən hazırkı müqavilənin 2.1-ci maddəsində göstərilmiş lizinq obyekti - “BOKT İDK" MMC-nin qarşısında lizinq alana təhvil verilməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı (Əlavə № 2) ilə rəsmiləşdirilir. Təhvil-təslim zamanı lizinq alan lizinq obyektinin təhvilindən imtina edərsə, lizinq alan tərəfindən lizinq verənin hesabına faktiki ödənilmiş avans, lizinq ödənişləri və (və ya) digər pul öhdəlikləri ilə bağlı ödənişlər geri qaytarılmır. Həmin müqavilənin 6.2-ci bəndinə (lizinq obyektinin sığortalanması) əsasən lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Lizinq obyekti tərəflər arasında təhvil-təslim aktı imzalanan kimi sığortalanmalıdır. Lizinq alan sığorta ödənişlərini lizinq verənin hesabına ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi, təbii fəlakətlər, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, soyğunçuluq, yanğın, partlayış, ildırım vurması risklərindən lizinq müddəti ərzində sığortalanmalıdır. Lizinq obyektinin sığorta təminatı lizinq müddəti ərzində sığortalanmalıdır.
2. xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X6 müqaviləsinə edilən 1 nömrəli Əlavə ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2022-xx.xx.2025-ci il tarixlərdə hər ay 617,56 manat məbləğində ödənişlər etməliydi. Qeyd edilən əlavə hər iki tərəfin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli X6 müqaviləsinə əsasən 13252,95 manat əsas, 3404,04 manat faiz borcu, 110 manat cərimə borcu olmaqla, cəmi 16796,99 manat məbləğində borcu vardır.
4. "xxxx" MMC-nin xx.xx.2022-xx.xx.2024 tarix aralığında hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, İF/05982 saylı X6 müqaviləsinə əsasən ümumilikdə 2520 manat məbləğində ödəniş edilmişdir.
5. xx.xx.2023-cü il tarixli, AKT-071/23 nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus BMW 530 minik markalı, **- AC-*** dövlət nömrə nişanlı, ban 6TlBK40K39X916963, 2008-ci il buraxılışdan, qırmızı parıltısız qara rəngdə dövlət qeydiyyat nişanlı avtomobilə lizinq təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə göstərilən avtomobilin ehtiyat hissələrinin və təmir xərclərinin ümümi məbləği 9047 (doqquz min qırx yeddi) manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 16000 (on altı min) manat məbləğində təşkil etmişdir. Avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 7000 (yeddi min) manat məbləğində müəyyən olunmuşdur.
6. xx.xx.2023-cü il tarixli müstəqil ekspert rəyndə qeyd edilmişdir ki, BMW 530 minik markalı, **-AC-*** dövlət nömrə nişanlı, ban 6T1BK40K39X916963, 2008-ci il buraxılışdan, qırmızı parıltısız qara rəngdə, "xxxx" MMC-nin mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirmişdir. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri (manatla) ümumilikdə 9047 manat təşkil edir
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2146 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumalara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2004-cü il buraxılışlı, BMW 530 minik markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8477 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 6257 manat, təmir-bərpa işlərinin qimyəti 2220 manat.
8. "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 07/31 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borc məbləğinin 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ləğv prosesində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 9867,99 manat zərər və ödənilən 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmıış xx.xx.2022-ci il tarixli, İF/05982 saylı saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq obyekti BMW 530 minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 36 ay müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Həmin avtomobillə yol-nəqliyat hadisəsi törədilmiş, nəticədə təşkilata maddi ziyan dəymişdir. Lizinq obyekti iddiaçı tərəfindən müstəqil ekspertin iştirakı ilə qəzaya uğramış avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 7000 (yeddi min) manat dəyərində qiymətləndirildi. Cavabdehin xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borcu 13282,95 manat, faiz borcu 3404,04 manat, cərimə borcu 110 manat olmaqla, cəmi 16867,99 manat təşkil edir. Cavabdehin hal-hazırda təşkilata (16867,99-7000) 9867,99 manat borcu vardır. Qanunvericiliyin tələbinə görə mübahisənin mediasiya qaydasında həlli mümkün olmadığından, İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olundu.
11. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 12544,20 manat borcun və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən 50 manat olmaqla, cəmi 12594,20 manat və mediasiya xidmət haqqı kimi ödənilən 100 manat məbləğində pulun iddiaçı "xxxx" MMCnin xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, yeni tələb lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də göründüyü kimi, cavabdeh 07 oktyabr 2022-ci il tarixindən başlayaraq 27 iyul 2023-cü il tarixinə qədər hər ay 617,56 manat olmaqla, 6175,60 manat ödəniş etməli olduğu halda, cəmi 2520 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 3655,6 manatdır (6175,60 manat – 2520 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 8477 manat, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən məbləğ 50 manat xidmət haqqı təşkil edir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-837/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 3346,82 manat (üç min üç yüz qırx altı manat səksən iki qəpik) borc, 8477 (səkkiz min dörd yüz yetmiş yeddi) manat dəymiş zərər, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 93,88 manat (doxsan üç manat səksən səkkiz qəpik) olmaqla, 11917,70 manat (on bir min doqquz yüz on yeddi manat yetmiş qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27,78 manat (iyirmi yeddi manat yetmiş səkkiz qəpik) məbləğində ödənilməmiş dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alan Cavabdeh sözügedən müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdən 07 sentyabr 2025-ci il tarixədək hər ay 617,56 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Avtomobil 2023-cü il iyul ayının sonlarından iddiaçı tərəfindən təmir üçün verilmiş ustadan götürülmüş və həmin vaxtdan iddiaçıda olmuşdur. 1 saylı əlavəyə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək (iddiaçı ödənişin həmin vaxtadək hesablanmasına etiraz etməmişdir) ödənilməli olan lizinq ödənişlərinin məbləği 5866,82 manat təşkil etmiş, yəni cavabdehin iddiaçıya 9 ay və ½ ay üzrə ödəməli olduğu məbləğ – 5866,82 manat ((617,56 x 9ay=5558,04) + (617,56 x ½ ay=308,78) = 5866,82 manat) olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da müəyyən edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2520 manat ödəniş edilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 3346,82 manat (ümumi ödənilməli olan məbləğ: 5866,82 manat – 2520 manat ödənilmiş məbləğ= 3346,82 manat) təşkil edir. İddia tələbinin ikinici hissəsi – cavabdehdən avtomobilə dəymiş zərər olaraq 8477 manat məbləğin tutulmasına münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, avtomobil lizinq alanda olduğu müddətdə avtomobilə zərər dəymişdir. Həmin hal iş materiallarında olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/2146 nömrəli ekspert rəyi verilmişdir. Rəylə avtomobilin təmir-bərpa xərclərinin təxminən 8477 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 385, 386, 442, 448, 747, 748-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 837/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Bildirmək istəyirəm ki, iddiaçı Ləğv prosesində olan "xxxx" MMC ilk öncə məhkəməyə müraciət etməmişdən əvvəl Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin təşkilat tərəfindən xx.xx.2023-cü il tarixli, MŞS/MT- 028/2023- 0133K nömrəli arayış verilmişdir. Həmin arayışa diqqət etdikdə “İMS-də iştirak etməyən və ya iştirak etməkdən yazılı şəkildə imtina edən tərəf” qrafasında Cavabdeh və X2 adlarının olduğunu görürük. Bu isə o deməkdir ki, iddiaçı tərəf cavabdeh qismində iki nəfəri nəzərdə tutmuşdur. Lakin, sonradan yalnız Cavabdeh qarşı iddia qaldırmışdır. Göründüyü kimi, qeyd olunan məsələ məhkəmə tərəfindən araşdırılmamışdır. Bildirmək istəyirəm ki, 2022ci il tarixində mənimlə "xxxx" MMC arasında lizinq müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05982 saylı saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən 36 ay müddətinə lizinq obyekti olan BMW 530 minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Müqavilə mənimlə bağlanılsa da avtomobildən mən istifadə etməmişəm. Belə ki, qeyd olunan avtomobili X4 istifadə etmişdir və tələb olunan ödənişlərdə onun tərəfindən edilmişdir. Bu zaman sual olunur: o halda niyə məhz mənimlə müqavilə bağlanmışdır? Cavab sadədir: mənim adıma ********** nömrəli VÖEN olduğu üçün müqavilə məhz mənimlə bağlanılmışdır. Yəni, mən müqavilənin rəsmiləşdirilməsində formal olaraq iştirak etmişəm. Bundan savayı da, avtomobildən X4 istifadə etdiyi üçün, müqavilə üzrə əmlak sahibi isə mən olduğum üçün həm mənim, həm də X2 adına "xxxx" MMC tərəfindən etibarnamələr verilmişdir (həmin etibarnamələr qoşma olaraq əlavə olunur). Qeyd edim ki, müqavilə bağlandıqdan sonrakı aylar üzrə (aylıq ödəniş 617.56 manat) ödənişlər X4 tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixində X4 tərəfindən Zığ yolu istiqamətində avtomobillə yol-nəqliyyat hadisəsi törədildikdən sonra X4 tərəfindən ödənişlər ödənilməmişdir. Məlumat üçün onu da bildirim ki, yol-nəqliyyat hadisəsi baş verdiyi anda X2 adına avtomobil sığorta olunmadığından baş vermiş hadisə ilə bağlı sığorta şirkəti tərəfindən sığorta pulu ödənilməmişdir. Hadisədən bir müddət sonra X2 özünün şəxsi müraciətindən sonra "xxxx"M MC tərəfindən X3 5500 manat qeyri-rəsmi olaraq ödəniş edilmişdir. Lakin, X4 həmin pulu avtomobilin təmirinə deyil, başqa məqsədlər üçün istifadə etdiyindən avtomobil yararsız halda qalmışdır. Məhz bundan sonra "xxxx" MMC mediasiyadan aldığı arayış əsasında məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edirəm ki, lizinq müqaviləsinə əsasən pul tələbi məndən yox, X1 tutulmalıdır. Avtomobilin kimin adına sığorta olunması (KASKO) məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, qeyd olunan lizinq müqaviləsi mənimlə "xxxx" MMC arasında rəsmiləşdikdən sonra avtomobil mənim adıma sığorta olunmuşdur. Baxmayaraq ki, "xxxx" MMC tərəfindən hər ikimizin adına etibarnamə verilmişdir lakin, X2 adına avtomobil sığorta olunmamışdır. Elə ona görədir ki, MMC tərəfindən X3 qeyri-rəsmi olaraq 5500 manat məbləğində sığorta pulu ödənmişdir. Amma, əslində müqavilə mənimlə rəsmiləşdiyinə görə "xxxx" MMC həmin avtomobili ya özü təmir etdirməli, ya da ki, qeyd olunan sığorta pulunu mənə ödəməklə avtomobil mənim tərəfimdən təmir etdirilməli idi. Lakin, görünən odur ki, nə yol-nəqliyyat hadisəsi baş verilən günü, nə də ki, X3 5500 manat qeyri-rəsmi sığorta pulu ödənilən günüsü mənə ehtiyyac duyulmamışdır. Hal-hazırda isə avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi X3 ödənildiyi halda, lizinq müqaviləsi üzrə 3346,82 manat əsas borc, eləcə də 8477 manat məbləğində dəymiş zərər, ümumilikdə 11917,70 manat pul məndən tutulur. Hesab edirəm ki, bu əsassız və qanunsuzdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-ci maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-cü maddəsinə əsasən satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 748-1.12.3-cü maddəsinə əsasənllizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-837/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, İF/05982 saylı daxili maliyyə lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alan Cavabdeh sözügedən müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdən 07 sentyabr 2025-ci il tarixədək hər ay 617,56 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Avtomobil 2023-cü il iyul ayının sonlarından iddiaçı tərəfindən təmir üçün verilmiş ustadan götürülmüş və həmin vaxtdan iddiaçıda olmuşdur. 1 saylı əlavəyə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək (iddiaçı ödənişin həmin vaxtadək hesablanmasına etiraz etməmişdir) ödənilməli olan lizinq ödənişlərinin məbləği 5866,82 manat təşkil etmiş, yəni cavabdehin iddiaçıya 9 ay və ½ ay üzrə ödəməli olduğu məbləğ – 5866,82 manat ((617,56 x 9ay=5558,04) + (617,56 x ½ ay=308,78) = 5866,82 manat) olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da müəyyən edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 2520 manat ödəniş edilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ 3346,82 manat (ümumi ödənilməli olan məbləğ: 5866,82 manat – 2520 manat ödənilmiş məbləğ= 3346,82 manat) təşkil edir.
24. İddia tələbinin ikinici hissəsi – cavabdehdən avtomobilə dəymiş zərər olaraq 8477 manat məbləğin tutulmasına münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, avtomobil lizinq alanda olduğu müddətdə avtomobilə zərər dəymişdir. Həmin hal iş materiallarında olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 9/2146 nömrəli ekspert rəyi verilmişdir. Rəylə avtomobilin təmir-bərpa xərclərinin təxminən 8477 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, işə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanmış, mübahisəli lizinq obyektinin sığorta olunubolunmaması barədə məlumat verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna verilmiş cavab məktubunda müəyyən olunur ki, BMW 530 minik markalı ** AC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta müqaviləsi mövcud olmuşdur. Həmin müqavilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər qüvvədə olmuşdur. xx.xx.2022-ci il tarixində həmin müqavilə üzrə sığortalı olan avtomobilin sürücüsünün təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş vermiş və "xxxx" ASC tərəfindən hadisə nəticəsində zərərçəkən qismində tanınmış “Toyoto Prius” markalı ** HZ *** nişanlı avtomobilə 4207,00 manat sığorta ödənişi verilmişdir.
25. Apellyasiya şikayətinin dəlili kimi göstərilən nəqliyyat vasitəsinin üçüncü şəxsin istifadəsində olması və nəqliyyat vasitəsinə vurulmuş ziyanın onun tərəfindən ödənilməsi dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, AR Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən, həmçinin tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 6.2-ci bəndinə istinadən lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq obyekti lizinq alana təhvil verildiyi andan lizinq alan daşıyır. Lizinq ödənişlərinin X1 tutulmalı olması dəlili isə AR Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən (öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır) əsaslı hesab edilə bilməz.
26. Apellyasiya şikayətinin digər dəlili isə nəqliyyat vasitəsinə dəyən zərərə görə sığorta ödənişinin verilməsidir. Lakin apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı mübahisəli lizinq obyektinə görə sığorta ödənişinin olunmadığı müəyyən edilmiş, həmçinin cavabdeh bu halı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-837/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.