Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-984/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-699/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu X2 ərizəsinin təmin edilməməsinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-699/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qərardadından borclunun apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh R.Cəfərova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-699/2019 nömrəli iş üzrə 28.06.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-2-2(103)-714/2019 nömrəli iş üzrə 06.11.2019-cu il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, 20.02.2020-ci il tarixdə icra vərəqəsi verilmiş və icraya yönəldilmişdir. Borclu R.Cəfərov ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş 35.000 manat puldan yerdə qalan 19.000 manat borcun hər ay 500 manat olmaqla hissə-hissə icra olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-699/2021 nömrəli iş üzrə 11.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Qərardadla razılaşmayan borclu ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı 05.07.2021-ci il tarixdə borclunun nümayəndəsi X1 məhkəmə qəbzinə imza etdirməklə borcluya çatdırılmış (iş vərəqi - 228), borclu tərəfindən tərtib olunmuş şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti, MPM-in 10-1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-699/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qərardadından borclu X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vahid Sadıqov Akif İsgəndərov
Məhkəmə qərarları › İş №2-2(103)-984/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-984/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver