Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-984/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2473/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı adı, miqdarı, dəyəri və ödəmə müddəti əlavədə hər bir satışda ayrıca göstərilərək malı cavabdehə satmağı, cavabdeh isə öz tərəfindən müqavilənin əlavəsində nəzərdə tutulmuş malı iddiaçıdan almağı öz öhdəsinə götürmüşdür (müqavilə hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir).
2. Tərəflər müqaviləyə 1 saylı Əlavə təsdiq edərək 60 ədəd 1 litrlik, 120 ədəd 5 litrlik, 40 ədəd 10 litrlik olmaqla ümumi dəyəri 10 508 manat dəyərində “Saxalinskiy” Kalium humatının alqı-satqısını razılaşdırmışlar. - İddiaçı 16880 manat dəyərində malların alqısatqısının rəsmiləşdirilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixdə 10508 manat dəyərində EBAY 887538 seriya və nömrəli, xx.xx.2021-ci il tarixdə 1416 manat dəyərində EBAZ 065665 seriya və nömrəli, xx.xx.2021-ci il tarixdə 1416 manat dəyərində EBAZ 087944 seriya və nömrəli, xx.xx.2021-ci il tarixdə 3540 manat dəyərində EBAZ 215236 seriya və nömrəli elektron qaimələr təqdim etmişdir.
3. 1416 manat dəyərində olan EBAZ 087944 seriya və nömrəli elektron qaimə “sistem tərəfindən təsdiqlənmiş”, mübahisəli elektron qaimə də daxil olmaqla qalan 3 elektron qaimə cavabdeh tərəfindən “təsdiqlənmiş”dir.
4. Cavabdeh tərəfindən 10508 manat dəyərində EBAY 887538 seriya və nömrəli elektron qaimə üzrə təqdim olunan malların dəyəri istisna olmaqla, qalan malların dəyərini təşkil edən 6372 manat ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 mart 2021-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 10508 manat əsas borcun, 11243,56 manat cərimənin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə məhsullar satılmışdır. Məhsulların dəyəri, çeşidi, miqdarı və digər məlumatları həmin müqavilənin 1 saylı əlavəsində göstərilmiş və həmin əlavəyə uyğun olaraq tam şəkildə cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqları nəzərə almayaraq bu günədək malların dəyərini ödəmək öhdəliyini həyata keçirməmişdir. Cavabdehin müqavilə öhdəliklərindən irəli gələn 10508 manat əsas borcu və müqavilənin 4.1-ci bəndinə əsasən hesablanmış 11243,56 manat cərimə məbləği olmaqla ümumilikdə 21751,56 manat miqdarında borcu vardır. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərkən onun və ya onun fəaliyyəti günahından satıcıya dəyən zərər üçün öz əmlakı ilə tam maddi məsuliyyət daşıyır. Müqavilənin 4.1-ci bəndinə əsasən, alıcı müqavilə üzrə malın ödənişini gecikdirdiyi halda ödənilməmiş ümumi dəyərin 0,1% həcmində cərimə ödəmək öhdəliyi daşıyır.
7. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.3, 449.1-ci maddələri göstərilmişdir.
8. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə və həmin müqaviləyə eyni tarixli 1 saylı əlavənin olduğu doğrudur. Lakin həmin müqavilə əsasında 10508 manat məbləğində malın verildiyi və təhvil götürülmüş malların əvəzinin ödənilmədiyi ilə bağlı iddiaçının qeyd etdikləri tam yanlışdır. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 17 mart 2021-ci il tarixli müqavilə və müqavilə əsasında veriləcək malların miqdarı və məbləği razılaşdırılmış həmin müqaviləyə eyni tarixli 1 saylı əlavəyə əsasən, iddiaçı tərəfindən cavabdehə 10508 manat məbləğində hər biri 1 litr 60 ədəd, 5 litr 120 ədəd və 10 litr 40 ədəd qablaşdırılmış “Saxalinsky” Kalium humatının verilməsi razılaşdırılmışdır. Razılaşdırılmış mallardan 3 partiya ilə cəmi 6372 manat məbləğində mal verilmişdir. Təhvil götürülmüş mallara və dəyərinə uyğun olaraq, hər partiya üzrə iddiaçı tərəfindən elektron qaimə (o cümlədən № EBAZ 065664 (1416 AZN), № EBAZ 087944 (1416 AZN), № EBAZ 215236 (3540 AZN) olmaqla cəmi 6372 manat) təqdim edilmişdir. Qeyd olunan məbləğlər hər elektron qaimə üzrə 3 dəfəyə bank hesabı vasitəsi ilə tam şəkildə ödənilmişdir. Qeyd edilməlidir ki, müqavilə və ona edilmiş 1 saylı əlavə malın təhvil verildiyini deyil, gələcəkdə malın verilməsi və dəyərinin razılaşdırılmasıdır. Bu hələ malın verildiyinə dair sübut deyildir. Malın verilməsi üçün onu təhvil götürən tərəfindən təsdiqlənmiş qaimə fakturası və ya təhvil-təslim aktları mövcud olmalıdır. Halbuki iddiaçının özü cavabdeh tərəfindən qəbul edilmiş 3 ədəd elektron qaimə fakturanı və həmin fakturalar üzrə 3 dəfəyə ödənişi özündə əks etdirən bank hesabından çıxarışı iddia ərizəsinə əlavə edib, məhkəməyə təqdim etmişdir. Təqdim etdiyi qaimə və ödənişin də məbləği eynilik təşkil etməklə cəmi 6372 manatdır. İddiaçı iddia tələbinin əsası kimi daha bir neçə “Malların təhvil-təslim aktı” təqdim etmişdir. Lakin həmin aktlar yalnız iddiaçının özünün imza və möhürü ilə birtərəfli qaydada təsdiqlənmişdir. Həmin aktlar o halda qəbul edilə bilər ki, eyni zamanda müqavilə tərəfi olan mal alan tərəfindən də imzalanmış olsun. Bununla da aşkar şəkildə göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə cəmi 6372 manat məbləğində mal verilmiş və həmin məbləğdə də cavabdeh tərəfindən iddiaçıya ödəniş olunmuşdur. Həmin maldan əlavə cavabdehə 10508 manat məbləğində mal verildiyinə dair iddiaçının qeyd etdikləri formal mülahizələr olmaqla, onların həqiqəti əks etdirmədiyi aşkar vəziyyətdir. İddiaçı 10508 manat məbləği tələb etdiyindən 6372 manat məbləğində maldan əlavə 10508 manat məbləğdə malın verilməsinin sübut etmə yükü də ona aiddir. Lakin iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. İddia tələbində qeyd olunan əsas məbləğin mövcudluğu sübut olunmadığından hesablanmış cərimə və əlavə ödənişlərdən də söhbət gedə bilməz.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2473/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 17 mart 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 9800 (doqquz min səkkiz yüz) manat əsas borc, 450 (dörd yüz əlli) manat cərimə olmaqla ümumilikdə 10 250 (on min iki yüz əlli) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri və təqdim olunan mallardan 708 manat dəyərində malın geri qaytarıldığını iddiaçının təsdiq etməsini nəzərə alaraq məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 9800 manat (10508-708) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
11. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, 17 mart 2021-cü il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən, “Alıcı” bu Müqavilənin 2.2-ci bəndində göstərilən şərtləri pozarsa, satılan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1% məbləğində əlavə cərimə ödəyir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da mübahisəli qaimə üzrə mallar 2021-ci ilin mart ayında verildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, 17 mart 2021-cü il tarixli müqavilə üzrə cavabdehdən tutulmalı cərimə məbləğinin 450 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2473/2024 saylı, 05 iyul 2024-cü il il tarixli qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddianın tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, CavabdehMMC tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçıMMC dənümumi olaraq 6372 manat məbləğində mal sifariş vermiş, həmin malları təhvil almış və dəyərini ödəmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, məhkəmənin ilkin iclaslarında dəyəri 6372 manat olan mallardan əlavə olaraq 10508 manat məbləğində malı cavabdeh MMC-yə verildiyində israr etmişdir. Lakin sonrakı məhkəmə iclasında MMC-nin direktoru ilə çarpaz dindirilən zaman iddiaçı tərəf etiraf etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavədə təsdiqlənmiş 60 ədəd 1 litrlik,120 ədəd 5 litrlik, 40 ədəd 10 litrlik “Saxalinskiy” Kalium humatını birbaşa cavabdehə deyil, tanışı Qoşqar adında şəxsin anbarına təhvil vermişdir. Həmin mallar Qoşqarın anbarına MMC-yə çatdırmaq üçün təhvil verildiyi və yeri üzrə çatdırıldığından, hesab edir ki, malın dəyərini cavabdeh ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə mövcuddur və tələb olunan məbləğ həmin müqavilə əsasında verilmiş mallara görə yaranmışdır. Tələb olunan məbləğin aid olduğu mallar cavabdehə deyil, Qoşqar adında şəxsə verilsə də, sonuncu ilə cavabdeh arasında razılaşmaya əsasən malların pulunu Qoşqar cavabdeh MMC-yə, MMC də iddiaçıya ödəməli idi. Lakin iş materiallarında belə cavabdehlə Qoşqar arasında bir razılaşmaya dair sübut mövcud deyildir. Əksinə müqavilənin şərtlərinə görə mallar alıcı tərəfə şəxsən təhvil verilməlidir. Malların üçüncü şəxs vasitəsi ilə ötürülməsi nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə iclasında MMC-nin direktoru izah etmişdir ki, Qoşqar iddiaçı tərəfi çoxdan tanıyır və aralarında mal alveri əvəldən mövcud olmuşdur. İddiaçı tərəflə də onu Qoşqar tanış etmişdir. Hər kəs özü üçün mal sifariş etmiş və götürmüşdür. 10508 manatlıq mal ona deyil, məhz Qoşqar üçün göndərilmiş və satılması üçün onun anbarına boşaldılmışdır. Arada həmin maldan az bir həcmdə Qoşqardan götürdüyünü və götürdüyü maldan satılanın dəyərini onun özünə ödədiyini, satılmayan hissəsini də onun anbarına qaytardığını bildirmişdir. Lakin məhkəmə işin bu hallarını qətnaməsində yanlış şərh etmiş, iddiaçıya münasibətdə ayrı-ayrı şəxslər olan Qoşqarla MMC-ni eyni şəxslər olduğu qənaəti ilə çıxış etmiş, maddi hüquq normalarını da buna uyğun tətbiq və təsvir etmişdir. Göründüyü kimi Qoşqar və ona məxsus anbarla cavabdeh MMC birləşdirən hər hansı hüquqi bağlılıq mövcud deyilidr. Onlar arasında birgə fəaliyyət və ya iddiaçı qarşısından birgə məsuliyyət müəyyən edilməmişdir. Həmçinin Qoşqara verilən mala görə ödənişlərin edəcəyi ilə bağlı MMC-nin üzərinə öhdəlik götürdüyünə dair dəlil mövcud deyildir. Lakin iş üçün mühüm əhəmiyyət olan bu hallar tam aydınlaşdırılmamış, bu da cavabdehə təhvil verilməmiş malara görə onun üzərinə 10.508 manat məbləği ödənilməsinə dair əlavə öhdəlik qoyulması kimi yanlış nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir. 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
16. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə qismən mübahisələndirdiyindən həmin hissədə yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2473/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işin mübahisəli halını 10508 manat dəyərində xx.xx.2021-ci il tarixli EBAY 887538 seriya və nömrəli elektron qaimə üzrə təqdim olunan malların dəyərinin ödənilməməsi təşkil edir.
20. İddiaçı bildirmişdir ki, cavabdehə 4 elektron qaimə əsasında 16880 manat dəyərində mal təqdim olunmuş, 3 elektron qaimə əsasında təqdim olunan malların dəyərini təşkil edən 6372 manat ödənilmiş, EBAY 887538 seriya və nömrəli elektron qaimə ilə təqdim olunan malların dəyərini təşkil edən 10508 manat ödənilməmişdir. Bundan başqa, 708 manat dəyərində malı cavabdehdən geri götürmüşdür.
21. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, Qoşqar adlı şəxs onların müştərisidir və iddiaçı ilə onları həmin şəxs tanış etmişdir. Cavabdehin mal təchizatında gecikmələr olduğundan, Qoşqar onları iddiaçı ilə tanış edərək bildirmişdir ki, yaxşı mal satan var, onların malları gələnə kimi iddiaçıdan mal götürüb satsınlar. Qoşqarla cavabdeh arasında razılıq belə olmuşdur ki, Qoşqar malların dəyərini cavabdehə ödəməli, cavabdeh isə iddiaçıya ödəməli idi. Onlar malları almış, ayrı-ayrı rayonlara vermişdir. X2 rayonunda olan anbarında yığılmış, Qoşqar da, onlar da mallardan götürüb istifadə etmişlər. Lakin Qoşqar malların dəyərini təşkil edən 10508 manatı ödəmək istəmiş, mənfəət vergisini ödəmək istəməmişdir. Dəyəri ödənilməyən 10508 manatlıq malların bir hissəsi onlara, bir hissəsi Qoşqara aid olmuşdur. Bir hissəsi istifadə olunmuş, bir hissəsi istifadə olunmamışdır. Sonradan öz malları gəlmiş, iddiaçıdan malların istifadə olunmayan hissəsinin geri götürülməsini xahiş etmiş, iddiaçı malların kiçik bir hissəsini geri götürmüşdür.
22. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borcun tutulması hissəsində qismən əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
25. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
28. Hazırkı halda cavabdeh öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəf bir tərəfdən təqdim olunan malların onlara deyil, Qoşqar adlı şəxsə təqdim olunduğunu, həmin malların dəyərini ödəməli olmadığını bildirsə də, digər tərəfdən Qoşqar adlı şəxslə aralarında olan razılığa əsasən alınan malların dəyərini sonuncunun onlara, onların isə iddiaçıya ödəməli olduğunu, lakin həmin şəxsin ancaq malların dəyərini ödəmək istədiyini, cavabdehin mənfəət vergisi məbləğini ödəmək istəmədiyini, buna görə də həmin şəxslə aralarında narazılıq yarandığını bildirir. Digər tərəfdən isə təqdim olunan 10508 manat dəyərində malların bir hissəsinin onlara aid olduğunu, bir hissəsinin istifadə olunmadığını, iddiaçıdan geri qaytarılmasının xahiş edildiyini bildirir.
29. Göründüyü kimi, cavabdeh tərəfin etirazının əsasını təşkil edən hallar ziddiyyətli olmaqla formal mülahizələrə əsaslanır və əsassızdır. Məhkəmə Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən qeyd edir ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. İddiaçı ilə bağlanan müqavilənin tərəfi cavabdehdir və dəyəri ödənilməyən mübahisəli mallara dair cavabdeh müqaviləyə əlavəni təsdiq edib qiymətini və miqdarını razılaşdıraraq təsdiq etmişdir. Bundan başqa, həmin mallara dair təqdim olunan elektron qaiməni cavabdeh özü təsdiq etmiş, iddiaçının qanuni təmsilçisi elektron qaiməni vatsap vasitəsi ilə də cavabdehə göndərmiş, cavabdeh etiraz bildirməmişdir. Belə olan halda, cavabdehin üçüncü şəxslə olan münasibətinə əsaslanaraq malların dəyərini ödəməkdən yayınması ilə bağlı mövqeyi əsassızdır.
30. İddiaçının malları geri qaytarmamasına dair cavabdehin mövqeyi də ziddiyyətli və əsassızdır. Belə ki, əvvəla cavabdeh 10508 manat dəyərində malların bir hissəsinin istifadə olunduğunu bildirsə də, məhkəmə iclasında elan olunan cavabdehin iddiaçıya ünvanladığı məktuba əsasən cavabdeh iddiaçıya müraciət edərək malların tam geri götürülməsini xahiş edir. Digər tərəfdən isə cavabdehin bu mövqeyi, yəni satılan malın istifadə olunmadığından geri qaytarılmasına istinad edərək alıcının belə bir tələb irəli sürmək hüququ mülki qanunvericilikdə təsbit olunmamışdır. Tərəflər arasında olan müqavilədə də belə bir razılaşma əks olunmamışdır.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin şikayətinin əsası kimi istinad etdiyi dəlillər əsassızdır və iddianın rədd olunmasına əsas vermir.
32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
33. Göstərilənləri və təqdim olunan mallardan 708 manat dəyərində malın geri qaytarıldığını iddiaçının təsdiq etməsini nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 9800 manat (10508-708) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
34. Kollegiya alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, 17 mart 2021-cü il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən, “Alıcı” bu Müqavilənin 2.2-ci bəndində göstərilən şərtləri pozarsa, satılan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1% məbləğində əlavə cərimə ödəyir.
35. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da mübahisəli qaimə üzrə mallar 2021-ci ilin mart ayında verildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Buna görə də 17 mart 2021cü il tarixli müqavilə üzrə cavabdehdən tutulmalı cərimə məbləğinin 450 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2473/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.