Məhkəmə qərarları › İş №2-2(103)-985/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-985/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-985/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-656/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt filialında şirkətin hesabına mədaxil edilən ******* ABŞ dolları məbləğində pulun 01/03 saylı, 30.07.2019-cu il tarixli, 01/04 saylı, 06.08.2019-cu il tarixli, 01/09 saylı, 17.10.2019- cu il tarixli, 01/07 saylı, 10.09.2019-cu il tarixli, 01/05 saylı, 19.08.2019-cu il tarixli, 01/10 saylı, 23.10.2019-cu il tarixli, 01/08 saylı, 24.09.2019-cü il tarixli, 01/06 saylı, 27.08.2019- cu il tarixli müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin cəmiyyətin hesabından təsisçi Nümayəndə1 İnsalla oğlunun borcunun qaytarılması üçün Nümayəndə1 İnsalla oğlunun bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli e-2-2(113)-656/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X4 da apellyasiya şikayəti ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, 2019-cu ildən taxıl məhsullarının ölkəyə idxal edilməsi üçün "xxxx" QSC-nin hesabında kifayət qədər vəsaitin olmaması ilə əlaqədar cəmiyyətin təsisçisi ilə cəmiyyət arasında 01/03 saylı, 30.07.2019-cu il tarixli, 165150 ABŞ dolları, 01/04 saylı, 06.08.2019-cu il tarixli, 85150 ABŞ dolları, 01/09 saylı, 17.10.2019-cu il tarixli 190000 ABŞ dolları, 01/07 saylı, 10.09.2019-cu il tarixli 164150 ABŞ dolları, 01/05 saylı, 19.08.2019-cu il tarixli 100150 ABŞ dolları, 01/10 saylı, 23.10.2019-cu il tarixli 150150 ABŞ dolları, 01/08 saylı, 24.09.2019-cu il tarixli 100150 ABŞ dolları, 01/06 saylı, 27.08.2019-cu il tarixli 100150 ABŞ dolları məbləğlərində ümumilikdə ******* ABŞ dolları məbləğində borc müqavilələri bağlanılmışdır. Qeyd olunmuş vəsaitlər cəmiyyətin mühasibi tərəfindən cəmiyyətin Cavabdeh QSC-nin Sumqayıt filialında olan hesabına mədaxil edilən zaman mühasib X2 texniki səhv edərək təsisçidən mədaxil və ya köçürmə üçün adı altında təyinatlarla bank hesabına mədaxil edilmişdir. "xxxx" QSC tərəfindən 08.06.2020-ci il tarixli, 27 saylı məktubla "xxxx" QSC-yə müraciət olunaraq onun tərəfindən texniki səhv ilə aparılmış əməliyyatların təyinatlarının dəyişdirilərək təsisçidən borc kimi qeyd olunması xahiş edilmişdir. Eyni zamanda da tərəflər arasında bağlanılmış borc müqavilələri də banka təqdim edilmişdir. Lakin, "xxxx" QSC tərəfindən 12165 saylı, 17.06.2020-ci il tarixli cavab məktubu ünvanlanmış və bildirilmişdir ki, bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının bank tərəfindən dəyişdirilməsi mümkün deyildir. Belə ki, Cəmiyyətin təsisçiyə olan borcunun qaytarılması əməliyyatının aparılması üçün hüquqi əsaslar bank üçün yetərli olmamışdır. Yəni bank tərəfindən borc müqaviləsinin pulun cəmiyyətə mədaxil edildiyi tarixdə bağlanması sual doğurmuşdur. Bu sualın yaranmasına səbəb isə mühasibin səhvi nəticəsində mədaxil olunan vəsaitin təyinatının yanlış göstərilməsi olmuşdur. Nağdsız hesablaşma zamanı pul köçürmələri qanunvericiliyə, o cümlədən müvafiq müqavilələrə uyğun həyata keçirilməlidir. Şirkətin mühasibinin köçürülən pulun təyinatının səhv müəyyən edilməsi səbəbindən hazırda şirkətin hüquqları əsaslı şəkildə pozulur, hesaba mədaxil edilmiş məbləğdən təyinatı üzrə düzgün istifadə edilməsində çətinlik yaranır. İddiaçı tərəfindən sübut kimi 30 iyul 2019-cu il tarixli 01/03 №-li, 06 avqust 2019-cu il tarixli 01/04 №-li, 19 avqust 2019-cu il tarixli 01/05 №-li, 27 avqust 2019-cu il tarixli 01/06 №-li, 10 sentyabr 2019-cu il tarixli 01/07 №-li, 24 sentyabr 2019-cu il tarixli 01/08 №-li, 17 oktyabr 2019-cu il tarixli 01/09 №-li, 23 oktyabr 2019-cu il tarixli 01/10 №-li borc müqavilələri təqdim edilmişdir. Cavabdeh iddiaya etiraz etmir və bildirir ki, bank hesabları üzrə aparılmış mədaxil əməliyyatlarının təyinatının bank tərəfindən dəyişdirilməsi mümkün deyildir. Lakin iddianın təmin olunduğu təqdirdə qətnamənin icrası Cavabdeh QSC tərəfindən təmin olunacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaya etiraz etməməsi iddianın etirafı kimi qiymətləndirilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 52.2 və 191.1-ci maddələrinin tələblərinə görə iddianın etirafı yazılı formada həyata keçirilməlidir. Lakin cavabdehin nümayəndəsinin diqqətinə bu məsələ çatdırılsa da, onun tərəfindən iddianın etirafı barədə yazılı ərizə verilməmişdir. Eyni zamanda kollegiya hesab edir ki, iddia tələbləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 972.1-ci maddəsinə əsasən nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. Həmin Məcəllənin 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. Həmin Məcəllənin 974.1-ci maddəsinə əsasən ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Həmin Məcəllənin 976.1-ci maddəsinə görə müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. Həmin Məcəllənin 976.2-ci maddəsinə görə tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Maliyyə bazarlarına nəzarət orqanı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.1.1ci maddəsinə əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank Mülki Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. Həmçinin tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə Mülki Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər. Lakin hazırki işdə həmin əsaslar mövcud deyil. Çünki iddiaçı yalnız öz işçisinin texniki səhvi ucbatından ödənişlərin təyinatının başqa formada, yəni təsisçidən borc kimi mədaxil əvəzinə təsisçidən mədaxil və ya köçürmə kimi göstərildiyini bildirir və cavabdehin ona verildiyi tapşırığı düzgün həyata keçirmədiyinə ümumiyyətlə istinad etmir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən görünür ki, həmin qəbzlərin 3-də (08.08.2019, 27.08.2019, 10.09.2019-cu il tarixli qəbzlər) “təsisçidən mədaxil”, digər 5 qəbzdə isə (30.07.2019, 19.08.2019, 17.10.2019, 24.09.2019, 23.10.2019-cu il tarixli qəbzlər) “köçürmə üçün” qeydi aparılmışdır. Göründüyü kimi qəbzlərdə mədaxilin təyinatında əməliyyatın konkret borc verilməsi ilə bağlı olması barədə hər hansı bir qeyd aparılmamışdır. Həmçinin Cavabdeh QSC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 17.06.2020-ci il tarixli, 12165 saylı məktubda imtinanın əsaslarından biri kimi borc müqavilələrinin təqdim olunmamasına istinad edilmişdir. Lakin "xxxx" QSC imtina məktubunu aldıqdan sonra da həmin müqavilələri banka təqdim etməmiş, üzərindən bir neçə ay keçdikdən sonra – 07 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərkən həmin müqavilələri iddianın əsaslılığını təsdiq edən sübut olaraq iddia ərizəsinə əlavə etmişdir. Bununla bağlı da birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin müqavilələrin hüquqi şəxslə təsisçisi arasında bağlanmaqla həm borc alan hüquqi şəxsin rəhbəri, həm də borc verən fiziki şəxs olaraq eyni şəxs - Nümayəndə1 tərəfindən imzalanması, kargüzarlıq qaydalarına uyğun olaraq müqavilələrin məhz həmin tarixdə bağlanmasını təsdiq edən qeydiyyat kitabının təqdim olunmaması, nağdsız əməliyyatlar üzrə hesablardan pul vəsaitinin çıxarılmasında hazırkı vəziyyətdə limit tətbiq olunduğu nəzərə alınaraq müqavilələrin həmin vaxt deyil, sonradan, qəbzlərə uyğun tarixlərə müvafiq olaraq tərtib olunması imkanı da istisna edilmir və buna görə də, həmin müqavilələr iddianın təmin edilməsi üçün əsas hesab oluna bilməz. Bu baxımdan kollegiya hesab edir ki, əməliyyatlarda hər hansı səhv mövcud olmadığı halda məhkəmə tərəfindən cavabdeh bankın üzərinə ödənişin təyinatının dəyişdirilməsi ilə bağlı öhdəlik də qoyula bilməz. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-656/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar