Məhkəmə qərarları › İş №2-2(103)-985/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-985/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-985/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə qarşı kommersiya işi Açar söz: əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi X4 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4459/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Daşınmaz əmlakın icbari sığortası haqqında BA 817406 nömrəli şəhadətnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus daşınmaz əmlak 14430 manat məbləğində sığorta edilmişdir.

2. AZ 051687 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, cavabdehə məxsus ticarət köşkü xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2500 manat məbləğində sığorta edilmişdir.

3. İddiaçı tərəfindən tərtib edilmiş 09 yanvar 2019-cu il tarixli 4488/CFİ-203/2018- 2019 nömrəli sığorta aktından görünür ki, cavabdehin Bakı şəhəri, 28 may küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə yerüstü nəqliyyat vasitəsinin dəyməsi nəticəsində 1733,93 manat məbləğində zərər müəyyən edilmiş və cavabdehə 50 manat azadolma məbləği çıxılmaqla 1683,93 manat məbləğində sığorta ödənişi edilmişdir.

4. "xxxx" MMC tərəfindən verilmiş 1442 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Muğan B 28 May və Puşkin küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə avtoqəza hadisəsinin baş verməsi nəticəsində 1733,93 manta məbləğində zərər dəyməsi müəyyən edilmişdir.

5. xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 1683,93 manat məbləğində pul ödənilmişdir.

6. xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

7. xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İbıza Minik markalı 90NR430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydaları pozmaqla inzibati xəta törətmiş və 60 manat məbləğində cərimə edilmişdir.

8. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 03 yanvar 2019-cu il tarixli 01 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin 225 saylı köşkündə yol-nəqliyyat hadisəsi nəticəsində 1733 manat ziyan dəymiş, dəmin ziyanın birliyin “Atabank”ın Gənclik Filialında olan hesabına ödənilməsinə sərəncam verilməsi xahiş edilmişdir.

9. Cavabdeh tərəfindən "xxxx" ASC-yə göndərilmiş 18 dekabr 2018-ci il tarixli 35 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin 225 saylı köşkündə yol-nəqliyyat hadisəsi nəticəsində 4000 manat ziyan dəymiş, dəymiş ziyanın birliyin “Atabank”ın Gənclik Filialında olan hesabına ödənilməsinə sərəncam verilməsi xahiş edilmişdir.

10. İddiaçı tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsinə əsasən sığortalanmış və qəza nəticəsində obyektə dəymiş zərərə görə sığorta ödənişi alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə əsassız olaraq ödənilmiş 1683.93 manat məbləğin, 60 manat mediasiya xərci məbləğinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində X5 idarə etdiyi "xxxx" ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai İX 35” markalı ** KZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yolhərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçı tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” qaydaları ilə sığorta təminatı almış qeyriyaşayış obyektinə dəyərək ona ciddi zərər vurmuşdur. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və 4488/CFİ-203/2018-2019 saylı sığorta aktına əsasən Bakı şəhəri, 28 May küçəsi ilə Puşkin küçəsində yerləşən qeyri-yaşayış obyektinə dəymiş zərərlə bağlı, 1683.93 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Verilən məlumata görə, sözügedən daşınmaz əmlakı "xxxx" ASC ilə bağlamış olduğu sığorta müqaviləsinə əsasən sığortalamış və qəza nəticəsində obyektə dəymiş zərərə görə sığorta ödənişi almışdır. ünvan 1 ünvanında yerləşən Bakı şəhər Ticarət Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin 225 saylı köşkün yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı X6 İddiaçı ASC-dən, həmçinin "xxxx" ASC-dən eyni əmlaka dəymiş zərərə görə sığorta ödənişi alması nəticəsində əsassız varlanma halı yaranmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4459/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi rədd edilmişdir.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş, həmin sığorta hadisəsi nəticəsində cavabdehə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən 1683,93 manat sığorta ödənişi verilmişdir. Həmin sığorta hadisəsi nəticəsində zərərçəkən cavabdehə əlavə olaraq 2018-ci ilin dekabr ayında "xxxx" ASC tərəfindən də sığorta ödənişi verildiyindən iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 1683,93 manat pulun geri qaytarılmasını etmişdir edir.

15. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iki illik iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 1683.93 manat məbləğində pul vəsaiti cavabdehin hesabına xx.xx.2019-ci il tarixdə köçürülmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2021-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin iş materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 2 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4459/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, Bakı şəhər Ticarət Xidmət Departamentinin YeraltıKeçidlər üzrə Ticarət Birliyi İddiaçı ASC-dən dəymiş zərərlə bağlı hesablanmış ödənişlə razılaşmış və 1683 manat sığorta ödənişi almışdır. Həmçinin, 11 iyul 2023-cü il tarixdə "xxxx" ASC-yə edilən şifahi telefon danışığı əsasında müəyən edilmişdir ki, Bakı şəhər Ticarət Xidmət Departamentinin YeraltıKeçidlər üzrə Ticarət Birliyi həmin hadisəyə görə "xxxx" ASC-dən də obyektə dəymiş zərərə görə sığorta ödənişi almışdır. Bu barədə məhkəməyə arayış təqdim edilmişdir.Qeyd edilən əsasla müəyyən olunur ki, zərərçəkən Bakı şəhər Ticarət Xidmət Departamentinin YeraltıKeçidlər üzrə Ticarət Birliyi zərərin həqiqi dəyərindən artıq məbləği əldə etmiş və əsassız varlanma halı yaranmışdır. Qeyd edilən faktı cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən öz etirazında təsdiq etmişdir. Bakı şəhər Ticarət Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi xx.xx.2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsinə əsasən sığortalamış və qəza nəticəsində obyektə dəymiş zərərə görə sığorta ödənişi aldığı barədə İddiaçı ASC-yə məlumat verməli idi. Lakin heç bir məlumat verməmişdir. Cəmiyyətimiz qeyd edilən əsassız varlanma halını 11 iyul 2023-cü il tarixində İddiaçı ASC-nin qəza komissarıX7 AR Mülki Məcəlləsinin 936-cı maddəsinin subroqasiya tələbinin araşdırılması məqsədilə "xxxx" ASC ilə şifahi əlaqə saxlayaraq müəyyən etmişdir ki, Bakı şəhər Ticarət Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi zərərin həqiqi dəyərindən artıq məbləği əldə etmiş və əsassız varlanma halı yaranmışdır. Həmin tarixə qədər hüquqlarımız pozulması barədə məlumatsız olmuşuq. Hüquqlarımızın pozulmasını 11 iyul 2023-cü il tarixində İddiaçı ASCnin qəza komissarı X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin subroqasiya tələbinin araşdırılması məqsədilə "xxxx" ASC ilə şifahi əlaqə saxlayaraq müəyyən etmişdir ki, Bakı şəhər Ticarət Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi xx.xx.2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsinə əsasən sığortalamış və qəza nəticəsində obyektə dəymiş zərərə görə sığorta ödənişi aldığı məlum olmuşdur. Həmin şifahi danışığın təsdiqi ilə bağlı şahid dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə vəsatətə heç bir münasibət bildirməmişdir. İddiaçı ASC də sığortalı olan Bakı şəhər Ticarət Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi eyni zərərə görə "xxxx" ASCdən ödəniş alması məsələsi xx.xx.2023-cü il tarixdə bizə məlum olmuşdur. Qeyd edilən əsasla müəyyən olunur ki, zərərçəkən Bakı şəhər Ticarət Xidmət Departamentinin YeraltıKeçidlər üzrə Ticarət Birliyi zərərin həqiqi dəyərindən artıq məbləği əldə etmiş və əsassız varlanma halı yaranmışdır. Daha əvvəl hüquqlarımızın pozulması barədə məlumatsız olmuşuq. Qeyd edilənlərdən də göründüyü kimi iddia müddəti ötürülməmişdir. Belə ki, həmin tarixdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişik.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

22. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.7-ci maddə- mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 1091.1-ci maddə- əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddə- varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095-ci maddə- əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 372.1-ci maddə- başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddə- hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 382-ci maddə- iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

23. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

24. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4459/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” haqqında BA 817406 nömrəli şəhadətnaməsi əsasında sığortalanmış Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə məxsus Bakı şəhəri, 28 may küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə yerüstü nəqliyyat vasitəsinin dəyməsi nəticəsində 1733,93 manat məbləğində zərər vurulduğu iddiaçı tərəfindən müəyyən edilmiş, cavabdehə 50 manat azadolma məbləği çıxılmaqla 1683,93 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçının iddia ərizəsində qeyd edilənlərə əsasən cavabdeh sığortalanmış daşınmaz əmlaka dəymiş ziyana görə eyni zamanda ziyan vurmuş nəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyətini icbari sığorta qaydasında sığortalamış "xxxx" ASC-dən 2667,67 manat sığorta ödənişi aldığından 1683,93 manat ödəniş əsassız varlanma qaydasında geri qaytarılmalıdır. İddiaçı bu faktın ona 2023-cü ildə "xxxx" ASC-nin qaynar xəttindən əldə edilmiş məlumata əsasən məlum olduğunu bildirir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən 1683,93 manat məbləğində pul vəsaiti cavabdehin hesabına xx.xx.2019-ci il tarixdə köçürüldüyündən hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixə qədər məhkəməyə müraciət etməklə MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik iddia müddətini ötürmüşdür.

27. İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin eyni zərərə görə "xxxx" ASC-dən ödəniş alması faktının iddiaçıya xx.xx.2023-cü il tarixdə məlum olduğunda dair "xxxx" ASC-nin öz əməkdaşı tərəfindən təqdim edilmiş arayışdan başqa işdə hər hansı sübut yoxdur. İddia müddətinin həmin tarixdən hesablanması üçün qeyd edilən arayış əsaslı şübhədən kənar sübut standartına cavab vemədiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddia müddəti ödənişin həyata keçirildiyi tarixdən hesablanmışdır. Qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4459/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4459/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar