Məhkəmə qərarları › İş №2-2(103)-987/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-987/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-987/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair Açar söz: sudan və kanalizasiya xidmətindən istifadəyə görə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1176/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh Abşeon rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Yaşayış” yaşayış kompleksini inşa etmiş hüquqi şəxsdir. Həmin yaşayış kompleksindəki mənzillərinin sayğaclaşdırılması həyata keçirilməmiş, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə Cavabdeh MMC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün xx.xx.2012-ci il tarixli, 130808 saylı müqavilə bağlanmışdır.

2. Abonent haqqında məlumata əsasən müəyyən edilir ki, abonent Cavabdeh MMC-nin adına iki ədəd (130808 saylı abonent kodu üzrə və 132066 saylı abonent kodu üzrə) su sayğacı qeydiyyata alınmışdır. 2022-ci ilin mart ayının sonuna su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (130808 saylı abonent kodu üzrə) abonentə 377.588,60 manat məbləğində və 2022-ci ilin mart ayının sonuna su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (132066 saylı abonent kodu üzrə) abonentə 51.914,92 manat məbləğində borc hesablanmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC 21100361 saylı sayğaca dair hesablanmış 279225,54 manat su sərfiyyatının dəyərinin silinməsi, sayğacın qanunsuz hesab edilərək sökülməsi, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli təsdiq edilmiş texnki şərtlərin layihəsinə əsasən istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulmasının təmin edilməsinin cavabdehin üzərinə qoyulması, “Yeni Bakı” Yaşayış Kompleksində yerləşən mənzillərin abonentləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq, borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixinə 130808 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat olduğundan, Cavabdeh MMC-dən su və kanalizasiya xidmətlərinə görə yaranmış 359.203,95 manat borcun iddiaçının xeyrinə tutulmasına, ödənilmiş 400 manat mediasiya xərcinin və 176,28 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” Yaşayış kompleksinə bağlanmış müqaviləyə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri 07 aprel 2021-ci il tarixdə quraşdırılmış S TV-100 markalı su sayğacının göstəricilərinə uyğun olaraq hesablanır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixli 03/01-2/2/21141 nömrəli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Hal-hazırda cavabdehin xx.xx.2022-ci il tarixində Cəmiyyətə 130808 saylı abonent kodu üzrə 274959,81 manat, 132066 saylı abonent kodu üzrə 11316,14 manat, cəmi 286275,95 manat borcu yaranmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2-2(113)-1176/2022 saylı qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin ödənilməsini tələb etdiyi xx.xx.2022-ci il tarixinə 13088 saylı abonent kodu üzrə 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə 21.678,14 manat, ümumilikdə 359.203,95 manat borc məbləği Cavabdeh MMC-nin istifadə etdiyi su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış və sayğac göstəricilərinə əsasən hesablanmış borc olduğundan iddia əsaslıdır.

9. İşdən görünür ki, İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 1937867/130808 və 19434603/132066 saylı, xx.xx.2016- cı il tarixli müqavilələrə əsasən müvafiq olaraq 40.062,79 manat (130808 saylı abonent kodu üzrə) və 30.236,78 manat (132066 saylı abonent kodu üzrə), cəmi 70.299,57 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim F.Qasımov) 2-2(113)-28/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7030 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddanın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC tərəfindən hazırkı iddia qaldırılarkən (iddia ərizəsinə əlavə verilərkən) Cavabdeh MMC-nin 130808 saylı abonent kodu üzrə 40.062,79 manat məbləğində borcunun və 132066 saylı abonent kodu üzrə 30.236,78 manat məbləğində borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmış və abonent Cavabdeh MMC-nin 130808 saylı abonent kodu üzrə 2022-ci ilin mart ayının sonuna olan 377.588,60 manat məbləğində borcundan 40.062,79 manat borc məbləği çıxılmaqla 337.525,81 manat, 132066 saylı abonent kodu üzrə isə mart ayının sonuna olan 51.914,92 manat borc məbləğindən 30.236,78 manat məbləğində borcu çıxılmaqla 21.678,14 manat (51.914,92-30.236,78) məbləğində borcun tutulması tələb edilmişdir.

10. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaya etiraz olaraq gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə xitam verildiyini bildirsə də, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli müqavilədə həmin müqavilənin xx.xx.2015-ci il tarixədək qüvvədə olması barədə şərt yer alsa da, həmçinin müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərilmədiyi halda müqavilənin müddətinin uzaldılması barədə şərt də nəzərdə tutulmuşdur. Müqavilə tərəflərindən hər hansı birinin müqavilənin ləğv edilməsinə yazılı təşəbbüs göstərilməsini təsdiq edən sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatlarda müqaviləyə xitam verilməsini iddia etdiyi vaxtdan hal-hazıra kimi MMC-nin İddiaçı ASC-nin göstərdiyi su və tullantı sularının axıdılması xidmətindən istifadə etməkdə davam etməsini, eyni zamanda həmin müddət ərzində istifadə etdiyi suyun dəyərinin bir hissəsini ödəməsini təsdiq etmişdir. Göstərilən hal isə öz növbəsində tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair müqavilədən irəli gələn davam edən öhdəlik hüquq münasibətlərin mövcud olmasına və müqaviləyə xitam verilməsi barədə cavabdehin dəlillərinin əsassız olmasına dəlalət edir.

11. Cavabdehin istinad etdiyi – iddiaçı tərəfindən quraşdırılmış su sayğacının sərfiyyatı düzgün qeydiyyata almaması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dəlilin əsaslılığını təsdiq edən hər hansı sübut məhkəmə təqdim edilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022 tarixli, e-2-2(113)-1176/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları qiymətləndirərək göstərmişdir ki, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişik. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli 10/5528 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC-yə məxsus “Yeni Bakı” yaşayış kompleksinin mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr bağlanmadan, qoşulma aktı tərtib edilmədən, həmin MMC ilə bağlanmış müqavilələrə “Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən akt” əlavə edilməklə balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyinə və quyunun içərisində CTB100X markalı 21100361 nömrəli su sayğacı quraşdırıldığına görə, həmin mübahisəli CTB100X markalı 21100361 saylı su sayğacı “Sudan istifadə qaydaları”nın 1.7, 1.8, 1.12, 6.1 bəndlərinin, 25 fevral 2021-ci il tarixli 001/1/126-tş nömrəli “İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlər”in “CTB50X, ...CTB100X, ...CTB200UD turbinli isti və soyuq su sayğacların pasportunun “Montaj, quraşdırılması və işə hazırlığı” adlanan 6- cı bəndinin tələblərinə zidd (yəni düzgün olmadan qaydada) quraşdırılmışdır. Həmin rəyə əsasən, “Abonent haqqında məlumat” vərəqəsində xx.xx.2021-ci il tarixdən əvvəlki 12 ay ərzində sərf edilmiş suyun və çirkab suyuların axıdılma həcminin göstərilmədiyindən, mübahisəli CTB100X markalı 21100361 nömrəli su sayğacın meteroloji (texniki) göstəricilərə cavab verib-verilməməsinin yoxlanılmadığına, eləcə də, ekspert vəsatəti ilə xahiş edilmiş əlavə materiallar su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyi, suyun axma sürəti və abonentin iş rejimi barədə məlumatlar tam şəkildə təqdim edilmədiyinə görə Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində iddiaçı tərəfindən sərf olunmuş suyun orta aylıq sərfinin, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hansı məbləğdə artıq su sərfiyyatının hesablanması mümkün deyildir. Bir abonentə iki kod verilməsi və formal olaraq əhali və qeyri-əhali qrupuna bölməklə qüvvədə olmayan müqavilə şərtlərinin pozulmasıdır. İddiaçının istinad etdiyi müqavilə tikinti aparılması üçün nəzərdə tutulmuşdur. Yəni həmin müqaviləyə əsasən içməli suyun verilməsi barədə heç bir müddəa yoxdur. Lakin məhkəmə bu məsələni araşdırmamış tələsik qətnamə çıxarmışdır. Lakin qətnamədən də görünür ki, məhkəmə işi hərtərfli araşdırmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını xahiş etmişdir.

16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: 61-ci maddənin 1-ci bəndi- su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 2-ci bəndi- su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. 62-ci maddə- qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 82.3-cü maddə-bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 17.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmuş borc məbləği sudan istifadəyə görə sayğac göstəriciləri əsasında hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçının tələbi əsaslı olduğundan tələbin rədd edilməsi üçün qanuni əsaslar mövcud deyil.

20. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, 21100361 saylı balans sayğacının quraşdırılması və həmin sayğacın göstərciləri əsasında borc hesablanması qanunsuz və əsassızdır. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2-2 (113)-219/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı ASC-yə qarşı balans sayğacının göstəriciləri əsasında hesablanmış və hazırda iddiaçı tərəfindən tələb edilən borcun silinməsi barədə iddiası rədd edildiyindən və həmin məhkəmə işində MMC-nin xx.xx.2021-ci il tarixdə quraşdırılmış su sayğacının standartdan kənar olması, düzgün quraşdırılmaması və nəticədə sərfiyyatı düzgün qeyd etməməsi barədə apellyasiya şikayətində mübahisələndirdiyi məsələlər araşdırılaraq həmin mülahizələrin əsassız olduğu müəyyən edildiyindən MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə əsasən balans sayğacının göstəriciləri əsasında hesablanmış borcun eyni əsaslarla hazırkı icraat çərçivəsində yenidən mübahisələndirilməsi yolverilməzdir.

21. Tərəflər arasında içməli suyun verilməsi barədə müqavilə olmaması barədə apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Yaşayış” yaşayış kompleksinin işməli su ilə təmin edildiyini inkar etmədiyindən, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddənin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslandığından tərəflər arasında hər hansı müqavilə bağlanmasa belə cavabdeh faktiki istehlak edilmiş suyun dəyərini ödəməyə borcludur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı halda tərəflər arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlandığından və həmin müqavilənin ləğvi barədə tərəflərdən hər hansı birinin digər tərəfə müraciəti olmadığından qeyd edilən müqavilə qüvvədə olduğu üçün cavabdehin iddiaçı ilə aralarında müqavilə olmaması əsası ilə iddianın rədd edilməli olduğuna dair mülahizəsi əsassızdır.

22. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar