Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-988/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2873/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı ASC ilə alıcı "xxxx" MMC arasında un məhsullarının satışına görə 05 yanvar 2018-ci il tarixli, 05/01/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “satıcı” “alıcı”ya buğda unu satmağı, “alıcı” isə həmin malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75163 (yetmiş beş min bir yüz altmış üç) manat əsas borc, 75163 (yetmiş beş min bir yüz altmış üç) manat dəbbə pulu olmaqla, cəmi 150326 (bir yüz əlli min üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh öz üzərinə qəbul etdiyi malın dəyərinin vaxtlı-vaxtında ödənilməsi və müvafiq olaraq müqavilənin yerinə yetirilməsini təmin etmək vəzifəsini götürmüş, lakin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Mühasibatlıqda olan sənədlərə əsasən 14 noyabr 2022-ci il tarixinə "xxxx" MMC-nin qəbul etdiyi un məhsuluna görə 75163 manat, müqavilənin 5.3-cü bəndinə əsasən hesablanmış 75163 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 150326 manat məbləğində borcu vardır.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "xxxx" MMC-nin İddiaçı ASC-yə 150326 manat dəyərində borcu yoxdur. İddiaçı ASC yalnız öz mənafelərini düşünərək formal rəqəmlər hesablayaraq iddia qaldırmışdır. Belə ki, iddiaçının istinad etdiyi 10 avqust 2021-ci il tarixli üzləşmə aktı sübut kimi qiymətləndirilə bilməz. Həmin üzləşmə aktında qeyd olunan şəxslərin adları imza edən şəxslərlə uyğun gəlmir. Aktın yuxarı hissəsində İddiaçı ASC-nin nümayəndəsi kimi E.Cəfərov göstərilsə də, imza edən şəxs S.Səlimovdur. "xxxx" MMC-nin nümayəndəsi X.Mustafayeva göstərilsə də, imza edən şəxs Ə.Əsgərovdur. Bundan başqa, həmin üzləşmə aktında imza edən şəxslərin həmin üzləşmə aktını imza etmək səlahiyyətlərinin olub-olmaması şübhə doğurur. Göstərilən borc məbləğinin hansı dövrlərdə yaranması da şübhə doğurur. Belə ki, borcun mövcud olmasına dair iddiaçı tərəfindən hər hansı sübutedici sənədlər əlavə edilməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi 20 avqust 2021ci il tarixli EBBG 758841 saylı elektron qaimə (9576 manat) və 28 avqust 2021-ci il tarixli EBBH 204739 saylı elektron qaiməyə (9576 manat) uyğun olaraq, cəmi 12768 manat məbləğində borcdan 11000 manat hissə tam olaraq ödənilmişdir. Bütün bunlar ona dəlalət edir ki, iddia tələbi əsassızdır. Belə ki, əgər 2021-ci ilin avqust ayında 73395 manat məbləğində borc mövcud idisə, nə üçün bundan sonra yenidən hər hansı məhsulun alqı-satqısı həyata keçirilmişdir. Bundan başqa, iddia ərizəsində göstərilən dəbbə pulunun hesablanması özü də qanunvericiliyin tələblərinə uyğun gəlmir. Belə ki, 05 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 5.3-cü bəndində göstərilmişdir ki, ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 0,5 % miqdarında dəbbə pulu ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən malın dəyəri qabaqcadan ödənilir, yaxud mal alıcıya tam təhvil verildikdən sonra alıcı 15 təqvim günü ərzində malın dəyərini tam ödəniş etməlidir. Belə olan halda iddiaçı borcun yarandığı gündən 15 təqvim günü keçdikdən üzun müddət sonra iddia qaldırmışdır.
5. Həmçinin cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddianın əsassız olması ilə yanaşı iddia müddəti iddiaçı tərəfindən üzrsüz səbəbdən ötürülmüşdur. Belə ki, tələb olunan borc məbləği 2020-ci ildən əvvəlki dövrü əhatə edir. Bundan başqa, iddiaçının istinad etdiyi 05 yanvar 2018-ci il tarixli müqavilə özü də Mülki Məcəllənin tələbləri pozulmaqla imzalanmışdır ki, bu halın özü də yolverilməzdir.
6. İddiaçı cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli müqavilənin 8.1-ci bəndinə görə həmin müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Tǝrǝflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra müqavilə öz qüvvəsini itirir. Həmin müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilənin müddətinin bitməsinə ən azı 3 (üç) gün qalmış tərəflər müqavilənin yenidən qüvvəyə minməsi barədə heç bir iddia irəli sürməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə yenidən qüvvəli sayılır. Ona görə də, cavabdehin iddia müddəti ötürülməsi barədə ərizəsi əsassızdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2873/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 75163 (yetmiş beş min yüz altmış üç) manat borc, 4000 (dörd min) manat cərimə, 400 (dörd yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 21,60 manat (iyirmi bir manat altmış qəpik) olmaqla, cəmi 79584,60 manat (yetmiş doqquz min beş yüz səksən dörd manat altmış qəpik) məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti iddiaya etirazla eni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iş materiallarında cavabdehin iddiaçıya borcunun olmasını təsdiq edən hər hansı sənəd, müqavilə və sair mötəbər sübut mövcüd deyil. Alqısatqı müqaviləsi 1 il müddətinə bağlanmış və müqavilənin sonuncu icra müddəti 2021-ci il tarix hesab edilməlidir. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq üç illik iddia müddəti nəzərə alınsa 2021-ci il tarixi öhdəliyin icrasının sonuncu tələb etmə müddəti hesab edilməlidir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Belə olan halda, "xxxx" MMC üçün dəbbə pulunun hesablanması əsassızdır. Bundan başqa cərimənin heablanması da qanunvericiliyin tələblərinə uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi.
12. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
18. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏR
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
24. Belə ki, iddiaçı 05 yanvar 2018-ci il tarixli, 05/01/18 saylı alqı-satqı müqaviləsinə istinad edərək, pulun tutulması tələbini iddianı irəli sürmüşdür.
25. Cavabdeh isə həmin tələbə etiraz edir və bildirir ki, alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələbləri pozulmaqla imzalanmışdır. Mülki Məcəllənin tələblərinə görə tərəflərdən birinin çıxılmaz vəziyyətdə olmasından istifadə etməklə bağlanmış müqavilənin özü də əhəmiyyətsiz müqavilədir.
26. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır.
27. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
28. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
29. Lakin cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallar qeyd olunan şərtlərə və əsaslara aid deyildir. Çünki cavabdeh müqavilənin əhəmiyyətsiz əqd olduğunu, o cümlədən Mülki Məcəllənin tələbləri pozulmaqla imzalandığını bildirsə də, bunu hər hansı halla ümumiyyətlə əsaslandırmamış, pozuntunun nədən ibarət olduğunu göstərməmişdir.
30. Belə olan halda isə cavabdehin istinad etdiyi hallar yalnız formal mülahizə kimi qəbul edilir.
31. Eyni zamanda, iş materiallarında olan İddiaçı ASC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 01 iyul 2019-cu il tarixə "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu 101255 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
32. İddiaçı ASC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 01 avqust 2020-ci il tarixə "xxxx" MMC-nin İddiaçı ASCyə olan borcu 87415 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
33. İddiaçı ASC və "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, 10 avqust 2021-ci il tarixə "xxxx" MMC-nin İddiaçı ASCyə olan borcu 73395 manat təşkil edir. Borc məbləğinin tərkibində ƏDV sıfıra bərabərdir. Qarşılıqlı üzləşmə aktı hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
34. Həmin üzləşmə aktı tərtib edildikdən sonra İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə iki ədəd elektron qaimə - EBBG seriyalı, 758841 nömrəli, xx.xx.2021-ci il tarixli (9576 manat) və EBBH seriyalı, 204739 nömrəli, xx.xx.2021-ci il tarixli (3192 manat) elektron qaimə təqdim edilmişdir.
35. Həmin elektron qaimələr fiziki olaraq "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir.
36. 31 avqust 2021-ci il tarixli kassa mədaxil orderi qəbzindən isə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 11000 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin hesabına mədaxil olmuşdur.
37. Göründüyü kimi tərəflərin bağladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi üzləşdirmə aktları, elektron qaimələr və kassa mədaxil orderi qəbzi ilə təsdiq olunur.
38. Kollegiya qeyd edir ki, əgər cavabdehin istinad etdiyi kimi onun iddiaçıya heç bir borcu olmasaydı, o, qeyd olunan üzləşdirmə aktlarını və elektron qaimələri təsdiq etməkdən imtina edərdi. Lakin hazırda həmin hal mövcud deyil.
39. Bundan əlavə, cavabdehin mövqeyi özü-özlüyündə ziddiyyətlidir və bir fikir digərini təkzib edir. Belə ki, cavabdeh bir tərəfdən müqavilənin əhəmiyyətsiz olduğunu bildirsə də, digər tərəfdən müqavilə üzrə ödənişlərin bir qismini həyata keçirmişdir.
40. xx.xx.2021-ci il tarixli aktla bağlı cavabdehin dəlillərinə dair kollegiya qeyd edir ki, əvvəla iddiaçının adından olan imzanın səlahiyyətli şəxs tərəfindən imzalanıbimzalanmaması halına cavabdeh deyil, iddiaçı istinad edə bilər. Bundan əlavə qarşılıqlı üzləşdirmə aktından görünür ki, onu İddiaçı ASC-nin rəhbəri S.Səlimov imzalamış və ASC-nin möhürü ilə təsdiq etmiş, hazırda da həmin akta istinadən iddia qaldırılmışdır. "xxxx" MMC tərəfindən isə həmin aktı direktor Qanuni nümayəndə imzalamış və MMC-nin möhürü ilə təsdiq etmişdir.
41. Bu baxımdan kollegiya qeyd edir ki, aktın yuxarı hissəsində İddiaçı ASC-nin nümayəndəsi kimi E.Cəfərovun göstərilməsinin, habelə "xxxx" MMC-nin nümayəndəsi kimi Qanuni nümayəndə göstərilməməsinin hər hansı əhəmiyyəti yoxdur.
42. Həmçinin üzləşmə aktından görünür ki, onun yuxarı hissəsində adı qeyd edilən "xxxx" MMC-nin nümayəndəsi X.Mustafayeva da aktı imzalamışdır.
43. Akta imza edən şəxslərin onu imza etmək səlahiyyətlərinin olub-olmamasının şübhə doğurması barədə dəlilər isə tam əsassızdır. Belə ki, həmin akt "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə və mühasib X.Mustafayeva tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir (məhkəmə iclasında cavabdehin nümayəndəsi bu faktları təsdiq etdi).
44. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli müqavilənin 8.1-ci bəndindən görünür ki, həmin müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Tǝrǝflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra müqavilə öz qüvvəsini itirir. Həmin müqavilənin 8.2-ci bəndində isə göstərilmişdir ki, müqavilənin müddətinin bitməsinə ən azı 3 (üç) gün qalmış tərəflər müqavilənin yenidən qüvvəyə minməsi barədə heç bir iddia irəli sürməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə yenidən qüvvəli sayılır.
45. Hazırki işdə də tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı qarşı tərəfə hər hansı bildiriş verməmiş və müqavilə münasibətləri növbəti illərdə də davam etmişdir.
46. İşin hallarından da görünür ki, borcun mövcud olmasına dair tərəflər arasında 10 avqust 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunmuş, 20 və 28 avqust 2021-ci il tarixli elektron qaimələr göndərilmiş və 31 avqust 2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödəniş həyata keçirilmişdir. Hazırki iddia ərizəsi isə 12 may 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
47. Göründüyü kimi iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmiş və iddia ərizəsi vaxtında verilmişdir.
48. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
49. Belə ki, 10 avqust 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktı, 20 və 28 avqust 2021-ci il tarixli elektron qaimələr üzrə ödənilməli olan cəmi məbləğ 86163 manat (73395 + 9576 + 3192 = 86163) təşkil edir, cavabdeh isə cəmi 11000 manat məbləğində ödəniş etmişdir.
50. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 75163 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır (86163 – 11000 = 75163).
51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cərimənin tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
52. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
53. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5 % həcmində dəbbə pulu ödəyir.
54. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini, ödənilməyən cəmi məbləği və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi 4000 manat məbləğində cərimə pulunu tələb etməkdə haqlıdır.
55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2873/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn